Cərdar Cəlaloğlu ilə SİYASİ NƏRD oyunuLAYİHƏ

16:25 09-02-2018 | icon 2889 | Layihə
Cərdar Cəlaloğlu ilə SİYASİ NƏRD oyunu – LAYİHƏ

Gerçək yaşadığımız bu həyatı, nərd kimi yaşayırıq”

Versus.Az–ın “MASAÜSTÜ OYUN” layihəsinin növbəti qarşılaşması Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə oldu.

 

 

Xatırladaq ki, bundan əvvəl ALDP sədri Fuad Əliyev, VİP sədri Əli Əliyev və millət vəkili Aydın Mirzəzadə ilə qarşılaşmamız olub.

 

(əvvəlki müsahibələrin linkləri: F.Əliyev, Ə.Əliyev, A.Mirzəzadə)

 

“…Elçibəyin vaxtında nazir oldu, indi küçədə it qovalayır”

 

 

– Sərdar bəy, sizə masaüstü oyun layihəmizdən bəhs edəndə nərdi seçdiniz. Bir xanımla oynayacağınızı deyəndə isə yaman təəccübləndiniz. Nyə?

 

– Yox, təəccüblənmədim, maraqlı gəldi…

Sərdar bəy daşları düzür və deyəsən, maraqla oyunun nədən başlayıb, söhbətin hara aparacağını düşünür… bu sakitliyi pozuram…

 

– Sərdar bəy, ağ daşlar məndədir, başlayım?

 

– Yox, hara başlayırsan, ikimiz də zər atacağıq, hansımızda çox düşsə, o da başlayacaq…

Zər atılır…

S.C: – Bax, məndə çox düşdü, mən başlayıram.

 

“…Bəzi təsadüflər bizi məhv edir”

 

– Sərdar bəy, dediniz ki, bütün masaüstü oyunları bacarırsınız. Bəs niyə məhz nərdi seçdiniz?

 

– Əslinə baxsan, bu oyunların hər biri bir prosesin modernləşməsidir. Nərdgerçəkliyin modelidir, Şahmat əmələgəlmənin

 

– Maraqlı yanaşmadır, fərqi necə izah edəcəksiniz?

 

 

– Nərddə – gerçəklik modelində iki kateqoriya var – təsadüf və zərurət. Burda zərin üzləri və xanalar zərurətdir, zər atılanda alınan nəticə isə təsadüfdür.Baxın, biz həyatda hər gün sonsuz sayda təsadüflərlə qarşılaşırıq. Bu təsadüflər isə zərurətin təzahür formasıdır. Məsələn, mən nə qədər zəri yaxşı atsam da 6-dan yuxarı rəqəm verməyəcək. Çünki bunun 7 və 8 üzü yoxdur. Deməli, təsadüf özü zərurətlə məhdudlaşır... İndi mən təsadüfləri və zərurəti oynayıram. Demək, o adam oyunu udur ki, təsadüflərin olduğu bir situasiyada zəruri addımı düzgün tapa bilir. Amma o adam ki, yalnız zahirən zərurətə tabe olur, o heç vaxt uda bilmiyəcək. Nərd oyununun əsas fəlsəfəsi bundan ibarətdir. Yəni biz gerçək həyatımızı bu nərd kimi yaşayırıq. Bir dənə atdım, “qabağıma maşın çıxdı” – təsadüfdür. Mən o “maşına minib” bu xanaya da gedə bilərəm, bura da… Yaxud indi sən atacaqsan, aha, düşdü cahar-sə… Bax, mən istəyirdim o daşı gətirim bu xanaya, amma sən oranı tutdun, yəni təsadüf imkan vermədi. Fikir verin, indi təsadüfən 2 qoşa düşüb, mən bu daşı başqa yerə qoya bilmərəm və saxlaya da bilmərəm… Deməli, iki təsadüf var, biri imkan verir ki, bu daşı  bura gətirim, digəri isə başqa addım atmağa imkan vermir. Bu da zərurətə keçən təsadüfdür. Yəni təsadüflə zərurətin vəhdəti varsa, orda biz azadıq, istədiyimiz qərarı qəbul edə bilərik. O yerdə ki, təsadüf zərurəti yaratmır, mən istəsəm də başqa cür oynaya bilmərəm. Həyat da belədir. Məsələn, səni təsadüfən maşın vurub, Allah eləməsin, ayağın sınıb. Sən nə qədər istəsən də, bir müddət idman edə bilməzsən. Amma maşın məni vurub bir balaca əzilmişəm, mən az da olsa hərəkət edəcəm. Burda təsadüf və zərurətin iki əlaqəsi yaranır. Birinci, təsadüf zərurətə keçib sənin əl-qolunu bağlayır, ikinci təsadüf zərurətə keçmir, sənin azadlığın var. Ona gərə də həyatda bəzi təsadüflərdən istifadə edib irəli gedə bilirik, bəzi təsadüflər bizi məhv edir. Bu siyasətdə də belədir…

 

 

 

– Təsadüflə zərurəti hansı siyasi faktlarla əlaqələndirərdiniz?

 

– Məsələn, tarixdə elə hadisələr olur ki, bəzi adamlar təsadüfən hakimiyyətə gəlir – Yusif Sərrac kimi. Amma 1 ildən sonra da hakimiyyətdən gedirlər. Məsələn, Elçibəyin vaxtında kimsə gəldi nazir oldu, indi də küçədə it qovalayır. Amma elə təsadüflər də var ki, hakimiyyətə gələn şəxs öz bacarığı, qabiliyyəti ilə zərurətə çevrilir. Məsələn, vaxtilə Xruşşovu yıxmaq üçün fikirləşiblər ki, Brejnevi aralıq bir adam kimi Mərkəzi Komitəyə rəhbər gətirsinlər. Düşünüblər ki, Brejnev qabiliyyətsiz adamdır, çox olsa 2-3 il hakimiyyətdə qala biləcək. Brejnev isə düz 25 il sovet hakimiyyətinin başçısı oldu. Sən demə, o adamda hakimiyyəti saxlamaq üçün zəruri keyfiyyətlər olub. Yəni dediyim kimi, elə təsadüf var ki, səni zərurətə salır, elə təsadüflər var ki, səni zərurətə salmır… İndi, məsələn mən bunu belə oynayıram, amma bu daşı bura da gətirə bilərdim. Gerçəkliyi başa düşmək üçün bu oyuna diqqətlə baxmaq lazımdır.

 

“Zər tutanda bu oyunun məntiqini pozursan”

 

 

Nərd oyunumuza təsadüfi izləyicilər də qoşuldu. Hətta nərdlə bağlı söhbətimizə müdaxilələr də etdilər. Onları da dinlədik:

 

İzləyicimiz: nərd taxtası özü bir dünyadır, 15 ağ daş gündüzü, 15 qara daş gecəni ifadə edir. Zərdə 1 Allah kimi qəbul edilir, qalanlarını isə başqa anlamlarda izah edirlər. 4 xanə isə 4 fəsli ifadə edir… Bunun başqa izahları da var. qalanlarını da sonra deyərəm…

 

S.C: – Bunu sənə kim deyib? Bu cür izah tamamilə yanlışdır. Çünki, birincisi, Allah-təala müsəlmançılıqda oyunu qadağan edir. Bir halda ki, oyunu qadağan edir, bu, Allahın dəlili ola bilməz.

 

İzləyici: Oyunu insanlar özü ortaya çıxarıb.

 

S.C: O zaman bütləri də insan yaradıb, orda Allahlıq var? Xeyir. Deməli, Allahın dəlili onun qadağan etdiyi heç nədə ola bilməz.  Şeytan da belə edir, bəziyir, uydurur… Bəlkə elə bu kvadratın 4 tərəfidir, bəlkə 4 fəsil deyil, tamlığa işarə edir. O qədər 4-lüklər var ki… O yerdə ki, Allah-təla Quranda nəyisə qəbul etmir, onu Allahın adı ilə əlaqələndirmək günahdır. Məsələn, falçılar deyir ki, mən Quranla fala baxıram. Deməli, bu adam özü şeytana uyub. Quranla da fala baxarlar? Allah-təla buyurur ki, nə badə ulduzlara baxıb deyərsiz ki, yağışı ulduzlar yağdırır. Siz deməlisiz ki, ulduzu Allah yaradıb. Amma biz deyirik ki, “mən ekizlər bürcüyən, gör başıma nə gələcək?” Bu düzgün deyil. Allah-təla deyir ki, sizə mən nəzarət edirəm, ulduzlar yox. Bu nərdi, şahmatı, dominonu – heç birini Allahın varlığı ilə bənzətmək olmaz. İki dənə zər var və orda iki dənə 1 var, deməli, 2 Allah var? Zər qoşa 1 düşəndə nə olacaq, Allah qoşa olacaq? Deməli, bu yanlışdır.

 

– Bu məsələni sonra sizinlə də müzakirə edərik, icazənizlə biz davam edək. Sərdar bəy, mən oynadım… (izləyicimiz gedir)

 

 Oynadın, kələk gəlmədin mənə? (gülür)

 

– Kələk demişkən, bu arada nərddə kələk  gələnlərə “şüller” deyildiyini də öyrəndim.

 

– Hə, belə bir söz var. Şüller, fırıldaqçı deməkdir.

 

– Zər tutmursuz?

 

– Yox, zər tutanda bu oyunun məntiqini pozursan. Zər tutmaq, təsadüfi aradan qaldırır. Onda bu, mövcudolmanın fəlsəfəsindən çıxır, dönüb olur əmələgəlmə.

 

“Siyasi nizamlanmada təsadüf yox, zərurət olmalıdır”

 

 

– Sərdar bəy, “zər tutmağa” siyasətdə siyasətçinin prosesə təsadüfi deyil, məqsədli şəkildə yanaşması kimi baxmaq olmazdımı?

 

– Bunun siyasətə aidiyyatı yoxdur. Siyasət insan ağlı ilə gündəlik həyatın nizamlanması deməkdir. Siyasi nizamlanmada təsadüf yox, zərurət olmalıdır. O baxımdan siyasətdə də yalnız zəruri halları rəhbər götürməlisən. Məsələn, mənim bu daşımla, bu daşım fərqli yerdədir, düzdürmü? Bir azdan bunların vəziyyəti dəyişəcək, deməli vəhdət dəyişdi. Deməli, siyasətdə dəyişilmə təsadüfə görə deyil, zərurətə görə olacaq. O baxımdan siyasət təbiətdə olan təsadüflərdən xilas olaraq zərurətdən ibarət olan zəncir yaratmaqdır ki, ona biz tərəqqi deyirik.

 

– Sərdar bəyin, siyasətə gəlməyi təsadüf idi, yoxsa zərurət?

 

 

– Mənim siyasətə gəlməyim təsadüf ola bilər. Amma lap əvvəldən – məktəbdə aldığım tərbiyə, gördüyüm insanlar, hələ sovet hökuməti dağılmamışdan məndə vətənpərvərlik hissi yaradırdılar. Sonra da hərəkat başlayan kimi fürsət oldu və mən də öz cavanlıq arzularımı yerinə yetirmək istədim. Burda hansı təsadüfdən söhbət gedə bilər ki…

 

– Bəzən görürsən nərd oynayanlar daşları taxtaya elə çırpırlar ki, səs həyətdə qonşuları belə, narahat edir. Bəlkə bu cür səsli-küylü oynamaq nərdin texnologiyalarındandır?

 

– Şüurun iki vəziyyəti var – adi, dəyişən. Adi vəziyyətdə şür hadisələri normal idarə edir. Amma mən baxıram ki, sən yaxşı oynayırsan, başlayıram daşı çırpmağa. Artıq sənin şüuru vəziyyətin dəyişilir və pis oynamağa başlayırsan. Yəni burda məqsəd qarşındakının şüuru vəziyyətini dəyişməkdir. Bəzən adam var ki, qışqırır, sənə psixoloji təsir edir, sənin normal düşüncəni pozur ki, düzgün oynamayasan.

 

– Bəs, siyasətçi öz rəqibini necə çaşdıra bilir?

 

– Burda bir misal kim rus sərkərdəsi Kutuzovun Napaleona qarşı çaşdırıcı həmləsini çəkək. Müharibədə Kutuzov Moskvanı boşaldır, Napaleon elə bilir ki, ruslar məğlub oldu və çox qalib şəkildə, Moskvanı yandırıb qayıdır. Ruslar Klukovo çölündə hücum edib fransız ordusunu darmadağın edir. Siyasətdə də belədir. Məslən, mən belə edirəm: bir nəfər yanıma gəlir, baxıram ki, mənə kələk gəlmək istəyir. Dərhal ona reaksiya vermirəm. Adamın sonrakı niyyətlərini öyrənmək üçün özümü elə göstərirəm ki, guya mənə kələk gəldiyini başa düşmürəm.  Onu tam öyrənəndən sonra deyirəm ki, sən deyən deyil.

 

“Siyasəti bir qədər arxa plana çəkmişəm”

 

 

– Yəqin boş vaxtlarınızda oynayırsınız…

 

- Vallah boş vaxtım yoxdur, kitab yazıram. Bu o qədər vacibdir ki, siyasəti də bir qədər arxa plana çəkmişəm. Mən metofizikaya, tarixin metofizikasına aid kitablar yazmışam. Bu günə qədər islam tarixində Quranı düzgün təhlil edən olmayıb, indi onun üzərində işləyirəm. Bilsəm ki, Azərbaycanda məndən başqa kimsə bu işi görə bilər, yazmaram. Amma gördüm ki, boşluq var və özümün də yazmaq imkanım var, məcbur oldum yazdım. Təkcə bu deyil, nə yəhudilər Tövratı düzgün başa düşür, nə xristianlar İncili başa düşür, nə də müsəlmanlar Quranı düzgün anlayırlar…

 

Bu vaxt Xalq Partiyasının sədri Pənah Hüseyn içəri daxil olur.

 

S.C: Oo, xoş gördük, nə yaxşı gəlmisən.

 

P.H: Cümhuriyyətlə bağlı aşağıda tədbir var, ora gəlmişəm.

 

S.C: Elə bildim, sən də xanımlarla nərd oynamağa gəlmisən…

 

– Sərdar bəy, bəzi masaüstü oyunlarda qalib olmaq üçün daşları uduzursan. Amma nərddə heç bir qurban verilmir və sonda daşları yenidən əvvəlki cərgəsinə yığırsan.

 

– Nərd belədir ki, xanada boşluq varsa, onu tutmalısan. Oyunun taleyini həmin o boşluqları effektiv tutmağın həll edir. O daşları elə-belə yalandan fırladıb yığmırsan ki, ora. O daşlar mövqeləri tuta-tuta ora gedib çıxır. O mövqeni düzgün tutmasan alınmır. İndi bax mən o xanaları tutub, səni mars edəcəm, sən də daşlarını yığa bilmiyəssən. (gülür)

 

P.H: Sərdar bəy, bir nərd oynamağın qalmışdı, onu da oynadın…

 

S.C: Özü də xanımla…(gülür)

“Çox olsa deyəcək oynamıram”

 

– Sərdar bəy, xana üzərindəki daşları nə ilə müqaisə edərdiniz?

 

– Hə, burda mən zabitəm, bu daşlar da mənim əskərlərimdir. Mən bu əskərlərimi düzgün mövqeyə yerləşdirməliyəm ki,  düşmənin əsgərlərinin qarşısını alsın. Burda məhveləmə yoxdur, özüm irəliləməliyəm və onun irəliləməsinin qarşısını almalıym.  Mən indi yaxşı zabitəmsə elə etməliyəm ki, yaxşı mövqelər  tutub onun mövqelərini təhlükə altına sala bilim.

 

– Müxalifətdəki indiki siyasi vəziyyəti nəzərə alsaq deyə bilərik ki, “zabitlər əskərlərini” düzgün mövqedə yerləşdirə bilmədi.

 

– Burda təkcə, daşları yox, siyasi meydanı da nəzərə almaq lazımdır. Biz buna siyasi situasiya deyirik. Bu meydanın özünün düzgün olması oyunun nəticələrinə təsir edən ən fundamental məsələdir. Məsələn, demokratik mühit olmayan yerdə, demokratik düşərgənin qələbə çalmaq şansı yoxdur. Nə qədər bacarıqlı olursan ol, daşların nə qədər düz düzülür düzülsün, zər necə təsadüf verir versin… Çünki meydan bu oyunu oynamağa imkan vermir.

 

– Amma bir məsələ var ki, zərdə də 6 xal var, meydanda da xanalar tələb olunan saydadır…

 

– Bəzən şeş-qoşa düşəndə uduzursan. Yəni zərin böyüklüyünün, kiçikliyinin əhəmiyyəti yoxdur. Necə ki, siyasətdə böyük adamların ətrafında kiçik adamlar olur, burda da elədir, kiçik rəqəmlər də əhəmiyyətlidir. Bəzən hakimiyyəti də kiçik vasitələr irəli aparır. Yəni bir insanı hakimiyyət iyerarxiyasına aparan  çoxlu liftlər var: effektli ailə qurarsan, heç nədən gedib yuxarı çıxarsan. Yaxud, istedadın var, qəşəng zurna çalıb olarsan ən qabaqda gedən böyük adam. Yaxud gənc biri kimi siyasətə qoşularsan, sonra deputat olub seçkilərə qatıla bilərsən. Cəmiyyətdə irəli getmək üçün bu liftin olmalıdır. Bu oyunun meydanı həmin o yoldur. Düz də ola bilər əyri də ola bilər.

Məsələn, mən oyunda dominonu da seçə bilərdim. Deməli,  seçimdən də çox şey asılıdır. Sən hakimiyyətə gəlmək istəyirsən, yoxsa hakimiyyətə gələnə kömək etmək. Deməli oyunlarda həm də seçimlərdən çox şey asılıdır. Məsələn, şahmatda var şah, karde. Amma piyada fiqur nə qədər özünü öldürsə də gedib karde ola bilməz. O, oyunçudur, taxtanın üstündə əsas fiqur deyil. Məsələn, bəzi adamlar var, prezident məsləhtçiləridir. Prezidenti prezident edir, amma özü prezident ola bilməz. O da oyunçudur. Deməli, meydanda iki iştirak var – biri oyunçu olmaq, biri də fiqur olmaq. Onlar üçün oyunun qaydaları və taktikaları fərqlidir. Siyasi oyunların özlərinin də özünə məxsus xüsusiyyətləri var.

 

– Bəzən siyasətçinin, yaxud vəzifəli şəxsin keçmişini üzə çıxarıb, ironiya etmək, onu aşağılamaq kimi yanaşmalar olur. Hətda “dünən bazarda alverçi idi, bu gün yüksək kürsü sahibidir” deyib, ağız büzənlər də tapılır. Amma belə misallar Avropadan, Amerikadan, digər ölkə vətəndaşlarından gətiriləndə xüsusi heyranlıq ifadə olunur. Niyə?

 

– Bazarda alver edən adamın gəlib nazir, hansısa məmur, yaxud prezident olması qəbahət deyil. Amma o yerdə ki, peşənin göstərilməsi qəbahət sayılmır, deməli orada peşəsindən asılı olmayaraq hər kəs prezident ola bilir. Burda isə peşənin yox, şəxsiyyətin rolu var. Siz deyirsiz ki, niyə analogiyanı həmişə başqa yerlərdən aparırsız. Anologiya oxşarlıqlar məntiqidir. Analogiya xaricə görə nəticə çıxarmağa imkan verir, batilə görə yox. Ona görə də mən analogiyanı bizdən aparmıram.

 

“Özü əlinə stəkanı götürməsə, sən bunu ona verə bilməzsən”

 

 

– Bu gün siyasi meydanda “stəkanla zər atma” situasiyası varmı?

 

– Biz 10 il qabaq təklif elədik ki, BMT gəlib bizdə seçki keçirsin. Bizə dedilər ki, bu barədə bizə ancaq dövlət müraciət edə bilər, ictimai təşkilat yox. Çoxları başa düşmür ki, dövlət özü stəkanı əlinə götürməsə, sən bunu onun əlinə verə bilməzsən. O özü deməlidir ki, “inanmırsansa zəri stəkanla atacam”. Amma o istəməsə, sən stakanı onun əlinə nə qədər dürtsən də, götürməyəcək. Məsələn, bəzən biz rəqibimizə deyirik ki, sən qoşalıyırsan. O da özünə arxayındırsa deyir, “ stəkan gətir, onunla atacam”. Mən ona zorla desəm ki, “bura bax, qoşalıyırsan stəkanda at”, deyəcək ki, “atmıram”, çox olsa deyəcək oynamıram.

 

– Bu situasiyanı izah edərdiniz.

 

– Müharibənin bir taktikası var: hündürlüyü tutdunsa, düzənlik sənindir. Burda da elədir, lazım olan xanaları tutdunsa, oyunu yaxşı idarə edirsən.

 

– Deməli, oyunçunun öz məqsədinə çatması üçün bütün vasitələrdən istifadə etməsi normaldır.

 

– Belə oyunlar məhsul istehsal etməyən hərəkətlər deməkdir. O nizamın pozulmasıdır və nəticənin qanuni elan edilməsinə imkan vermir. Qayda pozulursa, nəticə düzgün qəbul olunmamalıdır. Məsələn, mən zəri atıram, tutaq ki, zər verməsə də 5 dənə daşı götürüm qoyum bura. Belə ola bilməz. Ona görə də bütün oyunlarda hakim olur və oyunun gedişinə nəzarət edir. Azərbaycanda MSK seçkinin düz getməsinə nəzarət etməlidir. Amma bizim “nəzarətçilər” zəri qoşalayanların yanındadır.

 

– Bu gün “zər” kimin əlindədir?

 

– Zər Allahın əlindədir. Çünki təsadüfləri ancaq Allah yaradır. Zərurət olarsa, sənin əlinə də keçər. Yaxud, zər beynəlxalq müstəvidə qlobal siyasətdə, daxildə isə hökumətin əlindədir.

 

– Siyasətçilər arasında kimlə oynamaq istərdiniz?

 

– Heç kəslə oynamaq istəmirəm. Sənən də məcburən oynayıram, (gülür) zarafat edirəm.

 

– Heç jurnalist xanımla masaüstü oyun oynamışdınız?

 

– Vallah, heç belə oturub bu qədər söhbət də eləməmişəm (gülür).

Fikrinin yayındığını görüb daşları səhv yerləşdirirəm. Bu, Cəlaloğlunun nəzərindən qaçmır.

 

– O daş, ordan ora necə getdi. İndi öz aləmində cığallıq edir də Arzu xanım.

 

– İstədim oyun tez qurtarsın.

 

– Narahat olma, elə vəziyyətdəsən ki, marsa qalırsan… tez qurtaracaq.

 

“Heç kimlə görüşmək istəmirəm”

 

– Sərdar bəy, biz oyuna başlayandan neçə nəfər qapını açıb sizinlə görüşdü, izləyicimiz oldular, hətta replikaları da oldu. Yəqin qərargahın binasında tədbirlərin keçirilməi sizin üçün yaxşı haldır, köhnə dostlarınız, bəzi insanlar gəlir, görüşürsüz?

 

– Əslində heç kimlə görüşmək istəmirəm.

 

– Niyə?

 

– Gəlirlər, işimə mane olurlar… Nə bilim. Bilirsiz, iki adam görüşəndə gərək bir-birindən bəhrələnsin, qidalansın. Görüşəndə mənə bir savad, bilgi, məlumat, pozitiv əhval vermirsənsə, səninlə görüşməyimin nə mənası.

 

– Bayaqdan bu xananın boşalmasını gözləyirdiniz hə?

 

– Hə onu gözləyirdim.

 

– Siyasətdə də belədir, bəzi liderər heç bir iş görmür və otrub hansısa “xana”nın boşalmasını gözləyirlər. Bu nə dərəcədə düzgündür?

 

– Axı, o xananı boşaltmağın üçün elə bir vəziyyət yaratdım ki,  daşını ordan çıxarmaq məcburiyyətində qalırsan. Ona görə də kim istədiyi “xana”nı boşaltmaq istəyirsə, o “xana”nın boşaldılması üçün çalışmalıdır. Yəni “xana”lar öz-özünə boşalmır axı, yollarını elə bağlayar ki, elə mövqedə dayanar ki, ona lazım olan “xana”nı boşaltmağa məcbur qalırsan. Fikir ver, istənilən daşla bu xananı tuta bilirəm. Sən isə bu daşı ordan çıxmağa məcbursan. 5-3 atsaydın, sənin üçün yaxşı olardı, atmadınsa bütün hallarda boşaltmalısan. Burda istənilən təsadüf sənin ziyanına idi.

 

– Axırıncı dəfə nə vaxt nərd oynamısınız?

 

– İki həftə bundan qabaq.

 

– Deməli, oyuna da vaxt tapırsız əslində?

 

– Yox, hərdən oynayırıq. Sonra bacıoğlugilə qonaq gedəndə orda domino oynayırıq. Bir çox uşaqlar var ki, məni udmaqdan xüsusi həzz alırlar. Mən də dirəşirəm.

 

“Oyun məhsul verməyən işdir”

 

İnsan belədir də, hamı istəyir ki, birinin üstündə qalib gəlsin.  Kimsi həyatda, kimisi oyunda. Bu formal qələbədir. Mən sənə qalib gəldim neynədim ki? Biri də var həyatda real qələbə. Kimlər ki, həyatda real qələbə çalmır, onlar oyunlarda uğur qazanmağa meyl edirlər. Allah niyə oyunu bizə qadağa edir. Çünki oyun məhsul verməyən işdir. Hər bir görülən işin nəticəsində məhsul alırsan. Burda məhsul almırsan deyə, oyundan aldığın pul haram sayılır. Qadağan edilir. Çünki mən nə iş gördüm ki, səndən məsəlçün 5 manat alım.

 

– Oyunda aldatmaq necə, zərurət sayıla bilərmi?

 

– Birincisi, mən günah elədim səninlə oyun oynadım, pul aldım. İkincisi, bir günahı etdinsə, digər günah onun arxasınca gələcək.  Qiybətdən başlayacağıq, ta ki, adam öldürməyə qədər gedəcək. Onsuz da mən bu oyunda məhsul istehsal eləmirdim, indi də kələk gəlsəm nə olacaq. Yəni oyuna başladınsa, kələk də olacaq. Bəzi oyunlarda, başın qarışır, daşı götürüb gizlədirlər… Qadağan olunmuş bir oyuna girmişiksə, onun dalınca başqa günahlar avtomatik gəlir.

 

– Niyə qumar oyunlarının bir çoxu kiminsə öldürülməsi ilə bitir?

 

– Çünki nə kələk-firldaq edirsə uda bilmir, axırda öldürür. İnsan tamahına görə bu adımları atır. Bu oyunda həm də psixoloji hücum var. Mən qışqırıram ki, sənin ruhunu dağıdam. Amma bax, biz gedib ikimizdə yer qaza bilərik. Onda mehriban olacağıq, çünki məhsulu bölüşəcəyik. Burda ziddiyyətə gedirsən, orda həmrəyliyə.

 

– Ailədə oyunu yalnız zövq almaq üçün oynayırsız…

 

– Ancaq.

 

– Zövq ala bilirsiz?

 

– Bəzi adamların qələbə hissi o qədər güclüdür ki, o adamlara uduzanda ləzzət edir. Amma qarşındakı sənə yuxardan baxıb təkəbbürlü olanda, ona uduzmaq ağır gəlir. Amma biləndə ki, bu adam udacaq təkəbbür eləmiyəcək, ona uduzmaq xoş gəlir.  Məsələn, bacımın uşaqları var, onlar məni udanda mənə ləzzət eliyir.

 

– Bizimlə oyun necə?

 

– İndi sənin uduzmağından mən nə zövq alacam ki… Sən o qədər pis oynadın ki, istəsəm də uda bilmədin.

 

– Maraqlıdır ki, sizə qədər olan “oyunçu”lardan müxalifətdən olanlar bizim iqtidar, iqtidadan olanlar isə müxalifət kimi oynadığımızı dedi. Siz necə hesab edirsiz, kim kimi oyadıq?

 

– Vallah mən deyərdim ki, qeyri-siyasi vətəndaş kimi oynadınız. Lap apolitik seçici kimi (gülür). Seçkiyə gəlib, amma seçkinin nəticəsi ilə maraqlanmayan Azərbaycan seçicisi kimi…

 

“Sənin məğlubiyyətin məğlubiyyət sayıla bilməz”

 

 

– Təşəkkür edirik Sərdar bəy. Və… Siz uddunuz.

 

– Əslində sən uddun.

 

– Necə?

 

– Bura qədər gəlib çıxa bildinsə, bu sənin qələbəndir. Sənə deyim ki, mən çox qəşəng oynayıram haa… Bunun özü də qələbədir. Əvvəla biləsən, fəlsəfədə qələbə və məğlubiyyət deyilən şey yoxdur. Bəzən elə məğlubiyyətlər var ki, qaliblərdə qibtə hissi yaradır. Bir insan vuruşur, çoxlu yara alıb yerə yıxılır və son nəfəsində qalxıb axırıncı zərbəsini vurmaq istəyəndə öldürülürsə, o məğlub omur, şəhid olur. Burda da sən güclü bir adamla oynayıb, amma uduzubsansa bu sənin qələbəndir.  Mənim səni oyuna tərəfdaş kimi götürməyim özü sənin qələbəndir. İdmanda A liqasında oynayan komandanın B liqasına keçməsi onun üçün mükafatdır. Burda da elədir. Sənin məğlubiyyətin məğlubiyyət sayıla bilməz.

 

Tahirə Qafarlı & Arzu Zeynallı
Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı