“O qüvvələr vaxtilə Azərbaycanda da çevrilişlərə cəhd ediblər” - MÜSAHİBƏ

11:22 27-01-2021 | icon 930 | Siyasət
“O qüvvələr vaxtilə Azərbaycanda da çevrilişlərə cəhd ediblər” - MÜSAHİBƏ

Fuad Əliyev: “Rusiyada narazı elektorat minlərlədir, lakin onları birləşdirən Navalin deyil”

 

Vətən Müharibəsi Ordumuzun zəfəri ilə başa çatsa da, diplomatik korpus sülhməramlılarla birgə regionda tam qalibiyyətin əldə olunması istiqamətində işlərini davam edir. Azərbaycan ictimaiyyəti işğaldan sonra rayonlarımızın bərpası ilə paralel olaraq, erməni faşizminin fəasadlarının aradan qaldırılması üçün toparlanır. Bununla yanaşı Qarabağın bəzi ərazilərində sülhməramlıların iştirakı ilə erməni əhalisinin birtərəfli qaydada Qarabağa köçürülməsi və silahlı erməni dəstələrinin tərksilah ediməməsi, eləcə də Azərbaycan sərhədlərinin pozulması ciddi narahatlıq doğurur. Bir sözlə, regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə diqqət çəkməkdədir.

 

Bu və ya digər məqamlarla bağlı Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev maraqlı məqamlara toxunub.

 

“...Amma dövlət strukturları buna lazımı reaksiya vermir”

 

- Fuad bəy, 44 günlük Vətən Müharibəsindən sonra sülhməramlıların ərazilərimizdə narazılıq doğuran  fəaliyyəti fonunda regionun mövcud durumunu necə dəyərləndirərdiz, hans addımlar atılmalıdır?

 

- Hesab edirəm ki, son vaxtlar Rusiya sülhməramlıları öz missiyasına uyğun fəaliyyət göstərmir. Halbu ki, dövlət başçımız ötən ilin sonunda və bu ilin əvvəllərində etdiyi çıxışlarında bildirmişdi ki, Ermənistan ərazisindən Azərbaycana icazəsiz edilən səfərlərin qarşısı alınacaq. Bu, həm də regionda özbaşına hərəkət edən missiyaya bir xəbərdarlıq idi. Buna baxmayaraq sülhməramlıların özlərinə aid olmayan işlərlə məşğul olması faktı bu gün də davam edir. Hansı ki, bundan qabaq ermənilər məlum 9 bəndlik bəyannamənin müddüəlarını pozmuşdular, indi də bu cür pozuculuğu sülhməramlılar edir. Azərbaycan isə öz tərəfindən öhdəsinə düşənləri yerinə yetirir və imzasına sadiqdir.

Fikrimcə, cəmiyyət olaraq - siyasi təşkilatlar, vətndaşlar, QHT-lər, mətbuat bu kimi hallara qarşı öz etirazını bildirməlidir. Xatırlayırsızsa, bundan qabaq Rusiyanın Qarabağla bağlı hazırladığı yanlış xəritə məsələsinə görə cəmiyyətimiz ayağa qalxdı və 2 gün keçməmiş Rusiya Müdafiə Nazirliyi xəritəni dəyişdirərək əvvəlki düzgün formasına qaytardı. Bundan əlavə, bu məsələdə Azərbaycanın cavabdeh qurumları, Dövlət Təhlükəsizlik Xidməti, sərhəd qoşunları, daxili qoşunlar, eləcə də, Xarici İşlər Nazirliyi Rusiyaya bəyanatlar verməklə sülhməramlıları bəyanatın müddüəlarına əsasən hərərkət etməyə dəvət etməlidir. Dövlət strukturları belə hallara qarşı öz reaksiyasını verməlidir.

 

“Rus sülhməramlıları yanvar ayından başlayaraq pozuculuq işlərlə məşğuldur”

 

- Sülhməramlıların Laçın istiqamətində nəzarət etdiyi Azərbaycan sərhədlərini ermənilərin gediş-gəlişi üçün açıq saxlaması, Ermənistan rəsmilərinin Qarabağa səfərləri ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılansa da, hələ ki, buna məhəl qoyulmur. Necə hesab edirsiz, belə bir şəraitdə sülhməramlıların Qarabağda təlimlər keçməsi nəyə hesablanır?

 

- Sülhməramlıların keçirdiyi təlimlər anlaşılan olmasa da, ola bilər ki, özlərinə aid olan bir hazırlıq keçirlər. Amma mətbuatda belə bir məlumat getmişdi ki, Prezident Admnistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın “teleqraf” agentliyinə müsahibəsində bildirib ki, –Rusiya sülhməramlılarının Dağlıq Qarabağda fəaliyyətindən razıyıq. Dövlət rəsmisinin hazırki mərhələdə belə bir ifadə işlətməsi məncə düzgün deyil və həqiqətən də narahatlıq doğurucu hisslər yaradır. Biz sülhməramlıların fəaliyyətindən necə razı qala bilərik ki, Azərbaycanın icazəsi olmadan Ermənistan rəsmiləri Qarabağa gəlib orda separatçılarla görüşürlər. Necə razı ola bilərik ki, sülhməramlılar Qarabağa birtərəfli qaydada köçürmələr həyata keçirir. Eləcə də niyə Azərbaycan vətəndaşlarına şərait yaratmırlar ki, Xankəndiyə və digər ərazilərə köçsünlər. Düzdür, cəmiyyət olaraq buna reaksiya verilir, amma dövlət strukturları buna lazımı reaksiya vermir. Düşünürəm ki, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi bu kimi hallara ciddi reaksiya verməlidir. Və Ermənistandan Qarabağa edilən o rəsmi səfərlərin qarşısı alınmalıdır.

 

- Məlumdur ki, regionun Qarabağ siyasətində Türkiyə də var. Və bəllidir ki, Türkiyə Qarabağda Nəzarət Mərkəzində yer alıb. Türkiyə nəzarət missiyasının regionda öz yerini tutmasında baş verən gecikmələr nə ilə bağlı idi?

 

- Türkiyə əsgərlərinin Qarabağa gəlişinin gecikməsi ilə bağlı müəyyən rəsmi açılamalar verilib. Türkiyə hərbçiləri özləri də qeyd etdi ki, Mərkəzin yerləşəcəyi Ağdam ərazisində mərkəzin yerləşməsi üçün bina tikilir. Türkiyə bizə qardaş bir ölkədir.  Türkiyə 44 günlük müharibədə, ümumiyyətlə Qarabağ məsələsində həmişə bizə maksimal dərəcədə mənəvi dəstək verdi. Amma Türkiyə nə etsin ki, bu bizim daxili işimizdir.  Təbii ki, qardaş ölkə açıq şəkildə bu məsələyə reaksiya verə bilməz. Buna baxmayaraq, hər zaman qeyd ediblər ki, Azərbaycan hansı yolu seçərsə, onu dəstəkləyəcəklər. Onlar bu prosesdə bizim yerimizə bəyanatlar verə bilməzlər. Ona görə hər şey bizim rəsmilərimizdən asılıdır. Biz hansı addımı atsaq, Türkiyə bizi dəstəkləyəcək, mən buna inanıram.

 

- Bir çox siyasi qurumların rəhbərləri, ekspertlər hazırki diplomatik mərhələnin 44 günlük müharibə dövründən də mürəkkəb olduğunu qeyd edərək, sülhməramlılarla bağlı məsələyə aqressiyallı yanaşmanı düzgün hesab etmirlər. Bəzi siyasətçilər isə hesab edir ki, belə davam edərsə, vəziyyət bizi 3-cü Milli İstiqlaliyyət Hərəkatına daşıya bilər. Bu barədə nə söyləyərdiz?

 

 

- 3-cü Qarabağ savaşı üçün əsas olmalıdır. Ermənilər dekabrın 1-ə qədər Azərbaycanda olan ordusunu çıxartdı. Orda qalanlar Ermənistan ordusunun Paşinyanın qərarı ilə razı olmayan  tör-töküntüləridir ki, artıq o qüvvələr terrorçu olaraq məhv ediləcək, ya da tərksilah edilib öz ölkələrinə təhvil veriləcəklər. Azərbaycan tərəfi öz öhdəsinə düşən nə lazımdırsa onu edir və hər dəfə Ermənistana 100-ə yaxan terrorçu meyiti verilir. Amma təbii ki, bütün bunlar hamısı naharatçılıq hissləri yaratsa da, işğaldan azad olunan ərazilərdə olan terrorçulara qarşı bir böyük hərəkatın keçirilməsi lazım olmayacaq. Ordumuza çox inanıram. Onlar terrorçulara qarşı hansı addım lazımdırsa atacaqlar. Qardaş Türkiyədə illərdir terrorçulara qarşı mübarizə aparılır. Amma bu o demək deyil ki, bunun üçün istiqlaliyyət hərəkatı olmalıydı. Burda söhbət üç dövlətin imzaladığı bəyanata Rusiya sülhməramlıların düzgün əməl etməsindən gedir. Rusiya dekabrın 1-ə qədər 3 rayonun boşaldılması ilə bağlı öz işini düzgün yerinə yetirdi. Amma yanvar ayından başlayaraq pozuculuq işlərlə məşğuldur.

Bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyətdə qalacaq və axıra qədər bəyanatda nə yazılıb hamısı həyata keçəcək. Türkiyə nümayəndələri də fəaliyyətə başlayacaq. 2-3 il ərzində Azərbaycan əhalisi öz yerinə qayıdandan sonra Rusiya sülhməramlılrı regionu tərk edəcək.

 

“Təklif etmişdik ki, icra strukturları ləğv edilməli, yerinə Prezidentin nümayəndələri olmalıdır”

 

- Fuad bəy, Rusiyada baş verən etiraz aksiyaları hansı prosesin başlanğıcından xəbər verir?

 

- Rusiyada heç bir proses baş vermir. Mən Medvedyevin prezidentliyi dövründə bir neçə dəfə Moskvada olmuşam və bunların müxalifətinin təşkil etdiyi 100-200 minlik mitinqlərində iştirak etmişəm. Sonra məlum oldu ki, Rutin-Medvedyev tondemi bu mitinqləri düşünülmüş şəkildə təşkil edib, prosesə dəstək verirdi ki, mitinqlər möhtəşəm olsun.  Kimlər ki, hakimiyyətin dəyişəcəyinə inanmışdılar və keçmişdilər müxalifətə, onların hamısı işdən çıxarılmışdı, bir qismi isə xaricə qaçdılar. Navalin isə müxalifət deyil. Müxalifət kimi elə bir gücə malik deyil. Onun arxasında qərb qüvvələri durub. Hansı ki, o qüvvələr vaxtilə Azərbaycanda da çevrilişlər etməyə cəhd ediblər. Belarusiyada baş verən son hadisələrdə müxalifət lideri kimi bir xanımı - Svetlana Tixanovskayanı qabağa verdilər. Sonra o Latviyaya qaçdı, indi də Almaniyada yaşadığı deyilir. İnanmıram ki, Navalin nəsə edə bilsin. Bəli, Rusiyada narazı elektorat minlərlədir, lakin onları birləşdirən müxalifət lideri Navalin deyil.

 

- Fuad bəy, işğaldan azad olunmuş ərazilərimizin bərpası və əhalinin öz yurdlarına köçürülməsi prosesinin gedişini necə dəyərləndirirsiz?

 

- Bərpa işləri yeni başlayıb. Yollar çəkilir, Füzulidə beynəlxalq səviyyəli aeroport tikilir, yəqin ki, ilin axırına qədər istismara  veriləcək. Yayda Şuşada Türk Dövlətlərinin musiqi festivalı keçiriləcək. Məlumdur ki, hələ ki, işğaldan azad olunmuş digər ərazilərdə minalardan təmizlənmə işi aparılır. Mərhələli şəkildə ərazilər təmizləndikcə, əhalimiz də öz yurdlarına köçürüləcək. Yəqin ki, bu proses 3 il davam edəcək və əhalinin yerləşdirilməsindən sonra Rusiya sülhməramlıları da Qarabağdan çıxarılacaq. Bu gün Azərbaycan ictimaiyyətini narahat edən Xankəndi, Xocalı, Ağdərə, Laçın, Kəlbəcərə qayıdışımız da mütləq olacaq və həmin ərazilərimizdə Azərbaycan qanunvericiliyi işləyəcək. Artıq Şuşada, Laçında dövlət idarəetmə strukturları qurulur və fəaliyyətə başlayacaqlar. Dövlət başçısı işğaldan azad olunan həmin ərazilərə də öz nümayəndələrini təyin edəcək. Bu baş verəsəksə, deməli Azərbaycanda yeni islahatlara start verilmiş olacaq. Bu da onu göstərir ki, başqa rayonlarda da icra başçıları strukturları ləğv olunacaq və yeni nümayəndəliklər açılacaq. Biz bundan qabaq da təklif etmişdik ki, icra strukturları ləğv edilməli, yerinə prezidentin nümayəndələri olmalıdır. Daha çox bələdiyyələrə üstünlük verilməlidir.

 

“Belə fəaliyyət heç vaxt keç kimə uğur gətirməyib”

 

- Hazırki mərhələdə siyasi partiyaların birgə əməkdaşlığı, eləcə də siyasi partiyaların hansısa xarici təsirlərin diqtəsi ilə fəaliyyəti müşahidə olunrmu və belə hallar hazırki birliyimiz üçün nə dərəcədə təhlükədir?

 

- Siyasi partiyalar bir məsələdə - Qarabağın işğaldan azad olunması prosesində həmişə bir olub. Siyasi partiyalar Vətən Müharibəsi ərəfəsində demək olar ki, bir mövqedən çıxış edirdilər. Digər məsələlərdə fərqli baxışlar ola bilər.

Bu gün Azərbaycanda xaricdən maliyyələşən, hansısa göstərişləri həyata keçirən “5-ci kolon” var. Düşünürəm ki, onlar da Navalin, yaxud Tixanovskaya kimi xaricə qaçacaqlar. Azərbaycan vətəndaşının dəstəyini, inamını qazanmaq lazımdır. Xaricdən göstəriş, maliyyə ilə fəaliyyət gösərmək heç vaxt keç kimə uğur gətirməyib.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”