"İnandım ki, qələbə bizimdir, Qarabağımız qayıdır"
Xanlar Mehtiyev: "Əsgərlərimizin Ağdama daxil olmasını birinci biz çəkmişik"
44 günlük Vətən Müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq. Bu savaş ölkə ictimaiyyətinin həyatında heç vaxt unutmayacağı, acılı-şirinli izlər açdı. Vətənin işğaldan azad olunması prosesində bilavasitə iştirakçı olan jurnalist həmkarlarımız da bu savaşda unudulmaz kadrları lentə köçürməklə, özləri də bir tarix yazdılar.
İctimai TV-nin əməkdaşı, cəbhəyə ezam olunan xüsusi müxbiri Xanlar Mehtiyev müsahibəsində üzləşdiyi maraqlı nüanslara toxunub.
- Xanlar bəy, cəbhəyə ezam olunan bir telejurnalist olaraq ilk olaraq hansı rayonda oldun və ilk təəssüratların nə oldu?
- Sentyabrın 27-də ilk olaraq ezam olunduğum yer Tərtər rayonu oldu. Tərtərin Qapanlı kəndinə getdik. Təbii ki, biz orda erməni vandallarının mülki əhalini necə atəşə tutduğunun şahidi olurduq. Erməni hərbi cinayətkarlarının atdığı top, raket zərbələri Tərtər şəhərini tamamilə viran qoymuşdu. Buna baxmayaraq rayon camaatında böyük ruh yüksəkliyi müşahidə olunurdu. Hamı “Təki torpaqlar azad olsun, vətən sağ olsun, evim, malım əsgərimə qurban”, - deyirdi. Bütün bunlarla yanaşı, ilkin təəssüratım çox yüksək idi. Çox xoşbəxt idim. Yolda gedəndə insanların əllərində Azərbaycan bayraqlarını görürdüm, döyüş bölgəsinə çatanda insanların üzündəki qələbə sevincini görürdüm. Bu, məni çox sevindirirdi. İnandım ki, qələbə bizimdir, Qarabağımız qayıdır!
- Hərbi təcrübəsi olmayan gənc jurnalist üçün çətinliklər nə ilə bağlı oldu, qorxu hissi var idimi? Cəbhəyə gedərkən özün üçün hansı reallığı müəyyənləşdirdin?
- Mən bu sahədə 3-cü ildir ki, çalışıram. Ən böyük arzum qələbə xəbərini çatdırmaq idi. Şükür ki, bu arzuma çatdım. Qələbəmizin şahidi oldum. Dinc əhalinin hədəf seçilməsi, dinc əhalinin atəşə tutulması ürəkağrıdıcı məqam idi. Ermənilərin vəhşiliyinin şahidi oldum. Nə qədər də çətin vəziyyət olsa da, operativ şəkildə doğru xəbəri çatdırmaq idi əsas missiya. İnsanlarda təlaş yaratmadan, yoxlanılmamış informasiya yaymadan çalışdım ki, məlumat ötürüm izləyicilərə. İnanıram ki, bu missiyanın öhtəsindən gəldim.
Gənc jurnalist ola bilərəm, amma heç bit vaxt içimdə nə qorxu olmadı, nə də həyəcan! Maksimum soyuqqanlı olmalı idim. Mən qorxsam, həyəcan keçirsəm, izləyiciyə də informasiyanı belə ötürəcəm. Əmin olanda ki, vətənin hər qarışı əmin əllərdədi, döyüşlər bizim xeyrimizə davam edir, heç bir qorxu hissi keçirmirsən. Həm də mülki şəxslərlə hərbçilərin birliyini görəndə inanırsan ki, bizim kürəyimiz yerə dəyməz. İnformasiyanı da çatdırmaq mümkün oldu. Müharibədə iştirak edən jurnalistlərin əksəriyyəti gənclər idi. Hamı da bu işin öhtəsindən layiqincə gəldi. Buna görə bütün jurnalistlərin əməyini yüksək qiymətləndirirəm.
Təbii ki, hərbi jurnalistika sahəsində boşluqlar var idi. Amma hər kəs əlindən gələni, bacardığını elədi . Bu bizim üçün çox böyük təcrübə idi. Çətin tapşırıq idi. Problemlər də var idi. Amma çalışırdıq ki, boşluqları elə yerindəcə həll edək. Hərbi jurnalistika məncə jurnalistlərə universitet vaxtlarından başlanmalıdır öyrədilməyə, hələ tələbə vaxtlarndan. Belə düşünürəm ki, bütün boşluqlar üzərində özümüz də işləməliyik. Ən azı, dünya təcrübəsinə baxmalıyq. Buna görə də təlimlərə qoşulsaq, treyninqlərdə iştirak eləsək bu işdə çox yaxşı mütəxəssislər yetişdirə bilərik. Məncə, hər kəs özündə olan boşluğu qəbul edib, üzərində çalışmalıdır !
- 44 günlük müharibədə heç vaxt yadından çıxmayacaq anlar nədir?
- Dinc əhalinin atəşə tutulmasını, mülki vətəndaşların gözümüzün önündə həyatını itirməsini bir ömür unuda bilmərik . Mülki əhaliyə atəş açılanda belə, yaxınlarını itirənlərin tək istəyi var idi, qisas almaq. Şükürlər olsun ki, qisas da alındı, torpaqlar işğaldan azad olundu . Bəzən o kadrlar gözümün önünə gələndə bir qəribə oluram!
- Torpaqlarımız azad olunandan sonra hansı rayonlarda oldun və gördüyün yerlər səndə hansı təəssüratları yaratdı?
- Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Laçında olmuşam. Demək olar ki, Füzuli, Cəbrayıl və Ağdamda birdənə belə salamat ev qalmamışdı. Vəhşiliyi görəndə çox pis oldum, düşmənə nifrətim birə beş artırdı. O gözəllikdə yerləri məhv eləmək, insanlığa sıxmayan bir əməldir. Biz də KİV nümayəndələri bu vəhşiliyi dünyaya çatdırdıq . Bütün dünyaya onların törətdiyi bu vəhşiliyi göstərdik. Bu vətənin jurnalisti kimi reportaj hazırlamaq üçün çox qürurvericidir!
Əsgərlərimizin Ağdama daxil olması məqamını çəkən ilk və yeganə kanal da biz olduq. Çox həyacan içində idik. Bizə xəbər çatdı ki, Azərbaycan ordusunun texnikası Ağdama daxil olacaq. Heç kim demir ki, hansı istiqmətdən, nə vaxt Ağdama girəcəklər. Həmin gün hamı maşında gözləyir, heç kim yatmır. Hava da soyuq gözləyirik. Heç kəs o tarixi anı buraxmaq istəmir. Nəhayət, saat yeddi, 8- ə işləmiş texnikanın səsi gəlir, tez kameraları qurub çəkiliş edirik. Baxdıq ki, orada bizdən başqa heç bir çəkiliş aparan yoxdur. Əsgərlərimizin Ağdama daxil olmasını birinci biz çəkmişik. İndi sevincimizdən bilmirik nə edək, Arazla bir-birimizi qucaqlayırıq... Belə sevindirici hissləri bir neçə hadisələrdə yaşadım...
- Xanlar bəy, bir çox media ekspertləri hesab edirlər ki, bizim jurnalistlərin fəaliyyəti onun əsgərlə birlikdə irəliyə getməsinə imkan verilmədiyi üçün məhdudlaşıb. Necə hesab edirsən, bu belədir?
- Mən belə düşünmürəm. Qalib ölkənin qalib jurnalisti olmaq hər adama nəsib olmur, şükürlər olsun ki, bu bizə nəsib oldu. Bizim ordu qabağa gedirdi, irəliləyirdi. Onlarla bərabər irəliləməyimiz mümkün deyildi. Dövlət hər kəsin təhlükəsizliyini maksimum qoruyurdu. Düşmən mülki əhalini hədəfə alırdı. Bizim də döyüş vaxtı əsgərlərin yanında olmağımız onların işini çətinləşdirə bilərdi. Biz kadrları çəkdiyimizdə məsuliyyət hiss edirdik. Və informasiya müharibəsidə də qalib olmalıydıq, olduq da. Əsgərdən qabağa keçmək əsgərin işini çətinləşdirməkdən başqa bir şey olmazdı.
- Bizim hərbi jurnalistlər nə dərəcədə operativ şəkildə məlumatları hazırlamaq imkanı əldə etdi?
- Jurnalistlərimiz məlumatları maksimum dərəcədə çatdırdı, operativlik qorundu, artıq rəqabət də var idi. İctimai TV, demək olar ki, həm Gəncə hadisələrində, həm Bərdə hadisələrində yerli kanallar arasında ilk canlı efir verən kanal idi. Dayanmadan çalışdıq, hər saatbaşı canlı bağlantılar edib, reportajlar hazırladıq. Hər yarım saatdan bir radioya birbaşa bağlantı edib, son məlumatları verirdik. Maksimum dərəcədə ölkə əhalisini dəqiq informasiya ilə məlumatlandırdıq. Çalışdıq ki, hər kəs doğru informasiyaya baxsın, qulaq assın. Bu çətin zamanlarda da demək olar ki, hər kəsin izlədiyi kanal da İctimai TV idi. Bu isə başqa bir xoşbəxtlikdir . İnsanlardan xoş sözlər eşidən də gördüyümüz iş haqda , düşünürsən ki, çəkdiyin əziyyət dəyərləndirildi.
Gəncədəki hadisələrdə, Bərdədəki hadisələr isə gözümün önündə oldu. Başımızın üstündən uçdu kasetli bombalar. 30 saniyyə əvvəl olduğumuz yerdə olsaydıq, biz də indi həyatda yox idik. Bərdəyə atılan 5 kasetli bombanın 3-cüsü oraya düşmüşdü. Bir saatdan çox dayanmadan birbaşa bağlantıda göstərdik olanları, sonra xəstəxanaya getdik. Oradakı vəziyyəti də çatdırdıq . Hər saatbaşı birbaşa bağlanırdıq, qalan vaxtları da reportaj üçün materiallar çəkirdik. Həm də radioya da bağlantılar edirdik.
Gəncədə olan 2-ci partlayış zamanı gecədən düz, saat 18-19-a qədər hər saatbaşı canlı efirdə məlumat çatdırırdım, həm radio üçün də. 14-15 saat ayaqüstə olub ancaq məlumat çatdırmışıq.
- Laçından yeni qayıtmısan. Bir jurnalistin gözü ilə Laçına baxıb hansı hissləri keçirdin. Ümumiyyətlə, orada vəziyyət necədir?
- O torpaqlara ayaq basanda gördüyüm mənzərə ürəyimi ağrıtdı. Demək olar ki, bütün ağacları kəsiblər, evləri dağıdıblar, hər şeyi məhv ediblər. Bacardıqları qədər təbiətə ziyan vurublar . Yenə də şükür edirəm ki, artıq bu torpaqlar bizdədir. Yenə qurub, yenə tikəcəyik. Azərbaycan Bayrağını o ərazilərdə dalğalanan görəndə, Azərbaycan əsgərini bu torpaqlarda görəndə sanki dünyalar mənim oldu ! Şükürlər olsun bu günümüzə. Vəziyyət tam olaraq Azərbaycan Ordusunun nəzarətindədir. Allah hamıya o yerlərə getməyə nəsib eləsin !
Bundan əvvəl aprel döyüşlərində 2016-cı ildə əsgər idim. O vaxt əsgər kimi xidmət elədim vətənimə, indi də jurnalist kimi baxanda və döyüşlərin ilk günlərini xatırlayanda düşünürəm ki, ölkə olaraq çətin günlər yaşadıq. Bu çətin günlərin öhdəsindən alnıaçıq, başıdik gələ bildik! Bir daha qələbədə payı olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
- Döyüşmək çətindir, yoxsa döyüşü çəkmək?
- Dediyim kimi, Aprel döyüşləri vaxtı mən əsgər idim. Naxçıvanda xidmət edirdim. Aprel döyüşləri olan ərəfəyə təsadüf elədi əsgərlik xidmətim. Birbaşa döyüşlərə qatılmaq imkanım olmamışdı o vaxt. Çox heyfsilənirdim ki, niyə döyüşə bilməmişdim. Şükür ki, bu döyüşlər başlayan ilk gündən cəbhədə oldum. İki ay müddətində də orada oldum. Hər işin öz çətinliyi var. Əsgərlər qədər əziyyətimiz olmasa da, biz də öz cəbhəmizdə mübarizə apardıq. Döyüşmək, yoxsa döyüş vaxtı kadr çəkmək daha asandır sualına isə demək istəyirəm ki, kadrı səhv çəkəndə yenə çəkə bilirsən, amma döyüşdə səhv buraxanda yenə döyüşə bilmirsən. Hansısa vacib kadrı çəkməsən maksimum işindən ola bilərsən, amma döyüşdə hansısa səhvi buraxsan həyatından. Ona görə bunlar müqayisə olunacaq şeylər deyil.
- Necə hesab edirsən, xarici jurnalistlərin operativliyindən nə ilə geridə qalırdıq?
- Məncə, heç də geri qalmırdıq. Məsələn, Ağdama Azərbaycan Ordusunun texnikası daxil olanda bizim kanaldan başqa heç kim çəkməmişdi. Hər kəs bizdən kadrları xahiş edirdi ki, onlara da verək. Bərdədə olan terror zamanı ən birinci canlı bağlantıya qoşulub vəziyyəti çatdıran kanal biz idik. Yəni düşünmürəm ki, onlar bizdən üstün oldu. Azərbaycan mediası yaxşı işlədi.
- 2021-ci ildən bir hərbi jurnalist olaraq gözləntin nədir, harda hansı kadırları lentə almaq istərdin?
- Demək olar ki, bütün arzularıma çatdım. Hər bir jurnalistin arzusu qələbəni çəkmək idi. Kimisi bunun üçün 30 ilə yaxın gözlədi, kimisi üçün isə karyerasının ilk vaxtlarına təsadüf etdi. Qələbəni və qələbəyə gedən yolu lentə aldım. İşğaldan azad olunmuş yerlərdə oldum, çəkiliş apardım. Jurnalistikada çox qısa zamanda şükürlər olsun ki, bütün arzularıma çatdım. İndi isə məqsədlərimə doğru irəlləmək vaxtıdır. 202-ci ildə isə koronavirussuz görüntüləri lentə alıb, xoşbəxt və güclü Azərbaycan üçün çalışmaq istərdim. /hafta.az/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...