“Ömrüm də Şuşamla birlikdə işğal olmuşdu” - MÜSAHİBƏ

19:55 02-01-2021 | icon 530 | Cəmiyyət
“Ömrüm də Şuşamla birlikdə işğal olmuşdu” - MÜSAHİBƏ

Yeganə Rəhimova: “Bütün hisslərim, arzularım sənlə bağlıymış, ay Şuşam”

 

2020-ci ildə 44 günlük Vətən Müharibəsi işğal altında olan torpaqlarımızın, Şuşanın azad olunması ilə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İgid oğullarımız öz qanları bahasına Vətən həsrəti ilə yanan ana-bacılarının ürəyini sərinlətdi. Ana Vətənimizin bütövlüyünü təmin etməklə, böyük tarix yazdı və Vətən həsrətinə son qoydu...

 

Versus.Az xəbər verir ki, 28 il Şuşasızlıq ömrü yaşayan həkim Yeganə Rəhimova müsahibəsində xatirələri və düşüncələrində Şuşaya səyahət edib.

 

- Yeganə xanım, bu gün Şuşanı səndən soruşsam nə deyərdin?

 

- Bu suala cavab vermək üçün mən 28 il yarımdan öncəyə dönərək, Şuşasız qaldığım illəri, ayları, günləri xatırlayıram. Şuşa onu yaradılışından ta bu günlərə kimi, tarixin bütün qanlı-qadalı illərini görüb yaşamış, qədim və ulu Şəhər, igidlərin ər meydanı, dünyanın gözü, üzüyün mirvari qaşı, elmin, mədəniyyətin beşiyidir. Özü ilə bərabər bütün həsrətləri yaşadan Şuşa... Qarabğın qeyrət qalası olan, namusumuz Şuşa. Pənahəli xanın vurğun olduğu, bizlərin, mənim illərlə həsrətini çəkdiyim gözümün nuru Şuşam. Havasına, suyuna, dumanına, çiskininə həsrət qaldığım, bütün tərifləri sanına yaraşdırdığım gözəl Vətənim Şuşam. İllərdir dərdinlə yanıb-qovrulduğum Vətənim, Xarı bülbülün vətəni Şuşa. Onun həsrətinə dözməyin nə qədər çətin olduğunu ancaq bu həsrətlə yanan ürəklər bilər.

Şuşanı məndən soruşsalar, deyərdim ki, ən böyük dərd ancaq səni-sənsiz olaraq yaşamaqdır. Şuşasızlıq qəlbimi elə yandırıb, yerində elə bil dərin külün qoydu ki, bu bir ömürə bədəl oldu.

Bu illər Şuşanı kimlərdən soruşmadım ki! Dağları aşıb, qoynuna gəlib, orda ölmək istədim. Niskilin, dərdin, qəmin, göz yaşların, başını üstünü alan dağlarının dumanıydı Şuşam! Vətənimizin üç rəngli bayrağının rənglərini özündə cəmləşdirən Vətən dərdiylə heç bir yerdə qərar tuta bilmədiyim, hər günümü gozyaşlarımla keçirdiyim, musiqi beşiyim, Şuşam... Daş küçələrindən belə, bütün gözəlliklərini qəlbimdə sevib-əzizlədiyim hər əzaba dözüb, sinə gələn Vətənim Şuşa! Cıdır düzü, Topxana meşəsi, butun səfali yerləri ilə butun könülləri fəth edən, başımızın tacı Şuşa! Tarixin əsl üzü, yaddaşı dərin olan Vətən. Düşmənin namərdliklərini, xainliklərini sinəsinə yazan qədim Vətənim...

 

- 28 il vətənsiz qalan şuşalı qızı bu gün azad vətənin illərdir ürəyində saxladığın o həsrət hissini ovundura bildimi?

 

- Şuşasızlığın ağrısı həm də qaçqın, məcburi köçkün adını alıb, onu daşımaq idi. Allah bizə elə bir dərs verdi ki, bu, unudulan deyil. Yenə də Allaha şükürlər olsun, duman-çən artıq vətənimdən uzaq durdu, artıq Şuşamız özümüzə qayıtdı. Sevgisi ilə ovundurdu qəlbimi. Ağılları başdan aparan Vətənimin, Qarabağın mirvarisi, zümrüd qaşı Şuşam bizimdir. Mən illərdir ürəyimdə Şuşamla danışıram. Bu gün də o sözlərimi ona deyirəm. Ağlayaraq, sevinərək, gülərək: Artıq sən azadsan, Şuşa! Bizi bağışla, Şuşa! Mən səndən heç vaxt ayrılmaq istəməmişəm, bizi zülmlə ayırdılar.

Prezidentimizin, Ali Baş Komandanımızın, cənab İlham Əliyevin rəşadətli ordumuzun sayəsində Şuşam işğaldan azad olundu. Bu, tarixin yeni səhifəsi, yeni üzü oldu. Şuşa demək, Azərbaycan deməkdir. Qarabağ Azərbaycandir! Nə gözəldir azad olmaq, gözəl Vətənim. Həmişə qəlbimdə Şuşamla dərdləşmək istədim, halından xəbər bilmək istədim. Acılarına, dərdlərinə, yaralarına məlhəm olmaq istərəm, mənim dərdli Vətənim!

 

- Bu gün artıq Vətənimiz azaddır. Amma yenə ona “dərdli vətənim” –dedin, niyə?..

 

- Vətənim düşmənin zülmündən azad oldu. Amma bunu hər gün deyirəm: Sənin hər halına qurban olum, Vətənim. Sənin uğrunda canı-qanı bahasına Şəhid olan, Azərbaycanın igid oğulları, sizin özünüzə, ruhunuza qurban olum. Vətənim o igidlərin qanı, canı bahasına bu gün azaddır. Bəli, Vətənin azadlığı onun igid qəhrəmanları və canını fəda edən oğulları bahasınadır. Artıq bütün Türk dünyası azaddır. Azadlığı ilə birlikdə bütün daşları yerinə oturan, hər şeyə son qoyub qələbəni çalan, Zəfər bayrağını qaldırıb, düşməni xar edən Vətənim Şuşam! Tək bu günün şəhidləri deyil, həmçinin birinci Qarabağ döyüşlərindəki, şəhidlərimizin də ruhu qarşısında baş əyib, Allahdan onlara rəhmət diləyirəm. Artıq rahat yatın məzarlarınızda, çünki sizin qanınız yerdə qalmadı, artıq Azaddır Azərbaycan. Bütün bunlarla bərabər, dahi öndərimizin də ruhu şad olsun. Nə qədər aradan illər ötüb keçsə də bu illər adama sanki dünənki gün kimi gəlir, yəni sanki elə bil ki, bu gün ayrılmışıq. Zaman nə qədər dərdlərə, yaralara məlhəm olsa belə, elə bil ki, qaysaq bağlamış yaraların, qayşağı yenidən qopur. Qaysaq bağlamayan bu yaraların adı həsrət, dərman isə Qarabağdır. Bəli, artıq bu gün sevincdən hər şey adama sanki bir yuxu kimi gəlir. Bütün bunlar üçün biz bizim Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq.

Mən istərdim birbaşa cənab Prezidentimizə üzümü tutum: Cənab Ali Baş Komandan, siz onsuz da bizim üçün bir  dahi idiniz. Bu gün bu zirvə daha da ucaldı qəlblərdə, bizim Qəhrəman Prezidentimiz. Mən həmişə sizin mövqeyinizi dəstəkləmiş, böyük bir ümidlə hər zaman sizə inanmışam. Bu il sanki elə bil qəlbim hiss etmişdi bu günü. Mən sizə sonsuz təşəkkür edirəm. Mən deyirəm ki, Şuşanı bizə qaytaran, buz bağlamış qəlblərin buzunu əridən, həsrətli gözlərə sevinc bəxş edən Prezidentimiz. Siz bizə elə bir xoşbəxtlik bəxş etdiniz ki… Siz Azərbaycanın qeyrətli övladı, Qəhrəman Ali Baş Komandanımızsız. Azərbaycanın gələcəyi uğurlu bir gələcək olacaq İnşallah! Şükürlər olsun ki, bunlar sizin sayənizdə olacaq. Mənim sizə sualım belə olub ki: Mən sizin bir tarixə çevrilməyinizi, dahi bir döyüşçü kimi yazılmanızı arzu etmişəm! Dərdlərinin dərmanı, dilimizin əzbəri, yuxusuz illərimizin gözəl anını yazardınız bizlərə. Düşmənin dizini yerə qoyub onu məğlub edən mərd Prezidentimiz.

Qoy bütün türk dünyası var olsun. Mən Azərbaycana vahid bir Türk dünyası olmağı arzu edirəm. Bu il deyərdim ki, tez-tez yuxumda Şuşanı görürdüm. Hətta elə bil oranın iyi belə mənə - oyan demişdi. Sənsiz bir bilsən necə darıxmışdım, Şuşam.

 

- Necə hesab edirsən, Şuşa bunca ayrılıqdan sonra səni necə qarşılayacaq?

 

- İstərdim ki, bir döyüşçü kimi qarşılasın məni Vətənim. Çünki mən də həsrətimlə döyüşmüşəm. O vaxt xoşbəxt olaram ki, qoynunda mənə yer versin. Bütün arzularım Şuşamla idi, sanki elə bil ömrüm də Şuşamla birlikdə işğal olmuşdu. Ötüb keçən ömrüm belə Şuşamın yolunda fəda olsun. Mən səndən ayrılanda orta məktəbin sonuncu ilində idim. Kaş ki, o illərə dönə biləydim. Amma ona yenə deyirəm: Bizlərə yer ver, Vətən! Allahın imtahanı böyük oldu sənsiz, Vətən. Nə acıymış sənsiz ömür keçirmək. Elə bil ki, ömrümüz lənətlənmiş kimi gəlirdi adama, yaşamaq belə istəmirdi insan. Çox ağır idi qaçqınlıq adı, ay Vətən. Nələr var ürəyimdə sənə deyiləsi bir bilsən…

 

- Şuşaya ilk ayaq basanda nə edəcəksən?

 

- Şuşaya ayaq basan kimi ilk növbədə torpağından öpüb, orada namaz qılıb, qəbiristanlığı ziyarət edəcəm. Şuşa Məscidinə gedəcəm, Şuşanı başdan-ayağa gəzəcəm. Dünyanın baş tacı olan, tayı-bərabəri olmayan Vətənim. Gəlişi ilə qəlbləri sevindirən Vətənim, nə yaxşı ki, varsan, sən azadsan. Bundan belə sənə toy-düyün yaraşır, Vətən! Qədəmin mübarək, ay Vətən!

 

- Şuşadan ayrıldığın o son günlər yadına düşürmü, yoxsa azadlığı artıq o dərdi unutdurdu?

 

- Bütün şuşalılardan Şuşadan ayrıldığı günü soruşsan, ancaq gözlərdən axan yaşı, yarımçıq qalan həyat hekayələrini dinləmiş olarsan. Yaddan çıxmaz oradan çıxmağın o anları. Mən heç çıxmaq istəmirdim, məcbur olduq. Şuşadan çıxanda "akara"- yol deyilən yolla çıxdıq. Atam isə orada qaldı, çünki o hərbçi idi. Son dəfə geri dönüb Şuşaya baxdım, inanmaq olmazdı ki, bu qədər zaman keçərdi. Nə etmək olardı ki, bu da mənim ömrümə yazılan bir həsrət və bir imtahan idi.

Artıq o illər geridə qaldı. Şuşanı şuşalılar çox mərdi-mərdanə qoruyurdu. Həyat nə qədər ağrılı-acılı keçsə də belə, səhər hamı öz iş-gücü ilə məşğul olardı, sanki elə bil, heç nə olmamışdı. Buna baxmayaraq, Şuşa xəyanətin qurbanı oldu. Biz Prezidentə ona görə minnətdarıq ki, 200-ildən artıq tarixlə bərabər, bütün tarixin qisasını aldı bu torpağın vətənpərvər oğlu, elmi ilə dünyanı mat edən, Heydər Əliyev siyasətinin davamçısı olan fəxrimiz, cənab İlham Əliyev. Bu günün Azərbaycanı üçün onunla qürur duyuram. Nə yaxşı ki, sənin Vətəndaşınam, sənin qoynunda böyümüş, sənin suyunu içmiş, çörəyini yemişəm, Azərbaycanım. Qəlbimdə sənə sonsuz bir məhəbbətim var, Vətənim Azərbaycan, elim, yurdum, sevincim Şuşam. Dünən əsir olan Şuşa, bu gün azaddır. Başını dik tut Azərbaycan! Çünki sənin üçün canını fəda edən Şəhidlərin var qoynunda uyuyan. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

 

Duman dağlarını yaman alıbdır
Görünmür "Cıdır düzün" nə də Topxana.
Duman dağlarına yan alıbdır
Görünmür Vaqifin məqbərəsi, nə də Natavan.

 

Həyat necə durub bizim qəsdimizə
İstəmir qovuşaq sənələ, ay Şuşam.
Allahın gücünə yetməz özgə bir güc
Allah qovuşdurar bizi sənlə, ay Şuşam.

 

Həsrət mənzilim, keçərsə yolum
Kədərli yollardan yaman yoruldum.
Qəm-hicran, çəkilmiş, yaşlı gözlərdən
Göz yaşın silməkdən yaman yoruldum.

 

Gəlmişəm halından, bir xəbər alam
Elə bil bu çöllər də yad gəlir mənə.
Səs salıb, haray saldım dağlara
Elə bil dağlar da yad gəlir mənə.

 

Göz açdığım, çölüm-çəmənim
Nədənsə elimi bir qərib gördüm.
Doyunca gəzdiyim o "Cıdır düzü"
Şuşanın əhvalın bir qərib gördüm.

 

Burada havalar ağırdır, ağır
Havana, suyuna, yaman möhtacam.
Bu dərdin dərdlərdən yamanca ağır,
Gəzdiyim o daş küçələrə yaman möhtacam.

 

- Mədəniyyət beşiyi olan Şuşa böyük sənətkarlar yetişdirib. Hər bir şuşalıda Qarabağn avazı var deyirlər.

 

- Mənim də bir şuşalı kimi elmə, musiqiyə çox böyük bir hörmətim var. Muğamı da çox sevirəm. Şuşa ilə bağlı o niskilli vaxtlarının birində bir gün efirdə İlkin Məmmədovun bir segahına qulaq asdım. O, belə deyirdi:

Nədəndir yığışmır bu yollardan gözlərim.
Görəsən bu yollarda kimim var mənim.

Buna qulaq asdıqda, yamanca ağladım. Çünki onun sözlərinə cavab olaraq dedim ki, o yollarda həsrətim olan Şuşam var mənim.

Şükür Allaha ki, bu günləri yaşatdı bizlərə. Zəfərin mübarək, Azərbaycan! İki dövlət bir millət olan türk dünyası, gözün aydın. Torpaq uğrunda ölən varsa, Vətəndir. İgidlərin var olsun, Vətən! Azad olan nəfəsinə qurbanam sənin, ay Şuşam. Noyabrın 8-indən azadsan, Şuşam. Bütün hisslərim, arzularım sənlə bağlıymış, ay Şuşam. Sanki elə bil, yenidən doğulmuşam. Butun sabahların aydın olsun, qədim Vətən! Fəxr edirəm ki, mən Şuşalıyam. Bu da məndən bir yadigar sənə, Vətən! /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...