AXTALANMIS PASSİONARLIQ...

17:52 27-10-2018 | icon 1507 | Köşə
AXTALANMIS PASSİONARLIQ...

 

 QIRILMA MƏRHƏLƏSİNDƏ TOPLUM AXŞAMÇAĞISI...

 

 

 

 

PAKİZƏ BABAZADƏ

 

 

Q.Lebona görə hər bir etnosun, millətin tarixi onun anatomik xüsusiyyəti ilə paralel olaraq eyni zamanda onun ruhi xarakterinin nəticəsi kimi meydana çıxır. Bu iki əlaməti özündə toplayan etnos bunu gen yaddaşına həkk edərək nəsildən-nəsilə ötürür və zamanın sərt sınaqlarından keçirərək əbədiləşdirir. Təbii ki, tarix səhnəsinə çıxaraq müəyyən müddət parlayaraq sönən, dayanıqlıq gücü olmayan, başqa etnos daxilində əriyib assimilyasiya olan etnoslar da olmuşdur.

 

Türk etnosu olaraq Azərbaycan türkü bütün zamanlarda xarakterinin özülünü təşkil edən döyüşkənliyi, qorxmaz ruhi dayanıqlığı ilə bu günə qədər öz varlığını sürdürmüş, "lazım gələndə" də sözünü deməyi bacarmışdır.

Qədimliyi tarixin hansı dərin qatlarına dayandığı tam olaraq bilinməyən bir millətin keçmişinə işıq tutmağı tarixçilərə həvalə edərək, onun son dövr Milli Oyanış hərəkatının bu günümüzdəki proseslərinə toxunmaq istərik.

 

Bu gün hamımız öz "həqiqətlərimiz" baxımından demək olar ki, eyni fikir söyləyərək milləti passiv, qorxaq, haqsızlğa biganə, bir sözlə "təpəsinə vurulan qapazlara" səssiz qalmasından şikayətlənir, qınayır, saysız suallara cavab arayaraq baş sındırırıq.

Yaxın keçmişdə öz mübarizliyini, qəhrəmanlığını bütün əzəmətiylə dünyanın gözü önündə sərgiləyən bir Millətin Ruhu nədən bu gün belə yıpranmış, yazıqlaşmış, özünə yer tapmayaraq aciz-aciz çırpınmaqdadır?..

Nədən həm içdəki, həm çöldəki düşmənlərinə qarşı qoymayacaq qədər SUSQUNDUR? Gözünün önündə talanan sərvətinə, oğurlanan haqqına, satılan torpağına seyirci qalıb ələbaxım, öz haqqının dilənçisi durumuna düşürülməsinə göz yumacaq hala gəldi? Nə zaman bu qədər YALTAQ, ACİZ, QORXAQ oldu?...

 

Ölkədə az qala "qanuniləşmiş" qanunsuzluqlara, məmur özbaşnalığına, anarxiya həddindəki üsul-idarəyə künc-bucaqda, sosial medyada homurdanmaqdan başqa əlindən bir şey gəlməyəcək qədər acizliyimizin SƏBƏBİ və GÜNAHKARI kimdir? Təbii ki, səbəb də, günah da, günahkar da tapmaq asandır... Amma hər hansı vəziyyətdən asılı olmayaraq hər zaman ən böyük günahkar Eynşteynin təbirincə desək zülmə, pisliyə seyrci qalıb heç bir şey etməyənlərdir...

 

"Xalqların tarixi həmişə onların ruhi xarakterinin nəticəsi kimi ortaya çıxır" deyən Lebona görə, dünyada heç bir xalq öz əqli qabiliyyətinin azalması səbəbindən yoxa çıxmaz, bir xalqı tənəzzülə aparan yol onun ruhi xüsusiyyətində gedən dəyişikliklərdən, enişlərdən başlar.

Demək bir xalqı çökdürmək, mübarizə əzmini qırmaq üçün əsas zərbə onun ruhi xarakterinə yönəldilməli, ruhi müvazinəti sarsıdılmalıdır ki, bunun ən bariz nümunəsi bu gün bizlərik.

 

Ünlü sosioloq haqlı olaraq qeyd edir ki, psixoloji təsisatlar da anatomik növlərin əlamətləri kimi dəyişilməz əsas xüsusiyyətlərə malik olsa da, onun kimi "kiçik saylı, əsas dəyişilməz xüsusiyyətlərdən təşkil olub və onların ətrafında daimi olmayan, çox yüngül dəyişilə bilən 2-ci dərəcəli əlamətlər qrupuna malikdir... Bu sonuncuları isə mühit, şərait, tərbiyə və müxtəlif faktorları adanlıqla dəyişdirə bilirlər".

Lakin irqlərin, millətlərin həyatındakı sosial fəallığın yüksəlişində böyük rol oynayan passionar gərginlik və yaxud passionar təkan kimi bioloji bir faktor da var ki, bu da etnosun yuxarıda qeyd etdiyimiz iki əlaməti qədər mühim əhəmiyyət kəsb edir.

Bu nəzəriyyənin banisi L.Qumilyova görə passionarlıq xüsusi kosmik şüadır və min ildə 2-3 kərə yerin ətrafındakı 6 müdafiə haləsini yararaq düşdüyü ərazidə olan insanlara təsir edərək, aktiv enerjini yüksəldir, eləcə də passionar, aktiv şəxsiyyətlərin formalaşmasına təkan verir.

 

Xüsusilə inqilablar və savaş dönəmində özünü göstərən passionar gərginlik bulaşıcı, keçici xüsusiyyəti ilə passionar insanların sayını artırır və olayların gedişinə əhəmiyyətli təsir göstərir. Sosial və siyasi hadisələrin gedişinə təsir edən passionarlıq da anatomik, psixoloji əlamətlər kimi enişli-çıxışlı mərhələlərə malikdir, eləcə də irq və millətlərdə fərqlidir.

Tarixdə öz döyüşkənliyi ilə iz qoymuş bir irq olaraq biz türklərdə passionarlıq hər zaman özünü bariz olaraq göstərmişdir. Alimin də qeyd etdiyi kimi, "türklər qüdrətli, böyük potensiala malik xalqdır. Əgər gələcəkdə başqa xalqlarla qaynayıb qarışsa, hansı dildə danışmasından asılı olmayaraq yenə də tarixi proseslərin katalizatoru kimi qalacaq".

Lakin müxtəlif adlar altında dünyanın bir çox yerində izi olan irqimizə baxsaq görərik ki, genində daşıdığı savaşçılıq və hökmranlıq baxımından bu kosmik şüalar min ildə dəfələrlə öz təsirini göstərmişdir.

 

Bu günkü mövzumuz isə xalqımızın 80-90-cı illərdə azadlığı və torpağı uğrunda qalxdığı və bu gün də "davam" edən mübarizə tarixi və onun nəticələridir. Və o illərdə xalqı bir yumruq kimi birləşdirən, onu əliqanlı bir imperiya ilə qorxmadan üz-üzə gətirən passionarlıq hissinin bu gün öz" mürgülü" dövrünü yaşama səbəbləridir. Öz qəhrəmancasına dirənişi, azadlığı üçün ölümün üstünə düşünmədən gedən bir millət necə oldu ki, bu gün sudan çıxmış balıq kimi çarəsizcəsinə çırpınır, ətalət bataqlığına saplanıb qalıb? Əsir yurduna ağlamaqdan başqa əlindən bir şey gəlməyən, ölkəni başına almış talançılığa, rüşvətə, özbaşnalığa "dur" deməyə cəsarəti, ələlxüsus da "həvəsi" qalmayıb? Passionar enerjisi axtalanıb, əzik, zavallı, alçaldılmış bir duruma düşürülüb? Köləlik, bir qarın çörəyin dilənçiliyi heçmi qüruruna toxunmur? Haqqının dilənçi sədəqəsi kimi önünə atılmasına dözəcək qədər alçaldımı bu millət?

 

...Və nədən bu gündə bu MİLLƏT?!

 

Yuxarıda qeyd etdik ki, passionar enerjinin də yüksəliş və eniş mərhələlərinin bir-birini əvəzləməsi qaçınılmazdır. Gərgin dövrlərdə, xüsusən müharibə zamanı bu gərginlik yüksək səviyyəyə çıxır və passionar şəxsiyyətlərin öndərliyində "qızmar" mərhələsini, eləcə də özünün eniş dövrünü yaşayır.

Bu bəzən müxtəlif səbəblərdən qısa fasilələrlə, bəzən də uzun durğunluq dövrü ilə xarakterizə oluna bilir ki, biz bu gün maaləsəf bu "durğunluq" dövrünün pəncəsindəyik.

 

Bir sıra düşünürə görə MİLLƏTLƏRİN də insan kimi yaşam mərhələləri vardır: - uşaqlıq, gənclik, yetkinlik və qocalıq. Uşaqlıqda səbatsız, bir növ "vəhşi", gənclikdə qızğın, enerjili, yetkinlikdə səbirli, müdrik, sonda isə ətalət mərhələsinə keçib güclərini itirirlər. Yəni çox qədim etnosların qocalıb əldən düşməsi labüddür. Xalqların ilk öncə "heysiz" olub, sonra dəliqanlı mərhələsinə keçməsini önə sürən avropa təkamül nəzəriyyəsinin əksini iddia edən L.Qumilyovun fikrincə isə etnoslar ilk oncə enerjili olub bu enerjini sürətlə sərf edib tükədir və ətalət mərhələsinə keçirlər.

Hətta etnoslara aşağı-yuxarı bir neçə əsr fərqlə təxminən 1200 il ömür biçən Qumilyov göstərir ki, xalqla yer üzünə gələn kimi dərhal enerjilərini sərf etməyə başlayırlar və onlarda izafi enerji mövcud olmadığına görə də qocalıq mərhələsində gücsüz olurlar. Lakin köhnə etnoslar yeni qanla cavanlaşaraq ömürlərini uzada bilirlər. Yoxsa bizlər də qədim etnos olaraq öz enerjimizi tükədib artıq "ətalət" mərhələsindəyik?..

 

Bir etnogenez hadisəsi olan passionarlıq nəzəriyyəsinə bir də yaxın keçmişimizin Milli Oyanis hadisəsi baxımından nəzər salaq. Bioloji əlamət olan passionarlıq nədən bu gün təkanverici özəlliyini itirmiş, zəifləmiş? Hətta əsir yurdu üçün çağırış amaclı mitinq belə onu tərpədə bilməmişdir?..

 

Keçən əsrin axırlarından bu günümüzə uzanan bu qısa zaman kəsimində nə dəyişdi?

İnstiktiv olaraq milyonları bir toplum dayanışması halına gətirən məqsədin təkanvericisi olan bu bioloji dürtü, milləti Milli kimliyi, özgürlük haqqı üçün hərəkətə keçirdi. Və Kimliyini dünyaya bir daha sübut etdirdi. Özünün ən yüksək mərhələsinə (təbii ki, burada kütlə eyforiyasının rolu olsa da) çatan mübarizədə əliyalın Xalq silahlı düşmənə qarşı bütün əzəməti ilə qarşı qoydu. Tökülən qanlar, ağılalmaz qətliamlar belə yolundan sapdırmadı.

 

Təəssüf ki, məkrli planlar, şəxsi ambisiyaların fəallığı, hakimiyyət hərisliyi, siyasi səriştəsizliyin doğurduğu səhvlər bu davaya kölgə saldı, qədəri ilə yalnız buraxılan Xalq xaosa sürükləndi. Kimə və nəyə inanacağını şaşıran zavallı xalq labirintdə azaraq çarəsiz duruma düşürüldü. Və təbii ki, katalizator rolunu oynayan passionar təkan zəifləməyə, enişaşağı düşməyə başladı.

 

L.Qumilyovun etnosların yüksəliş və eniş prosesindəki mərhələləri örnək alaraq passionar enerjinin azalması səbəblərinə nəzər salaq.

Alimə görə Akmatik mərhələ passionar gərginliyin yüksəlişindən sonra mümkün olan Ən yüksək passionarlıq səviyyəsindəki titrəşimlərdir. Bu zaman zəifləyən gərginlik fonunda passionarların sayı az almağa başlar və yerini subpassionarlar alar.

Yeri gəlmişkən, passionar şəxslərdə passionar davranış impulsu özünümühafizə impulsundan üstün olan şəxslərdə ki, subpassionarlarda bunun tam əksi, yəni özünümühafizə impulsu üstünlük təşkil edir.

Bu şəxslər etnos içində neqativ passionarlığa sahibdilər ki, dünya onların vecinə deyil, amma hərəkətlilikləri baxımından passionarlarla birlikdə prosesdə iştirak edirlər.

 

Yüksəliş mərhələsindən Akmatik mərhələyə keçiddə bütün əlaqələr bir-birinə qarışır, hər kəs "başınabuyruq" hərəkət edir, şəxsi mənafe ümumi mənafeyin önünə keçərək mövcud düzəni yıxar və bu durumda da qan axıdılır ki... o günlərin şahidləri olan bizlər bunu yaxşı xatırlayırıq... Və yaxşı xatırlayırıq ki, xalqın təkanverici qüvvəsi olan bir sıra passionar şəxslər, liderlər bilərəkdən, yaxud da bilməyərəkdən yaratdıqları xaosun içində xalqla bərabər özləri də boğulduqları üçün çıxış yolunu, Xalqın illərlə canı-qanı hesabına, min bir əziyyətlə qətrə-qətrə qazandığı özgürlüyünü, bu mübarizədə heç bir zəhməti, payı olmayan, bu millətə yad olub onun azadlıq mübarizəsinə əngəl olanlara "qızıl nimçədə" təslim etdilər.

 

Əslində bu, tarixdə çox rast gəlinən bir sonluqdur. Q.Lebon haqlı olaraq göstərirdi ki, bu - "rəhbərlər adətən mütəfəkkirlər sırasına aid edilmirlər, onlar fəaliyyət adamlarıdır, açiqgözlüyə malik deyillər... Çox vaxt psixoloji cəhətdən qərarsız, yarınormal, çılğınlıq həddində insanlar olurlar... kütlə əzəmətli obrazlarla ona təsir etməyi bacaran insanları dinləməyə həmişə hazır olur... Çox vaxt yalnız öz şəxsi maraqlarından çıxış edən və izdihamın elə də yüksək olmayan instinktlərinə üz vermək yoluyla təsir edən hiyləgər natiqlər liderliyə yüksəlirlər. Onların istifadə etdikləri təsir ola bilsin çox güclüdür, amma həmişə keçici olur".

Onların məhdud dünyagörüşlü olduqları ilə Lebonla həmfikir olan Qumilyov da bu passionar şəxsiyyətləri kütləni arxalarınca aparan şəxslər kimi deyil, təkanverici şəxsiyyətlər kimi tanımlayır.

Təbii ki, burada passionar gərginliyin yolxucu, bulaşıcı özəlliyini və onun kütlə psixologiyasındakı rolunu da unutmaq olmaz.

 

 

Sonrakı mərhələ Qırılma mərhələsidir ki, bu da ən təhlükəli olanıdır. Burada "böyüklərdən usandıq" kimi düşüncə tərzi meydana çıxmağa başlayır ki, burada həm passionar, həm də məsum insanlar qurban olurlar. Passionar gərginlik səviyyəsi sürətlə düşər, subpassionarlar artar, gərginlik mənfi yönə yönələrək superetnosun parçalanması təhlükəsi yaranar ki, bu da ölkədəki etnik azınlıkların "iştahını" körüklər vəe bir sıra əlavə problemlər yaradaraq onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirər.

 

Bu dövrdə Harmonik (uyumlu) insanlar üstünlük təşkil edər ki, bunlar orta mövqedə olanlardır, yəni davranış impulsu ilə özünümühafizə impulsu demək olar ki, bərabər olan insanlardır.

Bu adamlar isgüzar, mülayim insanlardır ki, onları yalnız iş maraqlandırır, üstünlük uğrunda mübarizəyə nə həvəsləri, nə də vaxtları olur. Onlar bir növ "sakit dövr"ü yaradırlar ki, - "bu zaman passionarilərin boşaltdığı yerləri ticarətçilər, yaltaq diplomatlar, fitnə-fəsadçılar və avanturustlər tutur... onlar yerli etnos üçün yabançı olsalar da, "taxt-tac" sahibləri üçün əlverişli olurlar, xüsusilə də vətəni olmayanda" (L.Qumilyov).

 

Məhz bu "vətənsizlər" bu gün dövlətin mühüm postlarında qərarlaşıblar və bu günkü acınacaqlı durumda olmağımızda mühüm rol oynayırlar.

 

Qırılma mərhələsi kimi bir digər mərhələ də Ətalət mərhələsidir. Bu passionar gərginliyin aramla azalması, hərəkətsiz, kənar müdaxilə olmadan dəyişməmə halidir ki, bu passionar düşüş maddi və mənəvi dəyərlərin toplamındakı böyümənin durmasıdır. Bu dövrdə əxlaqsızlıq, bayağılıq bas alıb gedir. Bu gün bu sonuncuların ən bariz təbliğatçısı, nümunəsi ikrah doğuran telekanalların məhsulu olan verlişlər və bu məkanlara böcək kimi daraşmış səviyyəsiz məxluqlardır.

Maddi və mənəvi problemlərin amansız caynağında sıxışdırılan, qəsdən sağlam və məntiqi düşünmə gücü zəiflədib neytrallaşdırılma siyasətinin bir növ “baş qarışdırılma” vasitəsi olan intellektual düşüncə və etik səviyyədən məhrum molozların toplandığı bu kütləvi zibilxanalara “məhkum edilən”, passivləşdirilib, dirənc gücü zəiflədilən Toplum Ətalət bataqlığına saplanaraq can hayına düşürülmüşdür.

 

 

Bu mərhələ ilə paralel olaraq digər bir mərhələ, Obskurasiya (cəhalət) da mövcuddur ki, buna qaranlıq mərhələ demək daha düzgündür. Bu mərhələdə istedadlı, çalışqan, fərqli düşüncə sahibləri gülünc görülür, intellektual zövqlülər xorlanır, sənətkarların, orijinal fikirli insanların yerini yığma adamlar alır, sosial həyatda rüşvət qanuniləşir, cəhalət, savadsızlıq, məsuliyyətsizlik tüğyan edir, adət-ənələr bayağılaşdırılır, mədəniyyətin çöküşü başlayır.

Passionar gərginliyin homeostaz səviyyəsindən aşağı düşməsi kimi tanımlanan bu mərhələdə ağıl və düşüncəyə yer olmur. Harmonik və subpassionar fərdlərin üstünlük təşkil etdiyi bu mərhələdə fanatik vətənsevər və yaradıcı insanların sayı azalır. Özünə fəaliyyət meydanı tapa bilməyən beyin axını ölkədən kənara köç edir. Bütün bunlar passionar enerjinin zəifləyib itirilməsi ilə nəticələnir ki, Heçliyə keçid (təki dinclik olsun) mərhələsinin təməlləri atılır.

 

 

Passionar dağarcığı boşaldılmış toplumun Axsamçağısı başlanir...

Tanış mənzərədir, deyilmi?..

L.Qumilyovun "Etnos Axşamçağısı" kimi tanımladığı bu dövrün şüarı "Bizim kimi ol!" -dur: - idrakın doğurduğu sevinc nifrətlə qarşılanır... incəsənətdə üslubun bayağılaşması bas verir, elmdə orijinal araşdırmalar iqtibaslar tərəfindən sıxışdırılıb aradan çıxarılır, ictimai həyatda korrupsiya qanuniləşdirilir... hər şey alınıb satılır, heç kimə inanıb arxayın olmaq mümkün deyil və hakimiyyətdə qalmaq üçün hökmdar quldurbaşı taktikası tətbiq etməlidir.... və s.

Üstünə üstlük Lebonun da fikirlərini gəlsək mənzərə bütün halıyla ortalığa çıxır: - “enerji və fəaliyyəti dövlət adamlarında qorxunc didişmələr, kütlədə günün sevinc və qəzəbi, təhsilli adamlarda isə hansısa ağlağanlıq, zəiflik və qeyri-müəyyən sentimentalizm və həyatın çətinlikləri barədə solğun müzakirələr əvəz edib.

 

 

Hər yerdə hüdudsuz eqoizm inkisaf edir. Nəhayətdə, sonda hər kəs yalnız özü ilə məşğul olmağa başlayıb (yəni hər kəs öz başının hayındadır). Vicdan çox üzüyola olub, ümumi əxlaq aşağı düşür və tədricən sönür. İnsan öz üzərində hakimiyyəti itirməyə başlayır, özünü idarə edə bilmir; özünü idarə edə bilməyənlər isə tezliklə başqasının hökmranlığı altına düşürlər".

Özünü idarə edə bilməyən millət isə Atatürkün təbirincə desək, başqa millətlərin "ov"u olurlar. Bu gün hansı faciə qarşısında olduğumuzu anlamaq üçün heç də dərin zəkaya malik olmaq lazım deyil.

Bizim kimi millətə tarixdə "yaşayır, amma qəlbi vurmur" deyilir. Mütləq hakimiyyətin əli altında cırlaşmış, büzüşmüş toplum çöküşünü acizcəsinə seyr edərək "hər gün özlərini daha ağır zəncirlərlə buxovlayırlar". Hər gün keçdikcə zülmə, haqsızlığa, yoxsulluğa daha da adaptasiya olan, "zulmu daşımağa vərdiş edən" toplum fərqinə varmadan Lebonun dediyi kimi - "iradəsiz, müqavimətsiz və gücsüz boş kölgəyə çevrilirlər... vətəndaşın artan laqeydliyi və gücsüzlüyü sayəsində hökumətin rolu mütləq şəkildə artmalıdır".

 

Belə bir deyim var ki, güclü təkan üçün mütləq uçurumun dibinə enmək lazımdır ki, təkanın sürəti yüksək ola bilsin. Bu gün bizə hava, su kimi lazım olan passionar təkana və passionar şəxsiyyətlərə ehtiyac var ki, bu uçurumun dibindən çıxa bilək. Lebonun "Hazır düsturları təkrar edən, bunlardan istifadə etməklə özlərinə qulaq asan insanları öz təsirləri altına sala biləcəklərinə inanan... onları arxalarınca apara biləcəklərinə mütləq şəkildə əmin olan natiqlər səviyyəsinə qədər aşağı enən" kimi göstərdiyi "liderlər", öz yetərsizliklərini, fəaliyyət dönəmlərini başa vurduqlarını ya görmürlər, ya da...

 

 

Bu topluma yeni kosmik şua və bunun yaratdığı passionar təkan və passionar şəxslər lazımdır. Passionarlıq nəzəriyyəsinə görə israf edilmiş enerji partlayışdan sonra əvvəlcə qızmar, sonra soyuq və rütubətli kül qoyub gedir ki, bizlər bu gün bu "kül yığını"nın altında mürgüləməkdən nəhayət bezib, ulularımızın dediyi kimi yenidən "küllərimizdən doğacaq" Toplum Axşamçağısından siyrilib Toplum Səhərinin qapısını açacağıq...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı