Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanda yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) üzvü olan bir qrup qazi və şəhid valideynləri ilə görüşüb.
Versus.Az xəbər verir ki, görüşdə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adını almış Saatlı rayonu Nəsimikənd sakini əsgər Murad Əflətovun, Saatlı rayonu Günəşli kənd sakini şəhid Zeynalı Dursunovun, Şirinbəy kənd sakini şəhid Səlim Cabbarovun, Sabirabad rayonu Əhmədabad kənd sakini şəhid Elxan Muradovun valideynləri iştirak edib.
Övladları Azərbaycanın Vətən Müharibəsində qazi və şəhid olan Axıskalı valideynlərlə görüşdə, Q.Paşayeva, Axıska Türklərinin onun üçün çox doğma olduğunu bildirib.
Q.Paşayeva “Vətən Müharibəsində igidliklə döyüşən şəhidlərimizin ailələri və şəhidlərimizin ruhu qarşısında baş əyirik, yaralı qazilərimizə tezliklə sağalmalarını diləyirik, hər zaman yanınızda olduğumuzu bildiririk” deyib. O, övladı şəhid və qazi olan valideynləri tarixi qələbəmiz münasibəti ilə təbrik edib, “bu qələbə münasibəti ilə təbriki ən çox haqq edənlər sizlərsiz” deyib və Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.
Pandemiya məhdudiyyətləri səbəbindən ailələrlə ayrı-ayrılıqda keçirilən görüşlərdə, ATVİB başqanı İsmayıl Rəhimov başda olmaqla Birliyin rəhbərliyi, “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova iştirak edib.
Versus.Az