"Qoy memarlıq haqqında memarlar danışsınlar, rəssamlar isə şəkil çəksinlər" - MÜSAHİBƏ

15:29 31-01-2021 | icon 1219 | Cəmiyyət
"Qoy memarlıq haqqında memarlar danışsınlar, rəssamlar isə şəkil çəksinlər" - MÜSAHİBƏ

Elbay Qasımzadə: “Memarlıq o dövlətdə inkişaf edir ki, iqtisadi durumu yüksəkdir”

 

Bu gün erməni işğalçılarının torpaqlarımızda törətdiyi milli-mədəni, ekoloji terror dünyanın gözü qarşısında baş verir. Yağı düşmənin məhv etməyə çalışdığı tarixi əsərlərimiz yenidən bərpa ediləcək.

 

Tariximizə, memarlıq abidələrimizə, şəhər və kəndlərə edilən soyqırımı milli irsin qorunması ilə bərpa olunacaq. Bu mənada Azərbaycan memarlığının üzərinə böyük məsuliyyət, vəzifələr düşür.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Elbay müəllim, işğaldan azad olunan ərazilərimizlə bağlı sosial şəbəkə hesabınızda Azərbaycan memarlarına Qarabağın bərpası prosesində qüvvə və yaradıcılıq uğurları arzulamısız. Belə çətin ərəfədə, sizcə, memarlarımızdan nə tələb olunur?

 

- Memar üçün ən mühüm faktor istedad və məsuliyyət hissinin olmasıdır. İstedad və məsuliyyəti varsa, daxilində vətənpərvərlik, vətəndaşlıq məsuliyyəti də olacaq, yüksək peşəkarlıq da... Təcrübə, bilik - bunların hamısı sonradan əldə olunan məsələlərdir. Ona görə də memarlıqda ən mühüm amili - məsuliyyət və peşəkarlıq hesab edirəm.

 

- Azərbaycan Memarlar İttifaqı işğaldan azad olunmuş ərazilərin bərpası üçün hansı layihələri irəli sürüb? Sizcə, bərpa prosesi necə aparılmalıdır?

 

- Memarlar İttifaqı qələbədən sonra Yuxarı Qarabağ üzrə Şuşada və Aşağı Qarabağ üzrə Ağdamda Azərbaycan Memarlar İttifaqının bölmələrinin açılışı ilə bağlı qərar qəbul elədi.  Qələbə günü ilə bağlı “Yurdumuza qayıdaq! Yurdumuzu quraq!” mövzusunda müsabiqə elan elədik.  Məqsəd - həmin rayonlardakı şəhər və qəsəbələrin gələcək görkəminin müasir standartlara uyğun olaraq bərpası ilə bağlı idi. Yaxın günlərdə müsabiqə yekunlaşdı və qalibləri mükafatlandırdıq.

Ən çox xoşagələn məqam odur ki, qaliblərin hamısı gənc memarlardır. Bu onu göstərir ki, memarlarımız istedadlıdır, məsuliyyətlidir, vətənpərvərdir. Bu həm də onu göstərir ki, Azərbaycanda memarlıq sənətinin gələcəyi olacaq və var.

 

Belə qəsəbə və kəndləri birləşdirmək lazımdır

 

- Bir çox hallarda, gənclərin hansı memarlıq nəzəriyyəsindən istifadə etməsi məsələsi bir problem kimi qoyulur. Əgər nəzəriyyə problemi varsa, gənclər, memarlar milli memarlıq irsini hansı mənbələrdən öyrənəcək?

 

- Gənclərimiz mütləq şəkildə universitet təhsili alırlar. Bizim Memarlıq və İnşaat Universitetində, hansı ki, orada həm də kafedra müdiriyəm. Gənclər orada Azərbaycan tarixi memarlığı haqqında kifayət qədər məlumatlar, biliklər alır, təcrübə keçirlər.  Tələbələrin, hətta  kurs, diplom işlərində də memarlıq abidələrinin bərpası layihələri hazırlanır, yəni  gənclərin bilik səviyyələri yüksəkdir.

İşğaldan azad olunmuş ərazilərdə bizim 800-dən çox abidəmiz var. Bəziləri düşmən tərəfindən dağıdılıb, bəziləri təhqir olunub, bəziləri erməniləşdirilib. Bunların hamısı qarşıda həllini gözləyən işlərdir. Bu gün hamı o ərazilərdə şəhərlərin, qəsəbələrin bərpası haqqında danışır. Düşünürəm ki, bunu tələsik həll etmək olmaz. Əvvəlcə o ərazilərin iqtisadi, sosial inkişafı bərpa edilməlidir. Birinci növbədə, o yerlərə dönən əhalinin hansı işlə məşğul olacağı, öz dolanışığını qurması üçün tələb olunan məsələlər həll olunmalıdır. Bu infrastruktur qurulandan sonra şəhər və qəsəbələrin bərpası aparılmalıdır. Eyni zamanda həmin kəndlərin, qəsəbələrin əvvəlki yerləşdiyi yerdə bərpa edilməsi çox da vacib deyildir. Bəzi kəndlərdə 50 nəfər yaşayıb. Təkcə bu 50 nəfərə müasir qəsəbə tikmək olmaz. Əlli nəfər sakini olan o qəsəbələrin nə normal məktəbi ola bilər, nə də xəstəxanası. Ona görə də belə qəsəbə və kəndləri birləşdirmək lazımdır.

Abidələrin bərpasına elə indidən başlamaq lazımdır. Bildiyimə görə, bəzi abidələrin bərpa layihələrinin hazırlanmasına artıq başlanıb. Əlbəttə ki, bütün əsərlərdə Azərbaycanın mədəni irsi qorunub saxlanılmalıdır.

 

- Elbay müəllim, Ağdamda, Füzulidə və digər viran qoyulmuş ərazilərimizdə məhv edilən abidələr hansı sənədlər əsasında yenidən bərpa ediləcək?

 

- O abidələr işğaldan əvvəlki dövrdə mühafizəyə götürülmüşdü. Dövlət tərəfindən mühafizəyə götürülmüş abidələrin xüsusi siyahısı var və Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bu abidələr haqqında məlumatlar var idi və pasportlaşdırılması aparılmışdı. Bundan əlavə müxtəlif kitablar, albomlar, o vaxtlar çap olunmuş məqalələr, tədqiqatlar var ki, onların daxilində fotolar, ölçü şəkilləri var. Əlbəttə ki, bütün bunların əsasında bərpa işləri aparılacaq.

 

- Qarabağda yeni şəhərlər tikəcəyik. Oranın keçmiş  memarlıq üslubu hansı formada qorunmalıdır? Milli ənənə ilə yanaşı hansı müasir, Avropa standartları uzlaşmalıdır?

 

- Millilik hər bir əsərin daxilində olmalıdır. Məsələn, yaşayış evlərinin daxili quruluşu bizim Azərbaycan xalqının həyat tərzinə tabe olmalıdır. Həyat tərzimiz, adətimiz, ənənələr nəzərə alınmalıdır. Memarlıq görkəmində Azərbaycan memarlıq sənətinin irsi nəzərə alınmalıdır. Evlər mütləq müasir olmalıdır. O sənədlərə əsasən işlər qurulacaq. Biz hamımız daxilimizlə, düşüncəmizlə, fikrimizlə  azərbaycanlıyıq. Gəlin üst-başımıza baxaq: geyimimiz tamam başqadır. Nə başına əmmamə qoyan,  nə də ayağına çarıq geyinən var. Hamı kimi memarlıq da müasirləşməlidir. Onun həcmi, daxili quruluşu mütləq xalqımızın adət-ənənəsinə müvafiq olmalıdır. Görkəmi müasir olmalıdır, çünki tikinti materialları müasirdir.  Əvvəllər evləri çay daşından tikirdilər. Çay daşından, ümumiyyətlə ev tikmək olmaz, çünki çay daşının davamlılığı yaxşı deyildir. Daha heç kim çay daşından ev tikməyəcək.

 

- Bu yaxınlarda qocaman bir rəssamın Bakının dəyişən görkəmi ilə bağlı fikirləri diqqətimi çəkdi. Rəssam deyir ki, dəyişən Bakı özünün milli-memarlıq xarakterini itirib və Bakıya gələn bu şəhərin əvvəlki özünəməxsusluğunu görə bilmir...

 

- Qoy memarlıq haqqında memarlar danışsınlar, rəssamlar isə şəkil çəksinlər... Təbii ki, həyat, mühit daim dəyişir. Hər şey inkişafdadır. Nədənsə deyirlər ki, memarlıq yerində quruyub qalsın. Şəhərlər, insanlardan fərqli olaraq  daim yaşayır. İnsan yaşayır və ömrünü bir gün bitirir. Şəhər inkişaf eləməsə, o da ölər. Bakı da inkişaf etdikcə simasını dəyişəcək.

 

Bakı heç vaxt Şərq şəhəri olmayıb

 

- Bakının memarlıq üslubu və arxitekturası nə dərəcədə dəyişib?

 

- Kim nə deyir-desin, Bakı müasirləşəcək, bu, həyatın tələbidir. İnsanların zövqü dəyişir, müasirləşir, Memarlıq da insanların zövqünə uyğun olmalıdır. Ümumiyyətlə, memarlıq yarandığı dövrə məxsusdur. Onun görkəmi, quruluşu da o dövrə aid olmalıdır. Bu gün XIV əsrdə tikilmiş binanı XXI əsrdə təkrarlasaq, bizə gülərlər. Bakı bizim nəsillər çıxıb-gedəndən sonra da dəyişəcək. Bugünün körpələri böyüyüb yaşa dolacaqlar və onların dövründə də dəyişəcək, onlardan sonra da.

Təsəvvür belə edə bilmirəm ki, 100-200 ildən sonra Bakı necə olacaq. Bununla bərabər Bakının gözəl tarixi memarlıq abidələri var, onları qorumaq lazımdır ki, 100 ildən sonra da həmvətənlərimiz o abidələrə baxıb keçmişlərinin necə olduğunu görsünlər, fəxr etsinlər.

 

- Bakının mövcud durumu memarlıq baxımından sizi qane edirmi? Bakının avropalaşması ideyası ilə bağlı fikirləriniz nədir?

 

- Bakı, ümumiyyətlə, Avropa şəhəridir, heç vaxt Şərq şəhəri olmayıb. Ondoqquzuncu əsrin ortalarında qala divarlarından Bayırşəhərə çıxan tərzdə Avropa şəhəri olub. O dövrün milyonçuları Avropadan memarlar çağırıblar və onlar burada Avropa memarlığını tətbiq ediblər.

 

- Elbay müəllim, tarixi milli memarlıq ənənələrinin  yaşadılmasına yetərincə nail ola bilirikmi?

 

- Hər şey kimin o irsi necə başa düşməsindən asılıdır. Əgər kimsə fikirləşirsə ki, memarlıq layihəsində tağ  milli memarlıqdır, o da yanlışdır. Tağ konstruktiv elementdir. Tağ Notr Damda, Vestminsterdə, İçərişəhərdə də var. O, Azərbaycan memarlıq elementi deyildir. Azərbaycan memarlığı onun mənəviyyatında, ruhunda olmalıdır.

 

- Belə fikirlər də var ki, Azərbaycan memarlığının nəzəriyyəsi yoxdur. Bu fikir nədən qaynaqlanıb?

 

- Azərbaycan memarlığının nəzəriyyəsi rəhmətlik alimlərimiz Əbdülvahab Salamzadə, Mikayıl Hüseynov, Leonid Bretanitski, Şamil Fətullayevin yazdığı yüzlərlə çoxcildli kitablarda yer alıb. Nəzəriyyə praktiki işin təhlili, izahıdır. Memarlıqda isə təcrübə olmasa, nəzəriyyə yarana bilməz. Bu, riyaziyyat deyil ki, birinci nəzəriyyə olsun, sonra onu həyata tətbiq eləsinlər. Memarlıq təsviri sənətdir. Burada əvvəl sənət yaranır, sonra da onun əsasında nəzəriyyəsi. Ümumiyyətlə, incəsənət də elədir.

 

Memarlığın bir dili var

 

- Memarlar deyirlər ki, hər xalqın memarlığının öz bədii dili var. Bu barədə nə deyə bilərsiniz?

 

- Bilirsiniz, o memarlar bu sözləri deyirlər ki, özləri həyatlarında heç nə eləməyiblər. Onlar vaxtlarını belə orijinal sözləri icad eləməyə həsr ediblər. Bilirəm ki, memarlığın bir dili var, o da memarın istedadı, düşüncəsi, dünyagörüşü, məkanı görməsi və şübhəsiz ki, təkrar edirəm, vətənpərvərliyidir, vəssalam.

 

- Azərbaycanda milli memarlıq üslubu, abidələri necə qorunur?

 

- Memarlıq abidələrinin qorunması dövlət başçısının xüsusi diqqətindədir. Heydər Əliyev Fondu abidələrin bərpasında çox böyük işlər görür. Yüzlərlə abidəimiz bərpa olunub və bu gün də Qarabağ ərazisində olan abidələrimizin bərpası dövlət başçısının birbaşa nəzarətindədir. Ən əsası da odur ki, bizdə bütün abidələr dövlət hesabına bərpa olunur. Baxın görün, dünyada hansı bir ölkədə belə bir nümunə var. Digər ölkələrdə abidələri mesenatlar, hansısa ictimai qurumlar, sərmayəçilər qururlar. Bizdə isə bunu dövlət edir. Biz daim narazıyıq ki, abidələrimizin vəziyyəti yaxşı deyildir. Bu “yaxşı deyil” deyən adamlar heç vaxt qabağa çıxıb deməyiblər ki, bir abidəni verin, onu öz hesabımıza bərpa edək. Tənqid hər şeydən asandır. Tənqid eləmək üçün gərək sənin mənəvi əsasın olsun.

 

- Bakı şəhərində memarlıq quruluşu, ləngərliyi baxımından sizin üçün ən zövqlü, diqqətçəkən məkan haradır?

 

- Əlbəttə, Bakının tarixi mərkəzi - həm İçərişəhər, həm Bayırşəhər...

 

- Demək, yenə də keçmişə qayıtdınız, tarixi memarlıq yenə də sizin üçün öz aktuallığını saxlayır...

 

- Biz abidələrdən danışdığımıza görə, mən keçmişə qayıtdım.  Yox, əgər müasir memarlıqdan danışırıqsa, Ağ Şəhəri göstərə bilərik. Gözəl bir əsərdir. Çirkinlik içərisində qalmış yerdə o cür gözəl əsər yaradıblar. Hökumət evinin yanında gözəl müasir binalar tikilib. Yəni müasir memarlıq da inkişafdadır. Memarlıq o dövlətdə inkişaf edir ki, iqtisadi durumu yüksəkdir. Kasıb ölkədə memarlıq ola bilməz. Memarlıq böyük vəsait tələb edən bir sənətdir. Rəssam  şəkil çəkdi, asdı divara, alan olmasa qalacaq divarda, heç kimə də maneçilik törətmir. Memarlıq vəsait olmadan qurula bilməz. Hər binanın tikintisinə milyonlarla pul lazımdır. Əgər bu gün Bakıda, Azərbaycanda memarlıq sənəti inkişaf edirsə, deməli dövlətin iqtisadi durumu yaxşı səviyyədədir. Deməli, dövlət tərəfindən memarlıq sənətinə diqqət var.

 

- Memarlıq rəssamla oxşardır?

 

- Xeyr, çünki memarın texniki biliyi olmalıdır. Memar, həm də başa düşməlidir ki, yaratdığı əsəri necə həyata keçirəcəklər, necə tikiləcək, yaxud tikilə biləcəkmi. Bu, çox vacibdir. Memarlıq sənətinin ayrılmaz hissəsi texniki bilikdir. Rəssama o lazım deyil, o nə təsəvvür elədi - onu da çəkir. Rəssam əsərlərində məsuliyyət daşımır, amma memar məsuliyyət daşıyır. Onun bunası davamlı olmalıdır, uçmamalıdır.

 

- Avropa klassikası üzərində tikilən, lakin bəzəkli tağlar və günbəzlərlə zənginləşdirilmiş binalar milli memarlıq abidəsi sayıla bilərmi?

 

- Memarlıq harada yaranırsa, ora da məxsusdur. Azərbaycanda yaranıbsa, Avropa klassikası olsa da, Azərbaycan memarlığıdır.

Daşdan yonulmuş  elementlər Avropa memarlığında daha geniş yayılıb, nəinki Şərqdə. Məsələn, İçərişəhərdə bizim Xan Sarayının Divanxanasını götürək. Orada çox gözəl plastika var. Bu, XVI əsrə aid bir əsərdir. Özü də o vaxt nə şablon olub, nə eskiz... Ola bilsin, bu, rəvayətdir, amma belə deyilir ki, o daşı yonan ustanın yanında oturub muğamat çalıblar, o da  musiqiyə qulaq asaraq həmin ornamenti yonub. Ölçülərin hamısı eynidir, amma şablonsuzdur. Bunun özü böyük hissiyyat tələb edir.  Həm o mühitin, miqyasın anlayışı... Bu, çox ciddi və mürəkkəb bir sənətdir. Memar genişbilikli  insan olmalıdır –  səhiyyəni də bilməlidir, təbiəti də...

 

- Biz hansı dövrdə yaşamağımızdan asılı olmayaraq, millətin tarixi kökünü ifadə edən, içində böyük əzəmət, sakitlik hiss etdiyimiz abidələrə can atırıq. Nəyə görə?

 

- Yəqin, diqqət yetirərsiniz ki, bizim ailələrdə yaşlı adamlara daha böyük məhəbbətlə, qayğı ilə yanaşırlar. Bax, bizim  abidələr də həmin o yaşlı adamlara bənzəyir. Bilirik ki, onlar  keçmişimizi təsvir edir və onlara görə çox narahatıq. Hər bir əşyanın, canlının müəyyən yaşama müddəti var. Bir müddətdən sonra yaşlaşır, məhv olur. Vaxt var idi, Bakıda bütün qaraağaclar qurudu. Ona görə də tarixdən qalan o qocaman abidələri qoruyub-saxlamağa çalışırıq. Bu o demək deyildir ki, Azərbaycanda, Bakıda müasir memarlıq abidəsi yoxdur. Var.  Bu memarlığı yaradanların əksəriyyəti azərbaycanlı memarlardır.  Azərbaycanda memarlıq sənəti inkişafdadır. /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...