Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli sənət xadimləri - şair Xurşidbanu Natəvan, bəstəkar Üzeyir Hacıbəyli və opera müğənnisi Bülbülün büstlərinin Şuşaya qaytarılması və şəhərin ölkənin mədəniyyət paytaxtı elan edilməsi əlamətdar bir tarixi hadisədir.
Versus.Az xəbər verir bu barədə məşhur heykəltəraşlar - Xanlar Əhmədov və Namiq Dadaşov deyiblər.
Ustadlar o illərdə Şuşada bir sıra heykəltəraşlıq əsərləri yaradıblar, bunların arasında Üzeyir Hacıbəyli və Bülbülün büstləri də var idi.
75 yaşlı Namiq Dadaşov bildirib ki, 70-ci illərin sonu - 80-ci illərin əvvəllərində Üzeyir Hacıbəyli və Bülbülün büstləri Şuşadakı Mədəniyyət Evinin qarşısında idi. Lakin betondan tökməli olduqlarına görə onları dəyişdirməyə qərar verilib:
“Xanlar Əhmədovla birlikdə onları bürüncdən tökməli idik. Bu, 1984-ci ildə olub. Bundan əvvəl, 1982-ci ildə “Vaqif Poeziya Günləri” çərçivəsində, şairə, son Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın ulu öndər Heydər Əliyevin iştirakı ilə büstünün təntənəli açılışı olmuşdu. Büstün müəllifi dəzgah heykəltəraşlığı sahəsində ilk azərbaycanlı qadın heykəltəraş, əməkdar incəsənət xadimi Həyat Abdullayeva idi”.
N.Dadaşov qeyd edib ki, bütün ölkənin erməni təcavüzü üzərində böyük qələbəni qeyd etdiyi bu günlərdə mən bir müəllif kimi deyil, həm də bir vətəndaş və vətənpərvər olaraq həmin büstlərin tarixi məkanına qaytarıldığına görə sevinirəm.
Bakının mərkəzində qoyulacaq Zeynalabdin Tağıyevin abidəsinin müəllifi olan 74 yaşlı Xanlar Əhmədov:
“Erməni təcavüzkarları tərəfindən güllələnən və 28 ildir Azərbaycan Milli İncəsənət Muzeyinin bağçasında olan büstlərin Şuşaya qayıtması çox sevindirici bir hadisədir. Erməni təcavüzkarları şəhərin işğalından sonra onları əridib qiymətli metal kimi satmaq istəsələr də, həmin illərdə işləyən mədəniyyət naziri Polad Bülbüloğlu və ulu öndər Heydər Əliyev sayəsində abidələr xilas edilərək Bakıya gətirilib”.
X.Əhmədov qeyd edib ki, milli mədəniyyətin inkişafı və təbliği Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fəaliyyətində prioritetlərdən idi:
“Bundan əlavə, gənc Bülbülün bürünc büstünü yaratdım. Bu abidə opera müğənnisinin Ev muzeyinin bağçasına qoyuldu. O, vokalçının 85 illiyi şərəfinə hazırlanıb”. /Trend/