AĞLAMA, QƏRƏNFİLİM…

11:51 20-01-2021 | icon 1752 | Cəmiyyət
AĞLAMA, QƏRƏNFİLİM…

BİR BƏYAZ GECƏ GƏLƏR…

 

 

 

 

PAKİZƏ BABAYEVA

 

Başını söykəyib şəhid köksünə
Ölümü könüllü seçdi qərənfil.
Elə vuruldu ki, şəhid adına,
Öz ilkin adından keçdi qərənfil.

O gecədən… O Qara Gecədən doğulan səhərə qıpqırmızı qərənfil yağışı da yağmışdı… Şəhidlərin tökülən qanları ayaq altında qalmasın deyə, öz ləçəklərindən örpək sərmişdi qərənfil… Sanki göydən milyonlarla yağış damlası əvəzinə milyonlarla qərənfil yağmışdı hər yerə. Hər tərəf al-qırmızı xalıya bənzəyirdi o sabah… Nə deyirsiniz deyin, bu müsibət ən çox qərənfilin payına düşdü, qərənfil taleyinə zərbə vuruldu… Əllərdə həmişə sevda yollarına (sevənlərdə beş qərənfil dəbdədir) üz tutan al çiçəklər indi şəhid məzarlarına yollanır. O müsibət bu zərif çişəklərin adını da, ünvanını da dəyişdi – adı Şəhid Çiçəkləri, ünvanı Məzarlıq oldu… Daha heç kəs sevdiyinə bu çiçəkləri apara bilmir. Hər çiçəkdən şəhid gözləri boylanır sanki… Görəsən şəhidlərin harayına niyə birinci Qərənfil gəldi? Bəlkə şəhid qanından pöhrələnmiş bu çiçəklər?… Qəm yemə Qərənfil, qismətinə şəhid məzarı üstündə ağlamaq düşsə də, adın Azadlıq Çiçəyi oldu!  Müqəddəs şəhid məzarlarının keşiyində durmaq sənin nəsibin oldu!..

 

Bu sətirləri uzun illər əvvəl yazmışdım. Qərənfilin taleyinə qibtə etmiş, ona verdiyimiz ada görə özümüzü haqlı da saymışdım. Çünki o dövr yaralarımız isti, hislərimiz çılğın notlar üstündə köklənmişdi…

 

O qara gecə təkcə döğmalarımızdan, dostlarımızdan deyil, qərənfilimizdən də ayrı saldı bizi. İndi illər keçmiş, dərdlər köhnəlmiş, yaralar köz bağlamış, o gecənin şahidi olmuş bizlər bu dərdlərə alışaraq hər zamankı “dərd-sərimizin” arxasınca gedərək gündəlik işlərimizlə məşğuluq… Qərənfil isə hələ də o gecənin taleyinə yazdığı “ad”ın, çiyninə qoyduğu “yük”ün ağırlığı altında yaşamaqdadir… Hər dəfə qəbristanlıq qapılarında boynubükük duraraq onu bu taleyə məhkum edən  insanların yolunu gözləyən bu Qənirsiz Gözəli gördükcə qəlbim sızlayır, içimdə bir üsyan hayqırır: faciəmizin bədəlini Tanrının, Təbiətin bu şah əsərinə ödətmək, min illərdir evlərin, könüllərin bu əziz qonağını “bir gecə”nin qaranlığına bürüyüb, onu ömürlük “yasa” məhkum etmək haqqını kim verdi bizə? Nə idi bu gözəlin günahi? – dərdimizə ortaq olduğu, bu müsibətdə bizimlə bərabər ağladığı  üçünmü?.. O bizə təsəlli, biz ona məhkumiyyət verdik. Fədakarlığının əvəzini belə ödədik… Ağla Qərənfil, ağla – deyərək gözünün yaşını qurumağa qoymadıq…

 

Tanrının  yaratdığı hər gülün, çiçəyin ecazkar gözəlliyini görən bəşəri zəkalar onlara özlərinə layiq mənalar vermiş, şərəfləndirmişlər. Qırmızı qərənfilə  “səni heç zaman unutmayacağam” kimi fədakarlıq ünvanı düşmüş. Sevənin sevdiyinə “andı”, sədaqətinin rəmzi idi bu çiçəklər… O Qara Gecənin günahsız qurbanlarına “sizi heç zaman unutmayacağız” deməyə, onları son yolçuluğa uğurlamağa gəldi Qərənfil… Biz isə ona “matəm gülü” adını verdik,  o acı günün xatirəsini yaşatmağı onun “boynuna” yükləyib, üstəlik bu şərəfə görə ona minnət də qoyduq… Sonra… Sonra başqa dərd-sərimizin dalınca gedib, dalımızca çarəsiz baxan gözlərin səssiz fəryadına dönüb baxmadıq da…

 

Yəqin ki, bu sözlərimə etiraz edib, pafosla – “belə də olmalıdı da”-deyənlər də olacaq. Görəsən onlar sənin yerində olsaydılar bu “məhkumluğa” nə qədər dözərdilər?..

 

Qərənfilim, sevda çiçəyim… Qanı yerdə qalan şəhidlərin ruhu qarşısında nə qədər günahkarıqsa, sənin də qarşında o qədər müqəssirik… Sən sevgi müjdəçisi, sevən qəlblərin tərcümanı, bayramların bəzəyi idin… Bunu sənin əlindən aldıq… Səni daş məzarların soyuq nəfəsinə “məhkum” etdik. Səni yalnız ANAların nəfəsi isitdi, göz yaşları suladı… İndi sevənlərdə “beş qərənfil” deyil başqa çiçəklər “dəbdədir”, səninsə taleyin “məhbəs”dədir… Halbuki bu fədakarlığın, şəhid qanlarını ləçəklərinlə sildiyin, bağrında saxladığın üçün sənə MATƏM çiçəyi deyil, AZADLIQ çiçəyi deməli, başımıza tac etməliydik. Sevənlər səni sevdiklərinə nakam şəhidlərin xatirəsinə hörmət kimi verməliydilər… Biz isə…

 

Darıxma sevda çiçəyi, vaxt gələcək Tanrının da, Təbiətin də səbri tükənəcək, bizdən hesab soracaq… Ağlama Qərənfilim… Bir Bəyaz Gecə gələr…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”