“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

17:15 25-02-2021 | icon 505 | Siyasət
“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Razi Nurullayev: “Əgər gələcək danışıqlarda Rusiya Azərbaycanı məcbur etsə ki...”

 

Regionun geosiyasi mənzərəsi Rusiya sülhməramlıları ilə ermənilərin Qarabağda “at oynatmaları” fonunda gərginliyini qoruyur. Başqasının torpağında özlərini axmaq kimi aparan, öz mahiyyətini anlamayan sühməramlılar Azərbaycanın qanunlarına, səhrəd bütövlüyünə hörmətsiz yanaşmalarını müxtəlif üsullarla malalamağa çalışsalar da, erməni silahlılarının yanında olmaqla öz mahiyyətini bir daha ortaya qoyur. Azərbaycanın “Dəmir Yumruğuna” güvənən ölkə ictimaiyyəti artıq bu cür oyunlara səbr göstərmək istəmir. Region nəyə şahidlik edir?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.Az-a müsahibə verən Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev maraqlı nüanslara diqqət çəkib.

 

“Azərbaycan öz ərazi bütövlüyünü hansı tərzdə lazımdırsa, o şəkildə də təmin edəcək”

 

- Razi bəy, bu gün 10 noyabr bəyannaməsi sülhməramlı və paralel erməni separatçıları tərəfindən necə icra olunur?

 

- Burda söhbət icradan getmir. Sülhməramlılar sanki ermənilərə qahmar çıxmaq, onları Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər. Çox narahatedici məqamdır. Sülhməramlıların ermənilərin qondarma rejimin ildönümünü qeyd edərkən orda görünməklərinin özü də ayrıca bir sual işarəsi yaratdı. O böyük sual işarəsi bu gün hər bir Azərbaycan vətəndaşının qəlbindədir və onun cavabını istəyir. Çünki biz Rusiyanın sülhməramlılarının orada olmasını istəmirdik. Çünki Rusiya son 30 ildə Dağlıq Qarabağla bağlı ədalətli mövqe sərgiləməmişdi.  Amma son 44 günlük müharibədə neytrallığını qorumağa çalışdı, bəzən Azərbaycan tərəfinin mövqelərinə cavab verən açıqlamaları da oldu. Həm də 44 gün ərzində Ermənistanı tam olaraq müxtəlif cür silahlarla təmin etdi. Amma təəssüflər olsun ki, siyasət qurbanlar tələb edir, Azərbaycan təkbaşına bunların qarşsını almaq iqtidarında da deyil. Amma mən inanmıram ki, rus sülhməramlıları sona qədər bu cür hərəkət edə bilsinlər.  Azərbaycan öz ərazi bütövlüyünü mütləq şəkildə, hansı tərzdə lazımdırsa, o şəkildə də təmin edəcək. Əslində, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, bizim Ermənistanla sərhədlərimiz müəyyənləşir, orada Azərbaycan ordusu yerləşib. Bunlar anklav kimi Azərbaycanın ortasında qalıblar. Onların yenə də o cür at oynatmaları, bu cür hərəkət etmələri sülhməramlılara görədir. Yoxsa onlar orada bir saat da qala bilməzlər. Mənə belə gəlir ki, Azərbaycan müəyyən addımlar atır. Bəzilərində sual yaranır ki, - “niyə Azərbaycan bu özbaşınalığa fikir bildirmədi, heç bir dövlət məmuru ağzına bir söz alıb demədi, susqunluq göstərdi”. Əslində bu, ictimaiyyət üçün belə görünür. Yəqin ki, belə görünməsi lazımdır. Azərbaycan özünün diplomatik kanalları ilə ən sərt etirazını da bildirib, bildirir. Biz Qarabağda güclənməkdə davam edirik, ordumuz da güclənir. Əsas vacib olan Ermənistanla Azərbaycan sərhədinin tam qorunması və orada bizim qoşunlarımızın  yerləşərək bütün silahlarla infrastrukturla təmin olunmasıdır. Biz Ermənistanla sərhədimizi tam nəzarət altına alandan sonra hər şeyin hicabına baxılacaq. Rusiya da öz sülhməramlılarına məhz sülhyaratma missiyasını yerinə yetirmək tapşırığını verməli olacaq. Qarabağda olan separatçılarda orada qala bilməzlər. Araik Arutunyan cinayətkardır və Azərbaycan xalqı onun Bakıda müttəhim kürsüsündə əyləşməsini istəyir. Yəqin ki, hakimiyyət də bu barədə düşünür.

 

“Belə çarəsiz duruma düşməyimizə üzülürəm”

 

- Ermənistan Qarabağda yeni müharibəyə başlamaq üçün ordunu silahlandırır. Erməni müdafiə naziri Ermənistanda olan hərbi qüvəllərin və guya Qarabağdakı “Artsax” özünümüdfiə dəstələrini gücləndirib yenidən işğaldan azad olunmuş torpaqarı geri alacaqlarını deyirlər. Bu müharibə çağırışları nədən xəbər verir?

 

- Qondarma rejim bəyan edir edir ki, yeni ordu yaradır, yeni silahlar alır, hətta Qarabağda dronların təlim mərkəzini, istehsalını yaradacaqlarını deyirlər. Bu bir yandan insanda gülüş hissi yaradır, bir yandan da belə çarəsiz duruma düşməyimizə üzülürəm. Amma düşünürəm ki, bu da keçəcək.

Burda bir neçə məqamı qeyd etmk istəyirəm: Birincisi, qondarma rejim kürəyini yerə vurmaq istəmir. Hər bir məqamda özünün varlığını sübut eləməyə çalışır. Sanki dünyaya, Rusiyaya, Azərbaycana, Türkiyəyə mesaj verir ki, mən varam, yolumdan dönən deyiləm. Bu onların son çırpıntısıdır. Ermənilərin, eləcə də separatçı rejimin 33-cü ildönümünün qeyd olunmasında sülhməramlılar yaxından iştirak edir, erməni abidəsinə əklil daşıyırlar. Orda iştirak edən insanların simasına baxanda necə yasa batdıqları görünür. Onlar öz dedikllərinə özləri də inanmırlar.

Digər tərəfdən, mən bunu Paşinyanın son çabası kimi də qiymətləndirirəm. O, demək istəyir ki, təzyiq altındayam, məni devirmək istəyirlər, üstümə gəlməyin, məsələni həll edəcəm.  Düşünürəm ki, bizim də bir bildiyimiz var və bizim də edəcəyimiz müəyyən məsələlər var ki, o zaman uzaqda deyil.  Hesab edirəm ki, bizi narahat edən bu məsələlər həll olunmalıdır.

 

- Rusiya sülhməramlılarının Qarabağda erməniyə havadarlıq etməsi, Xankəndi şəhərində “dövlət dilinin rus dili” olması barədə separatçıların qərarı və rus pasportunun paylanılması ideyasının arxasında nə dayanır?

 

- Bu məsələyə birmənalı fikir bildirmək mümükün deyil. Çünki Rusiya bu barədə rəsmi heç nə demir. Qondarma rejimin nümayəndələri isə çox şey deyir. Məsələn, onlar gah Qarabağda dron zavodu yaradır, gah qondarma rejimə nazir qoyub, nazir çıxardıb özlərini dövlət kimi göstərmək istəyirlər. Bu cür fikirləri səsləndirməklə məqsəd Rusiyadan özlərinə maraq oyatmaq, yaltaqlanmaqdır. Təbii ki, Rusiya onların bu cür istəyindən xoşallanır, hətta sarı yağ kimi canına yayılır. Amma birmənalı olaraq bilmək lazımdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan ərazisi kimi də qəbul edilir. Mən çox vacib bir məqamı qeyd etmək istərdim. Bu da ondan ibarətdir ki, Rusiya indiki məqamda Dağlıq Qarabağda rus dilinin qəbul olunması, rus pasportlarının paylanması ilə bağlı heç nə edə bilməz. Bunun üçün heç bir hüquqi, nəzəri imkana malik deyil. Əgər ermənilərə pasport veriləcəksə, rus dili işlənəcəksə və Rusiyanın xeyrinə digər addımlar atılacaqsa, Qarabağın qoparılması missiyası yerinə yetiriləcəksə, bu yalnız Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Əgər gələcək danışıqlarda Rusiya Azərbaycanı məcbur etsə ki, siz bütün bunlara razılıq verin, o zaman Azərbaycan öz cəmiyətini bununla bağlı məlumatlandıracaq və biz də buna öz fikir və münasibətimizi bildirəcəyikk. Təbii ki, Azərbaycan tərəfinin razılığı olmadan, status olmadan bu mümkün deyil. Bu işi zorla necə etmək olar. Sən nə qədər güclü olursan ol, nə qədər hegemon olursan ol, nə qədər beynəlxalq hüquqa tüpürürsən tüpür, yenə də bu mümkün deyil. Bu baxımdan hələ ki, rus sülhməramlılarının Qarabağdakı oyunlarını təhlükə kimi görmürəm.

 

- Bir sıra türkiyəli analitiklər qeyd edir ki, Azərbaycanla Türkiyə 44 günlük vətən mühribəsinin “sərxoşluğunu” yaşadığı bir vaxtda Rusiya Qarabağı addım-addım işğal edir. Bu mənada Azərbaycan nəzarətində olmayan ərazilərdə öz qanunlarının işləməsi üçün hansı qəti tədbirləri görməlidir?

 

- Hazırda Azərbaycanın orada qəti addımlar atması üçün imkanları yoxdur. Niyə yalan danışaq. Bu imkanlar 10 noyabr bəyanatı ilə məhdudlaşıb. Azərbaycanın indiki halda görə biləcəyi iş 10 noyabr müddüəlarının həyata keçirilməsinə çalışmaqdır. Artıq Rusiyadan müəyyən eyhamlar edilir ki, ermənilərin təhlükəsizliyini qorumaq üçün Ermənistandan Qarabağa nümayəndələr gələ bilər. Amma başqa ölkələri artıq buraxmırlar. Belə görünür ki, erməni tərəfi, erməni nazirləri Qarabağa gələndə Azərbaycan tərəfi ilə razılaşdırılır. İndi Azərbaycanın edə biləcəyi bir məsələ var: Azərbaycan Ermənistanla danışıqları tezləşdirməli, sülh müqaviləsi bağlanmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Azərbaycan ayağını yerə vuraraq dirəniş göstərməlidir ki, ermənilər Qarabağla bağlı heç bir status verə bilməz. Azərbaycanda nə qədər xalqlar yaşayır, hamısına bir dövlət verməliyik? Prezidentin də mövqeyi budur ki, bu məsələdə heç bir güzəşt ola bilməz, heç bir status ola bilməz, məsələ bitdi.

 

- Görünən odur ki, Rusiya ermənilərin başını sığallayır və onları Qarabağa köçürməklə orda keçmiş Vilayət məsələsini bərpa etməyə çalışır. Bu sülhməramlılar azərbaycan camaatını Qarabağa, Xankəndinə nə vaxt qaytaracaq, heç bu barədə düşünən varmı?

 

- Düşünürəm ki, ruslar ermənilərin “belini tam bağlayıb”. Ermənilərin başqa yerə qaçmaq imkanları yoxdur. Bilirlər ki, onlar ruslarsız yaşaya bilməzlər. Amma azərbaycanlılar tam müstəqildirlər və biz deyirik ki, Rusiyasız yaşaya bilərik. Onlar xristiandır, biz müsəlman. Ruslar ermənilərə tam sahibləniblər, indi də çıxıblar “başqa gözəl” axtarmağa. Azərbaycandan isə onlara gözəl olmaz. Azərbaycan başqa bir ənənəyə, dini baxışlara malik olan ölkədir. Bizim dünyaya, siyasətə, müstəqilliyə baxışlarımz fərqlidir. Biz Türkiyəyə inteqrasiya etmək istəyirik, Rusiya isə Türkiyəni daim özünə təhlükə görüb. Bu baxımdan, Rusiya Dağlıq Qarabağda maraqlarını yerinə yetirmək istəyir ki, Azərbaycanı da öz orbitində saxlaya bilsin.

 

- Rusiya Türkiyəni də regiona buraxmadı, sanki susdurdu.

 

- Düzdür, buraxmadı, amma Türkiyə yavaş-yavaş regiona gəlir. Türkiyə yaxın 3 ay ərzində bölgəyə girib. Bölgədə hərbi təmsilçiliyi də var və bu, günü-gündən artacaq. Türkiyə çox güclü dövlətdir və özünün yolu var, heç bir diqtəni qəbul etmir. Artıq Türkiyə özü diqtə edən bir ölkəyə çevrilib. Türkiyənin burda hərbi təmsilçiliyi gücləndikcə, Azərbaycan da bir çox məsələlərdə daha rahat və qətiyyətli addımlar ata biləcək.

 

“Onların gücünün çoxaldığının yox, azaldığının fərqindəyəm”

 

- Regionun hazırki geosiyasi mənzərəsini ümumiləşdirsək, görünən odur ki, Qarabağda ermənilər və Rusiya sülhməramlıları ilə bağlı müşahidə olunanlar Azərbaycan cəmiyyətində bir narazılıq hissi yaradıb. Qarabağda cərəyan edən məlum proseslər Rusiya və bizdə olan “5-ci kolon”un daxili birliyimizin, dövlətə inamın sarsılmasına hesablana bilərmi?

 

- Cəmiyyətdə müxtəlif maraqlar olur. Maraqların müxtəlifliyi həm siyasət, həm mənəvi-dini dəyərlər və müxtəlif bağlılıqlar üzərindən ölçülə bilər. Bütün dünyada olduğu kimi, Azərbaycanın inkişafını başqa ölkələrlə intiqrasiya prosesində görən qüvvələr olur. Bu o demək deyil ki, bununla satqınlıq, xəyanət edirlər. Məsələn, mən düşünürəm ki, Azərbaycan türküyəm. Amma cəmiyyətimizdə elə insanlar da var ki, deyir türk deyiləm, mən azərbaycanlıyam. Bəzi insanlar düşünür ki, bizim nicat yolumuz Rusiya ilə əməkdaşlıqdadır, amma əksəriyyət düşünür ki, Rusiya bizim üçün bir maneədir. Bəzi insanlar Türkiyə ilə yaxın inteqrasiyanın tərəfdarıdırlar, əksəriyyət isə Rusiyanın burdakı rolunun böyüməsini istəmir, Rusiyaya inanmır.

 

“Bu “5-ci kolon” kimdirsə, siyahısını qoysunlar ortaya”

 

Amma bu da var ki, kim rus dilində təhsil alıbsa, kim rus saytlarına müsahibə verirsə, deyirlər “5-ci kolon”un üzvüdür. Mən düşünürəm ki, bu gün siyasətçilər, məmurlar, rusdillilər arasında Rusiyaya rəğbət bəsləyənlər var. Amma bu gün onların gücünün çoxaldığının yox, azaldığının fərqindəyəm.

O baxımdan “5-ci kolon” dediyiniz məsələ də az qala bir siyasi terminə çevrilib. Kimin kimdən xoşu gəlmirsə, kimsə ortaya yeni navatorluq gətirib özünü təqdim etmək istəyirsə, elə “5-ci kolon”dan danışır. Bu “5-ci kolon” kimdirsə, siyahısını qoysunlar ortaya.

 

- Bu gün hakimiyyətdaxili gərginliklərdən danışılır. Hətta aparılan kadr islahatlarına etiraz edən, vəzifədən uzaqlaşdırılan nazirlərin, məmurların bur araya gəlib çevriliş hazırlaması iddiaları da ortaya atılır.

 

- Mən bunu  absurd hesab edirəm. Üstəlik sabiqlərin yığışıb bunu etməsi heç mümkün deyil. Əgər Ramiz Mehtiyevi bu sıraya qatmaq istəyirlərsə, bilməlidirlər ki, Ramiz Mehtiyev eks deyil. Ramiz Mehtiyev bu gün Elmlər Akademiyasının prezidentidir və Azərbaycanın Təhlükəsizlik Şurasının üzvüdür. O, hakimiyyətdə təmsil olunan məmurlardan biridir. Sadəcə, bir az vəzifəsi kiçilib.

Sabiq məmurlara gəlincə, onların bir-binə etibarı yoxdur. Onlar bir-birindən şübhələnirlər, qorxurlar. Yaxşı bilirlər ki, kiçik bir səhv onların bütün varidatlarının əlindən alınmasına, özlərinin də həbsə salınmasına gətirə bilər. Ona görə də bu gün çalışırlar ki, hakimiyyətə tərif desinlər. Yəni başlarını aşağı salıb, əllərindəkini qorumaq üçün çalışırlar. Digər iddiaya düşmək isə onların özlərinin, qohumlarının üstündən iki qara xətt çəkə bilər.

 

- Siyasi müxalifət partiyaları indiki vəziyyətə nə dərəcədə adekvat fəaliyyət göstərir? Onların fəaliyyətləri görünürmu?

 

- Azərbaycanda siyasi partiyaların fəaliyyəti görsənir. Siyasi partiya sədrləri danışır, müsahibə verir, təşkilatlanır. Bu gün ən çox oxunan, müzakirə olunanlar siyasi partiyaların təmsilçiləridir. Siyasi partiya bundan artıq nə etməlidir? Bütün dünyada siyasi partiyalar mitinq, piket keçirir, seçkidə iştirak edir, seçkilərə qatılır. Azərbaycanda da siyasi partiyalar seçkidən-seçkiyə daha çox görünürlər.

Eyni zamanda siyasi partiyalar vətən müharibəsi dövründə Prezidentin ətrafında sıx birləşdi. Prezidentin qərarı ilə Prezident Adminstrasiyasında Ədalət Vəliyevin rəhbərlik etdiyi siyasi şöbə yaradıldı. Bu gün partiyalara ofislər verilir, hökumət partiyalarla müzakirələr aparır, müəyyən dialoqlarda iştirak edirlər, onların sözü eşidilir, sayılırlar. Bu, siyasi partiyalarda aktivliyi artırıb.

Məsələn, mən əvvəl parlamentdə bitərəf kimi təmsil olunurdumsa, indi Milli Cəbhə Partiyasının sədri kimi təmsil olunuram. Fəaliyyətimizlə bağlı bu gün minlərlə insan bizə üzv olmaq üçün müraciətlər edir. Siyasi partiya olaraq tanınırıq.  Eləcə də bu gün üzdə olan insanlara baxsanız görəcəksiz ki, onlar hamısı partiya sədrləridir.

 

- Razi bəy, vətən müharibəsindən sonra bu ölkənin sosial-ictimai sferasında həllini gözləyən çox məsələlər var. Sizin də müəyyən məsələlərlə bağlı mütəmadi çıxışlarınızı izləyirik. Necə hesab edirsiz, siyasi partiya sədrləri yeni fəaliyyət formaları taparaq müəyyən kampaniyalar daxilində müharibə iştirakçıları, qazilər, şəhid ailələri ilə görüşlərin keçirilməsi, təkliflərin verilməsi üçün mütləq millət vəkili olmalıdır?

 

- Bunun üçün millət vəkili olmaq lazım deyil. Çox təəssüf ki, millət vəkili olmayan partiya sədrləri daha çox sözçülüklə, tənqidlə məşğuldurlar. Mən çox təəssüf edirəm ki, Azərbaycanda siyasi partiyaların çoxu müxalifətçiliyi ancaq iqtidarı tənqiddə, ittiham eləməkdə, qışqırıq salıb, sinəsini cırmaqda görürlər. Açığı bu cür fəaiyyət məni iyrəndirir. Bir az hadisələrə fərqli yanaşmaq lazımdır. Müxalifətçilik o demək deyil ki, sən ancaq iqtidarı tənqid etməlisən. Eləsi var ki, öz partyasını qura bilmir, düzgün ifadə seçib, düzgün danışa bilmir, hərəkətini bilmir, amma böyük iddalarla danışır.

Sabah Xocalı soyqırımının ildönümüdür. Bilirik ki, Xocalıda ermənilər 613 nəfəri qətlə yetirib. Xocalı soyqırımı ilə bağlı kampaniya keçirən icra hakimiyyətləri hərəsi 613 ağac əkir. Sən də bu kampaniyaya qoşul, 613 ağac əkmə, 63-ün ək. Yaxud, bizim rayonlarda müharibədən sonra çətin vəziyyətdə olan qazilərimiz var. Onların həyatı ilə maraqlanmaq lazımdır. Gedin onların iki nəfərini götürün, medianı toplayın, deyin ki, bir neçə qazinin bu problemləri var, biz bunu edəcəyik, siz nə edəcəksiz? Yəni məsələ qaldırın. Şükürlər olsun ki, bizim bu istiqamətdə müəyyən addmlarımız var və biz onlara oxşamadıq.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları