Lakin, BMT zirvələrində çıxış ardıcıllığının necə müəyyyənləşdiyini araşdırmaq lüksümüz olmadığından yalnız onu demək olar ki, Amerika prezidenti əvvəlcədən risq zolağına məruz qoyulmuşdu və doğrusu, bunu Rusiyanın Suriyada vurulan son təyyarəsi ilə eyni vəziyyət adlandırmaq yerinə düşər. Yəni, Tramp öncədən Ərdoğan kimi bir liderin-milyonların qəlbini ələ almağı bacaran, küçə və meydanlardakı emosiyaların hökmranına çevrilən şəxsin ondan sonra tribunaya çıxmasına hər vəchlə mane olmalıydı. Əgər belə olsaydı, yalnız diqqətli spiçrayterlərdən başqa heç kəs məlum düzəlişdən baş çıxarmayacaqdılar. Nə vardı, məsələn, hansısa bir görüşü bəhanə edib, onuncu sırada çıxış etməyə. Tramp bilə-bilə raket siqnallarını hərəkətə gətirən qırmızı zolağa daxil olmağa qərar vermişdi və doğrusu, onun nitqindəki mühüm tezisləri keçmiş inqilabi liderlərin üsyankar davranışları ilə eyniləşdirmək istəyirkən Türkiyə lideri səhnəyə çıxdı.

 

İndi türk informasiya kanalları daha çox iki prezidentin ani-ayaqüstü görüşünə daha çox kilidlənib, lakin hətta bu faktın özü belə onu deyir ki, Ərdoğan xəyalında canlandırdığı tezislərin heç birindən zərrə qədər imtina eləmədi, əksinə daha kəskinliklə və inamla onları dilə gətirdi.Əgər bütün emosiyları bir qırağa qoysaq, gələcəkdə təkcə iki paytaxt, Vaşinqton və Ankara arasında deyil, eləcə də bütün antiamerikalıların əllərində ideoloji, siyasi silah olan bir çox arqumentlərin məhz bu gün BMT salonunda verildiyini söyləmək düzgün olar və Putinin 2007-ci il Münxen çıxışı qədər uzun illər gündəmdə qalmağa layiq olduğu şəksizdir.

 

Bəli, birləşmiş millətlər anlayışı cəfəngdir, əvəzində daha çox azğın maraqlar mövcuddur və biz görürük ki, iri dövlətlər arasında birliklər müxtəlif qitələrdəki təhülkəsizliyi necə məhv edir, milyonların qırğınlarına acımasız seyrçilik edir.Ərdoğan məzlumların və ədalət istəyən xalqların səsinə çevrilməyi təkcə BMT də yada salsaydı, onu heç kəs indiki kimi sükut və həyacanla dinləməzdi.

 

Türkiyə rəhbərinin hər ifadəsini çarpıcı başlığa çevirənlərdən bir qismi onu messiançı missiyasını qabardıb məlum janrda və üslubda öyəcəklər, digərələri isə üstünə yeriyib onu düşmənçiliyi dərinləşdirməkdə qınayacaqlar.Hər halda o heç zaman indiki qədər açıq savaşa qatılmamışdı və belə görünür ki, Trampın ölkəiçi rəqiblərinin arqumentləri sırasına bunlar da əlavə olunacaqdır.

 

“FETO terror hörgütüdür və o, uzaqlarda deyil, Pensilvaniyada oturub dünyanın 160 ölkəsinə bəzəkli klişelər altında trror ixrac edir” söyləmək açıq-aşkar məhkəmə hökmüdür, çox ağır suçlamadır.Sən demə, Amerika büdcəsindən hər il 763 milyon dollar para ələ keçirən bu dini-təhsil-kəşfiyyat-terror camaatının əsas maliyyə qaynağı da buradadır.Bundan daha böyük verdikti ağıla gətirmək üçün gərək yalnız Ruhaninin gözlənilən çıxışına və yaxud Qəzafinin keçmiş hayqırtılarına qulaq asasan.Bu Birləşmiş Ştatları açıq-aşkar terrorda günahlandırmaqdır və eyni zamanda, dünyanın əsas güc mərkəzinin uzun on illər ərzində “şər oxu”na daxil etdiyi ölkələri daimi məhkum statusundan çıxarmaq deməkdir.Yəqin, İran, Suriya, Əfqanıstandakı terror birləşmələri bu çıxışın elementləri ilə öz mövqelərini gücləndirməyə çalışacaqlar.

 

Ərdoğan Trampın çıxışının effektini söndürməyi və dünya çapında müxtəlif qəlblərdə hərəkətlənmələr yaratmağı ona görə bacardı ki, özünün dediyi kimi, “canı yanıb”. İki il öncə məruz qaldığı çevriliş cəhdi yüzlərlə can aldı və Mərkəzi Kəşfiyyat İdarəsinin gizli Feto quruluşu üzərindən bütün pərdələrin götürülməsinə səbə oldu .O vaxtdan savaş tam açıq müstəvidə gedir.

 

Ərdoğan hər bir ölkədə eyni hərbi-siyasi müxalifətin - bir daha xüsusi vurğulayaq ki, xarici yardımlarla, həmçinin qırıcı təyyarələr, tanklar və torplarla iqtidar üzərinə gələcəyinin növbəti anonsunu verdi.

Terror, dini xilafət və siyasi ektsremizmin demokratiya kimi dünyaya sırınmasını görməyənlər hələ də illuziya içərisində müxtəlif paytaxtlardan ədalət və haqq gözləyirlər.

 

Ərdoğan isə onu hər addımda qınayanlara, daxildə ona qəzəbli olan böyük əleyhdarlar ordusuna rəğmən Türkiyənin qlobal niyyət və məramını çox uğrulu bir şəkildə BMT-yə daşımağı bacardı.

Bunu TRİBUNAL adlandırmaq da yerinə düşər!