“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

10:03 25-09-2018 | icon 840 | Siyasət
“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı geri qaytarmaq şərti ilə bütün Azərbaycanı almaq istəyir”

 

 

ADP sədri Sərdar Cəlaloğlunun Versus.Az-a müsahibəsi

 

- Sərdar bəy, partiyanızın son iclasında bəyan etmisiniz ki, Azərbaycanda 5-ci “kalon”un daşıyıcısına çevrilmiş şəxslər var ki, onlar nəyin bahasına olursa-olsun, yenidən ölkəni Rusiyanın təsiri altına salmağa cəhd edirlər. Həmin o “kalon”un daşıyıcıları kimlərdir və nəyə əsasən hesab edirsiniz ki, ölkəni Rusiyanın təsiri altına salmaq istəyindədirlər?

 

“Hansı dildə təhsil alırsa, o təhsil onu həmin ölkənin vətəndaşına çevirir”

 

- Prezident Aparatında, Parlamentdə olan  keçmiş kommunist partiyasının müəyyən tör-töküntüləri var ki, bunlar açıq şəkildə beynəlxalq situasiyadan istifadə edərək Rusiyanın təsirini Azərbaycanda artırmaq istəyirlər. Bunun üçün birincisi, Xəzərin statusu məsələsində çox böyük güzəştə getdilər. Bu da Azərbaycanın öz müstəqilliyindən tam istifadə edə bilməməsinə gətirir.

İkincisi, rusların Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə bəraət verilməsi üçün Hacı Əbdül, Araz Əlizadə kimiləri “bizə qarşı törədilən cinayətlərin hamısını özümüz etmişik” deyirlər. Hətta 31 mart qırğınının belə, azərbaycanlıların törətdiyini iddia edirlər!

Üçüncüsü, açıq şəkildə məsələ qaldırdılar ki, ölkədə rus sektoru inkişaf etdirilməlidir. Hətta Rusiyadan bura müəllim gətirildi. Biz nəyə görə Rusiyadan müəllim gətirməliyik, nəyə görə Azərbaycanda bu qədər rus sektoru açılmalıdır? Rusiya bizim üçün xarici dövlətdir. Konstitusiyaya görə Azərbaycan dili dövlət dilidir və dövlət müəssisələrində Azərbaycan dilindən başqa digər dillər işlədilə bilməz. Məktəb də dövlət müəssisəsidir və orda təhsil ana dilində qurulmalıdır. Vətəndaşlar vergi verib ona görə təhsil sistemi yaratmayıblar ki, sən gəl burda rusa, ingilisə vətəndaş yetişdir. Mahat Maqandi deyirdi ki, ingilis dilində danışanlar və ingilis təhsil alan adamların hamısı Kraliçanın əvəzsiz oyunçularıdır. Çünki insan hansı dildə təhsil alırsa, o təhsil onu döndərib həmin ölkənin vətəndaşına çevirir. Mən bir analogiya gətirmişdim ki, əsrin əvvəlində Rusiyada təhsil alanlar Rusiyaya, Avropada, Türkiyədə təhsil alanlar isə Türkiyəyə, Avropaya birləşmək istəmişdilər.

 

“5-ci “kalon” öz hakimiyyətini saxlamaq üçün mlli maraqlarımızı güzəştə gedir”

 

- Rusiyaya meyillənmədə əsas maraq nədir?

 

- Məsələ Rusiyaya birləşmək deyil. Sadəcə olaraq bu gün hakimiyyətdə olan ruspərəst qüvvələrin mövqeyi zəifləyib. Onlar özlərinə lazım olan anda “Rusiya kartı”ndan yararlanmaq istəyindədirlər. Bərk ayaqda hakimiyətdə qalmaq üçün Rusiyadan təhdid vasitəsi kimi yararlanacaqlar. Həm də  bunların maraqlarına zidd hakimiyyət dəyişikliyi olarsa, onlar Azərbaycana gətirdikləri rus qoşunu ilə bunun qarşısını alacaqlar. Rusiya da bir-iki rayonu qaytarmaqla rus qoşunlarının sülhməramlı qüvvələr adı altında Qarabağa yerləşdirilməsini şərt kimi Azərbaycanın üzərinə qoyur. Ona görə də Qarabağ məsələsindən istifadə edib sülhməramlılar adı altında rus hərbçilərini təmas xəttində yerləşdirmək istəyirlər. Rusiya münaqişəsinin həlli məsələsində aparıcı güc kimi önə çəkilir və ondan “əl çəkilməsinin” mümkünsüzlüyü qeyd edilir. Rusiya öz tarixində nə vaxt sülhməramlı mövqedə olub ki, indi də Azərbaycanda bu missiyanı yerinə yetirsin. Yəni bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, 5-ci “kalon” öz hakimiyyətini saxlamaq üçün dövlət müstəqilliyimizi, suverenliyimizi, mlli maraqlarımızı güzəştə gedir.

 

“Müxalifətdə də 5-ci “kalon”a bilavasitə işləyən adamlar var”

 

- Müxalifət niyə susur?

 

- Müxalifətdə 5-ci “kalon”a bilavasitə işləyən adamlar və bir də susqunluğu, bitərəfliliyi ilə onların dəyirmanına su tökənlər var. Hansı ki, onlara Rusiyanın burda mövqeyini möhkəmlədib  möhkəmlətməyəcəyi aydın deyil. Yaxud, ümid edirlər ki, Rusiyanın vasitəsilə nə isə etmək olar. Düşünürlər ki, Rusiyanın təsiri olmadan bu hakimiyyətə heç çür təsir etmək olmaz. Biz Rusiyanın əleyhinə deyilik, rus xalqı ilə dostuq, amma ruslar həmişə Azərbaycana qarşı imperialist mövqedə dayanıb. Biz rusların xalqımıza qarşı genosid törətdiyini unuda bilmərik. Rusiya məhkəmə qaydası ilə etiraf etməlidir ki, erməni vasitəsi ilə Azərbaycanda “20 yanvar”, Xocalı genosidini törədib, torpaqları işğal edib ölkəyə milyardlarla zərər verib. Rusiya  bunun kompensasiyasını ödəməli və bir daha belə genosidin olmamasına təminat verməlidir. Yalnız bundan sonra hansısa bir ittifaqdan söz gedə bilər.

 

“Dedilər ki, Sərdar Cəlaloğlu çox avantürist ideya verib”

 

- Baxın, mən deyəndə ki, gəlin Türk Konfederasiyasına girək, hökumətin bütün məsul şəxsləri bildirdilər ki, bu, Azərbaycan müstəqilliyinin əleyhinədir, Sərdar Cəlaloğlu çox avantürist ideya verib. Amma  Əli Hüseynov dedi ki, gəlin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olaq. Sizcə Türkiyə ilə bərabərhüquqlu konfederasiya yaratmaq Azərbaycan müstəqilliyinin əleyhinədir, yoxsa gedib Rusiyanın himayəsi altında olan təşkilatda 15 dövlətdən biri olmaq? Deməli, Türkiyənin adı gələndə, bu müstəqilliyimizin əleyhnə olur, Rusiya ilə birlikdə olmaq deyəndə bizim müstəqilliyimizin möhkəmlənməsi olur?!

 

- Bu gün aşağıdan yuxarıya qədər hamı Qarabağın İŞĞALDAN azad olunmasının “açarını” Rusiyada görür. Hər halda təbliğat bu yöndə aparılır. Rusiya ilə əlaqələrin gücləndirilməsi tələbi bu məqsəddən irəli gələ bilərmi və bu, nə dərəcədə doğrudur?

 

- Bu oyunun mahiyyəti odur ki, Rusiya Qarabağı geri qaytarmaq şərti ilə bütün Azərbaycanı almaq istəyir. Bunlar da deyirlər ki, Qarabağı alıb versinlər bizə, biz Qarabağla birlikdə bütün Azərbaycanı Rusiyaya qurban edək. Hansı axmaq bu işi görər?!  İkincisi, bəzi məsələləri zaman özü həll edir. Biz Dağlıq Qarabağ məsələsində gözləmə mövqeyi tutmamalıyıq. Vətəndaşlara tam sərbəstlik verilməlidir ki, dədə-babalarının gorunu qorumaq üçün partizan hərəkatına başlasınlar.  Azərbaycan hökuməti buna cavabdehlik daşımayacaq. Necə ki, bir çox ölkələrdə bəzi silahlı dəstələr, təşkilatlar öz milli maraqlarını qorumaq üçün yaradılır, bizdə də belə silahlı dəstələr olsun. Nəyə görə Qarabağ partizan hərəkatına qoşulan insanlar həbs edilib tutulmalıdır. Mahat Maqandi deyirdi ki, millətin maraqlarına uyğun olmayan dövlətin qanunlarına vətəndaşların tabe olması könüllü köləliklə razılaşma deməkdir.  Əgər o qanun, o qərar mənim millətimin maraqlarına ziddirsə, mən ona tabe olmalı deyiləm. Tutaq ki, dövlət rəsmi bir qurumdur və diplomatik qaydalara uyğun olaraq bu gün danışıqlarla bağlı addımlar atır. Mən bir vətəndaş olaraq gedib dədəmin qəbrini azad etmək istəyirəmsə, buna niyə mane olmalıdırlar? Bu baxımdan Azərbaycan Dağlıq Qarabağın azad olunması ilə bağlı ciddi şəkildə iş aparmalıdır. Qarabağ ərazisində partizan hərəkatına başlanacağı təqdirdə erməni və ruslar bəlkə mövqelərini dəyişə bilər. Yoxsa mitinqlər keçirib, “Qarabağ, Qarabağ” deməklə nə Rusiyanın, nə də Ermənistanın  Qarabağla bağlı mövqeyinə təsir etmək mümkün olmayacaq. Yəni Rusiyanı Qarabağın işğaldan azad olunmasında əsas faktor kimi ortaya qoymaq düzgün deyil. Biz Rusiyadan Qarabağın azad edilib Azərbaycana verilməsini gözləməməliyik. Çünki hazırda Rusiya yeni qlobal siyasətlə çıxış edir. O, Qarabağın  nə Ermənistana verilməsinə razı olacaq, nə də Azərbaycana. Münaqişəli vəziyyət Rusiya öz gücünü regionda möhkəmləndirənə qədər qalacaq.

 

“Dağlıq Qarabağ məsələsi Türkiyə-Rusiya münasibətləri kontekstində həll olunacaq”

 

- Sərdar bəy, siyasi təhlilçilər Qarabağ məsələsinin Ərdoğan-Putin görüşündə həll oluna biləcəyi ehtimalı üzərində dayanırlar. Ekspertlər Türkiyənin münaqişəsinin həlli ilə bağlı Rusiyanı razı sala biləcəyini iddia edir. Sizcə bu hansı halda və hansı şərtlə mümkün ola bilər?

 

- Ərdoğanla Putinin ötən görüşündə də Qarabağ məsələsinin müsbət həll olunacağına ümidlər var idi. O zaman da Ərdoğan demişdi ki, Rusiyanın Qarabağla bağlı mövqeyində dəyişiklik yoxdur. Bu da o deməkdir ki, Rusiya yenə də Qarabağın atəşkəs mövqeyində qalmasında, ermənilərin işğal olunmuş ərazilərdə möhkəmlənməsində maraqlıdır, Azərbaycanın hərbi əməliyyatlar etməsində maraqlı deyil. Rusiya bu mövqeyini o zaman dəyişə bilər ki, ya dövlət maraqlarını başqa xətt üzrə möhkəmləndirsin, ya da elə bir problem qarşısında qalsın ki, Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməyə məcbur qalsın. Hələlik Yaxın Şərqdə, bizim coğrafiyada baş verən hadisələr, Amerikanın apardığı yanlış siyasət Rusiyanın regionda möhkəmlənməsinə xidmət edir.

Türkiyəyə gəlincə, onun regionda apardığı siyasət bütün region dövlətləri arasında daha ağıllıdır. Dünənə qədər Amerika Türkiyə siyasətinə qarşı çıxırdısa, indi Suriya məsələsində Türkiyənin yanında durub. Türkiyə elə bir mükəmməl geopolitik siyasət aparır ki, yeni dünya düzəni yarananda Türkiyə dünyada söz haqqı olan 10 dövlətdən biri olacaq. Burda söhbət ərazinin böyüklüyündən yox, təsir dairəsinin genişliyindən gedir.  Türkiyənin təsir dairəsi böyük bir müsəlman dünyasına yayılıb.  Elə ki, Türkiyə nüfuzlanıb regionda Rusiya kimi söz hüququna malik oldu, o zaman Dağlıq Qarabağ məsələsində Rusiya qədər həlledici fiqurlardan birinə çevriləcək. Dağlıq Qarabağ məsələsi hansısa ATƏT dövlətləri çərçivəsndə deyil, Türkiyə-Rusiya münasibətləri kontekstində həll olunacaq.

 

- Türkiyə Azərbaycanın maraqlarından çıxış edə biləcəkmi?

 

- Bəli, edə biləcək. Bizim maraqlarla Türkiyənin maraqları arasındakı fərq çox cüzidir. Bu da sosial-iqtisdi maraqlardır. Nə xarici, nə də beynəlxalq siyasətdə Azərbaycanla Türkiyə arasında heç bir ziddiyyət yoxdur. Yəni Türkiyə güclənirsə Azərbaycan, Azərbaycan güclənirsə Türkiyə güclənəcək. Bizim iqtisadi layihələrimiz Türkiyə ilə bağlıdır. Türkiyə hazırda 20-lərə daxildir, amma dünyanı idarə edən 7-lərdir. Bu baxımdan Türkiyənin güclü gepolitik mövqeyi olan dövlətə çevrilməsi üçün iki yolu var: ya  iqtisadi cəhətdən inkişaf etməli, ya da Azərbaycanla Konfederasiyaya daxil olmaqla öz iqtisadi ölçülərini 2 dəfə gücləndirməlidir. Bu halda artıq biz Dağlıq Qarabağda erməni-rus qoşunu qarşısında türk qoşununu və türk marağını qoyuruq. Tariximiz onu göstərir ki, Rusiya həm Azərbaycan türkləri, həm də osmanlı türkləri üçün birnömrəli düşmən olub. Biz yalnız bir dəfə Aslandüz döyüşündə udmuşuq, hansı ki, o zaman Azərbaycanla Türkiyə birləşmişdi. Ondan sonra üç dəfə Rusiya, Türkiyə və Azərbaycana hücum edərək hər dəfə də udub. Yəni bizim birliyimiz güclənməyimiz deməkdir. Amma nədənsə bəzi maraqlı qüvvələr buna mane olmağa çalışırlar. Təbii ki, burda yenə Rusiya faktoru və onların havadarlarının iştirakı rol oynayır.

 

“Sənin bədənin Qərbdə ola-ola, xeyir ola ağlın Rusiyadadır”

 

- Bu gün Paşinyanın Qərbə üz tutaraq Rusiyadan üz döndərdiyi, Rusiya ilə münasibətləri sərinləşdirdiyi qeyd olunmaqla, az qala Qərbin “qəhrəmanına” çevrilir. Maraqlı güclər erməni-rus münasibətlərinin pozulmasını ssenariləşdirib bunun fonunda Azərbaycana nəyi təbliğ etməyə çalışırlar?

 

- Bunlar Rusiyanın oyunlarıdır. Əgər Ermənistanda qərbyönümlü hərəkat var idisə, Qərbin reaksiyası olmalıydı. Amma Paşinyan hərəkatına münasibətdə Amerika hadisələri sadəcə müşahidə etdiyini dedi. Digər tərəfdən, ərazisində rus ordusu olan, iqtisadiyyati Rusiyadan asılı olan, Dağlıq Qarabağ kimi problemi yaradan Rusiyanın forpostunda kimsə qərbyönümlü siyasət apara bilməz. Qərbyönümlü siyasət aparırsansa, hanı sənin Qərbdən gələn dəstəyin? Hamı bilir ki, Paşinyanın hakimiyyətə gəlməsi Rusiyanın “b” planıdır. Guya Ermənistanın Rusiyadan ayrıldığını, münasibətlərin pozulduğunu göstərməklə Azərbaycanın gözünə kül üfürmək istəyirlər. Dağlıq Qarabağ həm Ermənistanın, həm də Azərbaycanın tam müstəqilliyinin qarşısını alan problemdir.  Tutaq ki, Rusiyadan asılı olmalarına baxmayaraq Paşinyan Qərbə üz tutursa, deməli ağıllıdır. Amma bizə qarşı nə qədər düşmənçilik etsə də, ona tərəf gedirik. Bu ağılsızlıq deyilmi?! Sənin bütün iqtisadi layhələrin Qərblə bağlı olduğu halda necə Rusiyaya inteqrasiya edə bilərsən? Adama deyərlər ki, sənin bədənin Qərbdə ola-ola, xeyir ola ağlın Rusiyadadır? Neçə ki, Azərbaycanın ağlı ilə bədəni bir yerdə deyil, biz bu cür olacağıq. Mən başa düşürəm ki, Rusiyaya qarşı çıxmaq müəyyən qurbanların verilməsi deməkdir. Amma zatən biz o qurbanları  Qarabağda vermişik. Gürcüstan iki ərazisini itirib. Ukrayna itirib. Nəhayətdə, azad olmaq istəyənlər müəyyən itkiləri göz önünə almalı və irəliyə getməlidir, möhkəmlənməli və öz haqları uğrunda mübarizə aparmalıdır. Bu gün Ermənistanın bizdən Qarabağı almağa heç bir gücü potensialı yoxdur. Qarabağı bizdən Rusiya alıb. Bu baxımdan, biz Rusiyanın yanına gedərək, Qarabağı daha ağır şərtlərə salacağıq. Biz indi Rusiyadan asılı deyilik, amma sabah KTMT-a daxil olsaq, orada qəbul edilmiş qərarlara tabe olmalıyıq. Deməli, rus hərbisi ərazimizə daxil olmalıdır. İndi sən bu şərtlə mənim xalqımın qanını tökən bir ordunu niyə təzədən Azərbaycanda saxlamalısan? Həmişə ruslar  Azərbaycanın maraqları üzərindən Ermənistana dəstək veriblər, bu siyasət daim davam edib və edəcək. Niyə bu gerçəkliyi anlaya bilmirik.

 

- Bütün bunları bilən müxalifət partiyaları niyə bu məsələdə bir araya gələ bilmir. Bayaq qismən məsələyə toxundunuz.

 

- “Kalon”lara xidmət edən müxalifət başqa cür ola bilməz. Bu bizim iqtidarın siyasi cəhətdən zəifləməsinin əlamətidir ki, müxalifət güclənə bilmir.

İkinci məsələ xalqın özünün apolitiq vəziyyətə düşməsidir. İqtisadi vəziyyət ağərlaşdığına görə insanlar sadəcə sosial-iqtisadi vəziyyətlə maraqlanır. Elm də sübut edir ki, insanlar sosial-iqtisadi hüquqları naminə həmişə siyasəti güzəştə gedirlər. Fikirləşirlər ki, cəhənnəm olsun seçki saxtakarlığı. Çünki işini itirəcəyindən qorxur. Mahat Maqandi deyir ki, REJİMİN HƏBSXANASINI KURORT KİMİ GÖRMƏYƏN BİR XALQ, HEÇ VAXT AZAD OLA BİLMƏZ.

 

“Müxalifətdə 5-ci “kalon”laşma çoxdan başlayıb”

 

- Maraqlıdır ki, müxalifətdə olan bəzi siyasətçilər  Azərbaycanın Kollektiv Təşkilatı Müqaviləsində olmasında heç bir problem görmür.

 

- Hələ Azərbaycan xalq hərəkatı başlamazdan əvvəl bu cür qüvvələr müxalifətin içinə yerləşdirilmişdi. Bu adamlar ya müəyyən məqamlarda komanda şəklində fəaliyyətə başladılar, yaxud da vacib məqamlarda susdular. Bir də gördük ki, ənənəvi müxalifətdə öndə gedənlər Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə qarşı çıxış edən adamlara səs verirlər. Görürsən ki, adını millətçi qoyub, amma millətin əleyhinə gedən işlərə qarşı  səsini çıxarmır. Bu da o deməkdir ki, müxalifətdə 5-ci “kalon”laşma çoxdan başlayıb və ona görə də bu gün susurlar. Bu o deməkdir ki, bizim müxalifətin içərisinə 30 illik minalar basdırılıb. Yaxud, Əli Hüseynov deyəndə ki, KTMT-na daxil olaq, müxalifətdəkilər də guya sadəlövcəsinə deyirlər ki, “ora daxil olmaqda nə pis şey var ki, Rusiya güclüdür, biz heç nə edə bilmərik. Bəli, Rusiya güclüdür, amma Azərbaycanda kifayət qədər cinayətlər törətmiş düşməndir. Rusiyanın hər şeyi pisdir. Biz düşmənə dost deməklə özümüzü aldadırıq, xalqın başını qatırıq. Sən güclü düşmənə dost deməklə, onun sənə qarşı apardığı əks siyasətə qarşı xalqın gözünü bağlayırsan.

Yaxşı, sual olunur: sən 1988-ci ildə ayağa qalxanda bilmirdin ki, Rusiya güclüdür, onun regionda təsiri çoxdur? İndi ağlın başına gəlib?! Söhbət Rusiyaya qarşı mübarizə aparıb onu yıxmaqdan getmir. Söhbət milli ləyaqətin qorunmasından gedir. Sənin ona gücün çatmasa da, mübarizə aparmalısan. Bütün dünya görəcək ki, sənin ayıya gücün çatmadı, amma öz ləyaqətin uğrunda mübarizə apardın.

Biri də var ki, o səni məhv edir, amma sən bunu dostluq jesti kimi təqdim edirsən. Axı qul olmasa, ağa da olmaz. Bu da bunların həmin “kalon”lara xidmət etməsinin göstəricisidir.

Görünən odur ki, kimsə hakimiyyətə gəlmək üçün şəxsi maraqları naminə öz ləyaqətini satır. Kimlərsə də öz maraqları naminə susur. Axı sən necə vətəndşsan?!.

 

Tahirə Qafarlı

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI