Deputatdan 2021-ci ilin büdcə müzakirələrində vacib TƏKLİFLƏR
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin bu gün büdcə müzakirələrinə həsr olunmuş iclasında çıxış edib, bir sıra əlavə təkliflər verib.
Versus.Az xəbər verir ki, komitə sədri büdcə layihəsinə səs verəcəyini, orada bir sıra əməli fəaliyyət sahələrinə, o cümlədən dövlət mədəniyyət siyasəti, mədəni irsin qorunması üzrə nəzərdə tutulan vəsaitlərin məqsədəuyğun olduğunu deyib.
Başa çatmaqda olan 2020-ci ilin bütün problemlərinə baxmayaraq, Azərbaycan tarixinə zəfər ili kimi düşdüyünü xatırladaraq, Ali Baş Komandan başda olmaqla, Ordumuzu, bütün xalqımızı təbrik edən Q.Paşayeva hərbi xərclərin artırılmasını, Ordumuzun gücləndirilməsi, işğaldan azad edilmiş torpalarda infrastrukturun bərpası ilə bağlı yetərincə vəsaitin nəzərdə tutulmasını alqışlayıb. Cənab Prezidentin dünən bir daha işğaldan azad edilmiş bölgələrə səfər etdiyini məmnuniyyətlə vurğulayan millət vəkili dövlət başçısının da dediyi kimi, vəhşi düşməndən azad edilmiş torpaqlarımızda bütün digər dağıntılar kimi, abidələrin, ibadətgahların, muzeylərin də viran edildiyini, bir hissəsininsə - məsələn, qıpçaq alban kilsələrinin “erməniləşdirdiyi”ni bildirib. Ona görə də, 2021-ci il büdcəsində mədəniyyət abidələrinin bərpası, o cümlədən işğalın nəticələrinin dünyaya tanıdılması məqsədi ilə filmlərin çəkilməsi üçün vəsaitin nəzərdə tutulmasını təqdir edib.
Prezidentin, Birinci vitse-prezidentin mədəniyyətə, yeni dövrün tələblərinə cavab verən mədəniyyət strategiyasına xüsusi önəm verdiyini minnətdarlıqla qeyd edən Q.Paşayeva, mədəni irsin qorunması üçün çağdaş yanaşmanın tətbiqinə vurğu edib. Komitə sədri həmçinin mədəniyyətə uzun müddət xidmət edən sənətkarların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərinin nəzərdə tutulmasını təklif edib.
Q.Paşayeva Tovuz rayon, Göytəpə qədim yaşayış məskəni ilə bağlı 2021-ci il büdcəsində xərclərin qeyd edildiyinə görə də hökumətə öz təşəkkürlərini bildirib. Ucqar kəndlərdə “onlayn təhsil”lə bağlı müəyyən problemlərin qaldığını, daha dəqiqi, bir çox kəndlərdə internet xətlərinin olmadığını xatırladan Komitə sədri, bu planda da vəsaitlərin nəzərdə tutulmasını təklif edib.
Eyni zamanda, tələbə yataqxanalarının tikintisi mövzusuna toxunan Q.Paşayeva, bu işdə qardaş Türkiyənin təcrübəsinin öyrənilə biləcəyini deyib. Beləki qardaş ölkədə bu işə özəl sektor da cəlb edilib və bunun yaxşı nəticələri olub.
Sonda bir daha Vətən Müharibəsi mövzusuna toxunan xanım Paşayeva, şəhidlərimizin, qazilərimizin gerçək qəhrəmanlıqları haqqında sənədli filmlər çəkilməsi, kitablar yazılması və belə əsrlərin xaricdə və ölkə içində geniş təqdimatlarının keçirlməsini məqsədəuyğun sayıb. Bu işin ideoloji mahiyyətinə vurğu edən Q.Paşayeva, yeni filmlərin nümayişini gənc nəslin təlim-tərbiyəsi baxımından çox önəmli hesab edib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"