"Vətən xaini", "terrorçu", "quş oğrusu"… olan "baş redaktorlar"

19:01 11-01-2021 | icon 793 | KİV
"Vətən xaini", "terrorçu", "quş oğrusu"… olan "baş redaktorlar"


Müşfiq Ələsgərli bu durumdan yazdı

 

Sosial media izləyiciləri Polad Aslanov barədə yayılan xəbərləri, yəqin ki, xatırlayırlar. Biləsuvar Sərhəd Keçid Məntəqəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan bu şəxs "dövlətə xəyanət üzrə cinayət əməlləri" ilə ittiham olunurdu. Biz onun qeyd edilən ittihamlar üzrə nə dərəcədə günahkar olması barədə bir söz deyə bilmərik. Bunu isbat etmək hüquq-mühafizə orqanlarının işidir...

 

Amma onun izahatından çıxan nəticə bu idi ki, adam gündəlik işini və dolanışığını İrana get-gəl üzərində qurub. Buna rəğmən, Polad Aslanov "baş redaktor" adlandırılır, "xeberman.com" və "press-az.com" informasiya saytlarının "təsisçisi və baş redaktoru" kimi təqdim edilir. Beynəlxalq təşkilatlara da bu cür təqdim edilib. Hazırda beynəlalq təşkilatların siyahısında "həbsdə olan jurnalist" kimi adı keçir. Azərbaycan dövləti isə bu səbəbdən "jurnalistləri təqib edən ölkə" kimi tanıdılır...

 

2019-cu ildə vətəndaşları hədələyərək, rüşvət tələb edən, sonda şantajedici materialı saytdan çıxarmaq üçün "bir hinduşka və 500 manat pul" tələb edən "baş redaktor" haqqında yayılan informasiyaları da, yəqin ki, hər kəs  xatırlayır. Onun da adı beynəlxalq təşkilatların "məhbus jurnalistlər" siyahısındadır...

 

3 il əvvəl isə sosial mediada  trendə çevrilmiş informasiya başlığı var idi: "İşçisini zorlayan baş redaktoru yandıraraq, öldürdülər". Dünyasını dəyişdiyi üçün adını çəkmirəm. İnternet axtarış sistemlərində hələ də adı keçir. Maraqlananlar bu açar sözlərlə axtarış verib informasiya ilə təkrarən tanış ola bilələr...

 

Amma bunlar təkcə  keçmişin deyil, həm də bu günün mənzərəsidir. Bənzər informasiylar bu gün də yayılır; hər gün hansısa bir "baş redaktorun" "ağlagəlməz məharətləri" barədə informasiyalarla qarşılaşırıq. Ötən ilin son günlərində-dekabrın 25-də Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasında Şirinova Rüzgar Rasim qızı ilə "Ölkə.az" xəbər portal arasında yaranmış mübahisəni araşdırdıq. Mübahisənin mahiyyəti bu idi ki, Dəniz Rüzgarın rəhbər kimi təqdim edildiyi təşkilat şəhid general-mayor, Milli Qəhrəman Polad Həşimovun adından sui-istifadə hallarına yol verib. Mətbuat Şurasına təqdim edilən materiallardan bəlli olurdu ki, Dəniz Rüzgarın rəhbər kimi təqdim olunduğu "Polad Həşimovun adına Gənc Yazarlar Cəmiyyəti"nin nəzdində xəbər portal yaradılıb, Dəniz Rüzgar da onun baş redaktorudur. Bu "xəbər portalının" adından sosial şəbəkələrdə vətəndaşlara müraciət edilir, "müəyyənləşdirilmiş məbləğdə aylıq abunə haqqı və birdəfəlik ödənişlər edilməklə, jurnalist vəsiqəsi və press lövhələr" təklif edilir. Jurnalist vəsiqəsi 23 manata, press lövhələr isə 18 manata satılır. Dərin təəssüf hissi keçirdik. Açıq-aşkar Milli Qəhrəmanın adından sui-istifadəyə yol verilir...

 

Bu cür xəbərlər cəmiyyəti də çaşqın salır: bir tərəfdə 44 günlük Vətən müharibəsinə qatılan, silaha sarılan, canı ilə, qanı ilə Vətəni müdafiə edən; informasiya savaşı aparıb ölkəsinin namını qoruyanlara baş redaktor deyilir, digər tərəfdə isə, Vətəni satan, quş oğurlayan, işçisini zorlayana eyni ad qoyulur...

 

Amma nə edəsən, necə edəsən ki, bu cür neqativlərdən birdəfəlik xilas olasan? Təəssüf ki, mövcud şərtlər altında bu problemi çözmək, aradan qaldırmaq mümkün deyil. "Demokratik media mühiti" adı altında elə nizamsız, xaotik bir situasiya yaradılıb ki, bu mühit peşəkarları sıxır, əl-qolunu bağlayır, müftəxorlara, maxinatorlara isə, əksinə, meydan verir. Bu yanaşmanı, bu qanunları, bu tənzimləmə mexanizmlərini dəyişmədən, problemləri aradan qaldırmaq mümkün deyil.  

 

KİV haqqında qanun günümüzün tələbləri ilə uzlaşmır

 

Problemin ilk mənbəyi Kütləvi İinformasiya Vasitələri  haqqında qanundadır. Bu qanun yeni media sferasını əhatə etmir, onun strukturunu, məsuliyyətini müəyyən etmir. Kommunikasiyanın tipi sürətlə dəyişir. Ortada rəsmi statistika olmasa da, media üzrə beynəlxalq monitorinq təşkilatları qeyd edirlər ki, hazırda internet informasiya resurslarının informasiya təminatındakı payı ənənəvi KİV-lərin payından az deyil, çoxdur. Ən azı 50-nin 50-yə nisbətindədir. Söhbət ənənəvi KİV-lərin öz yayımlarını internet üzərinə köçürmələrindən,  web səhifələr yaratmalarından, sosial şəbəkələrdə hesab açmalarından getmir. Məsələ budur ki, KİV-in internet üzərində strukturlaşan yeni tipləri meydana çıxıb, xəbər portalları, sosial şəbəkələr üzərində qurulan TV-lər yaranıb. KİV-in ənənəvi tipi ilə yeni tipi arasındakı fərq  təkcə yayımın formasında- internetdən istifadə edilərək reallaşdırılmasında deyil. Fərq, həm də, KİV-lər üçün təsbit edilmiş strukturlaşmadadır, xəbər standartlarındadır, ən əsası, hüquqi məsuliyyətdədir. Yeni medianın standartları KİV haqqında qanunda hüquqi baxımdan təsbit edilmədiyi üçün, bu standartlar çox zaman fərdlərin arzu və istəklərinə, düşüncə və qabiliyyətlərinə, intellekt səviyyələrinə uyğunlaşdırılır. Bu isə xaotik durum yaradır, hər kəsin öz  bildiyini etməsi üçün zəmin yaradır.   

 

KİV haqqında qanunun 3-cü maddəsi " internet informasiya ehtiyatları"nı da "kütləvi informasiya xidməti" kimi təsbit edir. Amma bu, durumu dəyişmir. Çünki, qanunda ənənəvi KİV-lərin (qəzet, jurnal, televiziya, radio, informasiya agentlikləri) struktur, rekvizit standartları barədə aydın təsvir verilir. İnternet KİV-lərin standartları barədə isə bilgi verilmir, təsəvvür formalaşdırılmır. Bir sözlə, 1999-cu ildə qəbul edilmiş "Kütləvi informasiya vasitələri haqqında" qanun zamanın tələblərindən geri qalır, internet  üzərində qurulan KİV-lərin standartlarını əhatə etmir.

 

Digər qanunlarda da durum bənzərdir. 2013-cü ildən başlayaraq, internet üzərindən yayılan informasiyanın hüquqi tənzimlənməsi yönündə qərarlar verilir, qanunlarda əlavə və dəyişikliklər edilir. 2013-cü ildə Cinayət Məcəlləsinə, 2016-cı ildə İnzibati Xətalar Məcəlləsinə, 2017-ci ildə isə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavə və dəyişikliklər edildi. Amma bütün bu əlavə və dəyişikliklər ayrı-ayrı məqamlara, daha çox, yayılan məzmuna  aiddir, internet KİV-lərin fəaliyyətini ümumilikdə əhatə etmir, strukturlaşma barədə təsəvvür yaratmır.  Məsələn, 2013-cü ildəki  dəyişiklik internet üzərindən yayılan təhqir və böhtan hallarını;  2016-cı ildəki dəyişiklik sosial şəbəkələrdə saxta hesablar yaradılmasının məsuliyyətini əhatə edir. İnternet KİV-lərin struktur,  rekvizitlər və hüquqi status məsələsi açıq qalır, onların məsuliyyəti məsələsi isə qanunlarda deyil, ayrı-ayrı ekspertlərin mülahizələrində əks olunur. "Kütləvi informasiya vasitələri haqqında"  qanun dövrün standartları baxımından yenilənməli, internet üzərində qurulan KİV-lərin status və strukturlaşması barədə təsəvvürləri tamamlamalı, sonra digər qanunlar da ona uyğunlaşdırılmalıdır. Təhlillər göstərir ki,  KİV haqqında tamamilə yeni, daha əhatəli bir qanunun qəbul edlməsinə zərurət vardır.  Hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanun özünün  mövcudluğu dövründə 79 dəfə dəyişdirilib, amma 62 maddədən ibarət olan bu qanun, hələ də müasir çağırışlarla uzlaşmır.  

 

Yaranmış durum "fürsətcillər" üçün əlverişlidir

 

İnternet üzərində strukturlaşıb peşəkar xəbər istehsalı ilə məşğul olan KİV-lər  statuslarının tanınması baxımından çətinlik çəkirlər; fəaliyyətlərini realizə etmək müstəvisində problemlərlə üzləşirlər. 100-lərlə abunəçisi, 1000-lərlə izləyici auditoriyası olan internet TV-lər mövcuddur ki, hüquqi statusları yoxdur,  fəaliyyətlərini realizə edə bilmirlər, işlərini yalnız sosial şəbəkələrin şərtləri çərçivəsində qururlar. Amma bu, peşəkar xəbər istehsalçıları üçün problem yaradırsa, KİV standartlarını pozanlar, KİV-dən pozucu məqsədlər kontekstində istifadə edənlər üçün fürsət yaradır. Bəli, dövrün şərtləri çərçivəsində "mutasiya olunan", "reket" adlandırdığımız şəxslər üçün bu, bir fürsətdir; "bulanıq suda balıq sövdasına düşənlər" yaranmış durumdan eninə-geninə faydalanırlar. Sosial şəbəkələr üzərində qurduqları, "baş redaktor" olduqları KİV-lərin rekvizitlərinin olmaması, qanunvericilikdə tanınmamaları onları işlərindən ayırmır, şantaj etməkdən çəkindirmir. Onlar mövcuddurlar, işlərini görürlər; internet KİV-in statusunun tanınmaması, məsuliyyətinin, öhdəliklərinin qanunla müəyyənləşdirilməməsi işlərinə yarayır, fəaliyyətlərini stimullaşdırır. Sosial şəbəkələr üzərində hərə bir KİV qurumu yaradır, sadəcə adını KİV qurumu qoyurlar. Burada KİV standartların söhbət gedə bilməz. KİV-in özünütənzimləmə qurumları, o cümlədən, Mətbuat Şurası sosial şəbəkələr üzərindən, şəxsi profillərdən yayımlanan neqativlərə görə rəy vermək səlahiyyətinə malik deyil. Şura yalnız fəaliyyəti qanunlarla tənzimlənən KİV qurumları barədə rəy verməyə səlahiyyətlidir. Bəs sosial şəbəkə üzərində qurulan şəxsi profili KİV qurumu kimi təqdim etmək qanuna uyğundurmu? Birmənalı cavab vermək çətindir. Mövcud KİV qanunu belələrinin statusu barədə aydın təsvir vermir. Amma "mürgüləyib qalmış qanun"dan asılı olmayaraq, onlar mövcuddurlar, fəaliyyətdədirlər. Auditoriyaları olan, sosial şəbəkələr, xüsusən, youtube üzərindən yayım verən TV-lərin sayı kifayət qədərdir. Onların sırasında neqativ olanları zərərsizləşdirmək, barələrində hüquqi ölçü götürmək, faydalı olanları isə stimullaşdırmaq üçün qanunların əhatə dairəsinə daxil edilməlidirlər. Qanunlar yeni reallıqları əhatə etməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI