Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış müğənni, Azərbaycan Böyük Vətən Müharibəsinin qazisi Vüqar Muradovla görüşüb.
Ordumuzun işğalçı düşmən üzərində parlaq qələbəsi münasibəti ilə sənətçiyə Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edən Qənirə Paşayeva, ona gözəl arzularını çatdırıb:
“Siz müğənni olaraq milli ifaçılıq sənətəmizin zənginləşməsi üçün əmək sərf etmisiz, cəmiyyət sizi sənət adamı olaraq tanıyıb. Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca, siz könüllü olaraq Vətən uğrunda döyüşlərə qatıldınız. Döyüşlərin ilk 10-cu günü öncəbhədən yazdığınız sözləri yaxşı xatırlayıram: “Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm. Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun. Torpaq öz oğullarını gözləyir”.
Çox şükürlər ki, Ordumuz Şuşaya bayraq sancdı və siz də müharibədən qazi olaraq qayıtdınız.
Sıralarında döyüşdüyünüz Ordumuzun xilaskarlıq missiyası, tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.
Sizi, Sizin timsalınızda döyüşlərə atılmış sənət adamlarını, çiyin-çiyinə vuruşduğunuz bütün əsgər və zabitlərimizi bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm”!
Vüqar Muradov səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
Versus.Az