Razi Nurullayev: "Prezidentin təşəbbüsü ilə cinayət məcəlləsi xeyli humanistləşdirilib, amma..."
Millət vəkili Razi Nurullayev İmişli şəhər sakini Lətafəti Şükürovanı Parlament binasında qəbul edib.
Versus.Az xəbər verir ki, millət vəkili Lətafət xanımı dinləyib, qayğıları ilə maraqlanıb.
Görüşlə bağlı təsüratlarını bölüşən R.Nurullayev bildirib ki, Lətafət xanımın oğlu həbsdədir, ona 12 ilə yaxın iş verilib:
"Evdə üç qadın başsız qalıblar. Təbii ki, günahı var ki, həbs edilib. Amma çox təəssüf ki, günahın ən maksimum maddəsi tətbiq olunur. Axı bu qədər insafsızlıq olmaz. Prezidentin təşəbbüsü ilə cinayət məcəlləsi xeyli humanistləşdirilib, amma geniş tətbiqini görmək olmur. Ümumiyyətlə, bu humanistləşmə qanunu kütləvi olaraq bütün məhbuslara tətbiq edilməlidir və gözləməyə dəyməz".
Millət vəkili bir faktı da diqqətə çatdırıb:
"Aşağı instansiyada bir məhbusa cinayət işi qaldırılıb və məhkəməyə göndərilib. Ona elə maddələr tətbiq ediblər ki, heç vallah İvan Qroznıy belə hərəkət etməzdi. Adam dostu ilə dalaşıb, ona güllə atıb. Sonra barışıblar, hər ikisi sağ-salamat. İttiham edilən maddələrin isə nəticəsi adam öldürənin maddələrindən ağırdır".