"Artıq YAP bizim bildiyimiz, inandığımız həmin partiya deyil"

19:40 04-12-2020 | icon 546 | Siyasət
"Artıq YAP bizim bildiyimiz, inandığımız həmin partiya deyil"

Gülər Əhmədova: "Müasir Müsavatda bəyəndiyim başqa bir məqam ondan ibarətdir ki..."

 

Xəbər verdiyimiz kimi, ötən gün sabiq millət vəkili Gülər Əhmədova Müasir Müsavat Partiyasına üzv olub.

 

Versus.Az xəbər verir ki, Gülər Əhmədova müsahibəsində bu və digər məsələlərə aydınlıq gətirib.

 

- Gülər xanım, Müasir Müsavat Partiyasına üzv olmağınız yenidən siyasətə dönüş kimi qiymətləndirilə bilərmi?

 

- İstənilən partiyada olmaq, artıq siyasətə qayıtmaq deməkdir. Hansı partiya olmağının fərqi yoxdur. Partiyada iştirak etmək, partiyanın qarşısına qoyduğu vəzifələri həyata keçirmək şübhəsiz ki, siyasi fəaliyyətdir.

 

- Niyə məhz Müasir Müsavat partiyası?

 

- Son 8 il ərzində kifayət qədər təkliflər olub. Təkliflərin arasından Müasir Müsavatı seçməyimin əsas və ən cəlbedici səbəblərindən biri Müsavat ideyalarının olmasıdır. Çünki mən partiyanın nizamnaməsi ilə tanış oldum və Rəsulzadə ideyaları, Rəsulzadənin Azərbaycan üçün önəminin xüsusi yeri olduğunu gördüm. Müasir olsa da, keçmiş olsa da, Müsavat ideyaları hər bir azərbaycanlı üçün çox cəlbedici ideyadır. Çünki Vətənini sevən, Azərbaycanın suverenliyi, müstəqilliyi barədə düşünən hər bir azərbaycanlı şübhəsiz ki, müsavat ideyalarına çox böyük hörmətlə yanaşır.

 

- Hafiz Hacıyevlə sizi hansı siyasi dünyagörüş bağlayır?

 

- Müxtəlif Müsavat partiyaları var, amma hər biri bu ideyanın əsasındadır. Bu partiyaların liderlərinin də həmin məsələlərə müxtəlif baxışları var. Məsələn, mənim Müasir Müsavatda bəyəndiyim başqa bir məqam ondan ibarətdir ki, bu partiya Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və konkret Prezidentin şəxsi ilə bağlı hər zaman doğru, dürüst informasiyaları xalqa ötürür və cənab Prezidentin şəxsi ilə bağlı doğru siyasi qərarlar qəbul edir. Buna görə də belə qərara gəldim ki, həm Müsavat ideyaları, həm də cənab Prezidentin daxili və xarici siyasətinə dəstək olmaq məqsədilə bu partiyaya üzv olum. Cənab Prezidentin bundan sonra da görəcəyi kifayət qədər iş var. Düzdür, biz Qarabağ problemini həll etdik, hesab edirəm ki, belə bir problem mövcud deyil. Amma şübhəsiz ki, problemin həllindən sonra onun səliqəyə salınması üçün işlər aparılmalıdır.

 

- Gülər xanım, siz hakim Yeni Azərbaycan Partiyasının tanınmış simalarından biri olmusuz, YAP-a qayıtmaq üçün cəhd etdinizmi?

 

- Xeyr, cəhd eləmədim. Çünki YAP bu gün ideya və maraqlarından uzaqlaşıb. Mən düşünürəm ki, Cənab Prezidentin sədr olması bu partiya üçün artıq keçmiş olmalıdır, bu, keçmiş bir hadisə kimi qeyd olunmalıdır. Bunun səbəbləri var. Mən bilirəm, bu müsahibəni oxuyandan sonra partiyadan kimlərsə çalışacaq ki, cavab versin. Lakin cavab verməyə tələsməsinlər. Onlar yadlarına salsınlar ki, Azərbaycanda 44 günlük müharibə başlayana qədər kənardan ölkə Prezidentinə qarşı hücumlar vardı. Mən də daxil olmaqla, hamı gözləyirdi ki, YAP səsini çıxarsın. Bizim vaxtımızdakı YAP olsaydı, YAP-ın qadınlar təşkilatı, təşkilatın sədri, ümumiyyətlə qadın cəmiyyətləri birmənalı şəkildə bu məsələyə böyük təpki göstərərdilər. Mən bunu tam əminliklə deyirəm. Amma təəssüf ki, partiya reaksiya vermədi. Və mən o zaman başa düşdüm ki, bizim dövrümüzdə olan Yeni Azərbaycan Partiyası artıq yoxdur. Əgər bir partiya öz sədrinin bu qədər təzyiqlərə məruz qalmasına reaksiya vermirsə, deməli bu partiyanın adı var, özü yoxdur. Onlar yalnız öz şəxslərinə aid olan, öz maraqlarına toxunan hər hansı məsələdə çox ciddi cavab verib, hücuma keçirlər. YAP-da qadınlar təşkilatı var, sədri də Nurlana xanımdır, onlar hər hansı bəyanat verə, müəyyən dəyirmi masalar təşkil edə, Avropaya gedə bilərdilər, Avropa parlamentinin qarşısında öz etirazlarını bildirə bilərdilər. Mən gördüm ki, parlamentdə qadın millət vəkillərinin, YAP üzvlərinin səsi çıxmadı, başa düşdüm ki, artıq bu partiya bizim bildiyimiz, inandığımız həmin partiya deyil. Yəqin ki, bununla bağlı nəsə addım atılacaq. /Yenisabah.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı