“Belə yerdəyişmələr islahat deyil” - MÜSAHİBƏ

14:15 18-02-2021 | icon 717 | Siyasət
“Belə yerdəyişmələr islahat deyil” - MÜSAHİBƏ

Əli Əliyev: “Dialoq o vaxt olacaq ki, Prezidentin iştirakı ilə aparılan danışıqlarda iştirak edəcəyik”

 

Regonun geosiyasi vəziyyəti özünün gərginliyi ilə müşahidə olunur. Hərbi qələbədən sonra cərəyan edilən proseslər çox ciddi və nizamlı diplomatik gedişlər tələb edir. Paralel olaraq ölkədə tam uğurun əldə olunması bütün təsirlərə rəğmən xalq, hökumət, siyasi təşkilatların birliyin qorunması ilə əlaqələndirilir.

 

Versus.Az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev müsahibəsində bu və ya digər məsələlərlə bağlı maraqlı nüanslara diqqət çəkib.

 

- Əli bəy, ölkənin hazırki vəziyyətini hakimiyyətdaxili çəkişmələr, həbslər, korrupsiya məsələləri, eləcə də kadr islahatları fonunda təhlil etsək, mövcud durumi necə dəyərləndirərdiz?

 

- Əvvəla onu qeyd etməliyəm ki, müxtəlif vəzifəli şəxslərin işdən çıxarılması islahatlar deyil. Bunun adı admnistrativ gimnastikadır. Məsələn, Ramil Quluzadəni Rabitə Nazirliyindən çıxarıb İşlər müdiri qoyanda, bunun xasiyyəti dəyişəcək, yoxsa davranışı? Rəşad Nəbiyevi kosmik sənayeni məhv etdikdən sonra gətirib Rabitə Texnologiyalar naziri qoyanda, o adamın xasiyyəti dəyişəcək? Belə yerdəyişmələr islahat deyil. Çünki biz yenə də bir neçə il gözləməliyik ki, görək bu adamlar öz yeni işində necə fəaliyyət göstərəcəklər. Ölkədə Prezidentin öz imzaladığı sərəncamı məhv eləmiş bir adamı kiçik sahədən götürüb daha məsuliyyətli mühüm sahəyə qoyurlar, bunun adı islahatdır? Dünya, dünya iqtisadiyyatı rəqəmsallaşır, bütün dünya iqtisadiyyatı 4-cü sənaye inqilabına göndərilir, Azərbaycanda isə təsərrüfat sənaye sahəsini məhv eləmiş adamı gətirib qoyurlar bu sahənin başına. Mən başa düşə bilmirəm, evdə oturmuş kafedra müdrinin həbs olunması, keçmiş nazirin 3 ildən sonra həbs olunması islahatdır? Videokasetlərlə cinayətləri sübut olunmuş, maaşlarına uyğun olmayan əmlaka və varidata sahib olmuş nazirlər, komitə sədrləri niyə həbs olunmur? Bu suala cavab verə bilməzlər.

 

- Yüksək vəzifəli şəxslərin hakimiyyətdən uzaqlaşdrılmasını  təhlil edən iqtidar nümayəndələrinin də sərt mövqeləri müşahidə olunur. Belə fikirlər var ki, vəzifələrindən azad olunmuş korrupsioner məmurlar, nazirlər ölkədə hakimiyyət çevrilişi edə bilər.

 

- Bu nəzəri baxımdan mümkündür. Hal-hazırda hakim elita bir neçə qəlpəyə bölünüb və onların arasında amansız mübarizə gedir. İki həftə qabaq dövlət çevrilişinin olacağı ilə bağlı ehtimalı deputatlardan biri səsləndirmişdi. Fərqli adamlar tərəfindən bu məsələyə münasibət bildirilib. Hesab edirəm ki, ölkədəki daxili durum siyasi qruplaşmalar arasında olan münasibətlər ölkədə hər hansı konstitusyon dəyişikliyi ehtiva eliyə bilər. Ona görə də hesab edirəm ki, ölkədə vəziyyət dayanıqsızdır.

 

- Əli bəy, 44 günlük vətən müharibəsindən sonra Qarabağdakı vəziyyət gərginliyi ilə diqqət çəkir. Müharibədə qazanılan zəfər ikinci mərhələdə diplomatik müstəvidə aparılan mübarizədə qazanılmalıdır və prosesdə Azərbaycana təsir edən güclərin olması istisna edilmir. Burada “5-ci kolon”un rolunun oduğu da deyilir.

 

- Rusiya Azərbaycandakı vəziyyətdən narazıdır. Rusiya faktiki olaraq ərazilərimizi işğal edib ərazilərimizə qoşun yerləşdirib. İndi də hakimiyyəti “ipə-sapa” yatızdırmaq, Rusiyanın yeni imperiya siyasətinə uyğunlaşdırmaq üçün təzyiqlər təşkil edir.  “5-ci kolon”un fəallaşması sadəcə budur. Necə ki, Ermənistanda Paşinyan hökumətinə qarşı Köçəryan, Sərkisyan ittifaqından istifadə olunur, Azərbaycanda da buna bənzər proseslər gedir. Rusiya Prezident İlham Əliyevi Moskva layihəsinə qoşulmağa vadar eləmək istəyir, Azərbaycanda yerləşdirdiyi qoşunları baza statusuna qaldırmaq istəyir. Azərbaycanı tam olaraq işğal altında saxlamaq niyyətini güdür.

 

- Siz Rusiya sülhməramlıları ilə bağlı belə bir mövqe ortaya qoydunuz. Bu məqamın üzərində dayanaq. İctimai televiziyada müsahibə verən rusiyalı politoloq deyir ki, “çoxları qorxur ki, Putin gəlib buraları alacaq...” və sair. Jurnalist Rusiya sühməramlıları ilə bağlı Azərbaycanda narahatlıq doğuran məqamların liberal və Qərbyönümlü qruplar tərəfindən səsləndiyini irəli sürüb. Bu cür yanaşma nəyə yönəlikdir?

 

- Mən liberal siyasi mövqeyə çox pis baxıram. Və mən qərbyönümlü yox, Azərbaycan yönümlüyəm, bir millətçiyəm. Mənim bu dediklərim nə liberallıqdan, nə də qərbçilikdən irəli gəlmir. Bu mənim millətçiliyimdən və Azərbaycan yönümlü olmağımdan irəli gəlir. Bu mənim siyasi, qəti mövqeyimdir.  Rusiya politoloqu razı olardımı ki, Azərbaycan ictimaiyyətində Rusiya qoşunlarının işğalçı qüvvələr olduğu fikri yansısın. Ona görə də Rusiya politoloqunun bu fikri normal qarşılanmalıdır. Çünki rus politoloqları hamsı millətçidirlər və rus imperiyasının dinc təzahürdə meydana çıxmasının tərəfdarıdırlar. Sadəcə olaraq, niyə bunlar Azərbaycana gəlməliydilər ki, biz də onların ölkədən çıxarılmasına, yaxud da bu cür etiketlərin yapışdırılmasına təşəbbüs göstərək. Dörd aydır Azərbaycan ərazilərini işğal ediblər. Bir nəfər azərbaycanlını Qarabağ ərazisinə köçürüblərmi? “Sülhməramlı” tezisinin rus ordusunun qarşısında yapışdırılması nə dərəcədə doğrudur?

Sülhməramlı dediyiniz qoşun hissələri 1990-cı ilin yanvarında Bakını qana boyadılar, 1992-ci ildə Xocalı soyqırımını törətdilər. Və yaxud da beynəlxalq qanunvericiliyə görə sülhməramlı statusu yalnız BMT tərəfindən verilən mandat əsasında müəyyən edilə bilər. Ruslar bu mandatı BMT-dən alıblar? Yox!

Digər məsələ, sülhməramlı ev tikir? Sülhməramlı yol çəkir? Sülhməramlı məktəb açır, xəstəxana açır? Rus qoşunları bunlarla məşğul olurlar. Prezident Əliyev də bunu ifadə edib.  Sülhməramlılar 50 min əhalini o tərəfdən gətirib Qarabağa, niyə  bu tərəfdən bir nəfəri belə aparmamalıdır? Bəyəm bilmirsiz ki, Rusiya bu bölgədə 200 ildir ki, ermənilərin himayədarıdır?! Siz görmüsüz ki, nə vaxtsa Rusiya ilə Ermənistan arasında münaqişə olsun? Amma 200 ilə yaxındır ki, rus-erməni hərbi birləşmələri  Azərbaycan xalqının qanını tökürlər. İstəyir Gəncədə, istəyir Bakıda, Şəkidə, Naxçıvanda, Lənkəranda, Kürdəmirdə olsun... 31 martı biz soyqırım kimi qeyd edirik, kim törədib onu? Bu qırğını 1918-ci ildə rus-bolşevik, daşnaq qüvvələri törətmişdi. Ona görə də bu 200 il ərzində bu xalqın qoşununa işğalçı adından başqa ad vermək mümkün deyil. Buna heç kəs təəccüblənməsin. Bizi narahat edən Azərbaycanın ictimai televiziyasına bu cür adamların çıxarılmasıdır. Buna nə ad vermək olar. Bu hakimiyyət, “5-ci kolon” Azərbaycan ictimaiyyətinin fikri ilə manipulyasiya edir. Korrupsiya ilə mübarizə siyasəti ilə yanaşı, guya Rusiya qoşunlarını sülhməramlı kimi cəmiyyətə sırımağa çalışırlar. Guya kadr islahatı keçirilir və guya ruslar yaxın gələcəkdə çıxıb gedəcəklər, hamısı yanlışdır.

 

- İndi də separatçıların başçısı Qarabağda “rus dilinin ikinci dövlət dili olması” barədə qərar verib. Rusiya bu qərarı müsbət qarşılayıb. Bu nəyə yönəlikdir?

 

- Azərbaycan ərazisində separatçı qurumun terrorist nümayəndələrinin bu cür planı Azərbaycanda təəccüb doğurmamalıdır. Bir müddətdən sonra biz həmin separatçı qurum, ruslar, ermənilər tərəfindən işğal olunan Azərbaycan ərazilərinin, keçmiş Dağlıq Qarabağ ərazilərinin ya Ermənistana, ya Rusiyaya birləşdirilməsi ilə bağlı sorğuya şahidlik edəcəyik. Bir müddətdən sonra biz Minsk Qrupunun əraziyə status verilməsi ilə bağlı danışıqların aparılmasına şahidlik edəcəyik. Artıq bu danışıqların birinci mərhələsi başlayıb. Bu hökumət deyirdi ki, ATƏT-in minsk qrupunun missiyasını bitirdik. Belə olduğu təqdirdə necə narahat olmayaq və necə inananq.

 

- Sizin bu suallara cavab olaraq bir sıra ekspertlər, siyasilər deyirlər ki, biz 28-30 illik işğalı 44 gün ərzində necə həll elədiksə, zamanla bu problemlərin də öhdəsindən gələcəyik.

 

- O sözü deyənlər nə müəccimdirlər, nə də ki, falabaxandırlar.  Mən Azərbaycan siyasətində özünü münəccim hesab eləmiş siyasətçi tanımıram. Elə isə mən də rus dövlətinin inhisarçılıq siyasəti ilə bağlı dünyada baş verənlərə qiymət vermə təcrübəsinə malik olan adamam. Rusiya Mərkəzi Afrika ölkəsində müharibə aparır. Dünən 10-a yaxın insan qətlə yetirilib Həydər Camalın oğlunun öldürüldüyü yerdə. Rusiya Krımın inzibati vahidlərini - Donetsk, Luqansk vilayətlərinin işğalında iştirak edib, Gürcüstanın iki subyektini işğal edib, Moldovanın ərazisində bir subyekti işğal edib, qoşunlarını qanunsuz olaraq orda yerləşdib. Qazaxısatanda ərazi iddiasını ifadə edir. Mən burda “münəccimlərin” sözlərinə inanmalıyam, yoxsa gördüklərimə. Kim qarantiya verir ki, Rusiya qoşunları Azərbaycandan çıxacaq? Kim qarantiya verir ki, Rusiya Azərbaycanın milli maraqlarına uyğun olan mövqe nümayiş etdirəcək?! Kim bizə bu qarantiyanı verir, nəyə görə mən bunların sözünə inanmalıyam. Mən bunların sözünə inanmıram. Mən Azərbaycan iqtidarının işlətdiyi ifadələrdən nəticə çıxardıram. Prezident İlham Əliyev demişdi ki, Dağlıq Qarabağın statusu gorbagor oldu. İndi Rusiyanın xarici işlər nazirinin müavini Rudenko açıq şəkildə ifadə edib ki, biz Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk Qrupu çərçivəsində həll edəcəyik. Sual edirəm: İndi mən işğalçı qoşunların rəhbərliyinə, yoxsa Prezident Admnistrasiyasından şirnikləndirici və digər təkliflər alan müxalifət olan adamlara inanmalıyam?

 

- Əli bəy, bizdə bir ümid yaranmışdı ki, Türkiyənin bölgəyə gəlişindən sonra Azərbaycana qarşı hər hansı istilaçı mövqelərin inkişafına imkan verilməyəcək. Monitorinq qrupu da yarandı. Bu, bizə qarşı təhdidlərin qarşısının alınması üçün hansı təsirə malik olacaq?

 

- Rusiya keçmiş SSRİ coğrafiyasında açıq şəkildə qaba güc, ekspansiyanist siyasəti aparır. Bu dövlət başqa dövlətlərin ərazilərini işğal eləyib. Rusiya özü üçün keçmiş SSRİ respublikalarından ibarət təhlükəsizlik qurşağı yaradıb. Məni bir sual narahat edir: Axı mən əlimdə olan qələbəni niyə kiməsə verməliyəm? Nəyə görə mən təbii müttəfiqimdən imtina eləməliyəm? Nəyə görə Pakistanın verdiyi dəstəyi kənara qoyub, Ermənistanın hərb-siyasi müttəfiqi ilə oturub saziş imzalamalıyam?! Kim bunun izahatını Azərbaycana verə bilər? Deyirlər ki, Azərbaycanda müharibə bitib. Hər müharibənin sonunda kapitulyasiya aktı imzalanmalıdır. Hanı bu kapitulyasiya aktı, göstərsinllər bizə. Niyə Ermənistanın hərbi qoşunları hələ də Qarabağda meydan sulayır. Niyə məğlub kimi davranmır, orda qərarlar verir?! Qalib tərəf məğlub tərəfi öz şərtlərinə məcbur eləyir. Niyə Azərbaycan əhalisini öz yerlərinə köçürmürlər?

Kapitulyasiya aktı olmayana qədər bizim gələcəkdə Haaqa məhkəməsinə iddialarla bağlı çıxış edəcəyimizlə bağlı verilən bəyanatlar da yanlışdır. Ermənistan məğlub olduğunu və müharibədə törətdiyi cinayətləri etiraf etməyənə qədər, kapitulyasiya aktını imzalamayana qədər, heç bir HAAQA məhkəməsinə müraciət etmək hüququna malik deyilik.  Görəcəksiz, bir müddət sonra Dağlıq Qarabağa göndərilən yardımların bədəli Azərbaycan xalqından istəniləcək.

 

- Göründüyü kimi, Qarabağda vəziyyət gərgindir. Sərhədlər bütövləşsə də nəzarətimizdə olmayan ərazilər var. Həmin yerlərdə məskunlaşma ilə bağlı nə fikirləriniz var?

 

- Məni əhalinin öz yerlərinə köçürülməsi narahat edir. Amma çox böyük ehtimalla müharibənin üçüncü qaynar fazası başlayacaq. Biz bunu gözləyirik. Hər halda düşünürəm ki, müharibə qaçılmazdır. Bu, Ermənistan tərəfinin verdiyi bəyanatlardan bu görünür.

Məni narahat edən məsələ işğal altında qalan ərazilərimizdir.  Onların müqəddəratı və taleyidir. Nəyə görə Azərbaycan xalqının qanı bahasına aldığı torpaqları biz rusların, ermənilərin nəzarətində buraxmalıyıq.

 

- Əli bəy, artıq bu proses baş verdi. İndiki gərgin şəraitdən çıxmaq üçün nə etməliyik, siz nə təklif edirsiz?

 

- Azərbaycan iqtidarı öz xalqı ilə birləşməlidir. İqtidar siyasi müxalifətlə bir araya gəlməlidir. Bizim dediklərimizin haqq olduğunu qəbul etməlidir. Və biz bizi qarşıda gözləyən fazaya hazırlaşmalıyıq. Azərbaycanı qarşıda “status” məsələsinin qaldırılması gözləyir. Azərbaycanı həmin ərazidə məskunlaşmış separatçı ermənilərin hər hansı bir “səsvermə” keçirməsi gözləyir. İndiki sülhməramlıların bölgəmizdə olduğu bir şəraitdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində onun yuridiksiyasının qəbul olunmasından söhbət gedə bilməz. Arutunyan kimi terrorçular orda hələ ki, oturub at oynadacaqlar.  Biz bunu nəzərə alıb ölkə daxilində konsilidasiyaya nail olmalıyıq.

 

- İqtidar-müxalifət dialoqu baş tutdu deyə bilərik. Bu, müharibə dövründə siyasi partiyaların hakimiyyətlə həmrəyliyində də özünü göstərdi.

 

- Heç bir dialoqdan söhbət gedə bilməz. Görüşlər var, təmaslar var, amma dialoq yoxdur. Dialoq o vaxt olacaq ki, ölkənin siyasi mühitinin dəyişməsi və yaxud digər məsələlər ətrafında Prezident İlham Əliyevin iştirakı ilə aparılan danışıqlarda iştirak edəcəyik.

 

- Sühməramlıların bölgəyə daxil olması və özbaşına hərəkətlərindən narahatlıq ifadə edən bəzi siyasilər ölkədə 3-cü Milli İstiqlaliyyət Hərəkatının olmasını da dilə gətirib. Bu nə dərəcədə gözləniləndir?

 

- Mən hazırki vəziyyətdə ölkənin daxilində ciddi siyasi proseslərin gedişatını gözləmirəm və arzulamıram. Çünki bu 44 gün ərazində bizim ən böyük avantajımız xalqın daxilində  yaranan milli birlik məsələsi olub. Bu milli birlik hər hansı səbəbdən dəyişərsə, pozularsa, bizim uğursuzluğumuza gətirib çıxarda bilər. Milli Azadlıq hərəkatını ölkədə başlatmaq üçün ölkənin daxilindəki siyasi qüvvələr ayaq üstə olmalıdırlar. Bu gün ölkədə milli istiqlaliyyət hərəkatını başlayacaq alternativ qüvvəni görmürəm. Bəli, ölkədə bu hakimiyyətin dəyişməsində maraqlı olan çevrələr var. Amma onların heç biri Azərbaycanda Milli Azadlıq Hərəkatı deyil, hakimiyyəti dəyişmək üçün başqa dövlətlərin əlində alət olan qüvvələrdir. Bu baxımdan, mən milli azadlıq hərəkatı üçün zəmin görmürəm.

 

- Əli bəy, bizim siyasi partiyaların fəaliyyətində istənilən o ayaqlanma, aktivlik niyə yoxdur?

 

- Yaxşı baxmaq lazımdır. Əksinə, Azərbaycan müxalifətinin hakimiyyətə təslim olmayan hissəsi kifayət qədər fəaldır. Bütün mərhumiyyətlərə, təzyiqlərə baxmayaraq biz fəaliyyətimizi davam etdiririk. Yanvarın 30-da mənim “fecabook” səhifəmi oğurlayıblar. Əgər fəal deyiliksə, bizdən çəkinmirlərsə, niyə səhifələrimiz oğurlanır, niyə bu gün İctimai televiziyaya rus politoloqları buraxılır, biz isə buraxılmırıq?

 

- Ekspertlər bu fikirdədir ki, Vətən müharibəsində qazandığımız milli birliyin dağıdılmasını və siyasi partiyaların iqtidarla siyasi əməkdaşlığını məhdudlaşdırmaq istəyən qüvvələr var. Təsadüfi deyil ki, bu qüvvələr öz niyyətlərini “5-ci kolon”un əli ilə gerçəkləşdirməyə çalışıblar. Bu məsələni necə dəyərləndirərdiz?

 

- Kənar qüvvələr təbii ki, Azərbaycanı çökdürmək və onu öz təsir dairəsinə salmaq istəyəcək, bu, aydındır. Çünki Azərbaycanın münbit geosiyasi mövqeyi, kommunikasiya xətləri, böyük qaz və neft kəmərləri var və müstəqil siyasət aparmaq istəyindədir. Maraqlı güclər Azərbaycanı öz təsirinə salmaq üçün əlindən gələni edəcək. Amma buna qarşı bizim dirənişimiz necə olmalıdır? Düşünürəm ki, bu istiqamətdə cavabını gözləyən xeyli suallar var ki, Azərbaycan öz daxili gücünə və birliyinə güvənərək bunlara cavab verə bilər. /“Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür