Cəmiyyətin əfvlə bağlı əsas GÖZLƏNTİSİ

13:06 18-02-2021 | icon 446 | Cəmiyyət
Cəmiyyətin əfvlə bağlı əsas GÖZLƏNTİSİ

Döyüşçü ailələrinin əvvəlki cinayətlərinə görə əfvi, amnistiyası necə həll oluna bilər?

 

“Dəmir Yumruq” əməliyyatından sonrakı proseslər Azərbaycan dövləti, cəmiyyəti qarşısında  növbəti təxirəsalınmaz islahatların həyata keçirilməsini tələb edir. Öz qanı, canı bahasına Vətən torpağını yağı düşməndən azad edən əsgərin, şəhidin, qazinin müharibədən sonrakı yaşamı və keçmişdən qalan problemlərinin həlli məsələsi də ayrıca bir müzakirə mövzusudur və həllini gözləyən mühüm məqamlardan biri kimi önə çıxarılır.

 

Son vaxtlar müharibədə iştirak edən minlərlə könüllü əsgərin müharibəyə qədərki vaxt ərzində özü və ailəsi ilə bağlı hər hansı cinayət məsuliyyətinin olması və müharibədən sonra həmin şəxslərin barəsində əfv və yaxud amnistiya aktının qəbul olunması məsələsi aktuallaşdırıb. İstisna edilmir ki, öz canını vətən uğrunda fəda etməyə hazır olan Azərbaycan vətəndaşları arasında belə məqamlarla üzləşənlər var. Redaksiyamıza daxil olan müraciətlərə və eləcə də son günlər azadlıqdan məhrum edilən döyüşçülərin Prezidentə müraciətləri məsələni gündəmə gətirib. “Vətən Müharibəsində iştirak edən hərbçilərimizin, eləcə də qazi və şəhid ailələrinin yaxın üzvlərinin əvvəllər barələrində olan cinayətlərinə görə əfv, amnistiyaya düşməsi məsələsi necə həll oluna bilər” sualı ortaya çıxır. Əfv Komissiyası bu istiqamətdə hansı təklifləri hazırlaya bilər?

 

 

 

““Müharibədə iştirak etmə” faktoru mütləq Əfv Komissiyasında nəzərə alınır”

 

 

 

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Əfv Komissiyasına müraciət edən şəxslərin barəsində məhkəmənin hökmü olmalıdır. Şəxs özü, vəkili, nümayəndəsi müraciət etməlidir və yaxud da onun barəsində deputatlar, QHT-lər, Ombudsman vəsatət qaldırmalıdır. Belə olan halda həmin məsələ Əfv Komissiyasında baxılması üçün icraata qəbul olunur. Hüquqşünasın sözlərinə görə, cinayəti olan şəxsin əfv, amnistiyaya düşməsi üçün şəxsiyyəti, ailə vəziyyəti, sağlamlığı,  onun ölkə qarşısında xidmətləri nəzərə alınır. Əgər o, müharibədə iştirak edibsə, bu, xüsusi faktor kimi qeyd olunur. Ə.Nuriyev bildirib ki, əfvlə bağlı bütün məsələlər çox diqqətlə araşdırılır, müzakirə olunur və əsas kriteriyalar nəzərə alınır:

 

“Birinci növbədə müraciət edən şəxslərin hansı cinayətə yol verməsi və ictimai təhlükəsizlik dərəcəsi araşdırılır. Qətl, ağır bədən xəsarəti, xüsusilə küllü miqdarda talamaya yol vermə, vətənə xəyant, terrorçuluqda iştirak kimi cinayətlər nəticəsində bütövlükdə dövlətə, təbiətə, insanlara, mülkiyyətə hansı ziyanlar vurulması, dəymiş ziyan və ziyanın nə qədər ödənildiyi qeyd olunur. Başqa bir məsələ isə zərərçəkmişin mövqeyinin nədən ibarət olmasıdır. Zərərçəkmişlə barışığın olması, vətən qarşısındakı xidmətləri əlbəttə ki, nəzərə alınmalıdır”.

 

Ə.Nuriyev bildirib ki, bu faktorlar əsasında müəyyən bir tarazlıq tapılmalıdır. Buna uyğun olaraq həmin şəxs barəsində tövsiyyə xarakterli qərar qəbul edilib Prezidentə təqdim edilməlidir. Onun sözlərinə görə, cinayət işi olan şəxslər və ailə üzvləri ilə bağlı “Müharibədə iştirak etmə” faktoru mütləq Əfv Komissiyasında nəzərə alınır:

 

 “Əfv komissiyası bu faktorlara həssas yanaşır. Amma bu o demək deyil ki, şəxs qətl törədibsə, o, şəhid atası, yaxud qohumuna görə azad olunmalıdır. Məsələyə adekvat yanaşma olmalıdır. Əgər cinayət varsa, cəza da var. Ədalət və humanizm burda qoşa gedən prinsiplərdir və çox əhəmiyyətli faktorlardan biri kimi qərara təsir göstərir”.

 

Ə.Nuriyev qeyd edib ki, Əfv Cinayət Məcəlləsində cinayətlərin təsnifatına uyğun olaraq aparılır. Ağır, xüsusilə ağır cinayət törətmiş şəxslər üçün cəzasının yarısını çəkdikdən sonra Əfv Komissiyasına müracit etmək hüququ yaranır. Şəxs az ağır cinayətlərə görə, cəzasının 3,1-ni çəkməlidir. Böyük ictimai təhlükəliliyi olmayan cinayətlərə görə dərhal müraciət edə bilər. İctimai təhlükəliliyi olmayan cinayətlər sanksiyada 2 ildən çox olmayan cəzalardır. Az ağır cinayətlərə görə 7 ildən çox cəza nəzərdə tutulur. Ağır, xüsusilə ağır cinayətlər isə 12 il və ondan çox sanksiyalarla nəzərdə tutulan cəzalardır:

 

“Humanizim və mərhəmət əfvin prioritetdir. Hər bir şəxsə fərdi  qaydada yanaşılır. Şəxsin əfv olunması onu cəzadan azad edir, amma bu onun bəraət alması demək deyil. Bu gün Əfv Komissiyasının tövsiyələr verməsi üçün bütün kriteriyalar var.  Bu kriteriyalar əsasında qısa müddətdə qərarlar qəbul olunur. Əfv komissiyasında prezidentimiz tərəfindən təsdiq olunmuş əsasnamə var, ona uyğun olaraq bütün bu işlərə baxılır və cənab Prezident tərəfindən əfv sərəncamı imzalanır”.

 

Hazırda Əfv Komissiyasında iclaslarının başladığını deyən hüquqşünas bildirib ki, komissiyaya daxil olan 1000-dən artıq müraciətdən 100-dən artığına baxılıb. Onun sözlərinə görə, bütün bu müraciətlər geniş, hərtərəfli araşdırılır, müəyyən strukturlardan arayışlar alınmaqla təhlil olunur. Ə.Nuriyev indiyə qədər 66 əfv sərəncamının olduğunu, 10 minə yaxın şəxsin cəzanın qalan hissəsindən azad edildiyini vurğulayıb.

 

 

 

 

“I Qarabağ savaşında iştirak edənlərin bir qismi hələ də həbsdədir”

 

 

 

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı  bildirib ki, II Qarabağ müharibəsindəki uğurlarımız, qələbəmiz cəmiyyətə müsbət mənada sirayət edib. Onun fikrincə, növbəti əfv fərmanı digərlərindən fərqlənməlidir:

 

“İnsanlarımız var ki, I Qarabağ savaşında iştirak ediblər və bir qismi indiyə kimi hələ də həbsdədirlər. Elələri var ki, onlara ömürlük cəza verilib. Onların arasında OMON-çular, “Qaranquş” adlı dəstənin üzvləri var. O insanlar artıq 25 ildir ki, cəzalarını çəkirlər. Biz bu insanların azadlığa buraxılması haqqında məsələ qaldırmışıq. Hansı ki, onların çoxu ağır xəstədir, Qobustan həbsxanasında qocalıb. Hansı nəticə əldə olunacaq, bu əlbəttə ki, əfv komissiyasının və ilk növbədə cənab Prezidentin sərəncamındadır. Biz sadəcə təklifimizi verəcəyik”.

 

S.Qocamanlı əfvlə bağlı müraciət etdikləri keçmiş döyüşçülərin saylarının çox olmadığını deyib. Bildirib ki, onlar təxminən 10-12 nəfər olar. Hansı ki, 1993-96-cı ilə həbs olunublar və I Qarabağ savaşının ağrı-acılarından çıxan adamlardır:

 

“Düzdür, cinayət olub  və buna görə cəzaılarınbı alıblar. Artıq  illər ötüb. Biz onların azadlığa buraxılmasını humanistlik, insanlıq nöqteyi nəzərdindən alqışlayardıq. Ona görə də bizim hüquq-müdafiə təşkilatı monitorinq qrupumuz belə bir müraciət edib. Nəticələrin necə olacağını bilmirik, amma hər halda biz bunu nəzarətdə saxlayırıq. Əfv komissiyası ilə daima ünsiyyətimiz, təmasımız olub və dəfələrlə verdiyimiz siyahılar üzrə təkliflər dinlənilib”.

 

 


 

 

“Keçmiş döyüşçülərin əfvi bu birliyi, bu ruh yüksəkliyini daha da artıra bilər”

 

 

 

Dilarə Əliyeva adına İnsan Hüquqları Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu bildirib ki,  Azərbaycan 44 günlük müharibədəki uğurunu millətin birliyi hesabına əldə edib. Onun sözlərinə görə, əldə olunan qələbədən Azərbaycan insanında, cəmiyyətdə bir ruh yüksəkliyi yaranıb. Belə bir vaxtda I Qarabağ savaşında iştirak edən və müəyyən maddələrlə həbs olunan keçmiş döyüşçülərin əfv olunması bu birliyi, ruh yüksəkliyini daha da artıra bilər.

N.Cəfəroğlu erməni faşistlərinin hələ də öz işğalçı siyasətindən əl çəkmədiyini qeyd edərək, millətin birləşməsinə, toparlanmasına xüsusi ehtiyac olduğunu vurğulayıb:

 

“Əfvlə bağlı humanist addımların atılması zəruridir. Azərbaycan milləti Ali Baş Komandanla birləşərək qələbəni əldə elədi. Ona görə də gələcəkdə müəyyən qazilərin, OMONçuların, “Qaranquş” partizan hərəkatı yaratmaq istəyən insanların həbsdən azadlığa buraxılmaları yaxşı nümunə olar. Biz Azərbaycan İnsan Haqqları İşçi Qrupunda təmsil olunmaqla əfvlə bağlı məsələləri müzakirəyə çıxarırıq. Artıq həmin insanların əfv olunması üçün müraciət etmişik. Bu əfv baş verərsə, cəmiyyətə müsbət sirayət edəcək. Cəmiyyət bir daha başa düşəcək ki, birlikdə çox uğurlar qazanmaq olar. Hökumət bilməlidir ki, onun yaxşılığını bu millət çox yaxşı qavrayır. Əgər hökumət irəli bir addım atsa, bu 2 addım atıb, onu qucaqlayacaq”.

 

 

 

 

 

“Builki əfv daha çox məhkumları əhatə eləməlidir”

 

 

Əfv Komissiyasının üzvü Rəşad Məcid  hesab edir ki, budəfəki əfv daha artıq humanizmə söykənərək, daha çox insanın azadlığa buraxılmasına imkan yaratmalıdır. Onun sözlərinə görə, hansısa şəhid ailələri, yaxud onların qohumları həbsdədirsə, fərdi müraciətlər eləməlidirlər. Çünki Əfv komissiyasında bu məsələyə ümumi bir yanaşma yoxdur.  Məhkumlar və yaxud onların qohumları müraciət edir və  komissiya müharibədə iştirakçılığı yumşaldıcı hal kimi nəzərə alır.

 

R.Məcid bildirib ki, müharibədə iştirak edən şəxslərin özünün, qohumlarının məhkumluğunun olması və onlara hər hansı hüquqi yardımın edilməsi məsələsi ümumən vətəndaş cəmiyyətləri və qeyri-hökumət təşkilatlarının fəaliyyəti çərçivəsində araşdırıla və müxtəlif siyahılar tərtib edilə bilər. Eləcə də qeyri-hökumət təşkilatları, millət vəkilləri də təşəbbüslə hansısa adam barədə müraciət edə bilər:

 

“44 günlük müharibədən sonra cəmiyyətdə yaranan yüksək əhval-ruhiyəyə uyğun olaraq bağışlanmaya xüsusi yer verilməlidir. Çünki cəmiyyətin gözləntisi də budur. Mən komissiyanın iclasında da dedim ki, biz gərək bu gün daha mərhəmətli və humanist mövqe tutaq. Sərt olmayaq. Azərbaycan vətən müharibəsində qalib olub və ona görə də builki əfv daha çox saylı məhkumları əhatə eləməlidir”. /“Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”