“Bu gözləntilər nə qədər çox olursa, o qədər də tənqidi münasibət özünü göstərir” - MÜSAHİBƏ

11:52 15-01-2021 | icon 394 | KİV
“Bu gözləntilər nə qədər çox olursa, o qədər də tənqidi münasibət özünü göstərir” - MÜSAHİBƏ

Vüqar Zifəroğlu: “...Əgər mənim bir profilim varsa, mən orda istədiyimi, ağlıma gələni yaza bilmərəm”

 

Medianın cəmiyyətdə rolu mövzusu hər zaman öz aktuallığını saxlayır. Cəmiyyətin bütövlükdə inkişaf prosesi media qurumlarının daim özünü yeniləməsi, dövrün tələblərinə uyğun olaraq operativlik və dəqiqliyi artırmasını tələb edir.

 

Versus.Az xəbər verir ki, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu müsahibəsində bu və ya digər məsələlərlə bağlı maraqlı nüanslara diqqət çəkib.

 

- Vüqar müəllim, mediamızın bugünkü mənzərəsi hansı keyfiyyətləri özündə formalaşdıra bilib?

 

- Azərbaycan mediası çox böyük tarixi inkişaf yolu keçib. Keçdiyi bu inkişaf yolu sözün əsl mənasında şərəfli bir tarixdir və böyük bir səlnamədir. “Əkinçi”dən başlanan bu yol, Azərbaycan mətbuatının, Azərbaycan jurnalistikasının şanlı bir tarixi kimi dəyərləndirilir. Bizim böyük publisistlərimiz, məktəb yaratmış mətbuat nümunələrimiz var. Müasir dövrdə də mən deyərdim ki, Azərbaycan mediası öz ənənələrindən çıxış edərək, öz ənənələrinə sadiqlik nümayiş etdirərək bu gün də fəaliyyət göstərir. Təbii ki, söhbət professional jurnalistikadan gedir. Öz kökünə istinadla, əsas meyarları, dəyərləri unutmamaqla bu gün Azərbaycan mediası yeni tendensiyaları özündə ehtiva etməklə fəaliyyətini davam etdirir.

 

- Media həmçinin həmişə tənqid hədəfindədir. Daim öz problemlərini önə çəkir və daim təkmilləşməyə ehtiyac duyur. Medianın özünü tənqid hədəfinə alması nəyi ifadə edir?

 

- Ümumiyyətlə, medianın tənqid hədəfində olması təkcə Azərbaycan üçün xarakterik xüsusiyyət deyil. Bu tendensiya başqa ölkələrdə də var. Ümumiyyətlə, həmişə, hər zaman jurnalistikaya, mediaya müəyyən mənada bir tənqidi münasibət olub. Bu, ilk növbədə medianın özünün funksiyalarından, ozünün oynadığı roldan irəli gələn bir məsələdir. Həsən bəy Zərdabi hələ “Əkinçi”də yazırdı ki, hər media öz cəmiyyətinin aynasıdır. Hər hansı bir cəmiyyət haqqında fikir bildirmək istəyirsənsə, ilk növbədə onun mediasına, mətbuatına baxacaqsan. Çünki orda baş verənlərin hamısı həmin o mediada əks olunur. Bu mənada həmişə mediadan tələb və gözlənti çox olub. Bu gözləntilər nə qədər çox olursa, o qədər də tənqidi münasibət özünü göstərir. Biz hətta müxtəlif dövrlərdə yaşamış ədiblərin, ziyalılarının, publisistlərin medianı tənqid edən baxışlarını misal gətirə bilərik.

 

- Vüqar müəllim, siz bir qədər əvvəl medianın “güzgü” rolundan danışdız. Necə hesab edirsiz, bu gün cəmiyyət mətbuata güzgü tutur, yoxsa mətbuat cəmiyyətə?

- Əslində media, mətbuat cəmiyyətə güzgü tutmalıdır. Amma qeyd etməliyəm ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə professional və həvəskar jurnalistika, yaxud professional media və ya sosial media, sosial şəbəkələr arasındakı vacib olan o qırmızı xətt - sərhəd itməkdədir. Bu, yaxşı hal deyil. Yəni biz bilirik ki, professional medianın özünün dəyərləri, normaları, prinsipləri var. Ümumiyyətlə, jurnalistikanın ali dəyərləri mövcuddur. Və professional jurnalistikada bu dəyər və normalara istinad edilir. Əks tərəfdə isə biz bunu müşahidə etmirik. Nəticədə biz 21-ci əsrdə artıq “informasiya ekologiyası”, “informasiya manipulyasiyası”, terminindən, “dezinformasiya”, “feyk xəbər” anlayışından istifadə edirik. Nəticədə informasiya alış-verişini asanlaşdıran, sadələşdirən və istənilən şəxsi bu informasiya bazarında bir subyektə çevirən texnologiyaların sayəsində jurnalistikanın prinsipiallığının, professionallığının əfsuslar olsun ki, müəyyən mənada arxa plana keçdiyini görürük. Artıq burda cəmiyyət güzgü rolunu oynayır. Halbu ki, biz, professional jurnalistlər öz fəaliyyətimizlə, öz peşəkarlığımızla, o dəyərlərə sadiqliyimizlə, o prinsip və normalardan çıxış edərək fəaliyyətimizlə bunun qarşısını almalıyıq.

 

- Media ekspertləri bu fikirdədir ki, bu gün dünyada media ilə bağlı krizis yaşanır. Medianın komersiallaşması ilə bağlı acı nəticələrin aradan qaldırılması üçün bir sıra işlər görülüb və informasiya kommunikasiya texnologiyalarının inkişafı cəmiyyətin məlumatlanması üçün ağlagəlməz imkanlar açıb. Amma informasiya axınının sürətlənməsi insanın məlumatları “həzm etməsinə” imkan vermir. Yəni bir yandan çoxlu məlumatlar alırsan, amma heç bir bilgin olmur. Medianın bu yöndə hansı nizamlanmaya ehtiyacı var?

 

- Biz “informasiya budurmu” ilə yaşayırıq. Hər yerdən informasiya alırıq. Məsələ burasındadır ki, bunları hansı etibarlı, hansı etibarsızdır, hansı doğrudur, hansı yalandır, hansına inanmaq olar, hansına yox, hansı obyektivdir, hansı subyektivdir parametrləri üzrə fərqləndirmək çətin olur. Mən bunu xüsusi vurğulamalıyam ki, burda ilk növbədə medianın özünün fəaliyyəti, jurnalistikanın fəlsəfəsi, mahiyyəti ilə bağlı, həm də bir maarifləndirmə bir işinin təşkili çox önəmlidir.

Məsələn, İngiltərədə orta məktəblərdə “Media savadlılığı” dərsləri tədris olunur. Bu praktikadan qardaş Türkiyədə də istifadə olunur. Əgər biz bu gün əlimizdə Smartfon gəzdiriksə, əgər biz bu informasiya alış-verişini sürətləndirən, mən deyərdim ki, sərhədsiz edən müxtəlif proqramlardan istifadə ediriksə, həm də bunlardan doğru və savadlı şəkildə necə istifadə olunduğunu bilməliyik. Bu isə yenə də maariflənmədən keçir.

 

- Bu, eyni zamanda “Vətəndaş jurnalistikası”nın inkişafına apara bilər…

 

- Əlbəttə, birmənalı şəkildə. Bir analogiyanı aparım. Məsələn, bizim 44 günlük Vətən Müharibəsi dövründə, içi mən qarışıq sosial şəbəkə istifadəçilərinə nə qədər müraciətlər edildi. Hətta dövlət orqanlarımızın da müraciətləri oldu. Hər birimiz bu vurğunu ifadə edirdik: sosial məsuliyyət hissini unutmayın! Yəni əgər mən hansısa sosial şəbəkədə qeydiyyatdan keçmişəmsə, əgər mənim bir profilim varsa, mən orda istədiyimi, ağlıma gələni yaza bilmərəm! Çünki mən həm də bir sosial məsuliyyət daşıyıram axı. Belə incə, amma son dərəcə vacib məqamları insanlarımıza çatdırmaq lazımdır. Onlar bilməlidirlər ki, əslində söz azadlığı, fikir azadlığı heç də o demək deyil ki, sən yalan, qeyri-ciddi informasiyalar yaya bilərsən və sair. Bu heç də o demək deyil.

 

- Problemə medianın dünənindən baxsaq, çap mediasının indiki durumu necədir və indiki  məqamda çap mediasının mövcud problemlərdən çıxış yolunu nədə görürsüz?

 

- Mən o pessimist fikri bölüşmürəm ki, press-media tamamən sıradan çıxacaq. Press-media hər zaman qalacaq. Bəli, press-medianın təsiri olduqca zəifdir və bunun da obyektiv səbəbləri var. Amma bu, əsla o demək deyil ki, Press-media tarixə qovuşacaq. Mən bir müqayisə aparmaq istərdim: hələ televizor icad ediləndən sonra belə bir fikir ortaya atıldı ki, kinoteatrlar sıradan çıxacaq, kinoya, teatra gedən olmayacaq, adamlar film-tamaşaları evində izləyəcəklər. Və yaxud, radio ilə televiziyanın belə bir müqayisəsini aparırdılar. Yeri gəlmişkən, radio-televiziya ilə yenə də press-medianın belə bir müqayisəsini aparırdılar. Amma gördüyünüz kimi, bunlar hamısı qalır.

Amma sizin suala başqa aspektdən yanaşsaq, bəli, əfsuslar ki, bu gün press-media təsir imkanlarını itirib.

Bunun obyektiv səbəbinin başında internet medianın inkişafı durur. Biz internet, informasiya əsrində yaşayırıq. İstənilən şəxs daha çevik, daha rahat, daha sürətli, operativ şəkildə məlumatlanmaq istəyir. Çeviklik, operativlik baxımından press-media, onlayn mediaya uduzmağa başlayır.

 

- O zaman internet medianın üstələdiyi çap mediasını canlandırmaq üçün nə edilməlidir?

 

- Artıq burda yanaşma dəyişməlidir. Xəbərləmə, artıq press-mediada öz mövqeyini itirib. Məsələn, Türkiyədə hansı modeldən istifadə edilir. Və yaxud, ənənəvi olaraq hər zaman qəzetə dəyər verən İngiltərəni götürək. Hər gün bir ingilis səhər yeməyində əlində bir qəzet tutmalıdır. Bu, ənənədir. Məsələn, onlar press-media vasitəsi ilə daha çox araşdırma, analitik janrlara üstünlük verməyə başlayıblar. Xəbər jurnalistikası baxımından press-medianın müasir dövrdə hansısa professional informasiya portalı ilə rəqabət apara bilməsi mümkün deyil. Deməli, press-media araşdırma və analitik məqalələrinə, açıqlamalara, maraqlı müsahibələrə üstünlük verməyə başlayır.

İkinci tərəfdən, hər bir press-medianın özünün internet məkanına transformasiyası baş verir. Hazırda bizim nə qədər qəzetlərimiz var ki, onlar onlayn platformada təmsil olunurlar. Biz burda artıq konfidensial jurnalistikadan danışırıq. Yəni bir media təsisatı müxtəlif formatlarda, janrlarda manevr etməklə öz auditoriyasını əlində saxlayır. Hansısa press-media bu iki qaydaya riayət etsə, onun üçün heç bir problem yoxdur. Xəbərləmənin müasir formalarından istifadə etməklə öz auditoriyasını saxlaya bilər.

 

- Siz də qeyd etdiniz ki, son illər sosial media ənənəvi medianı üstələyib. Sizcə ənənəvi mediadakı hansı boşluqlar bu prosesi yarada bilib?

 

- Qanunvericiliklə bağlı məsələyə baxsaq, bizdə müəyyən maddələr var ki, onlar prinsip etibarı ilə sosial medianın da tənzimlənməsinə şamil edilə bilir. Tutaq ki, burda söhbət böhtandan, şərəf və ləyaqətin alçaldılmasından, günahsızlıq prizumsiyasından gedir və sair. Prinsip etibari ilə bu tənzimlənmə var. Media haqqında yeni qanun da qəbul olunub. Bu gün əsas məsələ medianın müxtəlif platformalarda fəaliyətinin tənzimlənməsidir. Bu nəyə görə vacibdir: biri var fərdin məsuliyyəti, mən bayaq bunu dedim. Biri də var medianın məsuliyyəti. Bu daha böyükdür, daha ağırdır, daha şaxəli və genişdir. Ona görə də biz həmişə demişik ki, jurnalistika cəmiyyətə təsir etmək gücünə malik olan sosial-siyasi institutdur. Və bir institit, təsisat olaraq onun cəmiyyətə çox ciddi təsir qüvvəsi var. Bu təsir qüvvəsindən çıxış edərək bunun həm də bir məsuliyyəti var. Bu anlamda həmin o platformalar üzərindən fəaliyyətin qurulmasında da müəyyən məqamlar öz əksini tapmalıdır. Bir məqamı da qeyd etmək istərdim ki, artıq dünyada bu proses gedir. Biz həmişə deyirik ki, informasiya təhlükəsizliyi vergi təhlükəsiliyinin ən vacib kompanentidir. İnformasiyanın nəyə qadir olduğunu əslində biz çox gözəl bilirik.


- Belə fikirlər var ki, bu gün oxucu ilə qəzet arasında böyük “sərhədlər” var. Bu “sərhədlərin açılması”, daha çox nədən asılı ola bilər?


- Burda söhbət ondan gedir ki, maraqların nəzərə alınması baxımından, mediamı cəmiyyətin dalınca sürünməlidir, yoxsa cəmiyyət medianın dalınca getməlidir. Düşünürəm ki, burda qızıl ortamı tapmaq lazımdır. Söhbət cəmiyyətin maraqlarını nəzərə almaqla onun maarifləndirilməsi və bilgiləndirilməsinə yönəlik peşə fəaliyyətinin qurulmasından gedir. Əgər cəmiyyət sırf sensassiya dalınca qaçsa, əgər media maarifləndirməni və obyektiv bilgiləndirməni kənara qoyaraq yalnız aypi (İP) yığmaq xətrinə dezinformasiyalar, feyklər versə, o zaman o cəmiyyətin özünün gələcəyi nə olar? Biz həmişə demişik ki, jurnalistikanın əsas funksiyalarından da biri bilgiləndirmək və maarifləndirməkdir. Bax, bu finksiyalardan irəli gələrək, eyni zamanda cəmiyyətlə paralel getmək lazımdır. Cəmiyyətin maraqlarını nəzərə almaq, cəmiyyəti anlamaq və bundan çıxış edərək nəyisə anlatmaq..


- Vüqar müəllim, KİVDF-nin əsasında Medianın İnkişafı Agentliyi yarandı. Bu, çap mediası ilə bağlı hansı yeni yanaşmaları önə çəkəcək. Bu mənada yenilənməni necə dəyərləndirirsiz?

 

- Mənə elə gəlir ki, hər bir jurnalistimiz bu fikirlə razılaşar ki, dövlətimizin istər sosial problemlərin həllindən tutmuş, medianın özünün professional fəaliyyətini daha daha rahat qurmaları ilə bağlı istənilən məsələdə hər zaman həssas yanaşıb öz dəstəyini göstərib. Yeni yaranan Agentliyimiz qlobal informasiya məkanında baş verən yeni tendensiyaları izləmək, o çağırışlara bizim medianı hazırlamaq, o çağırışlara bizim mediamızın daha proffesional şəkildə öz fəaliyyətlərini qurmaq, onlarda stimul yaratmaq baxımndan son dərəcə vacib qərardır. Bu haşiyəni çıxmağa özümə borc bilirəm: Zatən KİVDF-də son aylarda müsbətə doğriu çox ciddi hərəkətlənmə, fəaliyyət görürdük. KİVDF-nin bazası əsasında yeni yaranan bu Agentliyin əslində, mediamzın inkişafına töhfələr vermək baxımından manevr imkanları da geniş olacaq. Düşünürəm ki, medianın inkişafında son dərəcə əhəmiyyətli bir rol oynayacaq. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı