"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

11:23 19-01-2021 | icon 356 | Siyasət
"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

Elman Nəsirov: “Birləşmiş Ştatlar heç kimə demokratiya dərsi keçə bilməz”

 

Dünyaya “demokratiya dərsi” keçən Amerika Birləşmiş Ştatlarında yaşanan seçki gərginliyi birmənalı qarşılanmır. Birləşmiş Ştatların son seçkilərə münasibəti bu ölkənin demokratiya anlayışına yanaşma prinsiplərini də ortaya qoydu.

 

Versus.Az xəbər verir ki, millət vəkili Elman Nəsirov müsahibəsində ABŞ demokratiyasının durumu ilə bağlı maraqlı nüanslara toxunub.

 

- Elman müəllim, ABŞ-da keçirilən son prezident seçkilərində uduzan Donald Trampın seçki saxtakarlığı ilə bağlı irəli sürdüyü iddia və bunun fonunda ölkədə yaşanan gərginlik - etiraz aksiyaları, Konqresə hücumlar, ölüm hallarının qeydə alınması nədən xəbər verir?

 

- Amerika Birləşmiş Ştatlarında noyabr ayında keçirilən prezident seçkilərindən sonra yaşanan hadisələr bir sıra nəticələrə gəlməyə əsas verdi. Ən birinci nəticə onunla bağlı oldu ki, ABŞ-ın dünyanın ən demokratik ölkəsi olması ilə bağlı illuziyalar tamamilə puç oldu. Məlum oldu ki, Birləşmiş Ştatlarda demokratiyanın ən mühüm elementləri olan seçki sistemi köhnəlib və 21-ci əsrin reallıqlarında tamamilə qeyri-funksionaldır. Təsəvvür dein ki, Birləşmiş Ştatlar dünyada ən çox söz, mətbuat azadlığı və sərbəst toplaşma azadlığının ən ciddi müdafiəsi kimi çıxış edir. Amma bu seçkilər onu göstərdi ki, bu ölkənin özündə vəziyyət son dərəcədə kritikdir. İlk baxışda Birləşmiş Ştatlarda “xalq prezidenti seçir” kimi fikirlər səslənsə də, reallıqda elektorat prezidenti seçəcək insanları seçir.  Və orada son dərəcə ədalətsiz bir prinsip var: bütün səslər qalibə verilir. Demək milyonlarla seçicinin bütün hüquqları pozulur. Tutaq ki, insanlar Respublikaçılara səs versələr də, namizədləri uduzduğuna görə onların bütün səsləri alınır, deyilir ki, sizin o səslərin hamısı Demokratların hesabına yazılacaq. Beləliklə, “səslər qalibə veriləcək” prinsipi işə düşür. Görün nə qədər seçicinin hüquqlarının pozulması ilə bağlı ədalətsizlik olur. Ən qəribəsi də budur ki, bu dəfə pandemiyanı əsas götürüb daha çox poçtla səsvermələr keçirildi. Tramp tərəfdarları poçt vasitəsi ilə keçirilən səsvermələrdə çoxsaylı qüsurlar, səhvlər, hüquq pozuntilarını üzə çıxardı. Belə olduğu halda Tramp öz tərəfdarlarını öz səslərini ucaltmağa, öz etirazlarını ifadə etməyə çağırdı. Nəticədə yanavarın 6-da son 200 il tarixində Konqresə məlum hucum reallaşdı. Bu hücum nəticəsində də 5 nəfər Konqresin içərisində güllələndi. Onların arasında bir nəfər qadın da var idi.

 

- Özünü demokratiya “ixracatçısı” hesab edən, ABŞ, bu proseslərə “demokratik dəyər” deyib hadisələrin üzərindən sakit keçməyə çalışır. Necə hesab edirsiz, əgər belə bir hal digər ölkələrdə baş vermiş olsaydı, ABŞ buna qarşı hansı münasibəti sərgiləmiş olardı?

 

- Burda bir neçə paralellər aparmaq olar. İyul ayının 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatına cavab olaraq Azərbaycan cəmiyyətində böyük bir həyacanlanma oldu. Xalqımızın mütləq əksəriyyəti Ali Baş Komandanı, Ordumuzu müdafiə istiqamətində, Ermənistanın hərbi təxribatına etiraz ruhunda bir yürüş keçirtdi. Təəssüf ki, siyasi dairələr həmin yürüşün mahiyyətini dəyişmək istədilər və Parlamentin boş binasına bir hücum da təşkil etdilər. Nəticədə biz okeanın o tayından, eyni zamanda bir sıra qərb paytaxtlarından bu hadisələrə qeyri-obyektiv qiymətləndirmələrə şahidlik elədik. Həmin parlamentə hücum edən şəxslərin demokratiyanın müdafiəçiləri olduğu, onların saxlanılmasının qeyri-qanuni olduğu, onlara qarşı cinayət işinin açılmasının Azərbaycanda sərbəst toplaşma, söz, mətbuat azadlığının boğulması kimi təqdimatına şahidlik elədik. Birləşmiş Ştatlarda Parlamentə olan müdaxiləyə isə demokratiyanın təntənəsi kimi qiymət vermək istəyirlər.  Təsəvvür edin ki, əgər Azərbaycan parlamenti içərisində kimsə güllələnsəydi, qan tökülsəydi, bütün dünyada, başda ABŞ  olmaqla, hansı rezonansı yaradardılar. Azərbaycan hökumətini, iqtidarını antidemokratiyadan tutmuş, daha nələrdə ittiham eləməzdilər. Halbu ki, Azərbaycan polisi öz missiyasını şərəflə yerinə yetirdi, təhlükəsizliyi, asayişi təmin etdi. Hətta qarışıqlıq salmayan insanlara münasibətdə də tam qanun çərçivəsində davranış ortaya qoydu. ABŞ-da isə parlamentə müdaxilə edən şəxslər güllələnirlər. Hesab edirəm ki, bu hadisələr Amerikanın dünyada demokratiyanın bayraqdarı olması ilə bağlı o mövqeni alt-üst elədi. Bu fövqəl dövlətin imicinə çox ciddi zərbə dəymiş oldu. Birləşmiş Ştatlar heç kimə demokratiya dərsi keçə bilməz.

 

- Donalt Trampın tvitter, digər sosial şəbəkələrinin bağlanması nə dərəcədə düzgün və ABŞ demokratiyası dəyərlərinə uyğundur?

 

- Birləşmiş Ştatların ABŞ Dövlət Departamenti, Konqresi  və ABŞ-ın maliyyələşdirdiyi bir sıra QHT-lər ayrı-ayrı ölkələri ittiham edərkən ilk növbədə söz, mətbuat azadlığını ön plana çəkir, sosial şəbəkələrdə azadlığın qorunub saxlanması, azad internet və sair bu kimi tələblərlə çıxış edirlər. Amma bu gün şahid oluruq ki, Birləşmiş Ştatların prezidentinə münasibətdə hətta onun sosial şəbəkələrdə iştirakına qadağalar qoyulub. Bu onu göstərir ki, qalib gəlmiş tərəf və eyni zamanda bu ölkənin məhkəmə sistemi, hüquq-mühafizə orqanları çox gözəl bilirlər ki, Birləşmiş Ştatlarda seçkidə uduzan prezidenti vəzifəsindən gedənə qədər “axsıyan ördək” adlandırırlar. İndi yanvarın 20-də gedəcək Trampa “axsıyan ördək “timsalında təzyiqlər var. Orda güclüsən, haqlısan prinsipi hökm sürür. İstisna deyil ki, 20 yanvardan sonra yeni seçilmiş prezident Trampa qarşı açılmış cinayət işi məsələlərini intensivləşdirsin. Amma iki ildən sonra Birləşmiş Ştatlarda parlamentə aralıq seçkilər olacaq. Respublikaçıların seçkilərdə qalib gələcəyi istisna edilmir. Məsələ də ondan ibarətdir ki, Bayden çox yaşlıdır, 2 ildən sonra 80 yaşı olacaq. Demokratların namizəd boşluğu yaranacaq. Və istisna deyil ki, növbəti 4 ildən sonra keçiləcək prezident seçkilərində artıq 78 yaşında olacaq Tramp yenidən namizədliyini irəli sürsün.

 

- Elman müəllim, Trampın növbəti dəfə seçkilərdə iştirakının qarşısını almaq üçün ona 2 dəfə impicment qoyulub. Bu nə ilə bağlıdır və dərəcədə demokratiya, beynəlxalq hüquqa uyğundur?

 

- Hesab edirəm ki, bu, tamamilə absurd məsələdir. İmpiçment məsələsi növbəti 4 ildən sonrakı prezident seçkilərində və iki ildən sonra keçiriləcək aralıq seçkilərində Respublikaçıların mövqeyini zəiflətmək, yaxud Trampın yenidən qayıdışının qarşısını almaq üçün ortaya atılıb. Lakin belə müzakirələr aparılır ki, əgər prezident çeçkilərinə 6 ay qalsaydı, impiçment məsələsinin əhəmiyyəti olardı. Əgər bir neçə gündən sonra Tramp öz vəzifəsindən gedirsə, impiçment məsələsi öz əhəmiyyətini itirir. Hər halda onu unutmayaq ki, Birləşmiş Ştatların ikipartiyalı seçki sistemi çox cidd böhran keçirməkdədir. Əhalinin böyük bir hissəsi nə demokratlara nə də respublikaçılara inanmaq istəmir.

 

- Bu gün dünya dövlətləri ABŞ-da baş verənlərə görə ona hər hansı dərs, yaxud təzyiq göstərə bilirmi?

 

- Trampın yeritdiyi xarici siyasət bir çox müttəfiqlərini, xüsusilə NATO, Avropa İttifaqı üzrə dövlətləri narazı salmışdı. Elə ona görə tələm-tələsik Baydenin seçilməsini tanıdılar. Ayrı-ayrı hallarda ABŞ-da baş verən insidentlərə münasibət bildirsələr də, anti-demokratik məsələləri təhlil edib ciddi nəticələrə gəlmək istəmədilər. Təsəvvür edin ki, 2003-cü il mart ayının 19-dan 20-nə keçən gecə bala Corc Buş İraqı bombaladı. Əsas gətirildi ki, İraqda kütləvi qırğın silahı var, beynəlxalq terorizmi himayə edir və sair. Artıq Bağdad alındıqdan 2-3 həftədən sonra ABŞ prezidenti etiraf etdi ki, sən demə Səddam Hüseynin nə nüvə silahı var imiş, nə də beynəlxalq terrorizmlə himayə etmirmiş. Yaxşı, bu müdaxiləyə görə milyonlarla insan həlak olub. Buna görə Buş hər hansı məsuliyyət daşıdımı, hər hansı beynəlxalq məhməmə qarşısında dayandımı, xeyir. Analoji hadisəni başqa bir dövlət etsəydi, yəqin ki, onu iqnor vəziyətinə salıb rəhbərinə qarşı da beynəlxalq tribunal açardılar. Təəssüf ki, bu gün beynəlxalq hüquq çox ağır dövrünü yaşayır.

Enişteynin hələ ötən əsrin 50-ci illərində dediyi bir fikir var: “Beynəlxalq hüquq yalnız beynəlxalq hüquq və sənədlər külliyyatında vardır”. Faktiki olaraq indiki vəziyyət belədir. /”Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları