Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

17:20 01-12-2020 | icon 1234 | Cəmiyyət
Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

 

Laçının həsrəti Məhəbbət Kazımovun avazında bir başqa cür səslənəcək...

 

Versus.Az “Həftə içi”-nə istinadla laçınlıların Laçın həsrətindən danışacaq, Laçın həsrətliləri danışacaq...

 

 

 

 

 

“"Laçın" deyə qışqırmağa utanaram”

 

Laçın ağsaqqalı Qəzənfər Hüseynov:

“Laçının işğaldan azad edilməsi mənim üçün olduqca sevincli bir duyğudur. Dekabr ayının 1-də 10423 gün olacaq ki, Laçının işğaldan azad ediləcəyini böyük ümidlə gözləmişəm. Bu günki sevincimiz üçün ordumuzun şəxsi heyətinə, şəhidlərimizə və qazilərimizə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanına borculuyuq.

 

Hərbiçilərimiz qanları ilə tarix yazdılar, kimisi şəhid oldu, kimisi də qazi.

Ordumuz düşmənin belin qırmasaydı, düşmən döyüşsüz Laçını bizə verməyəcəkdi.

Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərimizə şəfa versin!

Dekabr 1-i biz laçınlılar üçün böyük tarixi əhəmiyyət kəsb bir tarixdir.

 

Laçına deməyə çox sözüm var. Sözlərimi böyük utanc hiss ilə doğulub, böyüdüyüm evimizin yanındakı "Dağdağan bulağı"na deyəcəyəm. Laçın da bilir ki, biz ona yaxşı övlad ola bilmədik. Aradan keçən illər ərzində xəyalən olsa da onunla birgə olduğumu da deyəcəyəm...

 

1992 cı il may ayının 16-da gecə saat 4-də Laçından çıxanda əhd eləmişəm ki, şəhərimizə girəndə əyilib, torpağı öpəcəyəm. İlk olaraq "Dağdağan bulağı"na gedəcəm, sonra yenicə tikdirdiyim, cəmisi 11 ay yaşadığım evimə gedəcəm. Sabahısı gün Cicimli kəndindəki Malik Əjdər kümbəzlərinin yanındakı qəbiristanlıqda dəfn edilmiş atamın, sonra isə Güləbird kənd qəbiristanlığında dəfn edilmiş babamla nənəmin məzarlarını ziyarət edəcəyəm. "Laçın" deyə qışqırmağa utanaram”.

 

 

 

 

 

“Laçına gedəndə atamın ruhu şad olacaq, bilirəm”

 

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova:

 

“Laçın deyəndə orta məktəb illərimin yay tətilləri yadıma düşür. Hər il yay tətillərini Laçına gedirdik. Laçının lalə yamaclı yaylaqları indinin özündə də gözümün qabağındadır. Çox sevirəm Laçını. Məktəbin bitməsini necə səbirsizliklə gözlədiyimi xatırlayıram. Tələsirdim ki, yay fəsli tez gəlsin, gedək o gözəllikləri görək…

 

Laçına ailəlikcə sonuncu gedişimiz zamanı 5-cı sinifdə oxuyurdum. 1990-cı ilin may ayının sonu idi, söz vaxtına çəkər. Rayona gedib çatana qədər keçdiyimiz dolama yollar gözümün önündən getmir. Gündüzləri günəşli, axşamları sərin keçən Laçınım.

 

Yadımdadır ki, hər axşam saat 22-00-dan sonra atəş səsləri eşidilirdi. Nənəmlə babam  eşidirdim ki, Dığdan, Gorusdan yenə atırlar deyirdilər. Heç kim dərk etmirdi nələr baş verir. Öyrəşmişdik atəş səslərinə, çox sakit qəbul edirdik. Gündüzlər hamı öz işində-gücündə olurdu, axşamlar eyni saatlarda yenə də atəş səsləri davam edirdi. Heç kəsin ağlına da gəlmirdi ki, o dıgalar atəş aça-aça gəlib çıxacaqlar Laçınımıza və həyasızcasına zəbt edəcəklər torpağımızı... Həmişə yuxularımda Laçına gedirəm. Bəlkə də yenidən o torpaqları qarış-qarış gəzəcəyim günləri o qədər arzuladığımdandır ki, yuxularımdan çıxmır... Mikayıl Müşfiqin dediyi kimi - "Yenə O bag olaydı"… Mən isə deyirəm, yenə torpaqlarımız azadlıqda olaydı, dolama yollarla gedib Laçına çıxardıq, nənəmin meyvə bağında o meyvələrdən dərib yeyərdim, qonşunun nəvələri ilə “yeddi şüşə”, “ortada qaldı” oynayaydım, babam məni o laləli yaylaqlara aparaydı… Gözəl yuxularım çin olaydı…

 

O qədər gözəl uşaqlıq xatirələrim var ki, yaddaşımda.

Məncə uşaqlığını Laçında keçirən hər kəs o yerlərə qayıdanda hansı yaşda olmasına baxmayaraq uşaqlaşacaq… Bizim Laçının torpaqları bərəkətlidir, havası şəfalıdır, ora gedəndə cavanlaşacaq, sağlıqlarına qovuşacaq laçınlılar.

Çox ümüd edirəm ki, o gözəl uşaqlıq xatirələrim çin olar və gül qoxulu torpaqları qoxlamaq mənə də nəsib olar. Ali Baş Komandanımızın bizə bu sevinci, bu qələbəni yaşatdı.

 

Tarixi qələbəmizə o qədər sevincliyəm, dünyanın xoşbəxt insanı hesab edirəm özümü. Ali baş Komandanımızın, ordumuzun, könüllülərimizin sayəsində 28 illik həsrətimizə son qoyuldu. Xəyal olan arzumuz gözləmədiyimiz vaxtda hasil oldu. Qürurumuz, özgüvənimiz, milli birliyimiz qayıtdı. Bütün azad edilən rayonlarımızın xəbərlərini böyük sevinclə, göz yaşıyla qarşıladım.

Dogma Laçınımı cox səbrsizliklə gözləyirəm.Yuxularım çin oldu, şükür bu günümüzə. Mən Bakıda böyümüşəm, yaşamışam. Amma gedib atamın, anamın torpağında yaşamaq, yaratmaq, xalqıma xidmət etmək istəyirəm. Laçının təhvil verilmə günü yaxınlaşdıqca, ürək döyüntülərim lap artır. Bu sevgini, sevinci təsvir etməyə sözlər, cümlələr azdır belə. Tezliklə o torpaqlara getmək istəyirəm. Həqiqətən Vətən sevgisi başqadır. Mən Laçına gedəndə atamın ruhu şad olacaq, bilirəm. Laçını qarış-qarış gəzmək istəyirəm, gözümün qabağındadır nənəmgilin evi, qohumlarımın evləri. Düzdür, mənfur ünsürlər evləri dağıdıblar, yandırırlar. Amma yenə də tanıyacam oraları. Sədr müavini olduğum MMP-nin Laçın şəhər təşkilatını yaratmağı düşünürəm. Gələcəkdə parlament seçkilərinə ikinci dəfə namizədliyimi doğma Laçınımdan verəcəm. Ən ağır sahədə belə Laçınıma yararlı olub, laçınlıların yanlarında olmaq istəyirəm. Bu xoşbəxtliyi bizə yaşadan Ali Baş Komandanımıza, Ordumuza eşq olsun. Cəngavər igidlərimiz bizə bu günləri yaşadır. Əziz Laçınlılarım gözümüz aydın!”

 

 

 

 

“Dedim ki, əminəm, bu yol bizi Laçına aparacaq”

 

Jurnalist Namiq Mayılov: 

“Bir neçə il bundan əvvəl bir qrup jurnalistlə Cocuq Mərcanlıya gedirdik. Horadiz şəhərini keçəndən sonra məni qəribə hisslər bürüdü. Sanki bu yol yarıda bitməyəcək, düz Laçına kimi uzanacaqdı. Əslində 2016-cı ilin aprel zəfərinin rəmzi əhəmiyyəti də elə bundan ibarət idi. Bu, düşmənə də, dünyaya da bir mesaj idi ki, biz gəlirik.

 

Əflatun Amaşov, Umud Mirzəyev, Cahangir Məmmədli, Nəsir Əhmədli, Akif Aşırlı, Elçin Mirzəbəyli, Aqil Camal və digər həmkarlar Allah şahididir. Dedim ki, əminəm, bu yol bizi Laçına aparacaq. Jurnalistikamızın ağsaqqalı Cahangir Məmmədli sözlərimdən təsirləndi, professorun gözləri doldu. Səfərdən dönən kimi “Bu yol bizi Laçına aparacaq” sərlövhəli məqalə yazacağını dedi.

 

Və budur, artıq biz Laçına qayıdırıq! Yenə qarışıq hisslər keçirirəm. Sevinirəm, kövrəlirəm, beynimdə xatirələr canlanır, qayğısız uşaqlığıma qayıdıram. Biraz da nigaranam. Cavabsız suallar rahatlıq vermir. Görəsən, Hacısamlıdakı ata evimiz yerindədirmi? Qəbir daşlarımızı vandallar dağıtmayıb ki? Seyid Məmməd Ağanın türbəsi yerindədirmi? Paşa bəyin tut bağını doğramayıblar ki? Bir də özümə təsəlli verirəm. Əşi, bizim kəndlər döyüş gedən yerlərdən uzaqda idi. O qədər erməni nə gəzirdi gedib oralara çıxsın. Sonra yenə yadıma düşür ki, bizim ata evimizi o vaxt öz əsgərlərimiz hospital kimi istifadə edirdi. Deməli, düşmən oralara  kimi gedib çıxmışdı. Niyə getməsin? Axı ermənilər həmişə ölkəmizin ən gözəl, ən səfalı yerlərinə göz dikib.

 

Doğrusu, heç Laçınla necə görüşəcəyimi, ona nə deyəcəyimi təsəvvür edə bilmirəm. Bilmirəm, “Biz qayıtdıq!” deyə hayqıracam, yoxsa hönkürüb o daşlara, ağaclara sarılacam. Hərdən mənə elə gəlir ki, sevincdən elə yoldaca ürəyim partlayacaq. Amma gedib çıxa bilsəm, yəqin Laçından üzr istəyərəm. 30 ilə yaxın düşmən tapdağı altında qoyub gəldiyimizə görə. Bağışlasa, dinləmək istəsə, bu illər ərzində başımıza gələnləri danışaram ona. Deyərəm, əmilərim həsrətinə dözmədi, Məhəbbət Kazımov “Laçınım mənim”, “Bu il yenə gedəmmədim bizim dağlara” deyə-deyə getdi bu dünyadan. Amma indi onların ruhu şaddı, çünki sən yenə bizimsən. Deyərəm, kəndiçimiz Heydər kişinin nadinc nəvəsi Ehtiram var idi ha, yadına gəlir? İndi o, əməkdar artistdir. Muğam ifaçısı Ehtiram Hüseynov. Avazı bürüyəcək “Üst taxta”nı, “Zeynalın şamın”, Muncuqlu körpüsünə kimi gedib çıxacaq səsi. Yenə elimizdə çal-çağır olacaq, tonqallar qalanacaq. Qələbə tonqalları, bayram tonqalları. Tüstüsü düşmənin gözün tökəcək.

Bir sözlə, ürəyim doludur. Doğma ocağımı görmək üçün səbrsizlənirəm, günləri sayıram. Elə bil bu 28 ili ürəyimizə daş bağlayıb dözən biz deyildik. Ancaq biz unutmadıq, unutdurmadıq. Laçın bizim xatirələrimizdə, şeirlərimizdə, mahnılarımızda yaşadı. Biz bütün Qarabağı əməllərimizdə yaşatdıq, ona doğru irəlilədik.

 

Laçın Qarabağın dəmir qapısı idi. Lakin sapı özümüzdən olan baltalar o qapını açıb düşməni içəri buraxmışdılar. Çox şükür ki, biz düşməni prezident İlham Əliyevin dediyi kimi, “iti qovan kimi” qovduq. Bu yolda canlarını fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm, sağlamlığından keçmiş qazilərimizə sonsuz təşəkkürümü bildirirəm. Biz onlara və bütün əsgərlərimizə ömrümüzün sonuna kimi borcluyuq”.

 

 

 

 

““Bu yerlərə bir də gəldim, duman, salam olsun, dağ, salam olsun” deyəcəm”

 

Jurnalist Arzu Zeynallı:

 

“Torpaqlar qayıdır, Laçına gedəcəm... Demək olar ki, beynimdə ancaq bu sözlər səslənir. Sevinirəm, amma utanıram bu sevinc üçün, ürəkdolusu sevinə bilmirəm. Şəhidlərimizin ruhu qarşısında utanıram, onların ailələrinin göz yaşları qarşısında utanıram, qazilərimizdən utanıram... Bu sevincə görə bağışlasın bizi şəhid anaları, şəhid ataları, şəhid qardaş-bacıları... Haqqınızı halal edin deyirəm ürəyimdə təkrar-təkrar...

 

Laçın mənimçün nədir? Azərbaycana məxsus olan torpaqdır Laçın! Düşmənə qalmadığı üçün sevinirəm. Özümüzün olan özümüzə qayıtdığı üçün sevinirəm. Laçınlı ruhlar azad olduğu üçün sevinirəm. Viran qalmış torpaqlarımız gözəlləşəcək, insanları yenidən qürurlanacaq, yerə-göyə sığmayacaq. Hə, qürurumuz yerinə qayıdacaq. Kişilər çiyinlərinə əyilmiş başlarını dikəldə biləcək. Ən çox da şəhid ailələri qürurlanacaq, axı o şəhid bütün Azərbaycanın şəhidi olacaq. Axı o şəhidin qələbəsinin qalibləri olacağıq...

Etiraf edim ki, mənim üçün bütün bu qələbələr möcüzə kimi gəldi. Hər dəfə İrəvanın necə Ermənistan olduğunu düşünəndə ürəyimin dərinliyində “vəssalam, bu torpaqlarımız da getdi, itirdik” təəssüfü keçirdi, dərinliyinə vardıqca ürəyim sıxılırdı. Bu gün isə o düşüncələrimə gülürəm və sevinirəm ki, yaxşı ki, yanıldım...

İndi qalır Laçına getmək... Orta məktəb uşaqları ilə 1941-45 abidəsində görüş vədimiz vardı, qismət 28 illik həsrətdən sonrayaymış demək... Orda atam olmayacaq, nənəm olmayacaq, əmilərim, əmim oğlanları olmayacaq, amma əminəm ki, ruhları bizimlə bərabər gəzişəcək, bizimlə bərabər sevinəcək...

Yadımdadır ki, Laçından çıxanda gecə qapıda oturub o tay dediyimiz dağlardakı evlərə baxırdım. Qulaqlarımda “bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal” səslənirdi. Laşından çıxanadək bu mahnı məni tərk etmədi. Əmin idim ki, neçə-neçə mənim kimilər bu mahnını eşidib qulaqlarında...

Sevinirəm... Sevinirəm ki, Laçına gedəndə yolboyu “bu yerlərə bir də gəldim, duman, salam olsun, dağ, salam olsun” deyəcəm. 28 illik göz yaşımın nöqtəsini Laçında hönkürməklə qoyacam. Bu hönkürtü mənim uşaqlığımı qaytaracaq, sağlamlığımı qaytaracaq, qürurumu qaytaracaq, özümü qaytaracaq!.. Əslində dekabrın 1-də laçınlılar özlərinə qayıdacaqlar, özlərini tapacaqlar... Mən Laçında evimizə gedəcəm, sonra məktəbimizə, sonra kəndimizə gedəcəm, Qızılqayanı görmək üçün...

Laçına gedişimi hər təsəvvürümdə canlandıranda elə ağlayıram ki... Bu son iki ay demək olar ki, gözümün yaşı qurumur. Bu qədər ağlağan olduğumu bilməzdim...”

 

 

 

 

 

“Laçında davam edəcəyəm, o zaman yarımçıqlar tamlanacaq”

 

Məktəb direktoru Şəbnəm Cəbrayıl:

 

“Mən doğulduğum və böyüdüyüm, uşaqlığımın yarımçıq qaldığı yerdə - Laçın şəhərində inşallah fəaliyyətimə davam edəcəyəm. Doğma torpaqda şagirdlərimizlə birlikdə yenidən o uşaqlıq illərinə qayıdacağam. Onlarla birlikdə böyüyəcəm... Bu şərəfli tarixə şahid olduğum üçün qürur duyuram!

 

Özümü çox şanslı hiss edirəm... Atamın, nənəmin, hər bir Laçın ziyalısında haqqı var... Müqəddəs missiyanı davam edəcəyəm. İndi də edirəm, amma Ağcabədidə. İnşallah Laçında davam edəcəyəm, o zaman yarımçıqlar tamlanacaq.

 

İllərdir Taxtakörpüdə məskunlaşan bütün laçınlılar qayıdacaqları günü səbirsizliklə gözləyir. Orada bizi əcdadlarımızın ruhu, qəbirləri gözləyir. Sayılı saatlar qaldı artıq... Ürək döyüntülərimiz eşidiləcək kimi atacaqdır”.

 

 

 

 

 

Düşündüm ki, vəziyyət düzəlsin, Laçına qayıdacam”

 

Məktəb direktoru Bəsirə Məmmədli: 

“8 may 1992 ci il...

 

Laçın rayon 1 nömrəli tam orta məktəbin bütün Xl sinif şagirdləri 1941-1945-ci illərin tarixi abidəsində sabahısı keçiriləcək 9 may - Qələbə gününə hazırlıq məqsədi ilə iməclik keçirdik. İşimizi yekunlaşdırıb abidənin ətrafında dincəlmək üçün yığışmışdıq. Birdən Şuşa tərəfdən xeyli sayda avtomobil, insanlar gəldiyini gördük. Oğlanlar qaçıb maraqlandılar, bilindi ki, Şuşada vəziyyət pisdi. Laçına xeyli yaralı gətirilib. Məyus halda evimizə dağılışdıq. Amma söz verdik ki, vəziyyət nə qədər pis olsa da, heç kim heç yerə tərpənməsin. Xl b-nin sinif nümayəndəsi mən idim və hamımız qəti söz qoyub ayrıldıq...

 

Həmin günün axşamtərəfi ermənilər qarşı tərəfdən (Gorus, dığ tərəfdən) Laçını dəhşətli qrad atəşinə tutdu. Dəhşətli gecənin sabahı 9 may günü atam məni Laçından çıxarmaq üçün qohumların avtomobili ilə Bakıya göndərdi. Rayon rəhbərliyi tapşırmışdı ki, qızları, qadınları döyüş bölgəsindən çıxarmaq lazımdır. Xocalı faciəsinin təkrarlanmasından qorxmuşdu camaat. Mən həmin gün çox təkid etdim ki, ata, yoldaşlarımla söz vermişik Laçını tərk etməyək, atam razı olmadı və mən sinif yoldaşlarımdan xəcalətli halda maşına əyləşdim. Evimizdən Bakıyadək ağladığımdan uzun zaman gözlərimin ağrısından əziyyət çəkmişdim.

 

Yol boyu gördüyüm dəhşətlər ömür boyu qəlbimdən silinməyəcək. Evlərini dəhşət içində tərk edən əhalinin əzabları...ermənilər yüksəklikdən yolları atəşə tuturdular deyə nə qədər insanlar həlak olurdu... Çox, həddindən çox dəhşət yaşadıq o gün... Yolda bir neçə sinif yoldaşımı da gördüyüm üçün az da olsa təskinlik tapırdım ki, təkcə mən deyiləm Laçından çıxan...

 

...Və Bakıda 1 gecə xalamgildə qalıb tezdən Bərdəyə qayıtdım. Əslində Laçına qayıtmaq üçün Bərdəyə qayıtdım. Atam, anam, qardaşım Laçında odun-alovun içində qalmışdı...

Düşündüm ki, iki gün Bərdədə qalım, vəziyyət düzəlsin, Laçına qayıdacam. Amma necə deyərlər, sən saydığını say...

Heç ağlıma da gəlməzdi ki, Laçından 28 illik zaman ayıracaq bizi...Və beləcə 28 illik məcburi köçkün həyatımız başladı... Həsrət dolu 28 il... Bir an belə Laçını unutmadıq. 28 ildə hər an qayıdacağımız günü gözlədik. Bəzən bu qədər köçkün olar, boş yerə ümidlənmə - deyənlər də çox oldu.

 

24 illik müəllim fəaliyyətimdə həmişə şagirdlərə bir gün mütləq qayıdacağımızı söyləmişəm. Ətrafımdakı insanların ümidlərinin üzülməsinə imkan verməmişəm. Məni tanıyanlar bunu yaxşı bilir. Bəzən hansısa şagird dönüb, daha qayıdacağımıza ümidinin olmadığını bildirərdi. Mən isə israrla o günə çatınca arzulamalıyıq - deyirdim. Bir sözlə, bütün varlığımla inanırdım ki, ruhumun Vətəninə - Laçınıma dönəcəm. Bu illər ərzində bütün iştirak etdiyim tədbirlərdə, konfranslarda, çıxış etdiyim mətbuat orqanlarında böyük inamla Qarabağımızın işğaldan azad ediləcəyini vurğulamışam. Hər an “o gün tez gəlsin” deyə inamımı bir an yansıltmamışam. Nə qədər əlçatmaz görünsə də, yuxuya, xəyala bənzəsə də o böyük gün gəldi. Allaha çox şükür edirəm ki, uzun illər arzuladığımız günü bizlərə nəsib elədi.

 

Cənab Ali Baş Komandanımıza və müzəffər Ordumuza bütün ömrüm boyu minnətdaram. Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən, canlarını Vətənin bütövlüyü uğrunda qurban verən müqəddəs Şəhidlərimizin ruhu qarşısında baş əyirəm...

 

Dekabrın 1-i mənfur ermənilər Laçınımızdan rədd olub çıxır. Vaxt azaldıqca həyəcan bürüyür məni. Laçına döndüyümdə ilk gedəcəyim məkan hara olacaq, deyə qəribə hisslər keçirirəm. "Son zəng" imizi qeyd edə bilmədiyimiz 1 nömrəli məktəbiməmi, güclə yeri bilinən, barbar ermənilərin daşını da söküb apardığı evimizəmi, yoxsa uşaqlıq illərimin keçdiyi əfsanəvi Sarıbabanın ətəyindəki viran edilmiş kəndimizəmi? Çətindir qərar vermək. Bu illər ərzində xəyalən getdiyim, yuxularımdan çıxmayan Vətənim - Laçınım, bizi bağışlayacaqmı? Məncə bağışlayacaq. Çünki özü şahiddir ki, laçınlıların günahı yoxdur bu ayrılıqda. Acı xəyanətlərin qurbanı olmuşduq.

 

Bu illər ərzində sənin gözəlliyinə bənzər gözəllik, buz bulaqlarına, füsunkar təbiətinə bənzəyəni çox axtarmışıq, gözəl Vətənim. Nə yaxşı ki, tapmamışıq və tapmadıqca da sənə qovuşacağımız günü hər an arzulamışıq. Vətən məfhumu elə müqəddəsdir ki, onun təzahürünü sözlə ifadə etmək çətin olur. Onu yalnız içdən, ürəkdən hiss etməlidir insan. Varlığınla bağlı olmalısan Vətənə, sözlə deyil. İllərdir şəkillərindən belə ürəyim yarpaq kimi titrəyən Laçınımı canlı görəcəyimi təsəvvürümə gətirə bilmirəm. O anı necə qəbul edəcəyimi təsəvvür edə bilmirəm. Bəlkə göz yaşı və sükutla, bəlkə Allahın dərgahında eşidilə biləcək qədər “Laçın” deyib qışqırmaqla və yaxud da həsrətindən təpəri qalmayan ürəyim heç dözməyəcək..” /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür