"Bu il bütün bayramlar mənim üçün qələbəmizin bayramıdır" - MÜSAHİBƏ
Novella Cəfəroğlu: "Qadının özü insanlara sevgi verirsə, qadını sevəcəklər"
Sivil cəmiyyətin “qızıl kapitalı” olan insanın azad, hüquqları tanınan, təminatlı bir vətəndaşa çevrilməsi prosesində qadınların yeri və rolu xüsusilə dəyərləndirilir. Cəmiyyətdə qadınların rolu məhz azad və demokratik quruluşlu qadın cəmiyyətinin yaranması ilə rəvanlaşa, gözəlləşə bilər.
Bu gün vətəndaş olaraq azad qadının, azad düşüncəyə sahiblənən cəmiyyətin qurulmasında, möhkəmlənməsində rolu, ictimai nəzarət funksiyası araşdırılmaqla mövcud reallıqlara əsasən onun fəaliyyətinə yenidən baxılması zərurəti yaranır. Əslində bu, dünyaya olan bir yeni baxışdır. Müasir dünyanın qadınını, Azərbaycan qadınını cəmiyyətdə aparıcı fiqur kimi önə gətirməkdə səbəb nədir?
Versus.Az xəbər verir ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Novella Cəfəroğlu müsahibəsində qadının cəmiyyətdəki rolu barədə çox incə məqamlara diqqət çəkib.
- Novella xanım, Azərbycanın lider xanımlarından birisiniz və bu günlərdə yubileyinizi qeyd etdiniz, təbrik edirik. Bir hüquq müdafiəçisi, gözəl xanım olaraq necə hesab edirsiniz – 8 Mart Qadınlar Günü Azərbaycan qadınının qarşısında hansı yeni imkanları açıb?
- Mən bu ilin bütün bayramlarına, elə öz doğum günümə Vətən Müharibəsində qazandığımız qələbədən baxıram. Bu il bütün qadınların bayramı və aldığı hədiyyələr bizim qələbəmizdir. 8 Mart Qadınlar Bayramı, Novruz Bayramı və digər xoş günlərimiz bizim bu qürur günümüzlə gözəlləşdi. Məhz qələbəmiz bizi bu bayramlara gətirdi. Qələbə başımızı uca etdi, uşaqlarımızın üzünə dik baxa bildik, üzümüz güldü. Ona görə də bu il 8 Mart, yubileyim, Novruz Bayramı – hamısı mənim üçün qələbəmizin bayramımdır. Məsələn, qorxurdum ki, Qarabağı görmədən öləcəyəm. Eləcə də bu il hər birimiz – cavanlı-qocalı pandemiya ilə əlaqədar çox ağır günlər keçirdik. Bu gərginlyə baxmayaraq, torpaqların azadlığını, qələbəni görmək, yaşadığımız pandemiya həyəcanının, ağrısını da azaltdı. Bu yaşımda o qələbəni görmək mənim üçün çox vacib idi. Ona görə də yubileylər də, 8 Mart da, Novruz bayramı da Böyük Qələbənin təsiri altında qarşılanır və belə də olmalıdır. Bu il bizim üçün Qələbə sevincimizdən üstün heç nə ol bilməz.
- 8 Mart Qadınlar Günü, təbii ki, qadına verilən üstünlüklərin inkişaf etdirilməsi və önə çıxarılması baxımından simvolik təqvim kimi götürülür. Bu, Azərbaycan qadınının qazana biləcəyi və qazandığı uğurların ölçüsü və qadının hansı gücə sahib olduğu barədə, sanki bir bir hesabat günüdür…
- Mən hər bir addımımızı müharibə ilə bağlayıram. Bu müharbədə bizim qadınların nə qədər dəyanətli, nə qədər qürurlu olduğunu gördüm. Müharibə başlayan kimi o analarımız, bacılarımız oğullarını, ərlərini müharibəyə göndrəndən sonra bizm qadınlar hamısı bir nəfər kimi təşkilatlanıb öz əsgərinə dayaq oldular. Biz bunu gördük. Həmin ərəfələr bizim təşkilata da çoxlu zəng olurdu. Hər kəs əsgər gedən ailənin güzəranı ilə, bəlkə bir ehtiyacı olar deyə, yaxından maraqlanırdı. Kiminsə ailəsinə maddi yardım lazım oldurdusa, hamı 5-3 manat yığıb onlara dəstək verirdi. Mən demirəm ki, müharibə vaxtı şəraiti çətin olan bütün ailələrə əlimiz çatdı. Sözsüz ki, biz hamının köməyinə gedə bilməzdik, amma bu qadınların təşkilatlanıb müharibədə ön cəbhəyə sovqatlar aparmaları, uşaqlara isti yemək, isti paltaq aparmaları qadınlarımızın çətin vəziyyətlərdə birləşmələri çox qürurverici idi. Deməli, biz birləşəndə çox şeylərə qadir oluruq. Gəncəyə, Bərdəyə erməni raketi atılan zaman nə qədər ağır olsa da, qadınların o hadisələrdə bir-birinə dayaq durmasını gördükcə onlarla qürur duydum. Qadınlar doğrudan da çox şeyə qadirdilər. Ona görə də qadınlara hörmət, tək qadın bayramlarında deyil, həmişə olmalıdır.
- Novella xanım, Azərbaycan qadınının ölkənin ictimai-siyasi proseslərində rolu neçə görünür, hansı yönləndirici təsirə malikdir?
- Qadının ailəyə təsiri nədirsə, cəmiyyətdə də göstərdiyi təsir odur. Bizim nə qədər ziyalı, iqtisadiyyatı, həkimliyi, mühəndisliyi, rəssamlığı, musiqini, mədəniyyəti, siyasəti bilən qadınlarımmız var. Bir sözlə, hər sahədə özünün işini bilən gözəl mütəxəssis qadınlarımız var. İstərdim, elə bu qələbə ilindən sonra bizim qadınlara yüksək idarəçilikdə təmsil olunmaları üçün imkan yaratsınlar. Niyə bizim qadın nazirlərimiz olmasın? Məsələn, Gürcüstanda müdafiə naziri qadındır. Mən demirəm, bizim də Müdafiə nazirimiz qadın olsun, amma ola da bilər. O nazir döyüşən əsgərə öz övladları kimi, bir ana kimi münasibət bəsləyəcək. Yaxud səhiyyə naziri niyə qadın olmasın? İcra başçıları niyə qadın olmasın? Ümumiyyətlə, icra başçılarının səlahiyyətlərini nazirliklərə verib, bələdiyyələrin fəaliyyətini artırardım. Burada da qadınların rolu artırılsın. Qadınlar öz ailəsini əlində olan “o 5 manat”la necə idarə edirsə, öz işinə də eləcə yanaşacaq. Kişi gətirən o 5 manatı həm toya, həm cehizə, həm də evin ərzağının alınması üçün necə bölürsə, həmin idarədə də bunu edəcək. Qadının ailəyə nəzarəti çərçivəsində oğlanın oğlan yeri var, qızın qız yeri var, kişinin kişi yeri var… Bunun hamısını qadın idarə edir. Kişilər deməsin biz edirik. Kişilər sağ olsunlar. Allah onları bizim başımızın üstündən əskik eləməsin, amma qadın başqadır. Qadın yaranandan idarəedicidir. Amma bunu başa düşmək istəmirlər...
- Bəlkə başa düşürlər, amma qadının öndə dayanmasını istəmirlər…
- Tam olaraq belə də söyləyə bilmərik. Bu gün bizim Milli Məclisin spikeri qadındır və başqa qadın diplomatlarımız var. Hesab edirəm ki, zamanla idarəçilikdə də qadına üstünlük veriləcək.
- Belə deyilir ki, güclü vətəndaş cəmiyyətinin qurulmasında qadın lokomotivdir. Qadının ən çətin situasiyalarda önə çıxması hansı zərurətdən doğur?
- Belə bir söz var: deyir, yanan evə birinci qadın özünü atar. Qadın orada qalan balasını çıxarmaq istəyir. Ən çətin bir durumda qadının özünü fəda etməsi hissi çox güclüdür. Ona görə də deyirlər ki, qadın lokomativdir. Ailəni ən çətin situasiyalardan qadın çıxarır. Elə hallar olur ki, ən güclü kişi ekstremal vəziyyətdə çətin vəziyyətdə qalır. Məsələn, kişi işsiz olanda qadın onun qürurunu qırmadan evi elə idarə edir ki, kişi dirçəlir və yenidən hər şeyə nail olur. Çox şey qadından asılıdır və buna görə də qadınlara başqa bir hörmətlə yanaşılmalıdır.
- Başqa ölkələrlə müqayisədə Azərbaycan cəmiyyətində, ailəsində, iş yerlərində qadına hörmət, münasibət hansı səviyyədədir?
- Qadına münasibətin necə olması onun özündən də asılıdır. Məsələn, mənim 80 yaşım var, indiyə qədər özümə bir dənə də söz gətirməmişəm. Olub ey, mitinqlərdə vurublar da, sürüyüblər də… Siz də bilirsiniz ki, bu ayrı məsələdir. Cəmiyyətin qadına yanaşması onun özündən də çox asılıdır. Məsələn, 80 yaşımda mənim qazandığım mükafat neçə illər insanlardan yığdığım, qazandığım məhəbbət, hörmət oldu. 80 illiyimdə bu sevgi göründü. Tək bu il yox, hər il doğum günümlə bağlı minlərlə təbriklər alıram. Deməli bu, qadının evdə, cəmiyyətdə, dostlarının yanında özünü necə təqdim etməsindən asılıdır. Bilirsiniz, qadını o zaman sevirlər ki, o sevgi verir. Qadının özü insanlara sevgi verirsə, qadını sevəcəklər. Məhəbbət hər şeyi həll edir. Qadında o varsa, ona hörmət olacaq.
- Vətəndaş cəmiyyətinin missioneri olaraq necə hesab edirsiniz? Sizcə, rayonlarda, ailədə, bəzən iş yerlərində qadın hüquqlarının pozulması, zorakılığa məruz qoyulması hələ də cəmiyyətin qadına "süpürgə" kimi baxması ilə bağlıdır, yoxsa başqa səbəbləri var?
- Cəmiyyətdə qadına qarşı laqeydlik yaranıb. Düşünürəm ki, müharibədən sonra hər şey dəyişəcək. İndi insanlarla işləmək üçün qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara şərait yaratmaq lazımdır. O təşkilatlarda olan qadınlar özlərini nə qədər çox göstərəcəklərsə, cəmiyyətin də onlara qarşı münasibəti dəyişəcək.
- Novella xanım, bu gün yetişən gənc nəsildə hansı üstünükləri görürsünüz? Qızlarımız daha çox nələrə diqqət etməlidir?
- Bu müharibədə gənclərimizə valeh oldum. Eləcə də bu pandemiya dövründə gənclərin özünü aparması məni ruhlandırdı. Gənclərin bu ağır günlərdə birləşib insanlara, xüsusən də qocalara, aztəminatlı ailələrə ərzaq yardımları etdiyinin şahidi oldum. Gənclər bizə müraciət edirdilər ki, pul yığaq, evdə oturan işsiz adamlara ərzaq aparaq. Bir də görürdün ki, kisələrlə un, makaron, toyuq məhsullarını maşınlara yükləyib aparırdılar. Onlar müharibə vaxtı da bunu elədilər. Biz belə gənclərimizə fikir verməliyik, gəncləri işlətmək lazımdır. Gördüyü işlərə görə onları tərifləmək, qabağa çəkmək lazımdır. İndi Prezident Aparatında çalışan elə gənc kadrlar var ki, müharibə vaxtı insanların rəğbətini qazandılar. Baxın, Hikmət Hacıyev brilyant kimi parladı, Ədalət Vəliyev sanballı işlər apardı, bizim Ombudsman Səbinə xanım, Prezident Aparatında Samir Nuriyev, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar və komandada olan digər gənclər çox fəal oldular.
Gənc qızlarımız öz üzərlərində işləməlidir. Heç bir iş nəticəsiz qalmır. Yenə də deyirəm: mən 50 yaşımda universitetdən çıxıb hüquq müdafiəsi ilə məşğul oldum. Təvazökarlıqdan uzaq olsa da, bu işimlə də məşhur oldum. Ona görə də deyirəm: hər qadın, hər gənc qız öz qarşısına məqsəd qoysa, ona çatacaq. Qabağında tank da dursa, o tankın üzərindən aşıb-keçəcək. Bizlər o rus tanklarının üzərinə necə getdik ey, elə. 20 Yanvarda qadınlar əllərində bayraq Salyan kazarmasına necə getdilərsə, bu mübarizədə də qorxmasınlar, qoyduqları məqsədlərə doğru getsinlər. /"həftə içi"/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"