“Müxalifət şou göstərisindədir hələ ki” - MÜSAHİBƏ

15:44 08-10-2018 | icon 931 | Siyasət
“Müxalifət şou göstərisindədir hələ ki” - MÜSAHİBƏ

 

Fuad Əliyev: “İqtidar müxalifətlə dialoq yaratmaqla yanaşı, müxalifətdə olan savadlı, bacarıqlı kadırlardan istifadə etməlidir”

 

 

ALDP sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi

 

 

 

- Fuad bəy, bu gün “Qarabağ mitinqi lazımdırmı” sualı ətrafında müzakirələr aparılır. Qarabağ mitinqini bu formada müzakirəyə çıxarmaq  nə dərəcədə düzgündür?

 

- Əvvəla onu deyim ki, insan sayından və nöqsanlardan asılı olmayaraq, Qarabağın işğaldan azad olunması tələbi ilə keçirilən mitinq son illərin ən vacib tədbiri idi. Azərbaycan insanı mitinqdə öz torpaqlarının azadlığı uğrunda savaşmağa hazır olduğunu ortaya qoymuş oldu. Mən əvvəl də bu fikrimi bildirmişəm, indi də deyirəm ki, neçə illərdən sonra  keçirilməsinə icazə verilən Qarabağ mitinqi çox izdihamlı olmasaydı da bu, təəssüf doğuracaq amil kimi önə çəkilməməlidir. Yəni hətta meydana 100 nəfər adam da yığışsaydı, bizim üçün uğurlu hesab olunacaqdı. Hesab edirəm ki, bu mitinqlər davamlı olmalıdır. Getdikcə “Qarabağa Azadlıq” şüarı ilə meydana çıxan insanlar böyük bir izdiham yaradıb öz gücünü “Azadlıq meydanı”na çıxara bilər.

 

Təbii ki, sevindirici hal idi ki, iqtidar bu mitinqə icazə verdi . Hər kəs gördü ki, əvəllər keçirilən mitinqlərlə müqayisədə Qarabağ adına olan tədbirdə iştirakçıların sayı qat-qat çoxdur. Və onlar heç bir siyasi partiyanın sifarişi ilə deyil, meydana Qarabağ sevgisi ilə gələn insanlar idi. Bəli, burada texniki nöqsanlar da var idi. Amma bunlar elə də ciddi problemlər  deyil. Yəni çıxışlar, çağırışlar çox normal idi. Əsas odur ki, tribunaya çıxan heç kəs uzun, pafoslu çıxışlar etmədi. Çıxışların daha çox Qarabağ şüarları altında davam etməsi tədbirin əsas məqsədinin ictimaiyyətə təqdim olunmasında vacib rol oynadı.  Orda heç kəs təmsil olunduğu qurumun, partiyanın adını çəkmədi. Amma  razılaşdırılmayan şüarlar da səsləndi. Qarabağ Komitəsində razılaşma var idi ki, meydanda “Qarabağ!”dan başqa şüarlar səslənməsin. Kimsə əldə olunan bu razılaşmanı pozdusa, bu da onun öz məsuliyyətinə daxildir. Fikir verdinizsə, mitinq iştirakçıları başqa şüarlar səsləndirənlərə qarşı öz əks cavabını  verirdi.

 

Ümumən mitinq yaxşı keçdi. Bütün hallarda mən Qarabağ mitinqi ətrafında aparılan bu cür müzakirələri qəbul etmirəm. “Qarabağ məsələsi meydanda həll olunmayacaq” deyib bu mitinqi aşağılamaq olmaz. Mitinqdən sonra belə bir müzakirə açmaqla insanların hissləri ilə oynamaq istəyənlərə acıyıram, təəssüf hissi keçirirəm.

 

Nəhayət hamı anlamalıdır ki, bu məsələ hamımızın məsələsidir. Burda nə iqtidar, nə müxalifət, nə də müxalifətdə “ana”lıq etmək istəyənlərin mənəmliyi keçmir.  Bu gün biz hamımız qarabağlıyıq. Bizim şəhidlərin, ana bacılarımızın, ata-babaların, öldürülən körpələrin qanı o torpaqlarda batmamalıdır. Bu qədər torpaq itkisinə və soyqırıma məruz qalan insanların qarşısına çıxıb necə deyə bilərən ki, sənin meydana çıxıb Qarabağa azadlıq tələb etməyin lazımsızdır, yaxud bu mitinq heç nəyi dəyişməyəcək? Bu, düzgün yanaşma deyil.

 

Beynəlxalq qurumların, eləcə də ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti bəllidir. Biz beynəlxalq qurumların ikili yanaşmalarına etiraz etməklə yanaşı, kütləvi tədbirlər keçirib Qarabağa azadlıq istəməliyik. Xalqın öz torpaqlarını geri qaytarmaq istəyinə şübhə ilə yanaşmaq kökündən yanlışdır.

 

 

“Keçmişlə yaşayan siyasətçilərin çıxışları, şüarları eynidir”

 

 

- Sizcə mitinqlərdə yeri gəldi-gəlmədi “istefa” qışqırmaq nəyin göstəricisidir, siyasətçinin sözünün qurtarması, yoxsa müasir dövrün tələblərinə uya bilməməsi?

 

- Gəlin ondan başlayaq ki, bu gün siyasi düşərgədəki siyasilərin çoxu 1988-ci il hadisələrindən gələnlərdir. Gənc siyasətçilər yetişməyib. Çox az qism siyasətçi müasir dövrlə ayaqlaşa bilir. Keçmişlə yaşayan siyasətçilər isə dəyişməyib, onların çıxışları, şüarları da eynidir.

 

Amma razılaşmalıyıq ki, son mitinqdə təkcə partiya üzvləri olmayıb. Burda Qarabağ Veteranlar Cəmiyyətinin, ayrı-ayrı ictimai təşkilatların üzvləri, Qarabağ döyüşçüləri, şəhid ailələri iştirak ediblər. Sözsüz ki, onlar meydana Qarabağa azadlıq istəməyə gəlmişdilər. Təbii ki, orda başqa bir şüarın səslənməsi yersiz idi. Ona görə də iştirakçılar buna narazılıq edərək “biz Qarabağ mitinqinə dəstək verməyə gəlmişik, bizi siyasi oyunlara qarışdırmayın” dedilər.

 

Gəlin hazırda düşmən ölkədə gedən proseslərə nəzər salaq. Artıq bir neçə aydır söhbətlər gedir ki, Rusiya işğal altında qalan rayonların geri qaytarılması üçün Ermənistana təzyiqlər edir və belə bir vaxtda Ermənistan rəhbərliyində istefalar başlayıb. Hakimiyyətdə razılığa gəlinib ki, dekabrda seçkilər keçirilsin, Paşinyan, nazirlər istefaya getsinlər. Bu onu göstərir ki, düşmən lazım olanda birləşir. Biz isə hələ Qarabağla bağlı mitinqdə birlik nümayiş etdirə bilmirik.

 

Bu günlər saytda oxuyuram, Siyavuş Novruzov da deyir ki, Qarabağ stadionda həll olunan məsələ deyil. Bəli, əgər stationda həll olunmayacaqsa, onda bizə “Azadlıq meydanı”nı verin, öndə də özünüz dayanın.

 

 

“İstefa” deyənin arxasında milli gücü olmalıdır”

 

 

- Mitinqdə müşahidə olunan nöqsanların fonunda əksər siyasətçilərin prosesə 88-ci ildən qatıldıqlarını, hələ də köhnə ampluadan çıxış etdiklərini vurğuladınız. 1988-dən 2018-ə qədər olan illər ərzində hansı yanlış təcrübələr bu siyasətçilərin ictimai-siyasi inkişafına maneə törətdi?

 

- Həmin dövrdə bir çox siyasətçilər xalq hərəkatının üzvləri kimi siyasətə qatıldılar. Halbuki bu hərəkatın liderləri ziyalılar və digər başqa şəxslər idilər.

 

- İndiki proseslərə, müxalifətin fəaliyyətinə, bir-birinə münasibətinə baxanda görünən odur ki, xalq hərəkatının dalğası ilə üzə çıxan siyasilər “köpük” olaraq qalır.

 

- O dövrlər həmin dalğada üzə çıxan siyasi liderlər öndə dayanan ziyalıları kənara itələyib özlərini qabağa verdi və xalq hərəkatının başına keçdilər. Beləcə, ziyalılar qırağa çəkildilər və həm yaş, həm də siyasi biliklər baxımından təcrübəsiz insanlar qabağa keçdilər. Onların bəziləri müəllim, bəziləri şair və yaxud da başqa sahələrdən olan adamlar idi. Belə bir təcrübə və gərginliyi ilə müşahidə olunan mövcud regional vəziyyətdə demokratik dövlət qurmaq mümkün ola bilməzdi. İllər kçib, sözsüz ki, artıq bəziləri siyasi baxımdan müəyyən təcrübə toplamış aparıcı simalardır. Bir çoxu isə hələ də həmin o 88-90-cı illərdə qalıblar. Fikirləşirlər ki, bir dəfə “istefa” desələr, kimsə hakimiyyətdən çıxıb gedəcək. Unudurlar ki, müasir insan artıq əsaslı, məntiqli arqument olmadan belə şüarları qəbul etmir.

 

Digər tərəfdən, “istefa” şüarı həddən artıq ucuzlaşıb. “İstefa” deyənin arxasında milli gücü olmalıdır. Mitinqə gələn 500, 1000, lap 5000 nəfər istefa tələbini yerinə yetirəcək qüvvə deyil.

 

 

“Müxalifətin o tədbirdə bilik göstərə bilməməsi təəssüf doğurur”

 

 

- “Qarabağla bağlı bütün müxalifət vahid mövqedədir” deyən bir çox partiyalardan da mitinqlə bağlı əks mövqelər səsləndi.

 

- Əgər Qarabağa dair 2-ci, 3-cü mitinqlər alınsa, biz artıq insanların nə istədiyini görəcəyik. Hələlik dəyişən heç nə yoxdur. Amma təbliğat pis getmədi. Bu günlərdə ingilis dilli saytlardan oxudum ki, artıq Azərbaycanda Dağlıq Qarabağ məsələsi qaldırılır və sair. İstər-istəməz rəylər yazılır və məsələ müzakirə olunur.

 

Qarabağı mitinqlərdə gündəmə gətirmək lazımdır və düzgündür. Müxalifətin o tədbirdə bilik göstərə bilməməsi isə təəssüf doğurur və hesab edirəm ki, bu cür yanaşmalarla biz daha çox uduzmuşuq.

 

- Qarabağ mitinqini oyun adlandıranlar da oldu.

 

- Bunu deyən adamlar konkret ad çəkməlidir. Mən belə şeylərə inanmıram. Hakimiyyətdə də ağıllı adamlar var. Onlar da bu günkü şəraitə baxırlar və görürlər ki, bəli, Qarabağ mitinqinə ehtiyac var. Qarabağ mitinqi haqqında şübhəli fikirlər  səsləndirməyi pis qarşılayıram.

 

- Xalq hərəkatının dalğasında siyasətə gələn müxaliflərə qarşı etimadsızlığı yaradan səbəblər niyə aradan qaldırılmadı?

 

- Bilirsiz, Heydər Əliyevin vaxtında müxalifətdə olan siyasətçilərə ən azı müəyyən televiziyalarda çıxış etməyə imkan yaradılırdı. İndi isə bu imkan yaradılmır. Artıq həmin dövrdə seçkilərə gedən sədrlər parlamentdə oturmaq üçün istər-istəməz iqtidarla razılığa gedib, müəyyən məsələlərdə öhdəlik götürdülər. Bizdə bunlara “satqın” möhrü vurdular. Bu, müxalifət partiyaları arasında bu gün də davam edir. Kimlərsə parlamentdə getməmək barədə ümumi razılaşma əldə edəndən sonra seçkilərə getdiyi üçün çox savaşlar getdi. Müxalifətdə AXCP ilə Müsavat partiyası arasındakı qalmaqalların çoxu bu üzdən baş verirdi. Əksər birliklər də bu üzdən dağıldı.

Xaricdə müxalifətin iqtidarla razılığa gedib müəyyən öhdəliklər götürməsi normal qəbul olunur. Bizdə isə bunu satqınlıq kimi qəbul edirlər. Ola bilər ki, dövrün tələbinə görə bu normaldır. Bəlkə də cəmiyyətdə özünü təsdiq etməyən müxalifət partiyasının parlamentə düşüb sakit durması normal olaraq belə qarşılana bilər. Bəzi siyasətçilər tarixdə qalıb, siyasətlə məşğul olmur. Buna da bir don geyindirilir. Amma mən bu siyasətçilərin satılaraq kənara çəkilməsinə də inanmıram. Sadəcə müəyyən dövrdə siyasətçilərin bəziləri nəyisə qurban verib nəyəsə gedirdilər.

 

Mən bir partiyanın parçalanıb yeni partiyaların yaranmasına, üzvlərinin ayrılıb özlərinə yeni təşkilatlar yaratmasına da pis baxmıram. Bu təcrübə istənilən inkişaf etmiş ölkələrdə var. Məsələn, Yaponiyada Liberal Demokrat Partiyası 56-cı ildən var və bu günə qədər də onun daxilindən çoxlu sayda siyasətçilər ayrılaraq öz təşkilatlarını yaradıblar.

 

 

“Mən mer vəzifəsinə iddialıyam”

 

 

- Yaponiya təcrübəsini Azərbaycanla necə müqayisə etmək olar?

 

- Təbii ki, bu məsələdə şərait, yer və məkan, düşdüyün vəziyyət, ictimai-siyasi şərtlər də əsas götürülməlidir. Bizim 88-ci ildən sonra dövrün tələbinə uyğun olaraq vahid güc kimi birləşə bilməməyimiz, “mənəm”lik iddiası, şəxsi ambisyalar bir partiyadan neçə partiya yaranması, parçalanmalar, ən mühüm məsələlərdə razılaşıb vahid güc kimi çıxış etməməyimiz müxalifəti daha da zəiflətdi və onun nüfuzdan düşməsinə bir çox hallarda bir-birini ittihamlamasına gətirib çıxardı. Siyasi fəaliyyətdə olanların bir çoxu kənara çəkildi və heç bir fəaliyyətləri yoxdur, qalanlar isə hələ də bir-birini ittihamlamaqda davam edir.

 

Azərbaycanın tarixi xəritəsinə baxın, ərazisi bu qədər böyük olan dövlət məhz xanlıqların birləşə bilməməyi üzündən parçalandı və işğal olunub zəbt edildi. Həmin bu proses bu gün də davam edir. Bu xarakterli yanaşma bizi yalnız məğlubiyyətə aparır. Parçalandıqca itirdik və itiririk. Bunlar olmasın deyə, hakimiyyət müxalifəti danışıqlar masasında birliyə çağırmalıdır. Müxalifət güclərini birləşdirməlidir. Ən azı Qarabağ məsələsində yekdil olmalıyıq. Digər tərəfdən, bizim yaxşı kadrlarımız var. Eləcə də digər partiyalarda intellektli siyasətçilərin yetişdiyini müşahidə edirəm. Misal olaraq, böyük məmnuniyyətlə AĞ Partiyanın sədri Tural Abbaslının adını qeyd edə bilərəm. Onun siyasi proseslərə baxışında siyasətçiyə məxsus müsbət keyfiyyətləri görmək olar.

Hesab edirəm ki, iqtidar müxalifətlə dialoq yaratmaqla yanaşı, müxalifətdə olan savadlı, bacarıqlı kadırlardan istifadə etməlidir. Bizim icra hakimiyyətlərində, müəyyən dövlət strukturlarında işləyə biləcək kadrlarımız var. Bu cür təyinatlar həm də dövlət strukturlarında işin düzgün aparılması üçün nəzarəti tənzimləyə bilər.

 

- Müxalifətdən olan partiya mənsublarının parlamentdə olması bu mənada nəyi ifadə edir?

 

- Millət vəkilliyi vəzifə deyil. Heç nazir də onların telefonunu qaldırmır. Biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib, seçkilərdə iştirak etmək istəyimizi bildirmişik. Çünki mən mer vəzifəsinə iddialıyam. Niyə də olmasın? Düşünürəm ki, öz təcrübəmdən istifadə edərək, Bakı üçün yaxşı işlər görə bilərəm. Bu mənada partiyadan istefa verib, mer seçkilərində iştirak etməyə də hazıram. Belə iddialı kadrlar bizdə çoxdur. İqtidar bizi dialoqa dəvət etsin, biz də öz təkliflərimizlə yanaşı, kadr imkanlarımızı da təqdim edək.

 

 

“Müxalifətdən kiməsə rəqiblik eləsəm, bu mənə xeyir gətirməz”

 

 

- Siyasi sistemdə partiyaların susqunluğu, fəaliyyətsizliyi, sosial gücünün olmaması, “satılmaları”, xəyanətkar adlandırmaları məsələsi artıq illərdir gündəmdədir. Belə bir imici qazanmaq siyasətçilər üçün ürəkaçan hal deyil. Müxalifətin bir-birini ittihamlaması, bir-biri ilə barışmaması nöqteyi-nəzərdən çıxış yolu görünürmü?

 

- Şəxsi ambissiyalar bizim müxalifətdəki bəzi siyasətçiləri ümumi mübarizədən təcrid edib. Bununla yanaşı kim hansı lideri satqın adlandırırsa, hesab edirəm ki, onun özünün siyasi erudisiyası çox aşağı səviyyədədir. Kim ki, başqa birini satqınlıqda ittiham edib ona qara yaxmağa çalışırsa, həmin adamı özünə siyasi rəqib görür. Müxalifətdə olan siyasətçilər daxildə bir-birini rəqib görməməlidirlər. Mən hər kəsə dost kimi yanaşıram, heç kəsə rəqib kimi baxmıram. Ona görə yox ki, mən onlardan güclüyəm. Ona görə ki, bizim hamımızın rəqibi birdir -iqtidar. Mən müxalifətdə olan kiməsə rəqiblik eləsəm bu mənə xeyir gətirməyəcək, əksinə, mənim problemim artacaq. Mənim işim hakimiyyətlədir və mənə kimin satılması, xəyanəti maraqlı deyil. Məsələn, biz prezident seçkilərində iştirak edirdik. Sonra öz daxilimizdə məsləhətləşib qərar verdik ki, Sərdar Cəlaloğluya görə namizədliyimi geri götürək. Dərhal bizə dedilər ki, bunu kimsə tapşırıb. Axı onu deyən özü də seçkidə iştirak edir, belə çıxır ki, onu da kimsə tapşırıb? Bu qədər ucuz yanaşma, düşüncə olarmı? Belə insanların ağlı, savadı yoxdur. Axı biz gedib iqtidarı dəstəkləməmişdik, biz müxalifətdə kifayət qədər təcrübəsi olan Sərdar Cəlaloğlunu dəstəkləmişdik. O da yeganə müxalifət kimi seçkidə iştirak etdi və bizim bütün sözlərimizi efirdən dedi. Biz nəyi pis eləmişik? Deyirlər ki, kimsə tapşırıb ki, belə addım atın. Soruşuram, kim tapşırıb, adını deyin!

 

 

“Cəmiyyət özü sağalmalıdır ki...”

 

 

- Görünür ki, daxildə özünütənzimləməyə ehtiyac var. Özünü tənzimləmənin olmadığı belə bir şəraitdə siyasi düşərgədən yeni nə gözləmək olar?

 

- Heç nə. Birinci növbədə cəmiyyət özü sağalmalıdır ki, müxalifətdə olan partiyalarda daxili tənzimləmə baş verə bilsin.

Müxalifət öz daxilində reformalar aparmalıdır. Daxili neqativləri aradan qaldırmaqla sağlam bir mühit formalaşdırmalıdır. Müxalifət partiyalarında da sağlam seçki və özünə tənqidlə yanaşma və problemlərdən dialoq şəraitində xilas olmaq təşəbbüsləri olmalıdır. Məsələn, bizim gənclər təşkilatının bir üzvünün bizdən ayrılaraq özünə yeni bir təşkilat qurmasını müsbət qarşıladıq. Biz sevinirik ki, bir gənc özünü daha fərqli sahələrdə sınamağa qərar verə bilir. Ona hardasa bizim partiyaya uyğun olmayan ideyalarını kerçəkləşdimək üçün daha geniş sferada iş qurması üçün məkan lazım idi. Cəmiyyətdə belə gənclərə üstünlük verilməlidir. Bu minvalla cəmiyyət özündə olan boşluqları doldura biləcək və dediyiniz o “köpuklər” dağılacaqdır. Yəni hər kəs ağlına, bacarığına görə fəaliyyət göstərməli və verdiyi ağıllı ideya və təklifləri qəbul olunmalıdır. O cümlədən siyasi partiya sədri rəhbərlik etdiyi qurumda ağalıq etmək iddiasında olmamalıdır. O da ağıllı fikirləri dinləməli, lazım gələndə istefa verib yerini daha intellektli gənclərə verməyi bacarmalıdır.

 

- Cəmiyyətin özü özünü bərpası üçün bu gün ona hansısa stimul verilir?

 

- Məsələn, Qarabağ mitinqi. Belə mitinqlərdə kimin kim olduğu göründü. Sabah başqa bir mitinq olanda, birinci mitinqdə narahatlıq yaradan insanlara çıxış etmək üçün yer verilən deyil. Cəmiyyət özü qiymət verəcək. Əgər Fuad Əliyev çıxıb danışanda düzgün fikir söyləməsə, cəmiyyət onu görüb, hansı düşüncədə olduğunu anlayacaq. Bu savadlı adamdırsa, xalq onu irəli çəkəcək. Biz əvvəllər də mitinqlərə gedirdik. 2-3 simadan başqa heç kimi görmürdük. Ortaya yeni adamlar çıxmalıdır və bunu da cəmiyyət özü proseslərdə seçəcək.

 

- “Qarabağ mitinqində iqtidar öndə olmalı idi” tələbi səslənir. Amma müxalifətin əksəriyyəti də orda yox idi. Müxalifət özü yox idisə, bunu iqtidardan tələb etmək nə qədər məntiqli görünür?

 

- Bu icazəli mitinq idi. Sözsüz ki, YAP-ın birinci şəxsləri olmasa da, ən azından tanınmış nümayəndələri mitinqdə iştirak edə bilərdilər. Bu, YAP-ın öz problemidir. Ola bilər ki, 2-ci, 3-cü mitinqlərdə iştirak etdilər. Amma mitinqi bu qədər də aşağılamaq lazım deyildi. Sən bizə “Azadlıq meydanı”nı ver, gör nə olur. Hakimiyyətin özündə də çaşqınlıq var. Tutaq ki, biri tutur, o biri buraxır, 3-cü nə edəcəyini bilmir. Təəssüf ki, Azərbaycan son 10 ildə siyasi cəhətdən qabağa getmək əvəzinə geriləyib. Siyasi plüralizm yoxdur. QHT-lərin fəaliyyələri yoxdur, partiyaların fəaliyyəti ümumiyyətlə sıfıra endi. Demokratik cəmiyyət belə olmamalıdır. Ən azından televiziyada çıxışlarımız, maraqlı debatlar təşkil olunmalıdır.

 

 

“Liderlərin “mənəm” deyib özünü dartmaq kimi xüsusiyyətlər də var”

 

 

- Sizcə debatları kütləvi tədbirlərdə təşkil etmək olarmı.  Bütün sədrlərin iştirakı ilə keçirilən bir tədbiri nəzərdə tuturam.

 

- Gələcəklərmi həmin adamlar?!. Şəxsi ambissiyaları buna imkan verməyəcək. Belə debatlar saytlarda da təşkil oluna bilər.

Bu gün siyasi cəmiyyətdə liderlərin özünü yalandan başqalarına göstərmək, “mənəm” deyib özünü dartmaq kimi xüsusiyyətlər də var.

 

- Hazırki vəziyyəti ümumiləşdirsək, bu gün müxalifət hardadır?

 

- Şou göstərisində. Bu günün tələbləri başqadır. Çox vaxt insanlar görüntü ilə aldadılır. Kənardan fərqli təsürat yaratmaq istəyi ilə dvident qazanmağa çalışırlar. İçi isə boşdur. Biz gözəl xalqıq, gözəl millətik, amma bu da var, bilmirəm buna nə ad qoyum.

 

- Xaraktersizlik.

 

- 70 il ərzində sovet hökuməti bizim milli-mənəvi dəyərlərimizin pozulmasına xidmət etdi, 25 il müstəqilliyimizdə isə bu hakimiyyət. Müasirlik, avropalılığa radikal yanaşmalar var. Görürsən ki, elə adamlar çıxıb televiziyada insanlara “dərs” keçir ki, nə deyəcəyini bilmirsən. Üzdəniraq kimi tanınan biri telekanalda aparıcı kimi mənəviyyatdan danışır. Televiziyalarda elə verilişlər aparırlar ki, özündən utanırsan. Belə şey olar? Axı bizim 100-150 illik dərin köklərə dayanan milli-mənəvi dəyərlərimiz var. Qabaq tamam başqa idi. Kişinin ağzından çıxan söz qanun idi. Əgər bir söz deyirdisə, deməli bu olacaq. Artıq bu yoxdur. Bu gün danışırsan, razılaşırsan, iki gün keçir verdiyi sözdən imtina edir.

 

- Partiyaların vahid məxrəcə gəlməsini mümkün sayırsız?

 

- İndiki vaxtda heç nə alınmayacaq. Bəlkə növbədən kənar seçki baş versə  2-3 blok yarana bilər. Ola bilər ki, kimlərsə bizim ətrafımızda birləşsin, yaxud biz kiminsə ətrafında birləşək. İstərdim ki, bütün partiyalar, ictimai-siyasi fəallığı olan insanlar bir-birini ittiham etməni kənara qoyub, bir araya gəlsinlər.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol