Gimnastika Federasiyası ilin yekunları ilə bağlı hesabat verdi

11:29 30-12-2020 | icon 257 | İdman
Gimnastika Federasiyası ilin yekunları ilə bağlı hesabat verdi

Azərbaycan Gimnastika Federasiyası (AGF) ilin yekunları ilə bağlı hesabat verib.

 

Hesabatda göstərilir ki, AGF-nin aktiv fəaliyyəti yenidən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən yüksək qiymətləndirilib.

 

2019-cu ilin nəticələrinə əsasən, AGF bir daha “Mükafatlandırılan Federasiyalar”ın siyahısında 1-ci olub.

 

Xatırladaq ki, AGF altı il ardıcıl olaraq (2014, 2015, 2016, 2017, 2018, 2019) FIG-nin 10 ən güclü federasiyalarının siyahısında yer alıb, son üç ildə isə həmin siyahıya liderlik edib. 

 

Yola saldığımız bu il gimnastika tədbirləri ilə zəngin olmağı vəd etsə də, bütün dünyanı bürümüş COVID-19 pandemiyası səbəbindən bir çox yarışlar ləğv edilib və ya təxirə salınıb. Bütün idman ictimaiyyətinin səbirsizliklə gözlədiyi Olimpiya Oyunları belə növbəti ilə keçirilib. 

 

Pandemiya Azərbaycan Gimnastika Federasiyasının (AGF) fəaliyyətindən də təsirsiz ötüşməyib. Belə ki, federasiyasının təşkil edəcəyi bir beynəlxalq yarış ləğv edilib, dünya çempionatı da daxil olmaqla, üç yarış təxirə salınıb, iki Avropa çempionatının keçirilməsi isə Bakıdan digər ölkəyə köçürülüb.

 

Bütün bunlara baxmayaraq, Milli Gimnastika Arenası (MGA) ilin əvvəlində üç yarışa ev sahibliyi etməyə nail olub. İlk olaraq, batutçular Olimpiya Oyunlarına təsnifat xarakterli Dünya Kuboku üçün ölkə paytaxtına təşrif buyurub.

 

Daha sonra gənc kişi idman gimnastları MGA-da 1-ci “AGF Junior Trophy” turnirində mübarizə aparıb. Azərbaycan təmsilçiləri bu yarışda fərqlənməyi bacararaq, yığma hesabına iki gümüş və bir bürünc medal yazdırıb.

 

Bunun ardınca ölkəmizdə Olimpiadaya lisenziya xarakterli daha bir yarış – idman gimnastikası üzrə Dünya Kuboku təşkil edilib. Lakin koronavirus xəstəliyi ilə əlaqədar Azərbaycanda qəbul edilmiş təxirəsalınmaz qabaqlayıcı tədbirlərlə bağlı bu kubokun final mərhələləri ləğv olunub.

 

Təsnifat mərhələsində idmançıların qazandıqları xalların final nəticələri kimi qəbul olunduğu bu yarışda qadın idman gimnastımız Marina Nekrasova bürünc medal əldə edib.

 

2020-ci ildə gimnastlarımız üçün ən uğurlu hadisə Ukraynada təşkil edilmiş bədii gimnastika üzrə Avropa çempionatında iştirak olub. Bədii gimnastlarımız bu yarışda üçqat uğura imza atıb.

 

Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə “gümüş”ə layiq görülüb. Bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır.

 

Daha bir medalı – “bürünc”ü istedadlı qrup komandamız üç halqa və iki cüt gürzlə final çıxışlarına görə əldə ediblər. Növbəti medal isə komanda hesabında qazanılıb. Qrup və gənc gimnastlarımızın (Nərmin Bayramova, Alina Gözəlova, İlona Zeynalova, Leyli Ağazadə) topladıqları xalların cəminə əsasən bu proqram üzrə də bürünc medal əldə olunub.

 

Yığma komanda üzvlərimizin çempionatda çıxışları zamanı istifadə etdikləri geyimlər isə azarkeşlər, gimnastika mütəxəssisləri, eləcə də, dünya mediası daxil olmaqla, hər kəsin diqqətini cəlb edib və uzun müddət sosial şəbəkələrdə geniş müzakirə olunub.

 

Mart ayından etibarən bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da karantin rejimi elan edilib.

 

Karantin dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı, idman yarışlarının da keçirilməsi, o cümlədən, idman zallarında məşqlər qadağan edilib. Buna baxmayaraq, karantin dövründə sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhəti gümrah saxlamaq üçün əhaliyə gündəlik idmanla məşğul olmaq, fiziki aktiv olmaq tövsiyə olunub.

 

AGF də bunu nəzərə alaraq bir sıra layihələr həyata keçirib. İnsanların öz evində rahat idman etmələri üçün hər gün peşəkar məşqçilər tərəfindən səhər gimnastikası təqdim edilib və hamıya əlçatan olması üçün federasiyanın sosial şəbəkə hesablarında yayımlanıb.

 

Bundan əlavə, səhər gimnastikası yerli TV kanalla əməkdaşlıq çərçivəsində televiziya vasitəsi ilə də geniş əhali kütləsinə təqdim edilib. AGF, həmçinin, əhalinin gimnastika ilə düzgün şəkildə məşğul olaraq sağlam qalması üçün vaxtaşırı maarifləndirci video-çarxlar də çəkərək, sosial şəbəkə hesablarında paylaşır.

 

Karantində idman zalları bağlı olsa da, gimnastlarımız məşqlərini evdə davam etdirib. Gimnastlarımızla çalışan məşqçilər və xoreoqraflar isə daim onların məşqlərini nəzarətdə saxlayaraq, evdə məşq zamanı fiziki formalarını qorumaları üçün müntəzəm olaraq məsləhətlər verib. Gimnastlar onlayn yarışlarda iştirak edərək, mükafatçılar sırasına daxil olmağı da bacarıblar.

 

Evdə onlayn təlimlər keçdikləri müddətdə gimnastika növlərinin nümayəndələri bir sıra maraqlı və əyləncəli onlayn müsabiqə və “challenge”lərdə iştirak ediblər, həmçinin, özləri də kreativ təşəbbüslərlə çıxış ediblər.

 

Karantin günlərinin davam etdiyi bir dövrdə xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri də təşkil edilib. Bu cür təlimlər məşqçi və xoreoqraflarla yanaşı, bədii gimnastika üzrə yığmanın gimnastları tərəfindən də keçirilib.

 

Bu ustad dərslərindən Polşa, Slovakiya, Latviya, Hindistan, Misir, Braziliya, Monteneqro, Meksika, Argentina, Filippin və bir sıra digər ölkə təmsilçiləri faydalanıb. 

 

Bu müddətdə həmçinin Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının çox maraqlı ilk birgə onlayn yarışması baş tutub. “Battle” adlanan bu yarışda hər iki ölkənin Tokio-2020 Olimpiadasına lisenziya qazanmış komandaları iştirak edib.

 

Yarışmanın məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı bir zamanda gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı vaxt keçirərək əylənmək idi. 

 

AGF hər zaman olduğu kimi bu il də məşqçi və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. Belə ki, ilin əvvəllərində yerli hakim və məşqçilər üçün gimnastika növləri üzrə kurslar təşkil edilib. 

 

Bundan başqa, Azərbaycanın “TeamGym” üzrə hakimləri Avropa dərəcələrini artırıblar. İyulun sonlarında keçirilmiş bu növ üzrə onlayn hakimlik imtahanlarında iştirak edən təmsilçilərimiz İnara İsrafilbəyova və Akif Kərimli 3-cü hakimlik dərəcəsinə kimi yüksəliblər.

 

AGF tərəfindən bu il həm də ilk dəfə “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil edilib. Gimnastika mütəxəssislərinin və bu gimnastika növü ilə tanış olmaq istəyən şəxslərin böyük marağına səbəb olmuş vebinarda iştirak üçün ümumilikdə 84 nəfər qeydiyyatdan keçib.

 

İştirakçılar arasında ölkənin müxtəlif şəhər və rayonları – Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan və digər bölgələrdən olan təmsilçilər yer alıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb