“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

15:26 15-01-2021 | icon 790 | Siyasət
“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Razi Nurullayev: “Bu məsələnin siyasi həlli yolu var və o istiqamətdə müəyyən proseslər gedir”

 

44 günlük Vətən Müharibəsindən sonra regionun geopolitik mənzərəsi yeni müstəviyə keçib. Ölkə ictimaiyyəti Qarabağın tam olaraq erməni silahlı birləşmələrindən azad olunması, bütün ərazilərimizdə Azərbaycan qanunlarının bərpası fonunda cərəyan edən proseslərin gedişini  birmənalı qarşılamır.

 

Millət vəkili, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev Versus.Az-a müsahibəsində maraqlı məqamlara diqqət çəkib.

 

“Hakimiyyəti ən çox tənqid edənlərdən biriyəm, amma...”

 

- Razi bəy, Moskva görüşündən sonra regionla bağlı aparılan bəzi təhlil və mülahizələrdə vəziyyətin heç də ürəkaçan olmadığı ortaya qoyulur. Hazırki proseslərin gedişi nəyi göstərir?

 

- Bəziləri bilmir qazanda nə bişir, deyir bir çömçə də mənə çək. 

Bir çoxları siyasi prosesləri izləmədən, məlumatı olmadan,  düzgün nəticə çıxarmadan, ürəklərindən keçənləri deyir. Bəziləri isə məqsədli şəkildə bu prosesə kögə salmaq istəyir. Əslində isə biz Ermənistan mətbuatı ilə Azərbaycan mətbuatını yanaşı qoyub müqayisə aparsaq, görərik ki, analoji məsələ orda da müzakirə olunur. Ermənilər deyir ki, İlham Əliyev Moskva görüşündə qələbə çaldı, Paşinyan uduzdu, bizə belə baş nazir lazım deyil. Bəzən elə müqayisələr aparılır ki, adam onu burda deyə bilmir. Erməni cəmiyyəti tam olaraq ona köklənib ki, Paşinyan uduza-uduza gedir. Azərbaycanda isə bəzi dairələr, xüsusən də barışmaz siyasətçilər sadəcə olaraq indiki iqtidarı və hakimiyyəti nüfuzdan salmaq üçün bu cür məsələləri ortaya gətirirlər. Əslində isə vəziyyət heç də pis deyil. Bütün işğal olunan ərazilər azad olunub. Proses ona gedir ki, Dağlıq Qarabağın heç bir statusu olmayacaq. Sonda o ərazilərdə qalan ermənilər də Azərbaycanın qanunları ilə yaşamaq məcburiyyətində qalacaqlar. Bu proses müəyyən bir zaman aparacaq. Belə məsələlər bir anda həll oluna bilməz. Məsələni bir anda həll etmək üçün gərək orda yaşayan erməniləri qovub çıxaraydıq. Amma biz orada etnik təmizləmə apara bilməzdik. Bu məsələnin siyasi həll yolu var və o istiqamətdə müəyyən proseslər gedir. Və nəhayətdə Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək. Bu birmənalıdır.

 

“Özlərini elə gösətrirlər ki, sanki bunlardan başqa Azərbaycanı sevən yoxdur”

 

- 44 günlük müharibədən sonra nə qədər narahat, gərgin məqamlar olsa da, Qarabağın təmizlik prosesi yarımçıq qala bilməz və yəqin ki, başlanan hərb yolu diplomatik müstəvidə öz məntiqi, siyasi nəticəsini alacaq. Necə hesab edirsiz, hazırda xarici güclər, “keçmiş Minsk Qrupu”nun dövlətləri Qarabağda öz maraqlarını hansı istiqamətlərdə birləşdirə, bərpa edə bilər?

 

- Burda məsələlər haçalanır. Əgər Minsk Qrupu bərpa edilərsə, danışıqlar bu formatda aparılarsa, bu, Azərbaycana sərf edən variant olmayacaq. Birmənalı olaraq Fransa və ABŞ  təzədən  başlayacaqlar ki, Dağlıq Qarabağa status verilsin, orda yaşayan ermənilərə üstünlüklər verilsin və sair. Necə 30 il münaqişənin hıəllini gecikdirib baş altına yasdıq qoydular, yenə də eyni ssenari ilə davam edəcəklər. Bu, Azərbaycanı təzədən uçuruma sürükləməkdir.

Minsk Qrupunun bərpa edilməsi Rusiyanın da marağında deyil. Rusiya ilə Azərbaycanın mövqeyi burda üst-üstə düşür. Çünki Rusiya özünün dvidentini kimlərləsə bölüşmək istəmir və hələ ki, bu variant indiki məqamda bizə sərf edir. Hələ ki, bizim Rusiya ilə dil tapa biləcəyimizi düşünürəm. Eyni zamanda, Türkiyə də bu məsələdə bizimlə bərabər iştirakçıdır. Bu, mənə ümid verir. Ona görə də prosesləri tələsdirmək lazım deyil.

Əlbəttə ki, Rusiya Türkiyənin də regiona daxil olmasını istəmir. Amma qarşısını da ala bilmir və ala bilməyəcək. Türkiyə addım-addım regiona girə bilib və yavaş-yavaş möhkəmlənəcək. 

 

“Lazımsız yerə “arı”nın yuvasını çöplə qurdalamayaq”

 

- İctimai-siyasi camiyə ermənilərin yaşadığı ərazilərimizin tez bir zamanda Azərbaycanın nəzarətinə keçməsini istəyir və neqativ fikirlər əsasən bunun fonunda yaranır. Bir çox hallarda Qardaş ölkənin Qarabağda fəaliyyətinin ləngliyindən narazı qalır.

 

- Burda da tələsmək, “Türkiyə bu gün gəlsin” deməklə də düşmən dəyirmanına su tökmək olmaz. Aydındır ki, bir çox məsələlərin qapalı saxlanması, doğru zamanda, doğru insanlar tərəfindən  üzə çıxarılması daha müsbət nəticələr verir. Ona görə də hazırda hakimiyyətin bu formada apardığı siyasəti məqbul hesab edirəm. Bəziləri deyir ki, niyə bizə hər məsələ barədə açıq məlumatlar verilmir. Sanki məlumatlar verilərsə, nəyi həll edəcəksiz? Axı bəzi məsələlər var ki, onları demək bizim ziyanımıza işləyə bilər. Bəziləri özlərini elə gösətrirlər ki, sanki bunlardan başqa Azərbaycanı sevən yoxdur. Qarabağı kim azad elədi?.. İndi də deyirlər, niyə Xankəndi bizdə deyil. Əslində indi Xankəndi də, Xocalı da, Ağdərə də bizdədir. Amma ermənilər yaşayır. Orda qəddar erməni silahlı birləşmələri var. Biz onların çıxarılmasına nail olmalıyıq. Bundan sonra orda qalan ermənilər Azərbaycan qanunlarına tabe olacaqlar. Erməni silahlı quldurları da təpik yeyə-yeyə o yerlərdən çıxarılacaqlar. Biz bu prosesi təxribata, emossiyaya uymadan aparmalıyıq.

İndiki vəziyyətdə gərginlik yaratmağa çalışanlar, öz mənafeləri naminə hakimiyyəti nüfuzdan salıb özləri hakimiyyətə gəlmək istəyənlərdir. Anlamırlar ki, 30 ildə hakimiyyətə gələ bilməyiblərsə, bundan sonra heç gələ bilməzlər. Çünki İlham Əliyev Qarabağı azad etdi. O, düşmən üzərində qələbə çaldı və bu gün dövlət başçıları içərisində zəfər çalan dövlət başçısı kimi  qəbul olunur. Ona görə də indiki məqamda xalq bir olmalıdır. Biz bir olmalı və bu qələbəni məntiqi sonluğa çatdırmalıyıq ki, tam olaraq istədiyimiz olsun. Yoxsa bir-birimizlə didişməklə heç nəyə nail ola bilmərik. Qanun çərçivəsində siyasi mübarizəmizi aparaq, müxalifətçiliyimizi, iqtidarçılığımızı edək. Amma özümüzün maraqları naminə ümumi işlərə zərər vurmayaq.

 

- Razi bəy, bir çox ekspertlər Minsk Qrupunun yenidən regiona dönüşünün hazırlanmasında, status məsələsinin yenidən qabardılmasında məhz Rusiyanı əsas baza hesab edir. Belə deyilir ki, Rusiya nə qədər Türkiyə ilə əməkdaş olsa da, onun regiona daxil olmamağı üçün Fransa və ABŞ-dan təzyiq vasitəsi kimi istifadə edə bilər. Buna fikriniz?

 

- Bu tam məntiqsiz yanaşmadır. Bunun məntiqsizliyini isbat etmək üçün istənilən şəxslə polemikaya girə bilərəm. Birincisi, ona görə ki, Fransa və ABŞ dünyanın ən böyük güclərindən biridir, heç kim onları əlində saxlaya bilməz. İkincisi, Minsk Qrupunu heç kim ləğv etməyib, istənilən vaxt regiona gələ bilərlər və onların da qarşısını heç kim ala bilməz. Üçüncüsü, onlar o status-kvonu demək istəsə, yenə də heç kəs onları saxlaya bilməz. Ona görə də Azərbaycan bu prosesdə təmkinlə davranmalıdır. Hər şey siyasi əxlaq və diplomatiya şəraitində olmalıdır. Lazımsız yerə “arı”nın yuvasını çöplə qurdalamayaq. Təbii ki, Azərbaycan layiqli bir dövlət kimi bu proseslərdə də tədbirli, siyasi əxlaqlı, diplomatik qaydalara əməl edən davranış göstərməlidir. Azərbaycan bunu döyüş bölgəsində gücü ilə sübut elədi və artıq öz mübarizəsini siyasi, diplomatik müstəvidə davam etməlidir. Buna da imkan vermək lazımdır. Hər kəs məsələnin mahiyyətini bilmədən ağlına gələni danışsa, onda bu məsələlərə ziyan vurmuş olarlar.

 

“Ermənilərin dediyi ilə bizim bəzilərinin dediyi üst-üstə düşür”

 

- Necə hesab edirsiz, dediyiniz siyasi qüvvələrin yersiz çıxışlar edərək hakimiyyətin apardığı işlərə kölgə salmağa çalışması birliyin pozulmasına yönələn xarici təsirlərlə nə dərəcədə əlaqəlidir. Bu fonda hazırda daxildə siyasi vəziyyət necədir?

 

- Azərbaycanın bundan da gərgin zamanları olub, torpaqlarımızın işğalda olduğu illərimiz olub. Bu gün şükürlər olsun ki, daxili vəziyyət çox yaxşı vəziyyətdədir. Sadəcə, daxildə bu qələbəni insanların gözündən salmaq, Azərbaycan iqtidarının “satılmasını” gündəmə gətirməklə könül  bulandıranlar var. İqtidar partiyası bu qələbədən sonra güclənib, ona xalqın məhəbbəti artıb deyə, heçə endirmək istəyirlər. Amma mənə elə gəlir ki, siyasət meydanında olmaq üçün orda hər birimizə yer var. Amma bunu siyasi əxlaqla, mədəniyyətlə etmək lazımdır. Görürəm ki, bütün qaydalara zidd olaraq, əxlaqa sığmayan siyasət aparırlar. Orda odun üstünə neft tökən siyasətçilər də var. Məsələn, Əli Kərimli indiyə qədər deyirdi ki, Qarabağ işğaldadır və nə qədər ki, bunlar hakimiyyətdədir Qarabağı ala bilməyəcəklər. İndi Qarabağ alınıb, deyirlər yox, Xankəndini ala bilməyəcəklər. Mən bu hakimiyyəti ən çox tənqid edənlərdən biriyəm. Amma ədalətli olmaq lazımdır. Elə şeylər var ki, sən onu desən xalq sənə nifrət eliyər. Mən necə deyə bilərəm ki, biz işğalda olan torpaqları azad etməmişik, mən necə deyə bilərm ki, biz zəfər çalmamışıq. Mən necə deyə bilərəm ki, Azərbaycan ərazi bütövlüyünü təmin edə bilməyib. Bütün bunlara mız qoymaq o qədər də uğurlu hal deyil. Azərbaycanda o qədər tənqid olunacaq məsələlər var ki, onları mən tənqid edirəm və hər kəs də bunu edə bilər.

 

Xarici təsirlər məsələsinə gəlincə, bu həmişə olub. Xarici qüvvələrin dediyini o bizimkilər deyir. Belə çıxır ki, onların maraqları üst-üstə düşür. Ermənilərin dediyi ilə bizim bəzilərinin dediyi üst-üstə düşür. Bu doğrudur sizcə?. Gərək hər kəs danışanda elə danışsın ki, onun sözləri xəyanət kimi dəyərləndirilməsin. Axı biz necə deyə bilərik ki, torpaqlarımızı azad etməmişik. 3 minə yaxın şəhid vermişik, o torpaqları şəhidlərin qanı bahasına azad eləmişik. Bu şəhidlərin ruhuna hörmətsizlik deyilmi?

 

- Razi bəy, bu günlərdə sosial şəbəkədə sizin Milli Bankla bağlı paylaşımınızı oxudum. Yeni binanın inşasını biabırçılıq adlandırmısız. Bu barədə nə deyə bilərsiz?

 

- Mən orda yazmışdım ki, bu biabırçılıqdır. Orda "Reuters" agentliyinin məlumatına əsasən fikrimi yazmışam. Əgər Milli Banka doğurdan da 218 milyon avro dəyərində yeni bina tikilirsə, bundan böyük biabırçılıq, özbaşınalıq ola bilməz. Qarabağın bərpası üçün 2.2 milyon manat vəsait ayrılıb. Bu o vəsaitin 4/1-dir. Üstəlik də o bankın binası var. Yenisi nəyə lazımdır?! Nə qədər dövlət idarələri üçün tikilən binalar var ki, onların çoxu mənasızdır. Bu, Azərbaycan iqtisadiyyatını çökdürmək siyasətidir. Böyük bina tikməklə bizə varlı deyəcəklər?! Mən İmişlidə acından ölən insanlar gördüm! Seçicilərimlə görüşə gedəndə orda yaxasını dartıb cıran, əlacsız, kömək istəyən minlərlə insan gördüm! O insanlar təzə tikilən binanı görəndən sonra varlı yaşıyacaqlar?!. Dövlət idarələrinə çoxmərtəbəli təmtəraqlı binalar tikiləndə insanlarımız yaxşı yaşayacaq?!. Bu ölkənin harasına yaraşır ki, o boyda pulları o boyda binaların tikintisinə ayırsınlar. Nədi-nədi, xaricilər gələcək, şəkil çəkdirəcəklər ki, Azərbaycan Dubaya bənzəyir. Mənə Dubaya bənzəyən Azərbaycan lazım deyil, mənə Nyu-yorka bəzəyən Azərbaycan lazım deyil, mənə Moskvaya bənzəyən Azərbaycan lazım deyil, mənə Tokio kimi şəhər lazım deyil! Mənə Azərbaycan insanının bərabər, xoşbəxt yaşadığı Bakı lazımdır, ləyaqətli yaşadığı Azərbaycan lazımdır. O binaları o vaxt tikə bilərsən ki, sənin vətəndaşlara xərcləyəcəyin vəsaitdən artıq vəsaitin var. Belə bir vəsaiti Azərbaycan büdcəsində görmürəm. Hətta bu layihə kredit vasitəsi ilə həll olunsa da, mən bunu Azərbaycanın ən uğursuz siyasət kimi dəyərləndirərdim.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı