"...Bundan sonra vahid jurnalist vəsiqəsi tətbiq edilməlidir" - MÜSAHİBƏ

17:41 02-03-2021 | icon 620 | KİV
"...Bundan sonra vahid jurnalist vəsiqəsi tətbiq edilməlidir" - MÜSAHİBƏ

Əflatun Amaşov: "Başlıca vəzifə budur ki, media sahəsində səliqə-sahman yaransın"

 

Azərbaycan mediasının öz işinə nə dərəcədə məsuliyyətli yanaşması, paralel media təşkilatlarının üzləşdiyi problemlər və çıxış yolları daim müzakirə obyektidir və həlli yolları araşdırılır. İnformasiya texnologiyaları əsrinin dünyanın xəbərləşmə sistemində yaratdığı operativlik və yüksək sürət həddi medianın daim formatlanmasını tələb edir. Sosial medianın fəallığı da mətbuata yeni yanaşma tələb edir ki, bu prosesdə hansısa islahatların həyata keçirilməsi mühüm amillərdəndir.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müsahibəsində maraqlı məqamlara diqqət çəkib.

 

- Əflatun müəllim, mətbuatın qarşısında duran problemlərdən danışan media adamları, ekspertlər Azərbaycan mətbuatının yenidən formalaşdırılmalı olduğunu önə çəkirlər. Mətbuatımızın indiki durumuna nəzər salsaq, vəziyyət nə dərəcədə qaneedicidir? İslahatlar aparılırmı və hansı zəruri tədbirlər görülməlidir?

 

- Mətbuatın yenidən formalaşdırılması kimi ifadə bilmirəm nə dərəcədə yerindədir. Reallıq budur ki, media sahəsində islahatlara ehtiyac duyulmaqdadır. Ehtiyac indi də duyulur, əvvəllər də duyulub. Baxmayaraq ki, indiyədək kifayət qədər işlər də görülüb.

Ümumən media hər zaman Azərbaycan dövlətinin, o cümlədən şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin diqqətində olub. Dövlət başçımızın “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu diqqətin və həssas münasibətin növbəti bariz göstəricisidir. Məndə olan məlumata görə, Fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində iş aparılır. Məlum olduğu kimi, Media İnkişafı Agentliyi artıq yaradılıb. Güman edirəm ki, görüləcək tədbirlər sahəyə fundamental yanaşmanı günümüzün tələblərinə uyğunlaşdıracaq. İslahat da elə budur. Bir daha bildirim ki, görülməsi vacib olan zəruri tədbirlər yetərincədir.

 

- Azərbaycan Mətbuat Şurası media ilə hansı yeni əməkdaşlıqlar qurur?

 

- Azərbaycan Mətbuat Şurası media təşkilatıdır. Onun işi hər bir halda media üzərində qurulur. Şuranın öz missiyası var. Bu missiya kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərin araşdırılmasından, qərar və rəylərin çıxarılmasından ibarətdir. Əslində, həm əməkdaşlığımız, həm də mübahisələrimiz də elə bu müstəvidədir.

Hər zaman çalışmışıq ki, medianın mənafeləri qorunsun, onun söz demək imkanları geniş götürülsün. Medianın işindən hər şikayət edən tərəf haqlı ola bilməz. Eləcə də, media hər tənqid hədəfinə münasibətdə ədalətli davranmır. Bunu müəyyənləşdirib doğru qərar vermək ümumilikdə cəmiyyətin mənafeyinin qorunması baxımından vacibdir. Biz bunu hər zaman dərk etmişik. İndi də işimizə eyni məsuliyyətlə yanaşırıq.

 

- Mətbuat Şurası media islahatları ilə bağlı Media Agentliyinə hər hansı təkliflər edibmi?

 

- Azərbaycan Mətbuat Şurasının müxtəlif illərdə medianın inkişafı ilə bağlı çoxsaylı təklifləri olub. Reklam bazarının genişləndirilməsindən, medianın iqtisadi durumunun yaxşılaşdırılmasından tutmuş, jurnalist peşəkarlığının artrılmasınadək bir sıra məqamlara diqqət yetirmişik. Bu diqqət kifayət qədər əhatəlidir. Təkliflərimizi yazılı şəkildə müvafiq dövlət qurumlarına ünvanlamışıq.

Ümumən başlıca vəzifə budur ki, media sahəsində səliqə-sahman yaransın. Həm söz və ifadə azadlığı prinsipləri qorunsun, eləcə də bu prinsipləri təhdid edən sui-istifadə meyilləri aradan qalxsın, həm də jurnalist özü imtiyazlı təbəqəyə, jurnalistika real yaradıcılıq yarışı meydanına çevrilsin. Hesab edirəm, Medianın İnkişafı Agentliyinin çalışdığı da budur. Bir neçə dəfə agentliyin direktoru hörmətli Əhməd İsmayılovla təmaslarım olub. Biz mövcud istiqamətdə əməkdaşlığa hazırıq, təkliflərimizi bölüşməyə də həmçinin.

Digər tərəfdən, media sahəsində kifayət qədər aydın mənzərə var. Problemlər aşkar şəkildə görünür. Onları aradan qaldırmaq üçün iradə də var.

 

- Əflatun müəllim, vahid kart məsələsi yenidən gündəmdədir. Belə fikirlər var ki, Mətbut Şurası əvvəllər də vahid kart verib, amma bunun müsbət effekti olmayıb. Bu da onunla əlaqələndirilirdi ki, az qala, hərənin cibindən bir vahid kart çıxırdı. Mətbuat Şurası indi də vahid kart verirmi və bunun reyestrini necə təşkil edir?

 

- Bəli, Mətbuat Şurası vaxtilə vahid press-kart məsələsini gündəmə gətirmişdi. Bəzi redaksiyalara ilkin olaraq bu kartlar təqdim edildi də.

Şura məsələyə sistemli yanaşmanın tərəfdarıdır. Qurum bu qənaətdədir ki, vahid press kart medianın, belə demək mümkünsə, unifikasiyası anlamına gəlməməlidir. O, həm də bir imtiyazdır. Deyək ki, qardaş Türkiyədə press-kartların çox üstünlükləri var. Biz bu modeli öyrənmişik. Ortaya sadə həqiqətlər çıxır. İlk növbədə “Jurnalist kimdir?” sualı.

Azərbaycanda qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin sayı 5 mindən artıqdır. Təbii, bunların heç də hamısı fəaliyyətdə deyil. Nəzərə alaq ki, internet-saytlar da yetərincə çoxdur. Təəssüf ki, bu fəaliyyət müstəvisi əksər hallarda jurnalistika prinsiplərinə uyğun gəlmir.

Hüquqi baxımdan real fəaliyyəti jurnalistika prinsiplərindən uzaq olanlarla gerçək jurnalistika işi həyata keçirənlər arasında eynilik var. Deməli, sahəyə yenidən yanaşmaq lazımdır. Şura vaxtilə bunun üçün KİV-lərin təkrar qeydiyyatı məsələsini qabartmışdı. Digər tərəfdən, internet medianın hüquqi münasibətlər sistemində özünə yer tutması ilə bağlı təkliflərimiz var idi. Vahid vəsiqə isə əslində işin yekunudur. Yəni biz işi o yekuna çatdırmalıyıq ki, orada həm jurnalistin əmək müqaviləsi qaydasında olsun, konkret bilinsin ki, jurnalist fəaliyyəti ilə məşğul olanlar nə qədərdir, kimlərdir. Bəli, bundan sonra vahid jurnalist vəsiqəsi tətbiq edilməlidir. İdeya olaraq əlbəttə çox vacibdir. Həm də ona görə ki, bu ideyanın məramında jurnalistika sahəsində sağlam ab-hava yaratmaq dayanır. Əminəm ki, media islahatları nəticəsində biz bu ab-havanı görəcəyik.

 

- Məlumdur ki, əvvəllər məbuat işçilərinə mitinqlərdə geyinmək üçün gödəkcələr verilirdi. Bu istiqamətdə çoxlu iradlar da var. Mitinqə gedən jurnalisti polis yoxlayanda məlum olurdu ki, həmin şəxs jurnalist deyil, amma üstündə Mətbuat Şurasının verdiyi gödəkcələrdən var. Bu cür mübahisəli məsələlər indi necə tənzimlənir? Ümumiyyətlə, gödəkcələrin verilməsində hansı yeni mexanizm işlənir? Yaxud, o gödəkcələrdə hər hansı fərqləndirici nişanın olması ilə problem həll oluna bilərmi, yoxsa daha ciddi maneələr var?

 

- Mətbuat Şurası jurnalist fəaliyyəti ilə bu və ya digər şəkildə bağlı olmayan kimsəyə üzərində “PRESS” yazılmış xüsusi gödəkcələr verməyib. Təbii ki, müəyyən məqamlar var. Biz də görürük ki, kimlərsə jurnalistikanı siyasi məqsədlər naminə istifadə edir. Bu, üzləşdiyimiz reallıqdan doğan problemdir.

Digər tərəfdən, özlərinə press gödəkcələr hazırlatdıranlar da var. Elə bir mexanizm yoxdur ki, bu cür hallara nəzarət olunsun. İradlar da əsasən bundan qaynaqlanırdı və Şura üzdə olan qurum olduğundan, ona yönəlirdi. Təbii qarşılayırıq. Jurnalist vəsiqələri ilə bağlı vəziyyət necədirsə, press-gödəkcələrlə əlaqədar durum da eynidir. Spekulyasiyalar var.

Mexanizmdən söz açdınız, bəli, Mətbuat Şurası bununla bağlı qaydalar müəyyənləşdirib. Bilirsiniz, yaxşı olardı ki, mütərəqqilik, mediamızda səliqə-sahman yaradılması ilə əlaqədar bütün təşəbbüslər hüquqa əsaslansın. Biz indi press-gödəkcələr və jurnalist vəsiqələrindən söhbət açırıq, amma baxaq görək, gerçək jurnalistikaya aidiyyəti olmayan nə qədər adam var ki, avtomobillərinin önünə press lövhələr vururlar?! Belə hallar lap çoxdur. Buna görə də hüquqi mexanizmlər olmalıdır. Bütün bu qeyd etdiklərimiz media sahəsindəki islahatların tərkib hissəsinə çevrilməlidir. Əminəm ki, belə də olacaq.

 

- Əflatun müəllim, əvvəllər mətbuatın monitorinqlərini aparırdılar və nəticəyə uyğun olaraq qərarlar qəbul edirdilər. Bir çox hallarda Mətbuat Şurası qərarların kağız üzərində qalmasına görə də ittham edilirdi. İndi vəziyyət nə yerdədir? Medianın özünütənzimləməsini həyata keçirən bu orqan öz işinin öhdəsindən necə gələ bilir və problem nədədir?

 

- Maraqlı məqama toxundunuz. Hesab etmirəm ki, Mətbuat Şurası işinin öhdəsindən gələ bilmirdi. Bunu Şuraya rəhbərlik etdiyimə görə özünümüdafiə kimi söyləmirəm. Şura, səlahiyyətləri çərçivəsindəki bütün işləri görürdü. Qurumun ötən illər ərzində cəmiyyətdə müəyyən populyarlıq əldə etməsi də fikrimin təsdiqidir.

Şuradan gözləntilər hər zaman çox olub. Cəmiyyət onu dövlət qurumu statusunda görüb. Məsələ gözləntiyə adekvat fəaliyyət göstərməkdədir və bu zaman ortaya problemlər çıxırdı. Məlum olurdu ki, bir çox məqamlarla bağlı Mətbuat Şurası səlahiyyətsizdir. Məsələn, biz qərar çıxarırdıq ki, hansısa KİV peşə davranışı qaydalarını pozub, təkzib verməli, üzr istəməlidir. Cavabdeh media orqanı bunu etməsə nə olacaqdı, bununla bağlı mexanizm yox idi.

Mətbuat Şurası ilə Şuranın barəsində qərar çıxardığı bir mətbuat orqanı hüquqi baxımdan eyni statusda idilərsə, tam mümkün idi ki, o, qərarımıza əhəmiyyətsiz yanaşsın. Belə hallar baş verirdi də. Bunu ictimaiyyətə özümüz də açıqlayırdıq. Vəziyyətdən çıxış yolu kimi, Mətbuat Şurasının hüquqi statusunun müəyyənləşdirilməsini, ona müəyyən səlahiyyətlərin verilməsini təklif edirdik. Bunu mən hətta Milli Məclisin deputatı olduğum dövrdə parlament tribunasından da bildirmişdim.

Ümumən, məsələyə yalnız Mətbuat Şurasına səlahiyyət verilməsi kontekstində baxmırdıq. Bu iş necəsə tənzimlənməli, məsuliyyət mühiti formalaşdırılmalı idi. İndi də buna ehtiyac duyulmaqdadır. Media sahəsində əsaslı işlərin görülməsının vaxtı çatıbdır. /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”