Şəmsi Bədəlbəylinin 110 illiyidir
Bu gün tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasının 110-cü ildönümüdür.
Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 23 fevral 1911-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəl bəy Bədəlbəylinin və Rəhimə xanım Qacarın ailəsində dünyaya gəlib.
Bakıda orta məktəbdə ibtidai təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edir, aktyorluq istedadını sınayır.
1927-ci ildə o, Azərbaycan Pedaqoji Texnikumunun məzunu olur. 1927-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alır: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olur.
Həmin illərdə Azərbaycan Dövlət Dram Teatrında böyük qardaşı, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin rəhbərlik etdiyi orkestrdə tar çalır. Bəzən C.Cabbarlının “Od gəlini” və “Sevil” tamaşalarında səhnə arxasından aktyorları tarda müşayiət edirdi.
Eyni zamanda, dramaturq və rejissor Cəfər Cabbarlı ilə dostlaşaraq, ona səhnə ilə bağlı fəaliyyətində köməklik göstərir. Bu da onun rejissorluq sənətinə marağını artırır və o, C.Cabbarlının əsərlərinin tamaşalarında rejissor assistenti kimi çalışmağa başlayır.
1932-ci ildən 1942-ci ilə kimi Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor kimi fəaliyyət göstərir. 1939-cu il oktyabrın 23-də Ş.Bədəlbəylinin rejissor kimi ilk müstəqil işi olaraq, C.Məmmədquluzadənin “Ölülər” əsəri tamaşaya qoyulur. Bu, onun yaradıcılığında yeni mərhələnin başlanğıcı olur.
1941-ci ildə Ş.Bədəlbəylinin rejissorluğu ilə S.Rəhmanın “Xoşbəxtlər” əsəri, V.Şekspirin “Kral Lir”, Lermontovun “İki qardaş” əsərləri səhnədə oynanılır.
Sonrakı illərdə o, digər teatrlarda çalışsa da Azərbaycan Dövlət Dram Teatrı ilə yaradıcılıq əlaqələrini davam etdirib, bu səhnədə yeni əsərləri tamaşaya qoyub. 1941-1942-ci illərdə Ş.Bədəlbəyli sovet ordusunun hissələri tərkibində İrana göndərilir. Buradaonun rəhbərliyi altında həvəskar aktyorların iştirakı ilə Ü.Hacıbəylinin “Arşın mal alan”, Z.Hacıbəyovun “Evliykən subay”, “Əlli yaşında cavan” musiqili komediyaları tamaşaya qoyulur.
1943-cü ildə Ş.Bədəlbəyliyə Azərbaycan incəsənətinin inkişafında böyük nailiyyətlərinə görə Azərbaycan Ali Soveti Pəyasət Heyəti tərəfindən əməkdar incəsənət xadimi fəxri adı verilir. O, bundan sonrakı illərdə də bir sıra hökumət mükafatlarına layiq görülüb, fəxri fərmanlarla, orden və medallarla təltif olunub. 1943-1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər vəzifəsinə təyin olunur. Həmin illərdə Ş.Bədəlbəylinin rejissorluğu ilə bu teatrın səhnəsində bir sıra Azərbaycan və xarici ölkə bəstəkarlarının musiqili komediyalarının premyerası olur.
Ş.Bədəlbəyli 1949-1956-cı illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışır. 1951-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində İncəsənət işləri idarəsi tərəfindən Ş.Bədəlbəyli Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcı heyətinin ifaçılıq məharətini peşəkar səviyyəyə yüksəltmək üçün Komissiyanın sədri təyin olunur.
O, 1959-1965-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru və baş rejissoru vəzifəsində çalışır. 1964-cü il 29 iyul tarixində Ş.Bədəlbəyli Azərbaycanın xalq artisti fəxri adına layiq görülür.
Ş.Bədəlbəylinin təşəbbüsü ilə 1978-ci ildə Bakıda Azərbaycan Teatr Cəmiyyətinin nəzdində “Dostluq” teatrı yaradılır – burada müxtəlif respublikaların tanınmış teatr kollektivlərinin qastrol tamaşaları təşkil olunur.
O, “O qızı tapın” (Zeynalov), “Axrıncı aşırım” (Şabanzadə), “Xatirələr sahili” (Əli Kərimoviç Nəcəfov), “Ömrün səhifələri” (Telefon gözləyən adam) və sair filmlərdə rollar alıb.
1987-ci il mayın 23-də Şəmsi Bədəlbəyli vəfat edib. Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"