Məktəblərdə cinsi tərbiyə dərsliyi tədris olunacaq?
“Azərbaycan Respublikasında ümumi təhsil pilləsində tədris olunan fənlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində təsbit edilib. Həmin sənəddə ümumi təhsilin heç bir səviyyəsində reproduktiv sağlamlığın tədrisi ilə bağlı ayrıca fənn nəzərdə tutulmayıb”.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Versus.Az verilən məlumata görə, bununla belə, Azərbaycan Prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda “Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” məqsədi ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi ciddi və vacib məsələ kimi qeyd olunub.
Məlumatda o da vurğulanıb ki, məsələnin aktuallığı nəzərə alınıb.
“Maarifləndirmə işinin davamlı xarakter daşıması məqsədilə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin birgə səyi ilə həkim, metodist və müəllimlərdən ibarət yaradılmış işçi qrup tərəfindən “Ümumtəhsil məktəblərinin ümumi orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tədrisi üzrə metodik tövsiyə” layihəsi hazırlanıb.
“Hazırda vəsaitin yekun variantı üzərində son tamamlanma işləri həyata keçirilir. Vəsait tam hazırlanıb təsdiq olunduqdan sonra ümumtəhsil müəssisələrinin istifadəsinə veriləcək. Vəsaitin əsas məqsədi özünə və başqalarına hörmət edən, situasiyanı və şəxsi davranışını təhlil və idarə edən, öz sağlamlığı üçün məsuliyyət daşıyan inamlı şəxsiyyətin formalaşmasına kömək etməkdir. Vəsaitdə verilmiş məlumatlardan “Biologiya” fənni üzrə müvafiq məzmun standartlarının reallaşdırılması zamanı istifadə etmək tövsiyə edilir. Bu məlumatlardan sinif rəhbərləri, məktəbin həkimi və ya tibb bacısı da istifadə edərək dərsdənkənar vaxtlarda şagirdlərlə maarifləndirici söhbətlər apara bilərlər”.
Qeyd edək ki, bir neçə gündür orta məktəblərdə reproduktiv sağlamlıq haqqında vəsaitin tədris olunacağı söylənilir. Hətta, kitabın müəllifi Kəmalə Aşumova onun yoxlanılması və tədris olunması üçün Təhsil Nazirliyinə təqdim etdiyini də bildirib.
Cəsarət Pənahalıyev
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"