"Çox adam bunu Azərbaycanın müstəqilliyinin itirilməsi kimi dəyərləndirir"

23:50 05-10-2018 | icon 502 | Siyasət
"Çox adam bunu Azərbaycanın müstəqilliyinin itirilməsi kimi dəyərləndirir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev AzNews.az-a müsahibə verib.

 

Versus.Az xəbər verir ki, partiya sədri müsahibəsində ölkədə və regionda baş verən hadisələr, partiyada həyata keçirilən işlərdən danışıb.

 

- Razi bəy, 2018-ci ilin 9 ayı geridə qalıb. Bu müddət ərzində ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirərdiniz?

 

- Azərbaycanda hazırda olan ictimai siyasi vəziyyət heç də ötən ildəkindən fərqlənmir. Ümumiyyətlə ölkədə daxili siyasi proseslər apatiya vəziyyətindədir. Bu, Azərbaycanın siyasi reallığından irəli gələn məsələdir. İndi durub desəm ki, ölkədə daxili ictimai-siyasi vəziyyət yeni mərhələyə qədəm qoyub, bu müsahibəmizi oxuyan oxucular mənimlə razılaşmaz.

 

- Son zamanlar Azərbaycan-Rusiya münasibətlərin inkişafında müəyyən yaxınlaşma var. Bu yaxınlaşma Dağlıq Qarabağ probleminin həllində nə kimi rol oynaya bilər?

 

- Zaman-zaman Rusiyanın bu və ya digər məsələlərə görə yürütdüyü siyasəti təndiq edənlərdənəm. Rusiyasız Azərbaycan çox irəli gedə bilməz. Rusiya bizim qonşumuzdur. 3 milyona yaxın azərbaycanlı orada yaşayır. İstənilən halda, biz Rusiyadan imtina edə bilmərik. İstəsək belə Rusiya buna qarşı çıxar. Bunun üçün də Rusiya ilə bütün sahələrdə daha çox yaxınlaşmanın tərəfdarıyam. Dağlıq Qarabağ münaqişəsinin həlli də Rusiyanın istəyi daxilindədir. Dəfələrlə demişəm, yenə qeyd edirəm ki, Azərbaycanın Ermənistanla apardığı danışıqlar vaxt itkisidir. Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır. Rusiya Ermənistanı Azərbaycanla razılaşmalara məcbur edə biləcək gücdədir. Çox adam bunu Azərbaycanın müstəqilliyinin itirilməsi kimi dəyərləndirir. Mən buna belə baxmıram. Qazaxıstan Rusiya ilə Azərbaycandan daha yaxın münasibətdədir. Avrasiya, Gömrük təşkilatının üzvüdür. Bugün biz deyə bilmərik ki, Qazaxıstan müstəqil siyasət yürüdə bilmir. Azərbaycanda bu metoddan istifadə edib Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan bir zəmanət ala bilər. Bu zəmanət işğal altında olan torpaqların qaytarılmasından sonra Azərbaycanın Ermənistana regional layihələrdə iştirak və digər imkanları yaratması ola bilər. Bu gün həmsədr ölkələrin hər hansı biri də bunu edə bilər. Ancaq baxırsan ki, həmsədr ölkələr sanki bu məsələdə maraqlı deyillər. Onlar bura gün keçirmək üçün gəlirlər.

 

- Avropa ölkələrinin çoxunda olmusunuz. Münaqişənin həlli üçün Azərbaycan Avropa məkanında digər hansı addımları atmalıdır?

 

- BMT çərçivəsində addımlar atılır və bu davam etdirilməlidir. Avropa Birliyi, ATƏT-də də addımlar atılır. Mən bir siyasətçi kimi deməliyəm ki, bu məsələ elə də asan deyil. Azərbaycandan tam asılı olmayan bir məsələdir. Təbii ki, Azərbacycan xalqı öz sözünü deyir. Ötən günlərdə də Bakıda Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı mitinq keçirildi.

 

- Mitinqdən söz düşmüşkən, sizi tribunada görə bilmədik...

 

- Rəhbərlik etdiyim partiyanın hər bir üzvü, müavinlərim və rəhbərlik etdiyim TV, qəzet və saytın nümayəndələri həmin mitinqdə iştirak ediblər. Mitinq baş tutan günü mən regionda təşkil olunan görüşdə iştirak edirdim. Bu görüşü heç cürə təxirə sala bilmədiyim üçün mitinqdə iştirak edə bilmədim.

 

- Partiyanın yerli təşkilatlarının fəaliyyəti barəsində nə deyə bilərsiniz? Onlara fəaliyyəti üçün normal şərait yara bilmisinizmi?

 

- Biz əlimizdən gələni edirik. İrəliləyişləri özüm görə bilirəm. Ancaq istənilən halda Azərbaycanın hazırkı siyasi reallığının fövqündə dayana bilmirik. Bacardığımızı edirik. Xalqın yanındayıq, problemləri ictimailəşdiririk. Mənə belə gəlir ki, Azərbaycanda xalqın problemləri ilə maraqlanan, xalqın problemlərini həll etməyə çalışan adamlar işərisində mən də varam.

 

- Hansı rayonlar var ki, siz ora daxil ola bilməmisiniz, təşkilatın yerli şöbələrini yarada bilməmisiniz?

 

- Təbii ki, biz Azərbaycanı tam əhatə etmirik. Deyə bilmərik ki, biz hər yerdə güclüyük. Çünki rayonlarda, əyalətlərdə siyasətlə məşğul olmaq daha çətindir.

 

- Neçə rayon təşkilatınız var?

 

- Partiyanın 32 rayon təşkilatı var.

 

- Siyasi partiyaların fəaliyyətində bir süstlük müşahidə olunur. Bayaq bir neçə səbəb dediniz. Çıxış yolunu nədə görürsünüz?

 

- Siz düşünürsünüz ki, ABŞ-da, Türkiyədə eləcədə digər ölkələrdə olan partiyalar fəaldır? Partiyaların fəal olması üçün seçki lazımdır. Seçki vaxtı bütün partiyalar aktiv olur. Hazırda biz bütün gücümüzü təşkilatlanmaya yönəltmişik. Siyasi fəaliyyət göstərmək üçün siyasi mühit və siyasi gündəm lazımdır. O da seçkilərdir. Seçkilərdə çox fəal olacağıq və bunu xalq da görəcək.

 

- Bələdiyyə seçkilərində iştirak edəcəksiniz?

 

- Bəli, 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində var gücümüzlə iştirak edəcəyik.

 

- Qeydiyyat məsələsində bir yenilik varmı?

 

- Bu məsələ ilə bağlı siz ötən müsahibələrinizdə də mənə sual etmişdiniz. Heç nə dəyişməyib. İstəyirsənizsə, ötən müsahibələrimizdə olan cavabı indi köçürüb yerləşdirə bilərsiniz.

 

- Köçürmək bizlik deyil...

 

- Onda yazın ki, heç nə dəyişməyib.

 

- Siz özünüz hansı addımları atırsınız?

 

- Qeydiyyatla abğlı bütün ümidlərimiz suya düşdüyünə görə, hazırda heç bir addım atmırıq.

 

- Partiyanın adını dəyişib başqa adla qeydiyyatdan keçməyi düşünmüsünüz?

 

- Partiyanın adının dəyişdirilməsi ilə bağlı heç bir müzakirəmiz olmayıb və bu yöndə hər hansı müzakirələrin olacağını gözləmirəm.

 

- Bir müddət əvvəl siyasi partiyalara əməkdaşlıqla bağlı müraciətlər etmişdiniz...

 

- Bizim bir neçə partiya ilə görüşlərimiz olub. Geniş irəliləyiş yoxdur. Bizdə siyasi partiyalar biri-birini rəqib gözündə görür, biri-birinə oponent gözündə baxır. Bir birini didməyə, dağıtmağa belə hazırdırlar. Onun üçün də siyasi siyasi partiyalar arasında əməkdaşlıq qurmaq çətindir. Bir yandan da adımız buna maneəçilik törədir. Müəyyən addımlar atıb önə çıxan adamlara qısqanclıq var. Mən də bu sıradayam . Mən səmimi şəkildə əməkdaşlığa hər zaman hazır olmuşam. Ancaq onlar tərəfindən eyni səmimiyyəti görə bilmədiyimə görə hələ ki, alınmır.

 

- Ofisinizə hansısa partiya sədri gəlib heç?

 

- Ofisimizdə 2 partiya sədri olub. Mən də 3 siyasi partiyanın ofisində olmuşam.

 

- Müxalifətin fəaliyyətində bloklaşmanın şahidi olmuşuq. Siz bu məsələyə necə baxırsınız?

 

- Biz hər zaman bloklaşma siyasətinə normal baxmışıq.

 

- Biz vaxtlar rəqibiniz Əli Kərimli tərəfindən sizə təhqirlər olunurdu...

 

- Bu söyüş və təhqirlər bugündə davam edir.

 

- Demişdiniz onları məhkəməyə verəcəksiniz....

 

- Mən kifayyət qədər dözümlü bir insanam. Bütün imkanlar tükənəndə məhkəməyə müraciət edirəm. Hələlik o yolların tükəndiyinin düşüncəsində deyiləm. O insanalara gəlincə, onlar klavyatura qəhrəmanıdır. Onlarla real həyatda da qarşılaşmışam. Üz-üzə gəlmişik. Qaçıb. Cəsarətli insanlar deyillər.

 

- Bəs niyə qoruma ilə gəzirsiniz?

 

- Yanımda olan şəxs qorumam deyil. Köməkçimdir. O da adətən iş vaxtı yanımda olur. Ümumilikdə mənim bir kimsədən qorxum yoxdur. Düşünürəm ki, partiya sədrlərinin yanında bir nəfər köməkçisi olsa, daha məqbuldur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol