Məşhur Ukrayna xalq mahnısı “Şedrik”in Azərbaycan xalq çalğı alətləri ilə səsləndirilməsi musiqi həvəskarları üçün əsl Yeni il sürprizi oldu. Tarda milliyyətcə ukraynalı olan Kanada vətəndaşı Polina Desyatniçenko ifa edirdi.
Hazırda Polina Harvard Universitetinin elmi işçisidir. 2017-ci ildə Toronto Universitetinin elmlər doktoru adını alıb. Onun doktorluq işi isə Azərbaycan muğamına həsr olunub.
Artıq bir müddətdir ki, P.Desyatniçenko Bakıdadır. O, Azərbaycanın musiqi mədəniyyətini öyrənir və muğam haqqında kitab yazır.
P.Desyatniçenko Azərbaycan musiqisinə olan sevgisini fortepiano müəlliminə borclu olduğunu bildirib:
“Mənim fortepiano müəllimim azərbaycanlı Maya Cəfərova olub. Onun Kanadada öz musiqi məktəbi var. Mən Toronto Konservatoriyasında təhsil alarkən Maya xanımın dərslərində iştirak etmişəm. O, məni Qara Qarayev, Vaqif Mustafazadə, Adil Bəbirov kimi görkəmli Azərbaycan musiqiçilərinin əsərləri ilə tanış edib. Elə o zamandan bəri bu musiqilərə heyran olmuşam”.
Polina xanım məhz bu tarixi günlərdə Azərbaycanda olduğu üçün özünü şanslı sayır:
“Bu tarixi günlərdə Azərbaycanda olmağım mənim üçün şərəfdir. Fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını böyük qələbə münasibətilə təbrik edirəm. Allah bütün şəhidlərə rəhmət etsin və ailələrinə səbr versin. Müharibə günlərində mən də bütün azərbaycanlılar kimi çox həyəcanlı idim. Mənim yaxınlarım, dostlarım arasında döyüşlərdə iştirak edən insanlar var.
Həm də mənim həyat yoldaşım əslən Qarabağ bölgəsindəndir. Öz elmi işimdə mən Qarabağ, bu torpaqların muğamın beşiyi olması haqqında geniş məlumat vermişəm. Qarabağ muğamın ürəyidir. Əminəm ki, torpaqların geri alınması Azərbaycan mədəniyyətinin inkişafına da müsbət təsir göstərəcək. Mən artıq Qarabağda maraqlı musiqi layihələri təşkil etmək barədə düşünürəm. Bütün dünya Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmalı, bu mədəniyyətin tolerantlıq, dostluq və sülh kimi dəyərlər üzərində qurulduğunu bilməlidir”. /media.az/