“Rusiya Türkiyənin regionda güclənməsini qısqanır”

14:24 26-11-2020 | icon 648 | Siyasət
“Rusiya Türkiyənin regionda güclənməsini qısqanır”

“Laçın azad olandan sonra Türkiyə ordusu Qarabağ və ətraf rayonlarda yerləşəcək”

 

Türkiyə sülhməramlılarının Qarabağa gəlişi ləngiyir. Ekspertlər Türkiyə-Rusiya arasında aparılan danışıqlarda əsas ortanın tapılmadığını iddia edirlər. Ekspertlər Türkiyə sülhməramlarının Qarabağa gəlişinin tez bir zamanda həllini tapa bilmədiyini Rusiyanın Qarabağda sərgilədiyi mövqe müstəvisində ehtiyatlı davranış kimi də təhlil edirlər.

 

Versus.Az xəbər verir ki, vəziyyəti şərh edən politoloqlar Elxan Şahinoğlu və Natiq Cəfərov maraqlı nüanslara diqqət çəkiblər.

 

 

 

“Səbəb torpaqlarımızın tam işğaldan azad olunmasının gözlənilməsi ilə bağlıdır”

 

Politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə sülhməramlılarının ləngiməsinin səbəbi torpaqlarımızın tam işğaldan azad olunmasının gözlənilməsi ilə bağlıdır. Politoloq hesab edir ki, Laçın dekabrın 1-də azad olunandan sonra bu məsələ öz həllini tapacaq:

 

“Mənə elə gəlir ki, məsələ zatən bitib. Türk hərbçilərinin dislokasiya yerləri də müəyyənləşib. Ona görə də bu məsələ yaxın günlərdə həll olunacaq. Laçın işğaldan azad olunandan sonra Türkiyə ordusu Qarabağ və ətraf rayonlarda yerləşəcək”.

 

Politoloq bildirib ki, Rusiya Dağlıq Qarabağa sülhməramlılarını göndərməsiylə bağlı planını müharibənin ilk günündən hazırlamışdı:

 

“Moskva bu planını oktyabrın ilk günlərindən gündəmə gətirməyə çalışıb. Ancaq bunun üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazım idi, bunu rusiyalı rəsmilər də bir neçə dəfə səsləndirmişdilər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 10-da Moskvada keçirilən ilk görüşündə bu mövzu geniş müzakirə olundu. Müzakirənin təxminən 11 saat davam etməsinin səbəblərindən biri də məhz bu mövzuyla bağlı idi. Ancaq oktyabrın 10-u üçün Azərbaycan ordusu hələ ilk qələbələrini qazanmışdı, rusiyalı sülhməramlıların bölgəyə gəlişinə yaşıl işıq yandırmaq Azərbaycan baxımından işin yarımçıq qalmasına səbəb ola bilərdi. Buna görə də rəsmi Bakı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsinin hələ erkən olduğunu bildirirdi.

Prezident İlham Əliyev oktyabrın 29-da Rusiyanın “İnterfaks” agentliyinin əməkdaşının sülhməramlılarla bağlı sualına belə cavab vermişdi: “Biz bu bəndə çatmamışıq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaq. Ancaq sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razı deyilik. Ona görə bu sual hələ tezdir”.

İlham Əliyevin bu müsahibəsindən 10 gün keçdikdən və Azərbaycan ordusunun strateji şəhər olan Şuşanı işğaldan azad etməsindən sonra rəsmi Bakı rusiyalı sülhməramlıların bölgədə yerləşməsinə razılaşdı. Bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan arasında telefon danışığı olmuşdu. Böyük ehtimalla Türkiyə Cumhurbaşqanı da tərəflər arasında bəyanatın mətni ilə əvvəlcədən tanış idi. Təsadüfi deyil ki, Ankara Bakı ilə paralel şəkildə imzalanan bəyanatı müsbət qiymətləndirdi.

Buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğan Vladimir Putinlə telefon danışığında Rusiya kimi türkiyəli hərbçilərin də bölgədə sülhməramlılar qismində iştirakının vacib olduğunu Kreml sahibinin diqqətinə çatdırdı. Putinin cavabı belə oldu ki, ermənilər tarixdən çıxış edərək türkiyəli hərçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar. Putinin sözlərinə görə, Ərdoğan vəziyyəti anlayıb və israr etməyib. Ancaq Putin daha sonra verdiyi müsahibədə sözlərinə onu da əlavə etdi ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər, bu onların hüququdur və Türkiyə hərbçilərinin Azərbaycanda varlığına mane ola bilməzlər. Başqa sözlə Türkiyə hərbçilərinin Şuşada, Laçında və ya Kəlbəcərdə yerləşməsinə heç kim və heç nə mane ola bilməz. Bu istiqamətdə çalışmalar sürətlənib.

Türkiyənin müdafiə naziri Hulusi Hakar da hər dəfə vurğulayır ki, Rusiya hansı hüquqla hərbçilərini Azərbaycan ərazisində yerləşdiribsə, Türkiyə hərbçilər də eyni hüquqla Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda və ətrafında mövcud olacaqlar, sayları da rusiyalı hərbçilərin sayından az olmayacaq. Bundan başqa Türkiyə hərbçilərinin Suriyada olduğu kimi Dağlıq Qarabağda da rusiyalı hərbçilərlə birgə patrul xidmətində iştirakı da təmin olunacaq. Türkiyə və Rusiya prezidentləri bu mövzunu noyabrın 24-də telefon danışığnda enidən müzakirə ediblər.

Türkiyə və Rusiya Dağlıq Qarabağda birgə fəaliyyət üzərindən bölgədə yeni əməkdaşlıq formatı üzərində fikir mübadiləsi aparırlar. Türkiyə Cumhurbaşqanının sözçüsü İbrahim Kalın “Twitter” hesabında son yazdığı “Türkiyə Qafqazın ən yeni tarixində aktiv rol oynamağa davam edəcək” cümləsi də bundan xəbər verir. Yaxın gələcəkdə Naxçıvan istiqamətində nəqliyyat və dəmiryolunun açılması Azərbaycanla Türkiyəni birləşdirməklə yanaşı Türkiyə ilə Rusiya arasında da quru  və dəmir yolu ilə birləşməsinə və ticarət mübadiləsinin artmasına şərait yaradacaq.

Ermənistan Azərbaycan torpaqlarına iddiasından və bir sıra Qərb ölkəsində Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaq kimi təxribatlarından əl çəkərsə bu ölkənin də gələcəkdə regional layihələrdən faydalanması mümkündür. Ancaq bunun üçün ermənilər yüzillərdir türk əleydarlığı üzərindəki düşüncə tərzinə son qoymalıdırlar. Ermənistan bu ağır xəstəlikdən qurtulmayınca əvvəlki kimi regional layihələrdən kənar qalacaq”.

 

 

 

“İstədiyimiz yerdə türk sülhməramlılarının yerləşdirilməsi ilə bağlı qərar verə bilərik”

 

Politoloq Natiq Cəfərov bildirib ki, Türkiyə sülhməramlılarının Qarabağa gəlişi ilə bağlı ləngimədə səbəb Türkiyə-Rusiya arasında sülhməramlı mərkəzlə bağlı iş bölgüsündə müəyyən razılığın əldə olunmamasıdır:

 

“Çünki Türkiyə tərəfindən açıqlanan rəsmi mövqe ilə Rusiyanın rəsmi mövqeyi arasında ciddi fərqlər görünür. Rusiya tərəfindən açıqlanan bəzi fikirlər Azərbaycan ictimai rəyində yaxşı qarşılanmır. Məsələn, Rusiya tərəfi isararla deyir ki, Türkiyə sülhməramlıları Dağlıq Qarabağda yox, Azərbaycan ərazisində olacaq. Yaxşı, Qarabağ Azərbaycanın ərazisi deyilmi?!  Azərbaycanın da mövqeyi belədir ki, Qarabağ Azərbaycan ərazisidir və istədiyimiz yerdə türk sülhməramlılarının yerləşdirilməsinə qərar verə bilərik. Çox güman ki, ordakı fəaliyyətlə bağlı uzlaşmayan məqamlar var. Amma türk ordusu ən geci dekabrın ilk günlərində burda olacaq”.

 

Politoloq bildirib ki, türk sülhməramlılarının gəlişinin uzanmasında Rusiya-Ermənistan təxribatlarının önlənməsi də ola bilər:

 

“Kəlbəcər bu gün Azərbaycana təhvil verildi, ayın 1-də Laçın da  geri alınmalıdır. Türkiyənin regiona gəlişi Ermənistan üçün həssas bir məsələdir. Bu, Rusiya üçün də ciddi bir problemdir. Rus mediasını izləyəndə görürük ki, Türkiyəyə qarşı münasibət hansı səviyyədədir. İlkin razılaşdırılmış məqam odur ki, Qarabağda rus-türk sülhməramlılarının birgə nəzarət mərkəzi olacaq. Amma yeni yaranmış təmas xətti boyu Rusiya sülhməramlılarının olduğu bölgələrdə Türkiyə sülhməramlılarının olub-olmayacağı ilə bağlı hələ ki, ümumi bir razılaşma yoxdur. Amma düşünmürəm ki, bu ləngimə uzun çəkər. Dekabrda Laçın azad olunandan sonra Türkiyə sülhməramlılarını Azərbaycanda görə biləcəyik”.

 

Politoloq bildirib ki, Rusiya Türkiyənin regionda güclənməsini qısqanır. Azərbaycanla Türkiyənin qardaşlıq, dostluq, strateji müttəfiqlik münasibətlərinin daha da genişlənməsini istəmir:

 

“Azərbaycan öz diplomatiyasını doğru şəkildə yürüdür. Ermənilər dekabrın 1-nə qədər Laçından rədd olub çıxsınlar.  Sonra Azərbaycan ordusu sərhəd boyu bütün peremetrlərdə yerləşəndən sonra əli güclənəcək, Türkiyə ordusu Azərbaycana gələcək, Türkiyənin Azərbaycanda hərbi projeləri də gerçəkləşəcəkdir. Prezidentin Müdafiə Nazirliyində oktyabr ayında keçirdiyi müşavirə, Ordunun yenidən qurulması, yeni konsepsiya üzərində inşa olunması ilə bağlı çıxışı olmuşdu. Çox güman ki, bu, Türkiyə ordusu standartlarına uyğun olaraq bəlli islahatların aparılmasına yönələcək”.

 

Politoloq Tayyib Ərdoğanla Putin arasında baş tutan telefon danışıqlarına diqqət çəkib. Bildirib ki, Türkiyə ilə Rusiyanın bir neçə regional müstəvidə maraqları ya kəsişir, ya da toquşur:

 

“Hər iki dövlət Qarabağ, ümumilikdə regionala bağlı məsələdə əllərində olan aktivlərdən istifadə edirlər. Türkiyənin regionda güclənməsi onun kifayət qədər aktiv toplamasına səbəbə olub.  Rusiya ilə müzakirələrdə Kipr, Liviya, Suriya, Aralıq dənizi hövzəsi məsələləri var. Rusiyann “Qara dəniz hövzəsi”, “Türk axını” projesində fikir ayrılıqları var. Belə ki, Türkiyə qazı sərhəddə alaraq özü Avropada satışını təşkil etmək istəyir və bu məsələdə fikir ayrılığı qalır. Rusiya-Türkiyə danışıqlarında daha geniş məsələlər müzakirə olunur və Qarabağ məsələsi bura əlavə edilir. Rusiya Türkiyənin Qarabağda daha çox iştirakına göz yummaq istəyirsə, yaxud buna mane olmamaq istəmirsə, əvəzində Türkiyədən də nəsə istəyir. Mənə elə gəlir ki, Türkiyə sülhməramlılarının ləngiməsi həm də buna görə uzanır”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”