Deputat qəhrəman şəhidimiz Babək Allahverdiyevin anası ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid Baş Leytenant Babək Bəxtiyar oğlu Allahverdiyevin anası Əsmər xanım Allahverdiyeva ilə görüşüb.
Versus.Az xəbər verir ki, Qənirə Paşayeva qəhrəman şəhidin anasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş zabitin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Babək kimi zabitlərimizlə hər zaman qürur duyacağıq! Azərbaycan Ordusunun Baş leytenantı olmuş oğlunuz Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Oğlunuzun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Q.Paşayeva şəhid Baş leytenantın anasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"