Razi Nurullayev: "Qazi və valideynləri bir sənəd üçün niyə kimlərinsə "bığının" altından keçməlidir?"
"Müharibə iştirakçıları, o cümlədən yaralılar həkim komissiyaları tərəfindən ciddi şəkildə incidilir. Əlillik dərəcəsi almaq üçün müraciət edən yaralılar və valideynləri qapılarda, küçələrdə, hərbi hissələrin qapısında qalıb və özlərini alçaldılmış hiss edirlər. Boynumuza almalıyıq ki, birinci Qarabağ müharibəsində canını qoymuş yüzlərlə igid döyüşçülərimiz və müharibə iştirakçılarımız hələ də haqq etdikləri müharibə veteranı biletini ala bilməyiblər".
Versus.Az xəbər verir ki, bunu şəxsi "facebook" hesabında MCP sədri, millət vəkili Razi Nurullayev bildirib.
Millət vəkili bu məsələlərə son qoyulması tələbini irəli sürüb:
"Həqiqət naminə deməliyəm ki, bu gün cibində saxta bilet gəzdirən minlərlə insan var. Bəzi dövlət qurumları təsdiq edir ki, onların sayı on minlərlə ölçülür. Bu daha keçmişdir. Amma o saxta keçmişi kim və necə yaradıbsa, əslində hər kəsə məlumdur".
Razi Nurullayev qeyd edib ki, həkimlər və həkim komissiyaları indi zəfər qazanıb gələn müharibə iştirakçılarına daha ciddi və həssas yanaşmalıdır:
"Onları Musa Peyğəmbər öz qövmünü 40 il səhrada gəzdirdiyi kimi sərgərdan gəzdirmək yolverilməzdir. Kağızını, sənədini verin getsinlər. Bir əsgər və valideyni niyə müharibə iştirakçısı sənədini almaq üçün yüz kilometrlərlə yol gedib kimlərinsə bığının altından keçməlidir? Hərbi komissarlıqlar var, dövlətin sistemi var, kompüteri var, elektron xidmətləri var. Bu yazıq qazi əsgər və zabitlər, müharibə iştirakçıları niyə əsir-yesir edilir?"
Millət vəkili bu məsələlərin qətiyyətlə araşdırılmasını və lazımı tədbirlər görülməsini tələb etdiyini vurğulayıb.
SEVDA
Versus.Az