880 yaşlı söz bağçasının həmişəbahar gülləri...
2021-ci il sənin adınla bağlıdır, ey sözlə dolu könlümüzün Sultanı Nizami Gəncəvi
880 ildir, binə olub nizamlı bir söz bağçası. Qüdrəti, qüvvəti, kəsəri, dəyəri, meyarı ilə bütün maneələrə sinə gərib, sipər çəkib, keçilməyib sədləşibdir, yeri gəlib sərtləşibdir, daim öz şuxluğun qoruyub, əyilməyib bir an belə, qəddi də. Əsrlərin, qərinələrin yağan qarı, boranı, soyuğu, şaxtası üşütməyə, dondurmağa, istisi məşəl olub yandırmağa, soldurmağa, küləyi uçurmağa, yıxmağa cürət etməyib bu bağçanın həmişəbahar güllərini. Nəsillərdən-nəsillərə yayılıb bu güllərin rayihəsi, neçə-neçə könüllərə ilham verib təravəti, bu bağçada gecə-gündüz qaynayıb, qaynadıqca daha da gurlayıb, güllərini, çiçəklərini bir kimsədən kömək ummadan yaşadıbdır dəryalara, dənizlərə sığmayan “Nizami Gəncəvi” adlı hikmət dolu bir ümman. Şairlər, yazıçılar söz mülkünün açarını bu bağçadan axtarıb tapıb, bəstəkarlar musiqi notların kökləyib onun sehrində, məlhəm verib neçə xəstə könüllərə, doğru yol göstərib iş, sənət dalınca gedənlərə, tələsənlərə gözlə, bir az düşün deyib, düzgünlüyə səsləyib insanları, təsəlli verib, ruhlandırıb, ümidləndirib naəlac binəvaları, ədaləti, səxavəti üstün tut hər əməldə, cızığından çıxma, həyatda öz yolun, xəttin, izin olsun, başqasının deyil, öz süfrəndə gözün olsun, oxu, mütaliə et ki, dürr çıxsın ağzından sözlər, səbir et, onsuz da gec-tez əyriləri kəsəcək düzlər, çalış dəyərini qoru ki, kəsərdən düşməyəsən, addımını doğru at ki, büdrəyib sürüşməyəsən – söyləyib...
Bu bağçanın həmişəbahar ilk böyük gülüdür “Sirlər xəzinəsi”. Dövrün hadisələri fonunda iki insani sifətin məğzin açır, mahiyyətin göstərir, bizə yaxşılıqdan, pislikdən danışır, ədalətli olmağa çağırır, tənbəl, ikiüzlü sifətlərə nifrət, halal zəhmətlə yaşayanlara, haqq yolunu tutanlara rəğbət edir, sadə, səmimi insanlara yüksək məhəbbətini bildirir bu gül. Yaxşılıq et, parlasın yaxşılığın gövhəri, yaxşını, həm də pisi görən təcrübəlilər pisi bəyənməmişlər, anla ki, zərrə qədər hikmətli ifadələrlə qərq eyləyir düşüncələr aləminə. Sirli sözlər pıçıldayır: Ömür kitabını aç qarşına, vərəqlə onu bir-bir, tələsmədən, usanmadan, bircə sətir də unutmadan, nəzər eylə, olanları, ötənləri xəyalında canlandır, şübhəsiz, rast gəlməyəcəksən heç də az belə sifətlərə. Çox güman ki, hər kəs kimi, sənin də var zaman-zaman yaxşılığın kimi, pisliyinin toxunduğu insanlar. Mahiyyətini dərindən dərk etsən, təəssüf, peşmançılıq hissləri bürüyəcək səni. Elə isə hələ ki, gec deyil, öncə pis əməldən uzaq durmağa tələs, gözdən iraq düşməyə çalışma əsla yaxşılıq et ki, könül mülkündə olsun payın. Vurub yıxmaqla deyil ağıllılıq, unutma, gücünü ədalətdən heç zaman uca tutma, – deyərək haqq yoluna, ədalətə səsləyir “Sirlər xəzinəsi”. Sadə bir qarının dili ilə izah edir ki, yaxşı olmaq asandır, şübhəsiz, ondan çətini ədalətli olmağı bacarmaqdır. Nə olursa-olsun, ədalət mizanı əsla şaşmamalı, yəni birinə yaxşılıq etdiyini düşünüb bais olma digərinin haqqına. Hər görülən işdə, atılan addımda balansı qorumaq lazım. Necə deyərlər, çalış elə edəsən ki, nə şiş yansın, nə kabab. Qoy ədalət çırağı daim belə gur yansın, işıq salsın yollara, izlərə, bu günün, sabahın ən mehriban dostu, yoldaşı olsun ədalət. Zira, başqa cür mümkün deyil inkişaf...
Söz bağçasının ikinci böyük həmişəbahar gülüdür “Xosrov və Şirin”. Tarixə qısaca ekskursiya edirik bu gülün sehrində, bədii surətlər, ədəbi qəhrəmanlar çıxır qarşımıza. Tərənnüm edilir məhəbbətin böyüklüyü, haqlı olaraq göstərilir ki, hər şeydən üstündür insan ağlı, düşüncəsi. Əziyyət eyləsən, cəfa görərsən, mehribanlıq etsən, səfa sürərsən, – söyləməklə əməyə, zəhmətə daim önəm verməyə səsləyir sehrinə dalanları. Eşitməmişsənmi bu məşhur sözü: “Quyu qazan adam düşəcək özü!” Bu hikmətli ifadə görün nələr əxz edir bizə. Təbiidir ki, yaradılışdan bəri “quyu qazanlar” silsiləsi olub, olacaq da. Nə qədər ki, həyat var, yaşayış var – yaxşılıq qədər pislik edənlər də tapılacaq mütləq. Amma bəd iş tutanda düşünməlisən ki, başqasına pislik etmək nə qazandırır sənə, çoxumuz bu fikri sözdə desək, ağılda fikirləşsək də, əməl edən azdır, çox təəssüf. Elə “quyu qazanların” sonrakı halını görəndə nəticə çıxarmayanlar da vardır, heyif. Öz mənafeyimizi gəlin çəkək bir kənara. Saf əqidə ilə düşünək. Əgər öz həyətimizdə yaşıllıq, gözəllik arzulayırıqsa, bunu çox asan yolla, çalışmaqla gerçəkləşdirə bilərik. Niyə ömrümüzü başqasının həyətinə daş atmaqla keçirək ki? Sağlam mübarizə aparaq usanmadan, dönmədən. O zaman qazandığımız uğurun da başqa olacaq dad-tamı. Dəqiq biləcəyik bacarığımızın əsl meyarını, çəkisini. Ən əsası isə rahatlıq tapacaq vicdanımız. Unutmayaq: “İnsana qalan insanlıq olacaq. İnsanlığı da var edən vicdandır, əlbət”. Dost qəlbi torpaqdır, ona əl vursan, əlin pak olacaq o zaman, inan – ən ali insani duyğudur dostluq, torpaq isə müqəddəs varlıq. Necə gözəl yanaşmadır dostu torpağa bənzətmək, elə deyilmi? Hər ikisi yolunda çəkilən zəhmət getmir hədər, itmir, tez bir zamanda daha gözəl şəkildə qayıdır geri. Torpaq da, dost da vəfalıdır, sənin qarşına dünya nemətlərini sərir dost da, torpaq da. Torpaq kimi dostun da qəlbi kövrəkdir, tez küsüb, tez inciyəndir. Niyə də küsməsin ki? Uman yerdən küsərlər. Ona görə gəlin incitməyək nə torpağı, nə də dostu...
Söz bağçasının növbəti böyük gülü – “Leyli və Məcnun”. Məhəbbət əfsanəsinin timsalında vicdan və sevgi azadlığı barədə danışır, orta əsrlərdə hökm sürən neqativ hallardan, xüsusilə qadın hüquqsuzluğundan, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır bu gül. Xudpəsənd olmayan təmiz bir insan qorxmaz nə yaxşıdan, nə də yamandan – söyləməklə, xudpəsəndlikdən, eqoistlikdən qaçmağa səsləyir hər kəsi. Xudpəsənd bir insan düşünün, diqqətlə nəzər eyləyin onun danışığına, hərəkətlərinə. Həmin şəxsin yerində olmaq keçdimi heç könlünüzdən, təbii ki, cavabınız olacaq – əsla. Az işləyən, çox danışan da demək olar o kəslərə. Elə insanlar görəndə çalışın o yoldan çəkindirin onu. Xudpəsəndlikdənsə qoy olsun təvazökar. Niyə də yox. Çox danışmaq, özünü tərifləməklə itirdiyi vaxtı həsr etsin işinə. Sözdə deyil, əməldə göstərsə özünü nəticə də olar gözəl, ürəkaçan. Tərif də gələr, xoş söz də eşidər. Ancaq bu dəfə başqalarından. Daha gözəl, daha sanballı, daha layiqli, məntiqli, inandırıcı təriflər. Bir xərabə görsən, qurmağa tələs, məsləhət belədir, əməyin itməz – bəli, insanoğlunun qurmaqdır, yaratmaqdır əzəldən amalı. Ancaq naxələf, əhdinə xilaf çıxan, söküb-dağıdan da az deyil, şübhəsiz. Qurub, yaratmaq və söküb, dağıtmaq. Antonimlik təşkil edən iki ayrı qəbildən sözlər. Mənalarında da, əməllərində də böyük uçurumlar, kəskin fərqlər. Qurmağa illər, dağıtmağa isə dəqiqələr lazım. Hünər daşı daş üstünə qoymaq, qurmaq-yaratmaqdır, dağıtmağa nə var ki, elə deyilmi? Mənfurların, cılızların işidir var olanı yox etmək. Dön bir tarixə bax. Dağıtmaqla gözəl xatırlanan çoxdur, yoxsa yaratmaqla?! Elə isə sən də qurub-yaradanlardan olmağa çalış ki, gözəl xatırlanasan...
Dördüncü həmişəbahar böyük gül – “Yeddi gözəl”. Adına baxıb dərhal qiymət verməyə çalışma, ətrini duy, lətafətini hiss et sonra. “Yeddi gözəl”in söhbətinə qulaq as. Agah olacaq sənə hökmdar və xalq arasındakı problem. Fitnənin sözlərini sən də Bəhram hökmdar kimi eşit, onun kimi sən də doğrularını, yanlışlarını qoy tərəziyə. Nəticə çıxar. Diqqətlə düşün. Kiməsə qarşı haqsız hərəkətlərin varsa, yubanmadan vaxtında çəkin bu əməllərdən. Hünər ardınca qoş, xalqa hünər saç, qapılar bağlama, ər ol, qapı aç, – deyir sənə bu gül. Bu hikmətli ifadəni dinlədikcə canlanır gözlər önündə nələr – müstəqil dövlətimiz. Firavanlıq içində gözəl həyat sürən, mədəni yaşayış səviyyəsində olan xalqımız. Günü-gündən artan sosial-iqtisadi inkişafımız, birliyimiz, bərabərliyimiz. Bütün cəbhələrdə qazandığımız qələbələr və inamlı gələcək. Elə isə sən də özünəməxsus dünyanda gördüyün işlərdə, atdığın addımlarda bu ifadəni çevir həyat ritminə. Çevir ki, mərd, açıqürəkli kimi gözəl insani keyfiyyətlər formalaşsın xarakterində. Haqqında söhbət düşəndə kimsə dodaq büzməsin, fəxrlə desinlər ki, filankəs filan işlər görüb, xətirli-hörmətli insandır. Ancaq nə badə belə xoş sözlərdən qürrələnib, qapılasan eqoistliyə. Çalış, həm özünə, ətrafına, həm də böyük dövlətimizə faydan toxunsun, zərrə qədər də olsa. Zərrəni az bilmə, dama-dama göl olar, – deyib atalar. Xoş ətirlər saçmaq istəyən adam, gül tək xoşxasiyyət olmalı müdam – ən həssas, vacib amildir insanda xasiyyət. Daxili aləmin xaricdən görünən üzüdür xasiyyət, qəlbdən nəğmətək süzülüb gələn şirin, sadə, səmimi sözdür xoşxasiyyət, pisliklərdən uzaq, müsbət fikirlərlə dolu əyriyə əyri deyən, düzə düzdür xoşxasiyyət. Nə xoş o insanın halına ki, xoşxasiyyətdir...
Sonuncu həmişəbahar böyük gül – “İsgəndərnamə”. Adından bəlli edir özünü bu gül. Amma hər şey göründüyü kimi deyil axı. Ona görə tələsməyək hələ. Hiss etməyə çalışaq bu gülün təravətini. Söhbətin tarixi şəxsiyyətdən gedəcəyi məlumdur ilk baxışdan. Müharibələr aparmış cəsur dünya fatehi Makedoniyalı İsgəndərin bədii obrazını canlandırır gözlərimiz önündə bu gül. Və bir də görürük mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabənin xarakterin, timsalında isə yenitipli dövlət başçısı, ədalətli quruluş. Müharibələrin təfsilatına yox, üstünlük verilir yunanların şərq mədəniyyətləri ilə tanışlığına, iki mədəniyyətin sintezinə. “Avesta” mətnlərini Yunanıstana göndərərək tərcümə edilib öyrənilməsini tövsiyə edən İsgəndər. Öz Vətənində görmədiyi bir çox mədəniyyət və cəmiyyətlərlə bağlı real hadisələrə həyatın möcüzələri kimi baxır İsgəndər. Özünə ölüncə özün ol qonaq, ağac ol özündən doğur qol-budaq, – deyir “İsgəndərnamə”. Özün olmaq. Kimsəyə bənzəməmək. Ağac kimi. Heç bağçada hansısa gülün, ağacın bir-birinə bənzədiyin görmüşükmü? Təbii ki, yox, hərəsinin bir başqadır görünüşü, təravəti. Fərqlilik. Həyatda çoxlarının gerçəkləşməyən arzusudur bu xüsusiyyət. Baxmaqla kifayətlənmə, görməyə çalış, oxumaqla, öyrənməklə qalma, tətbiq etməyə can at, amma kiminsə yansıtma əksini, əsla. Niyə sənin adın çəkiləndə ağıla gəlməlidir bir başqası da? Öz cığırını özün aç ki, kimsələrə olmayasan boyunduruq. Zira, başqaları kimi, sən də dünya əşrəfisən, bir iş dalınca gedəndə öncə özünə inan. Çün həyatda ən vacib amildir inam. Səbir, dözüm, güc, qüvvət ondan ilhamlanır. Şüşəyə öncə sən vurma daş, kəsək, qırılsa, çətindir onu düzəltmək söyləyir bu gül. Şüşə qədər kövrək, tez sınandır insan qəlbi. Bir dəfə qırılan qəlb çətin ki, bərpa edə bilə bir də əvvəlki görkəmini. Elə isə iynəli, tikanlı sözlərdən qaç uzaq. Gözəl sözlərlə bəzə könülləri, qıran yox, birləşdirən olmağa çalış...
Ey dəryalara, dənizlərə sığmayan, dalğalara meydan oxuyan hikmət dolu söz bağçası, qədəmlərin mübarək, həmişəbahar güllərin daim belə təravətli, şux qalsın. Yüz illərdir, xərclədiyimiz, tükənməyən, bitməyən, el-el, oba-oba gəzən, dillərdə kəramət bağlayan ümmanlara sığmayan söz mülkünü halal eylə sən bizlərə. Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə yol qət etdin yorulmadın, usanmadın, neçə-neçə sənətkarlar, bəstəkarlar yetişdirdin, söz üstündə binə etdin insanlığı, düşmənləri barışığa, sülhə səslədin, dostluğu möhkəmlətdin, yamanları yaxşılığa, əyriləri doğruluğa apardın sən. Moskvadan, Sankt-Peterburqdan, Daşkənddən, Təbrizdən, Tehrandan, Qahirədən, İstanbuldan, Dehlidən, Londondan, Parisdən, öz doğma ocağın Gəncədən, Bakıdan, Naxçıvandan gəlir sözlərinin müdrik sədaları. Dünyaya göz açdığın, ondan kənara çıxmadığın, doğma yurdun Gəncən, yazı da, qışı da güldür, çiçəkdir, – deyərək mübarək qələminlə vəsf etdiyin Bərdən ötən il ağır günlərini yaşadı, şər əməllərə düçar oldu. Ancaq sənin də hər zaman vurğuladığın, əxz elədiyin kimi, haqq-ədalət tapdı yerini, 30 ildir, at oynadan Şər qüvvəni 44 günə məğlub etdik, xeyir şərə üstün gəldi. 2021-ci il sənin adınla bağlıdır, ey sözlə dolu könlümüzün Sultanı Nizami Gəncəvi, qədəminin işğaldan azad olan əzəli yurdumuz Qarabağımıza, blokada vəziyyətində inkişaf tarixi yazan Naxçıvanımıza, bütöv, qüdrətli Azərbaycanımıza düşərli olması diləyi ilə...
Nail ƏSGƏROV
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"