"Qəbirləri dağılan ailə üzvlərindən müsahibələr alınmalıdır"
Boran Əziz: "Balaca bir məvaciblə bu nəhəng işi görmək olmaz"
Azərbaycanın tarixi, milli-mədəniyyət abidələrimiz əslər boyu erməni terroruna, soyqırımına, vandallığına məruz qoyulub. Bu gün Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət quran erməni cinayətkarları məkrli niyyətlərindən əl çəkmirlər. Tarix unutqanlılığı bağışlamır və daim öz kimliyini sübut etməyi tələb edir. Ona görə də Azərbaycan öz tarixi torpaqlarına - Zəngəzura, İrəvana qovuşmaq, öz milli-mədəni irsini, keçmişini bərpa etmək üçün tutarlı faktlara əsaslanaraq bu stiqamətdə ciddi işlər görməlidir.
Versus.Az xəbər verir ki, tarixçi-alim Boran Əziz müsahibəsində bir çox məqamlara diqət çəkib.
- Boran müəllim, bu gün Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə müşahidə etdiyimz erməni vandallığı, vəhşiliyi Zəngəzur və İrəvandan qovularaq tarixi etnosu məhv edilən 250 mindən çox azərbaycanlının yaşadığı faciənin, soyqırımın təkrarıdır. Bu gün Zəngəzur İrəvan mahallarında Azərbaycan-türk abidələrinin soyqırımla üzləşən taleyinə baxışımızda nə dəyişməlidir?
- Azərbaycanın qədim əraziləri olan Çuxursəəd bəylərbəyliyinin, sonra onun yerində yaranan İrəvan xanlığının, o cümlədən qədim Qarabağın bir hissəsi olan Zəngəzur mahalının tarixi abidləri Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunduqdan sonra tamamilə dağıdılmışdır. Torpaqlarımız Türkmənçay müqaviləsi nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra bu ərazilərin tədricən ermənilərin yaşadığı ərazilərə daxil edilməsi faktiki olaraq onların taleyini həll eləmişdi. Bu ərazilərdə olan məscidlər, pirlər və digər müqəddəs abidələrimiz dağıdılmış və Azərbaycan xalqına məxsus olmuş maddi-mədəniyyət abidələri, toponimlər müsəlmana və türkə məxsus olduğuna görə yer üzündən silinmişdir. Ermənilərin özləri 1936-cı ildə çap etdirdiyi əsərlərində vaxtilə Çuxursəəd bəylərbəyliyinin əsasını qoymuş Əmir Səədin qəbri üzərində ucaldılmış məqbərəsində onun ov və qonaqları qəbul etdiyi vaxtın təsvirləri daşla çox gözəl verilmiş bir plastika idi. Bu təsvirlər o qədər gözəl verilmişdi ki, sanki bir rəssamın əllə çəkdiyi rəsm idi. Belə bir abidənin olması həmin torpağın tarixən Azərbaycan xalqına aid olduğunu göstərir. Çuxursəəd bəylərbəyliyinin əsasının Azərbaycan tayfaları tərəfindən qoyulduğunu sübut edirdi və ermənilər də bunu yerlə bir etmişdilər. Təkcə İrəvan şəhərində bizim onlarca məscidimizi dağıtmışdılar. Bu məscidlərin içərisində yalnız Göy Məscid qalmışdı ki, onu da ermənilər “Fars məscidi” adlandırırlar. Bu, riyakarlıqdan başqa bir şey deyildir. Onu da deyim ki, xanlıqlar dövründə Azərbaycan xalqına məxsus olan ən gözəl saraylar İrəvan xanlığına məxsus olan saraylar idi. Təəssüf ki, ermənilər o abidələri də dağıtmış və İrəvan xanlarına məxsus olan əşyalar da Tiflis muzeyinə təqim edilmişdi. Eyni zamanda xana məxsus olan kreslo və digər əşyaların taleyi, təəssüf ki, məlum deyil. Orada olan Güzgülü salon, çox nəfis şəkildə bəzədilmiş digər salonlar, Şərq və Avropa mədəniyyəti üslubunda tikilmiş abidələr, əslində, mədəniyyət xəzinəsi idi və bu, dünya xalqlarına məxsus olan bir abidə idi. Ermənilər heç nəyə baxmadan bunları da yer üzündən silmiş və bu gün də guya ermənilərə məxsus olan abidələrin dağıdılacağından narahat olduqlarını bildirən adamlar tamamilə yanlış siyasət yeridirlər. Ən qədim abidələrin Azərbaycana məxsus olmasından bir kəlmə də demirlər. Halbuki, hətta XIX əsrin sonlarına qədər Azərbaycanın müxtəlif yerlərindən o ərazilərdə olan pirlərə gedərək diləklər tuturdular. Ən məhşur məscidlər həm Zəngəzur, həm də İrəvan ərazilərində olan Cümə məscidləri olub. Onların şəkilləri tarixi arxivlərdə qalsa da, ermənilərdən soruşan yoxdur ki, Azərbaycana - müsəlmana və türkə məxsus olan bu abidələrin taleyi necə oldu. Çox təəssüf ki, özünü şiə müsəlmanın himyəçisi hesab edən dövlət də bunları soruşmaq əvəzinə, onu dağıdanlarla dostluq edir və onlara hər cür yardım etməkdədirlər. Bu da bizi bir insan və Qafqazda lider dövlət kimi üzür. Hesab edirik ki, ermənilərin bu addımı əsl vəhşilikdir, barbarlıqdır və Azərbaycan ziyalıları olaraq onların bu hərəkətlərinin dünya ictimaiyyətinə tanıdılmasına borcluyuq.
- Biz o tarixi torpaqlarımıza geriyə qayıtmaq, tarixi irsimizi bərpa etmək üçün hansı proseslərdən keçməliyik? Siz də bir qədər əvvəl təəssüflə qeyd etdiniz ki, heç kəs bu cinayətlərinə görə ermənidən heç nə soruşmur. Bunu özümüz etməliyiksə, hansı addımlar atılmalıdır?
- Tarixi abidələrin bərpası uzunmüddətli vaxt, zaman tələb edən məsələdir. Yeri gəlmişkən deyim ki, yaşayış məskənlərinin bərpası istiqamətində Azərbaycan dövləti bir neçə layihə hazırlamaqdadır. Ümid edirəm, bu həm dövlətimizin, həm də insanlarımızın mənafeyinə uyğun bir layihə olacaq. Qeyd edim ki, bizim orada olan maddi-mədəniyyət abidələrimizin bir hissəsi müəyyən şəkillərdə, təsviri sənədlərdə qalıb və onları bərpa etmək mümkün olar. Hesab edirəm ki, ən acınacaqlı məqam və bərpası çətin olan abidələr bizim qəbiristanlıqlarımızla bağlıdır. Məsələ burasındadır ki, 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində Azərbaycanın yaşayış məntəqələrində insanlar öz yaxın adamlarını dəfn edərkən onların üzərində qiymətli mərmərdən baş və sinədaşları qoymuşlar. Bu gün verilən məlumatlardan, gedib-görən adamların dediklərindən aydın olur ki, ermənilər abidələrimizi söküb-dağıtmaqla kifayətlənməyib, hətta onların bir hissəsini tamamilə dağıdıb mərhumların sümüklərini çıxarıb ətrafa səpələyiblər. İş burasındadır ki, Azərbaycanda bir dənə də olsun qəbiristanlıq tarixi yoxdur. Ona görə də hesab edirəm ki, ali məktəblərdə akademiyanın müvafiq institutları, eyni zamanda, dövlət qurumları, ayrı-ayrı kəndlərdə dağıdılan qəbiristanlıqlara dəymiş ziyan hesablanarkən bu zərər nəzərə alınsın. Həmin işdə ziyalılar yaxasını kənara çəkməməlidirlər. Ziyalılar da müxtəlif üsul və formalardan istifadə edərək, insanlara dəyən ziyanın hesablanmasında iştirak etməlidirlər. Qəbirləri dağılan ailə üzvlərindən müsahibələr alınmalıdır. Bu, tarix üçün lazımlı faktdır.
- Boran müəllim, belə qeydlər var ki, siz dediyiniz abidələr, məscidlər, pirlər, karvansaralar barədə Gürcüstan, Rusiya, Ermənistan arxivlərində şəkilli materiallar var. Necə hesab edirsiniz, bizim alimlər Qərbi Azərbaycanın tarixi abidələrini necə araşdırır? Beynəlxalq məhkəmələrə müraciət etmək üçün dəlillər necə toplanır?
- Bizim bu məsələdə məhkəməyə çıxmaqla bağlı fəaliyyətimiz bərbad gündədir. Amma deyək ki, toponimlərin dəyişdirilməsi, qədim türklərə məxsus olan yer adlarının erməni adları ilə əvəz olunması ilə bağlı çoxlu sayda araşdırma aparılıb. Bu araşdırmaların xeyli hissəsi Azərbaycan və rus dillərinə tərcümə olunub. Könül istərdi ki, digər xarici dillərə də tərcümə olunub yayılsın. Eyni zamanda, arxivlərdə mədəniyyət abidələri ilə faktların olduğunu dediniz. Bu iş ayrı-ayrı ziyalıların görə biləcəyi iş deyil. Balaca bir məvaciblə bu nəhəng işi görmək olmaz. Zənnimcə, bu istiqamətdə mərkəz yaradılmalı, planlı, nizamlı şəkildə ayrı-ayrı ərazilərdə olmuş abidələrlə bağlı materiallar toplanmalı, sonra ingilis, fransız, ərəb dillərini bilən mütəxəssislərlə birlikdə onun tərcüməsi yayılmalıdır. Ondan sonra bizim hüquqşünaslarla birlikdə ermənilərin bu hərəkətlərinin hansının beynəlxalq hüquqa zidd olduğunu müəyyənləşdirərək, bu materialları beynəlxalq məhkəmənin predmetinə çevirməlidir. Düşünürəm, birinci onlar Azərbaycan məhkəmələrinə, sonra beynəlxalq məhkəmələrə daşınmalıdır. Əlimizi yanımıza salıb dursaq, bu işi bizim əvəzimizə heç kim görməyəcək. Ona görə bu işlərə başlamalıyıq ki, bir müddət sonra nəsə əldə edə bilək.
- Maraqlıdır, haradan və nədən başlamalıyıq? İrəvan və Zəngəzur abidələrindən, yoxsa Azərbaycan sərhədləri daxilində olan abidələrin bərpası məsələsindən?
- Biz bunu ardıcıllığa bölməməliyik. Bunların hərəsinin öz xüsusiyyərləri var. Düzdür, Azərbaycan daxilində olan ərazilərdə araşdırma aparıb bərpa işlərinə başlamaq çətin olmayacaq. Qədim Azərbaycan torpağı olan, hazırda Ermənistan sərhədləri daxilində yerləşən tarixi yerlərimizdə İrəvan və ondan əvvəl adı Çuxursəəd bəylərbəyliyi ərazilərimizdə araşdırmaları aparmaq problemdir. Onlarla bağlı müəyyən sənədlər qalıb. Avropa səyyahlarının, Amerika, İtaliya diplomatlarının vaxtilə Çuxursəəd bəylərbəyliyinin ərazisinə olan səfərləri, bu səfərlər barədə onları göndərən hökumətlərə yazdığı hesabatlarında xeyli məlumat verilib. Ona görə də bu işlər həm İrəvanda və daxildə gedən araşdırmalarla paralel aparılmalıdır. Azərbaycanın elmi potensialı, elmlə məşğul olan adamların intellektual səviyyəsi, maliyyə imkanları bu işə eyni vaxtda başlamağa imkan verir. Ermənilərin xisləti elədir ki, onlar bir qədər özlərinə gələndən sonra, Avropada və dünyada hay-həşir salaraq, guya onlara məxsus abidələrin türklər tərəfindən dağıdılması barədə yalan məlumatlar yayacaqlar. Ona görə də inanıram ki, bu sahə ilə məşğul olan qurumlar buna çarə tapacaqlar. /"Həftə İçi"/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"