Premyera

12:54 08-10-2018 | icon 412 | Mədəniyyət
Premyera

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən reallaşıb.

 

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.

 

Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Qeyd edib ki, Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

 

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

 

Vurğulayıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.

 

Sonra unudulmaz şairin xatirəsinə həsr edilmiş “Ah, bu uzun sevda yolu” tamaşasının premyerası olub. Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri iki hissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanana səhnə əsərində əsas rolları Əməkdar artistlər Anar Heybətov (Müşfiq) və Münəvvər Əliyeva (Dilbər) canlandırıb.

 

Digər rollarda Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Ayşad Məmmədov, Elşən Rüstəmov, Mehriban Xanlarova, Elşən Cəbrayılov, aktyorlar Elnar Qarayev, İlyas Əhmədov, Vüsal Mustafayev, Xədicə Novruzlu və Rada Nəsibova ifa ediblər.

Maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol