Millət vəkili şəhid Elşad Qurbanovun ailəsi ilə görüşdü
Qənirə Paşayeva: "Sizin kimi ailələrlə qürur duyuruq"
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Əyyublu kənd sakini, Vətən Müharibəsinin şəhidi Vahid Qurbanovun valideynləri Elşad Nurəddin oğlu Qurbanov və Nurlana Əli qızı Babayeva ilə görüşüb.
Versus.Az xəbər verir ki, Komitə sədri Şəhid valideynlərini düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Oğlunuz Vahid Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. Oğlunuz Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Bu medallar oğlunuza, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, habelə Füzuli və Xocavənd rayonıarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında fədakarlıqla iştirak etdiyinə görə verilib. İndi onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid valideynlərisiz. Əziz şəhid valideynləri, Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm”!
Q.Paşayeva şəhid valideynlərinə Mədəniyyət Komitəsi adından Məktub və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"