Aqrar sektora Şimon Peres yanaşması

11:37 23-12-2020 | icon 439 | İqtisadiyyat
Aqrar sektora Şimon Peres yanaşması

Fermerlərin maariflənməsi də məhsuldarlığı artıran başlıca amillərdəndir

 

Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən biri kənd təsərrüfatıdır. Ölkə əhalisinin 41%-nin kəndlərdə yaşadığını nəzərə alsaq, bunun təəccüblü olmadığını anlaya bilərik. Bununla belə, kənd təsərrüfatı sahəsinin ÜDM-muzdakı payı 5-6% arasındadır və bu göstərici uzun illərdir dəyişilmədən qalır. Yalnız 2015-ci ildə sözügedən göstərici 6%-i azacıq ötmüşdür ki, bu da görünür, həmin illərdə yaşanan neft böhranı ilə bağlıdır. Başqa təbirlə desək, əslində aqrar sektorun ÜDM-dakı bu müsbət irəliləyişin başlıca səbəbi məhsuldarlığın artması yox, əsas gəlir mənbəyimiz olan neft hasilatının azalması və ucuzlaşması idi.

Təsadüfi deyil ki, sonrakı illərdə kənd təsərrüfatının ÜDM-dakı payı yenə 5-6%-ə enmişdi. Statistik məlumatlara inansaq, 2017-ci ildə bu pay 5,6% təşkil edib. 2018-ci ildə göstərici 5.3%-ə düşsə də, 2019-cu ildə yenidən 5.7%-ə qədər yüksəlib. 2020-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə də, rəqəmlər dəyişilmədən qalıb.

 

Kənd təsərrüfatının əsas qazanc dövrünün payız aylarında başladığını və ilin yekunlarına dair ümumi göstəricilərin hələ açıqlanmadığını nəzərə alarsaq, aqrar sahənin ÜDM-dakı yerinin real qiymətini sonrakı dövrlərdə verə bilərik. Hələlik isə Kənd Təsərrüfatı Nazirliyinin ilin yekunlarına dair statistik məlumatlarını analiz edərək bu qənaətə gələ bilərik ki, aqrar sektordakı gəlirliliyimizdə böyük dəyişikliklər olmayacaq. Bunun da obyektiv səbəbləri var. Azərbaycan iqtisadiyyatında mühüm yer tutan neft sənayesi ÜDM-un böyük hissəsini təşkil edir və digər sektorları kölgədə qoyur.

 

 

KTN-nin bu ilin yekunlarına dair statistik məlumatlarını gözdən keçirəndə, aqrarçılarımızın kəmiyyətdən çox keyfiyyətə üstünlük verərək məhsuldarlığı artırmaq prinsipini əldə rəhbər tutduqlarını görə bilərik. Nazirliyin məlumatına görə, bu il pambıq yığımındakı məhsuldarlıq ötən illə müqayisədə 10%-dən artmışdır. “Dekabrın 1-dək fermerlər sahələrdən 327586 ton pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Bu, ötən ilin yekun göstəricisindən 32586 ton çoxdur. Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilmişdi”,-KTN-nin ilin yekunlarına dair açıqlamasında belə deyilir.

 

Məlumata görə, pambıq yığımında orta məhsuldarlıq bu il 32,79 sentner təşkil edir. Bu, ötən ilin yekun göstəricisindən 3,29 sentner çoxdur. Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir.

 

Nazirlik orta məhsuldarlığı keçən rayonların da adını açıqlayıb və sahədə ən öndə gedən bölgə Salyan rayonu olub:

 

Salyan (40,35 sent/ha),
Neftçala (38,46 sent/ha),
Tərtər (36,58 sent/ha),
Beyləqan (34,92 sent/ha),
Yevlax (34,62 sent/ha),
Ağcabədi (34,27 sent/ha),
Goranboy (33,84 sent/ha),
Saatlı (33 sent/ha).

 

Aqrar sektorunun digər strateji sahəsi sayılan taxılçılıqda bu il ötən ilə nisbətən zəifləmə görülmüşdü. KTN-nin oktyabr ayına olan rəsmi statistikasına görə, bu il tarlalardan 3 180 455,3 ton taxıl və qarğıdalı yığılmışdı. Ötən il isə bu göstərici 3 476 795,7 ton idi. Dolayısıyla bu il taxılçılarımız ötən illə müqayisədə 296 340,4 ton az taxıl yığmışlar ki, bu da 8.5% az məhsul deməkdir.

 

Nazir İnam Kərimovun fikrincə, bu geriləmənin əsas səbəbi havaların quraq keçməsi, yağıntı miqdarının azalması və su çatışmazlığı ilə əlaqədardır. O, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Bu il havaların quraq keçməsi, yağıntı miqdarının azalması və su çatışmazlığı xüsusilə bir sıra Aran rayonlarında yüz min hektar ərazidə taxılın becərilməsində problemlər yaradıb. Ancaq buna baxmayaraq, suvarma problemi yaşamayan əksər rayonlarda taxıl üzrə məhsuldarlıq göstəricisi əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Bəzi rayonlarda, məsələn Bərdədə 44,1 sentner, Saatlıda 40,8 sentner, Samuxda 40,3, Tərtər və Ağdamda 40,1 sentner orta məhsuldarlıq əldə edilib. Bir sıra özəl təsərrüfatlarda, o cümlədən nazirliyin pilot təsərrüfatlarında məhsuldarlıq 60 sentnerədək olmuşdur”.

 

Bununla belə, ilin yekunlarına dair hesabatlardan görünür ki, bir sıra rayonlarda qeydə alınan məhsuldarlıq yekun nəticəyə ciddi təsir göstərməyib və göstərilər ötən illə müqayisədə 9%-ə yaxın aşağı düşüb. Bu da istər-istəməz Azərbaycanın taxıl idxalını artırmasıyla nəticələnib. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin ilin ilk yarısı ilə əlaqədar hesabatına istinadən bu ölkədən Azərbaycana 1,4 milyon ton taxıl idxal edilib. İyul-avqust ayında da taxıl idxalında artım müşahidə olunub. "Rusaqrotrans" SC-nin analitik mərkəzinin məlumatına görə, bu artım 15% civarında olub.

 

Azərbaycan Gömrük Komitəsinin rəsmi hesabatına görə, bu ilin 7 ayı ərzində ölkəyə cəmi 434.5 ton buğda idxal etdiyini açıqlayıb. Belə çıxır ki, geri qalan 1 milyon tonluq taxıl digər bitkilərə - apraya, çovdar, qarğıdalı və s. kimi məhsullara aiddir. Bu kimi dən bitkilərinin əsasən heyvandarlıq sahəsində istifadə edildiyini nəzərə alsaq, bu nəticəyə gələ bilərik ki, 2020-ci ildə heyvandarlıq sektorunda yüksəlişlər var. KTN-nin oktyabr ayına olan hesabatları bu fikri qüvvətləndirir.

 

Təqdim edilən bu siyahıdan da gördüyümüz kimi, heyvandarlıq sahəsində həqiqətən də artımlar olub. Fəqət 3-5%-lik bu artımlar o qədər də böyük deyil. Görünür, Azərbaycan hökuməti “0 ehtiyat” siyasətinin qida təhlükəsizliyi baxımından təhlükəli olacağını nəzərə alıb taxıl rezervlərini artırmaq siyasətinə üstünlük verir. Ötən taxıl mövsümündə dünya istehsalının böyük qisminin Çinin payına düşəcəyi və ölkənin bu məhsulları satmayacağını açıqlaması barədə məlumatları nəzərə alsaq, hökumətin bu siyasətinin əsl səbəbini anlaya bilərik.

 

KTN-nin ilin yekunlarına dair hesabatına nəzər salsaq, uyğunsuz hava şəraitinə baxmayaraq, buğda və apra istehsalındakı 8.5%-lik geriləmənin məhsuldarlığa ciddi təsir etmədiyi görünür. Belə ki, buğdada məhsuldarlıq bu il 31,7 sent/ha olub. Bu isə ötən ilə nəzərən 0.7 sent/ha azalma deməkdir. Arpa tarlalarından bu il 29,6 sent/ha, ötən il isə 29.7 sent/ha məhsul toplanıb. Azalma cəmi 0.1 sent/ha. Qarğıdalı istehsalında məhsuldarlığın azalması bu il daha qabarıq formada özünü göstərib: ötən il 59,5 sent /ha, bu il isə 24,4 sent/ha.

 

Builki quraqlıq günəbaxan istehsalına da mənfi təsir göstərib. Bildirildiyinə görə, ötən il 34 316,4 ton günəbaxan yetişdirən aqrarçılarımız bu il cəmi 2 4696,3 tonla kifayətlənməli olublar. Bu isə 9 620, 1 ton az məhsul deməkdir ki, 28% düşüş anlamına gəlir.

 

Taxılçılıqdan və günəbaxandan fərqli olaraq meyvə-tərəvəz sahəsində məhsuldarlıqda artım müşahidə edilib.

 

Cədvəldən də göründüyü kimi, ən yüksək artım 11.8%-lə tütünçülüyün aktivinə yazılıb. Tərəvəzdə isə bu göstərici 4.2%-dir.

 

 

Sözsüz ki, bu geriləmədə Vətən müharibəsinin də müəyyən təsirləri olub. Xüsusilə iyunun 14-də başlayan və bir neçə gün çəkən Tovuz döyüşləri bir çox məhsulların yığıldığı dövrə təsadüf edirdi. Ermənistanla Azərbaycan sərhədləri arasında başlayan bu döyüşlər qısa müddətli olsa da, şimal-qərb rayonlarının təsərrüfatlarına ciddi zərər vurdu. Bir neçə aydan sonra Dağlıq Qarabağa sıçrayan müharibə atəşi biçin dövrünü tamamlayan bir çox təsərrüfatların hazır məhsullarını məhv etdi. Xüsusilə Tərtərdə pambıq zavodunun vurulması rayonun bir çox təsərrüfatlarını çətin vəziyyətə saldı.

 

Bununla belə, Azərbaycan ordusunun 7 rayonu işğaldan azad etməsinin ən böyük qazancını gələn il aqrar sektor görəcək. Dağlıq Qarabağın taxılçılıq, baramaçılıq, meyvəçilik və heyvandarlıq üçün münbit torpaq sahələrinə malik olması bu ümidləri artırır. Təsadüfi deyil ki, Ermənistanın taxıl tələbatının böyük qismini məhz Dağlıq Qarabağ verirdi. İndi o torpaqlar Azərbaycanın aqrar sektorunun inkişafına böyük töhfələr verə bilər. Nəzərə alsaq ki Azərbaycanın su ehtiyatının mühüm hissəsinin mənbəyi işğaldan azad olunmuş bölgələrdir, Dağlıq Qarabağın həm də digər rayonların su təhcizatına yardım edəcəyi şübhə doğurmur.

 

Onu da vurğulamaqda yarar var ki, KTN-nin sabiq kollektivindən fərqli olaraq, indiki nazir İnam Kərimovun komandası aqrar sektora ciddi yeniliklər gətirdi. Məhz indiki komandanın sayəsində fermerlərin subsidiyalara əlçatımlığı yarandı, heç bir məmur müdaxiləsi olmadan dövlətin aqrar sektora ayırdığı vəsaitlər birbaşa təsərrüfatlara yönəldi. Nəticədə məhsuldarlıq artdı, fermerlər dövlət himayəsindən yetərincə yararlana bildilər. KTN-nin qurduğu yarmarkalar, bazarlar fermerlə istehlakçılar arasında birbaşa əlaqə yaratdı. Bu da nəticə etibarilə fermerə daha çox qazanmaq, istehlakçılara isə daha ucuz qida məhsulları almaq fürsəti yaratdı. Aradakı möhtəkirlərin sayı minimuma endi.

İnam Kərimov komandasının səyləri nəticəsində bu gün aqrotədqiqat müəssisələri torpağın hansı məhsullar üçün daha münbit olduğuna elmi yanaşır və toxumçuluq şirkətləri xarici təcrübələri əsas götürüb daha məhsuldar toxum əldə etmək üzərində işləyirlər.

Sözsüz ki, bütün bu sahələrdə aparılan işlərin dərhal nəticə verməsini gözləmək qeyri-mümkündür. Aqrar sektor təbiət etibarilə elə sahədir ki, istənilən toxumun ərazidə məhsuldarlığını müəyyənləşdirmək üçün bir əkin mövsümü gözləməlisən.


Digər tərəfdən fermerlərin maariflənməsi də məhsuldarlığı artıran başlıca amillərdəndir. Vaxtilə İsrail prezidenti Şimon Peresin dediyi çox gözəl bir fikri vardı: “Mən aqrar sektorun inkişafını təmin etmək üçün kənd təsərrüfatı mütəxəssislərinin sayını artırmaqla qalmadım, bütün fermerləri də alimə çevirdim”. Bu gün KTN də Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə fermerlərlə görüşlər təşkil edir və onların maarifləndirilməsi işinə böyük diqqət yetirir. Yeni və məhsuldar aqrar təsərrüfat qaydalarını öyrənən fermerlər məhz bu xidmətin sayəsində həm özləri qazanır, həm də ölkəmizin qida təhlükəsizliyini qoruyurlar.

Mürvət Həsənli
/iş adamı/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”