Bu barədə Versus.Az-a partiyanın Gənclər Təşkilatının rəhbəri Samir Əhmədov məlumat verib. Onun sözlərinə görə, partiyanın (VİP) Siyasi Şurasının növbədənkənar iclası keçirilib.

İclasda ölkədə 2018-ci il aprelin 11-nə növbədənkənar Prezident seçkilərinin təyin olunması və VİP-in bu seçkilərdə iştirakı məsələsi müzakirə olunub. İclasda çıxış edən VİP sədri Ə.Əliyev növbədənkənar seçkilərin təyin edilməsinin gözlənilməz olmadığını diqqətə çatdırıb. O, partiyanın 2017-ci il mayın 28-də keçirilmiş IV qurultayında VİP sədrinin prezidentliyə namizədliyinin irəli sürüldüyünü bildirərək, yaranmış şəraitdə bu qərardan irəli gələn vəzifələr haqqında danışıb.
Müzakirələrdə iştirak edən siyasi şura üzvləri seçki kampaniyası müddətinin azaldıldığına baxmayaraq, partiya strukturlarının seçki prosesinə hazır olduğunu vurğulayıblar.

İclasın yekununda VİP qurultayının növbədənkənar Prezident seçkilərində iştirak qərarından irəli gələrək, partiyanın Mərkəzi Aparatına Seçki Məcəlləsi və VİP Nizamnaməsinin müvafiq bəndlərindən irəli gələn işlərin uyğunlaşdırılmasına dair operativ təhlil aparılması tapşırılıb.

ARZU
Versus.Az