Deputat şəhid Səid Cəfərovun anası ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Neftçala rayonu, Xolqarabucaq kənd sakini, Vətən Müharibəsinin şəhidi Səid Zəfər oğlu Cəfərovun anası Könül xanım Cəfərova ilə Mədəniyyət Komitəsində görüşüb.
Versus.Az xəbər verir ki, şəhidin döyüş yolu ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
"Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid hərbçimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Biz bilirik ki, hərbçi olmaq Səid Cəfərovun uşaqlıq arzusu olub. O öz arzusunu gerçəkləşdirərək, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin Baş çavuşu olub. 2019-cü ildə qardas Türkiyədə Jandarma Komando Özəl Asayiş Komutanlığında kurs keçmiş, kursda fərqləndiyinə görə "Təqdir Bəlgəsi" ilə təltif edilmiş Səid Cəfərov, ölkədaxili təlimlərdə də həmişə fəal iştirak edərək fərqlənib, "Fəxri fərman"larla təltif olunub. Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olan Səid, Murovdağ, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Tuğ, Şuşa istiqamətində fədakarlıqla döyüşüb. Növbəti döyüş başlamadan öncə Səidin bacısına yazdığı "Əgər bu gün bu torpaqlar işğaldan azad edilməsə, gələcək nəsillər bizə nifrət edər!" ismarıncı onun vətəncanlılığını, hərbçi məsuliyyətini parlaq şəkildə ifadə edir. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Səid kimi Vətən oğullarının həyatının ədəbi, bədii əsərlərə mövzu olacağına inanıram. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycan tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!
Şəhid zabitin ailəsinə Komitə adından Məktub və xatirə hədiyyəsi təqdim edilib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"