“İndi də bu hadisələrin təsirindəyəm...” - MÜSAHİBƏ

18:01 03-12-2020 | icon 1645 | KİV
“İndi də bu hadisələrin təsirindəyəm...” - MÜSAHİBƏ

İsmayıl Əmirli: “Uşağını qucaqlamışdı ki, müdafiə eləsin, amma ikisi də qucaqlaşmış vəziyyətdə can vermişdi”

 

Azərbaycan ordusunun erməni təcavüzunə qarşı sentyabrın 27-dən başlayan əks-hücumu, noyabrın 8-də Şuşann azad olunması, hərbi qələbəmizlə, dekabrın 1-də isə Laçının bir gülləsiz azad olunması ilə bitdi. Torpaqlarımızın suverenliyi istiqamətdində yeni diplomatik mübarizə mərhələsi başlayır.

 

Lakin bu müharibədə ölkənin azadlığı naminə vahid güc kimi ayağa qalxan millətin jurnalistləri də hərbləşdi, informasiya cəbhəsində Ali Baş Komandanın “tətikdəki” əli oldular.

Sizi müharibənin ilk günündən döyüş bölgəsinə ezam olunan  jurnalist həmkarımızdan biri - ATV-nin xüsusi müxbiri İsmayıl Əmirlinin keçdiyi döyüş yolu ilə tanış edəcəyik.

 

- İsamayıl,  bizə 44 günlük müharibədə gördüklərindən danış. Müharibə başlayanda hara ezam olundun, müharibənin ağırlığını görən jurnalist olaraq nələri hiss edirsən?

 

- Döyüşlər başlayan ilk gündən Füzuliyə ezam olunmuşdum.  Təxminən bir qrup jurnalist 20-25 gün ərzində Füzuli istiqamətində çəkilişlər apardıq. Daha sonra bizi Gəncədə yaradılan Qərərgaha topladılar. Həmin vaxt Gəncəyə raketlər atılırdı. Sonra bizim qrupu Bakıya çağırdılar, mən orda tək qaldım. Gəncədə olanda dağıntıları, rəsmilərin hadisə yerinə səfərlərini, erməni cinayətkarlarının dinc yaşayış yerlərini necə bomba və raketlərlə dağıtmalarını çəkib işıqlandırdım. Sonra Tərtərə gəldik. Tərtərdə çəkilişlər apardıq, gün ərzində dağlara çıxdıq, düşmənin top atəşləri ilə törətdiyi dağıntıları, tələfatları lentə aldıq. Ordan da Bərdəyə, Qarayusifli kəndinə gəldik. Ora atılan raketlər nəticəsində xeyli ölən və yaralananlar var idi. Bu səhnələr çox dəhşətli, faciəli idi. İnsanlar öz əzizlərini itirir, doğmalarını dağıntlar altından tapırdılar.

Bəlkə də ilk vaxtlar adam nə baş verdiyini aydınlığı ilə dərk edə, ya da “belə bir vəhşiliyi necə törətmək mümkündür”, deyə olanları ağlına sığışdıra bilmirdi. Lakin bu, erməni vandallığı, erməni faşizminin ökəmizdə bizə yaşatdıqları ağrı-acı idi. Təbii ki, nə qədər ağır olsa da, biz çəkilişlərimizi aparırdıq.

Qarayusiflidə azyaşlı Aysununn dəfn olunduğu anları heç unutmaram. Bir uşağa necə qıymaq olar?!.

Uşağın dəfn mərasimində iştirak edəndən sonra Bərdəyə gəldik.  Şəhərə çatanda bizdən 400-500 metr qabaqda raket düşdü. Bu kasetli raket idi. Həmin vaxt qan su yerinə axdı, 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox insan yaralandı. Həmin hadisənin şahidi olduq... Bu çox çətin bir vəziyyət idi... İnsanlarn ölümünü, dağıntıları görmək, lentə almaq...

 

- Müharibəni ilk dəfə görən jurnalist üçün bu nə demək idi?

 

- Mən müharibənin bu mənzərəsini yeni görürdüm. Düzdür, iyul hadisələrində 4 gün Tovuzda oldum. Həmin vaxt Ermənistanın atdığı bomba zərbələri, hərbi təxribatların həcmi bir o qədər geniş deyildi. Amma bu, iştirakçısı olduğum 2-ci Qarabağ müharibəsi idi. O müharibə ki, hər an ölümlə üz-üzə qalırsan, o müharibə ki, düşmən heç bir hərbi əxlaqa sahib deyil. İstənilən an düşmənin atdığı top mərmisi, raket sənin, dostlarının, ailə üzvlərinin həyatına son qoya bilər. Mən Horadizdə olanda 4 nəfər mülki şəxslə tanş oldum. Ordan keçib gedəndən sonra geriyə qayıdanda həmin adamların öldüyünü öyrəndim.  Onlardan biri 2000-ci il təvəllüdlü oğlan idi. Onunla yanacaqdoldurma məntəqəsində rastlaşmışdıq, 2 gün ərazində yaxşı münasibətimiz yaranmışdı. Kənddə işıq problemi olanda avadanlıqlarımızı ona verirdik ki, “toka” taxsın. Bir gün yenə də onun yanına getdik. Həmin vaxt düz bizim yaxınlığımıza mərmi düşdü, həmin oğlan da orda həlak oldu. Boğaz nahiyyəsi 4-5 yerdən kəsilmişdi, elə yerindəcə həlak olmuşdu. Çox mehriban oğlan idi. Biz onun necə faciəli şəkildə öldüyünü gördük. Mən hələ indi də bu hadisələrin təsirindəyəm... İnsanlarla münasibət qurursan, tanyırsan, gedirsən, qayıdanda görürsən ki, evinə mərmi düşüb ölüb, həmin adam yoxdur. Müharibənin ən böyük dəhşəti günahsız insanların bu cür ölümlə üz-üzə qalması idi. Elə Bərdə, Qarayusifli kəndində olan hadislər... Biz orda erməni cinayətləri nəticəsində öldürülən günahsiz körpələri gördük.  Raket atılandan sonra maşınların arasında gəzəndə, kəsilmiş ayaqları, əlləri görürdük. Kəsilib ətrafa düşmüş insan bədənlərinin kimə aid olduğu bilinmirdi. Ayağın üstünə baxıb lak görəndə, bunun qadına aid olduğunu bilirdik. Raket zərbəsindən içalatı dağılıb ağacların üstünə düşən insan cəsədlərini də gördük. Bunu görmək, dəhşət idi.

 

- Öz vətənində müharibəni, ölümü, ədalətsizliyi görmək, bununla yanaşı bütün başqa hissləri kənara qoyub,  informasiyanı olduğu kimi çatdırmaq necə mümkün olurdu?

 

- Mən əslində o hadisələri görənə qədər soyuqqanlı olduğumu fikirləşirdim. Təbi ki, çoxumuzun həyatında hardasa müəyyən kriminal hadisələr, qəzalar olur, kiminsə ölümü ilə rastlaşırıq. Amma bu müharibə, ermənilərin dinc əhaliyə qarşı törtədikləri vandallıq, heç bir ölçüyə sığmır. Nə qədər soyuqqanlı olursan ol, uşaqların ölümünü, daşların altında qalmasını, qəlpə yarası ilə can verməsini qəbul edə bilmirsən. Ermənilər vandaldır. Onlar uşağa, qocaya, qadına baxmır. Ən çirkin hərəkətlərə hazırdılar və zaman-zaman bunu Azərbaycana qarş ediblər və Bərdədə, Gəncədə, Tərtərdə də bunu etdilər. Xocalı hadisələrində ermənilərin uşaqlarımızın başına hansı oyunları açdığını bilirik. Mən ən çox uşaqların ölümünü görəndə özümə gələ bilmirdim, çox pis olurdum. Orda atasını qucaqlayıb ölən uşaq var idi. Kasetli raket düşəndə ata uşağını qucaqlamışdı ki, guya müdafiə eləsin, amma ikisi də qucaqlaşmış vəziyyətdə can vermişdilər. Bunlara baxdıqca özümü çox pis hiss edirdm. Amma nə qədər ağrılı olsa da, çəkməliydim. Bəlkə də bu mənim işim olmasaydı, buna baxa bilməzdim. Amma bu iş də mənim üzərimə düşüb və bu borcu yerinə yetirməliydim. Biz bu informasiyaları tək özümüzə deyil, dünya ictimaiyyətinin nəzərinə çatdırmalıyıq.  Hisslərimi tam kənara qoymuşdum, ölən insanların tam yaxınlığına da gedirdim, əlimlə də toxunurdum. “Birdən sağ olar, bəlkə kömək lazım olar” -deyə düşünürdüm. Həm də yanlış informasiya vermək istəmirdim. Mən bunları gördüm və yəqin ki, hələ bu barədə çox yerlərdə danışacam. Bilirdim ki, bu müharibədir və biz də ölüm-itimi gözə almışdıq.

 

- Jurnalist həmkarlarımız bəzən çəkilişi bir kənara qoyub, elə Gəncədə daşların altında qalan insanların çıxarılmasına kömək etdiklərini deyirdilər. Belə anlarda işinizi unudub camaata qoşulmaq istədinizmi heç?

 

- Belə bir hal Bərdədə oldu. Sonradan rəhbərlik, qulağıma dedi ki, diqqətini yayındırma. Deməli, orda raket maşının üstünə düşəndə diri-diri adam yanmışdı. O hadisəni görəndə maşına tərəf qaçdım, canlı yayına qoşulmuşduq. Həmin vaxt  FHN  əməkdaşları yaxınlıqdakı bir maşnın içərisində olan qaz balonlarını çıxarırdılar, maşın tüstüləyirdi. Onda mən və operator Ramin İsmayılov da həmin maşının yanına qaçdıq. O maşın partlasaydı, nazirliyin əməkdaşları da öləcəkdi, biz də.  Orda insanlar təhlükədə idilər. Bəlkə burda peşəmizi yaxşı halda yerinə yetirmək məsələsi var idi. Bəlkə, “ilk təhlükəli kadrları mən çəkim, hadisələri daha qabarıq göstərə bilim”-rəqabəti var idi, bilmirəm. Amma bunlar hamısı özümüzdən asılı olmayaraq yaranmışdı.

 

- Çox vaxt, hadisə yerinə birinci çatmaq istəyimizə “peşəmizin xəstəliyi” də deyilir. Amma bu, müharibədə keçmir...

 

- Bəli, belə olmalı deyildi. Amma orda Fövqaladə Hallar Nazirliyinin əməkdaşları da var idi. Onların da həyatı təhlükədə idi. Mən onların üstünə qaçdım, guya kömək edəcəkdim. Nazirliyin əməkdaşları da bizi xilas etməyi düşünürdü. Sonra öz-özümüzə gülüb deyirik ki, əli yalın o qaz balonların yanına qaçmaqla nə edəcəydik... Həmin vaxt hadisə olub, hər yer yanır, partlayış ola bilər, sən həmin istiqamətə qaçırsan. Sonra rəhbərlik qulağıma qışqırdı ki, hara gedirsən.

 

- Efirə verilməyən dəhşət doğuracaq kadrlarınız oldumu, o kadrların ictimaiyyətə ötürülməsi nə dərəcədə düzgün olar, ümumiyyətlə elə kadrlar verilməlidirmi?

 

- Orda raket zərbəsindən kəsilən əllər, ayaqlar gördük, başı olmayan, qolu olan, qolu olmayan başı olan... Biz onları efirə vermədik. Amma heç nə gizli saxlanmalı deyil. O mənada ki, insanlar, dünya, ermənilərin necə vandal olduğunu, hansı cinayətləri törətdiyini bilməlidir. Biz Xocalı hadisəsini canlı görməmişik, amma soyqırımda çəkilən şəkillər, kadrlar bizə o tarixin faciəsini anlatdı. Düşmənin kimliyi budur, onu gizlətmək yalnız düşmənin xeyrinə ola bilər. Bu kadrlar düşmənə qarşı daha da nifrət doğuracaq və insanları qarşısındakı düşmənin insanlıqdan uzaq, vəhşi məxluq olduğunu göstərəcək.  Müəyyən başqa kadrlar da var. Ola bilər ki, o kadrların nə vaxtsa təqdimatını edib verərlər. Amma həmin vaxtda o qədər hadisələri, ağrı-acını təqdim etmək, sadəcə mümkün olmadı. Hamı bilir, ermənilər nəyə qadirdir. Xocalı hadisəsi baş verəndə heç biz doğulmamışdıq. Amma o kadrlar bizə o tarixi, o dəhşərtləri anladır. O kadrlar ermənilərə qarşı istifadə olunan ən yaxşı faktlardır. Bunu dünyaya göstərmək lazımdır. İnsanlar gördüklərinə inanırlar. Uşaqların başlarına nə oyunlar açıblar, qocaların, qadınların. Arxiv üçün saxlanılmalıdır.

 

- Erməni vəhşiliyini, erməni cinayətlərini yetərincə dünyaya təqdim edə bildikmi?

 

- Mən səmimi deyəcəm. Əslində mən düşünürəm ki, öhdəmə düşən işi tam icra edə bilmədim. Bu da bizdən aslı olan bir şey deyil. İndi əvvəlki illər deyil, indi daha çox informasiya müharibəsidir. Cəbhədən verilən məlumatlar hansısa halda düşmənin xeyrinə hesablana bilərdi. Ona görə bizə müəyyən bir yerə qədər çəkiliş aparmağa icazə verirdilər. Düzdür, bu, müharibə qaydalarına görə doğrudur. Amma mən “tam işimizi icra elədik”- deyə bilmərəm. Bir insan, jurnalist olaraq isə düşünə bilərik ki, əlimizdən nə gəlirdisə, onu elədik.

 

- Xarici medianın işi, məlumatların dünyaya daha çox yayılması baxımından əhəmiyyətli hesab olunur, bəs yerli jurnalist üçün əsas amil nədir?

 

- Biz demək olar ki, müharibə başlayandan axıra qədər cəbhə bölgəsindən çəkilişlər apardıq. Yanmızda raketlər, bombalar partladı, qəlpələr yanımızdan keçdi. Elə oldu ki, yanımıza bomba düşdü, amma partlamadı. Bəlkə də partlasaydı indi biz sizinlə danışa bilməzdik. Yəni müharibəni bütün gərginliyi ilə müşahidə etdik, çəkilişlər apardıq. Mən həmişə düşünürdüm ki, əgər belə bir ağır müharibədə qardaş türk jurnalistlərimiz çəkilişlər aparırsa və bunu dünyaya yaymaq üçün öz canlarını riskə atırlarsa, biz niyə etməyək. Bu vətən bizimdir və biz də əlimizdən gələni etməliyik və etdik. Mən bu torpaqda böyümüşəmsə, nədən qorxub geri qayıtmalıydım. Lakin biz yerli jurnalistlər olaraq çərçivələrdən çıxmamağa çalışırdıq. Çox vaxt informasiyanı gördüyümüz şəkildə yox, lazım olan şəkildə çatdırırdıq. O da çətin bir məsələdir. Mən bir gün oldu ki, 6 saat canlı yayında qaldım. Əsas məsələ hərbi sirrin açılmamasına yönəlik informasiyalara diqqətin edilməsidir. Hərdən olurdu ki, hərbçilər də bizə əsəbləşirdilər, deyirdilər ki, siz çəkib göstərəcəksiz, biz olduğumuz istiqamətdə təxribat törədəcəklər.  Mən də izah edirdim ki, məsələn mən dağıntıdan, postdan, düşməndən danışıram, amma ağacın dibinə dirənib məlumat verirəm. Təbii ki, bunu da hərbi qaydanı nəzərə alaraq edirəm.  Amma eyni zamanda keyfiyyətli kadr olmalıdır. Ən azı verdiyin məlumatla, durduğun fon adekvat olmalıdır.

 

- Xarici hərbi jurnalistlərin bu sahədə daha hazırlıqlı olduğu deyilir. Amma bizim jurnalistlərimiz də onlardan geri qalmadı. İcazə olsaydı, döyüşü çəkmək üçün irəliyə gedərdinmi?

 

- Gedərdim, əlbəttə. Bu bizim vətənin müharibəsi idi. Bu yola çıxanda ən böyük arzum Şuşadan reportaj hazırlamaq olub. Deyirdim nə olursa-olsun, bir dənə sağ qalım, Şuşada reportaj edim. Xarici jurnalsitlər də bizim kimi əziyyət çəkib işləyiblər. Amma sadə bir məntiq var: mən azərbaycanlıyam və bu torpaq mənimdir. Bir başqası necə məndən çox bu torpağa, bu hadisələrə yana bilər, özünü oda-közə atmaq istəyər. Heç bir xarici jurnalist vətənimin müharibəsində çəkilişlər aparmaq üçün məndən ürəkli ola bilməz və bir başqa jurnalistdən 5 qat artığını da edərəm. Bu həm vəzifə borcumdur, həm də bunu istəyib edərəm. Çünki birinci növbədə bir Azərbaycan vətəndaşıyam. Fərqi nədir jurnalistəm, əsgərəm, ya adi vətəndaşam.

 

- Çəkilişlərdə ən çox nədən ruhlandın?

 

- Bu müharibədə məni ən çox ruhlandıran camaatın, mülki insanların yüksək əhval-ruhiyyədə olması idi. Bu müharibədə çox gözəl, böyük bir üçlük yaranmışdı: Ordu-Xalq-Prezident.  Çox böyük birlik var idi. Bu birliyi digər şəhərlərdə də görmək olardı. Amma döyüş bölgələrində daha çox hiss olunurdu. Balaca bir misal çəkim: Bir yaşlı kişinin gözəl bir bağı var idi, Füzulinin Kərimbəyli kəndində. Hərbçilər o bağın yanında maşını arxaya verəndə, necə oludusa ağaclardan birinin üstünə çıxıb, qırdı. Hansı ki, o kişi 20 ildir o ağaclara qulluq edib.  Təsəvvür edin ki, kişi hər səhər tezdən durur, yarpağına qədər o bağa qulluq edir. Hərbçi ağacı qırdığını görüb, gəlib kişidən üzr istəyir. Deyir, dayı qurban olum, bağışla bilmədim. Mən də qıraqdan baxıram görüm bunların arasında nə olacaq. Kişi gəlib bunları qucaqlayır, üz-gözlərindən öpür - “Siz döyüşə gedirsiz, nə olacaq məlum deyil, amma iki dənə ağaca görə üzr istəyirsən. Qurbandı, sizə bütün bağım” -deyib, başlayır ağlamağa. O hadisə mənə çox təsir elədi. Əslində xırda bir şeydir, amma o mənzərə heç vaxt yadımdan çıxmayacaq. Bu, şahid olduğum o ruh yüksəlikləri sırasında ən xırdası idi. İnsanlar var ki, 3 dəfədir dalbadal qurduğu evi dağıdılıb, mərmi düşüb, evi yoxdur, amma elə səmimiyyətlə deyir ki, evim ordumuza qurban. Amma kadra da çıxmaq istəmir. Utanır ki, deyir, birdən elə bilərlər ki, evim dağıldığına görə kömək istəyirəm. Qəlbin gözəlliyinə bax, demir mənim də evim dağılıb, məni də çək, deyir ki, evim əsgərə qurban.

 

- Bu müharibə sənə hansı təcrübəni qazandırdı?

 

- Əslində bu müharibə bizə hərbi təcrübə ilə yanaşı, digər başqa keyfiyyətləri də qazandırdı. Əslində mənim jurnalistika təcrübəm də azdır. Bu müharibədə hərbi jurnalist kimi ilk iştirakım idi. Yaxşı ki, döyüş bölgəsinə getdim. Müharibənin evdə danışıldığı, xarici kinolarda, kitablardakı kimi olmadığını gördüm. Torpaq uğrunda tökülən o qanları, o canları gördüm.  Müharibənin çətinliyini gördüm. Kimsə durub sosial şəbəkədə yazır ki, “filan şey niye belə oldu ey, necə belə oldu ey...” Yüz faiz əmin oluram ki, həmin adam nə müharibə görüb, nə də müharibənin ağırlığını bilir. Nə əsgərlikdə iştirak edib, nə də əsgərliyi yaxşı olmayıb...

Müharibənin bir yaxşı cəhəti oldu, o da xalqı bir-birinə bağlamasıdır. Xalq bir-birindən küsmüşdü. Bir-biri ilə yola getmirdi, heç kəs bir-birini eşitmək istəmirdi. İndi baxırsan ki, camaat arasında səmimiyyət var. İnsanların qururu yerinə gəldi. Çox yaxşı ki, bu müharibə oldu, çox itkilərimiz olmadan da hər şey öz yerinə gəldi.

Bu müharibə bizim idi və hər birimiz öz üzərimizə düşəni etməliydik. Düzdür, müharibədən sonra hərbi jurnalist kimi yetişdiyimi də düşünmürəm. Amma təcrübə qazandım. Mən sosial yönümlü sahələrdə işləmişəm, kriminal xəbərlər hazırlamışam. Amma müharibə, hərbi jurnalsitika başqa şeydir.  Məncə bütün jurnalistlərimizə hərbi təlimlər, özünümüdafiə, müharibədə iştirak etmək üçün kurslar keçirilsə yaxşı olar. Düzdür, vəziyyətdən çıxdıq, bizə müharibədə necə hərəkət etməyi öyrədirdilər. Amma onun bir məktəbi olsa yaxşı olar.

 

- Necə hesab edirsən, müharibədə sosial şəbəkələrlə bağlı hansı yanlışlıqlar oldu, nəyə diqqət etməliyik?

 

- Müharibədə internetin məhdudlaşdırılması yaxşı oldu. Çünki bu gün sosial şəbəkələr daha çox izlənir. Televiziyalar rəsmi və dəqiq məlumatları verir. Amma sosial şəbəkələrdə xüsusi öhdəlik yoxdur. Verilən xəbər, yayılan videonun nə ilə nəticilənəcəyi bilinmir. Biz bir dəfə cəbhə bölgəsində çəkiliş aparanda, az qala camaat bizə imkan vermək istəmirdi. Soruşurdular kimik, niyə çəkirik. Bu yaxşı haldır. Müharibə qaydalarına görə, hamı belə hallarla maraqlanırdı. Amma bir dəfə paylaşılan videoya görə cəbhədə itkilərimiz oldu. Onu paylaşan da elə hərbçi idi. Özü də yaralandı, yanındakılar da. Bilmək lazımdır ki, hər informasiya ilə düşmən də işləyir.

 

- Şuşaya bayrağımız sancıldı, orda reportaj hazırlayacaqdın, Şuşaya getdinmi?

 

- Hələ ora getməmişəm. Amma orada deyəcəyəm stendapları da  ilk gündən hazırlamışam. Gedib Şuşada reportaj hazırlamaq xəyallarımız gerçəkləşdi. İndi lap başqa həmkarım getsin, fərq etməz. Əsas torpağımız azaddır.  Füzulidə, Cəbrayılda bulaq suyu içmişəm, Şuşaya da gedərəm... İnşaallah. /”həftə içi”/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür