Ekzema xəstəliyi - Ağırlaşmış gediş nevroza gətirib çıxarır

09:39 29-03-2021 | icon 2036 | Sağlamlıq
Ekzema xəstəliyi - Ağırlaşmış gediş nevroza gətirib çıxarır

Nərminə Abbasova: “Ekzemanın müalicəsi onun forma və gedişindən asılıdır

 

Ekzema – dərinin iltihabi xəstəliyi olub, tez-tez kəskinləşən, uzunmüddətli, xroniki gedişə malikdir. Onun üçün ardıcıl olaraq, qızartı – düyün – qovuqcuq – sulanan eroziya – qartmaq – qabıqlanma mərhələlərindən keçən polimorf səpgilər xarakterikdir.

 

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bu dəfə Versus.Az-a Ekzoma xəstəliyindən bəhs edəcək.

 

Diaqnozun anamnestik məlumatlar, elektrokardioqrafiya, fonokardioqrafiya, rentgenoqrafiya, exokardioqrafiya, MRT, sintiqrafiya, qanın biokimyəvi analizinin nəticələrinə əsasən qoyulduğunu deyən Nərminə xanım bildirdi ki, xəstələr səpgi ilə yanaşı, qaşınma və göynəmə hissindən də şikayət edirlər:

 

“Prosesə ikincili irinli infeksiyanın qoşulma ehtimalı yüksək olur. Uşaqların infeksiyalaşması daha təhlükəlidir, çünki letal sonluqla nəticələnən Kapoşi ekzeması inkişaf edə bilər. Ağırlaşmış gediş nevroza gətirib çıxarır: yuxusuzluq, əsəbilik meydana çıxır, eləcə də dəridə kosmetik qüsur dərinləşir. Ekzemanın müalicəsi onun forma və gedişindən asılıdır. Kortikosteroidlərin sistemli tətbiqi, ekstrakorporal hemokorreksiya, yerli terapiya və fizioterapevtik müalicə effektivdir”.

 

 

Ekzema haqqında ümumi məlumat verən həkim-terapevt bildirdi ki, ekzema – allergik mənşəli, xroniki gedişli, iltihabi xəstəlikdir. Nərminə xanımın sözlərinə görə, onun etiopatogenezi sona qədər öyrənilməmişdir:

 

“Yaxın qohumlarda ekzemanın aşkarlanması, amanezdə allergik patologiyaların olması, endogen və ekzogen amillərin təsiri bu xəstəliyin yaranma səbəbləri arasında ön sırada dayanır. Psixovegetativ, neyroendokrin və immunoloji dəyişikliklər də ekzemanın inkişafına təkan verə bilər. Müasir dermatologiyada ekzemanın bir neçə forması ayırd edilir: həqiqi, mikrob mənşəli, seboreyalı, uşaqlarda rast gəlinən və peşə ekzeması. Onların hər birinin özünəməxsus klinik xüsusiyyətləri vardır”.

 

 

Həkim deyir ki, həqiqi ekzema residivləşməyə meyilli xroniki gedişə malikdir. Xəstəlik dərinin açıq sahələrində simmetrik iltihablaşma ocaqları ilə təzahür edir:

 

“Həqiqi ekzema zamanı iltihab ocaqları hiperemiyalı və ödemli, səthləri isə yaş olur. Ocaq daxilində seroz möhtəviyyatlı xırda vezikulalar müşahidə edilir. Vezikulalar partladıqdan sonra yerlərində ekzemaya xas mikroeroziyalar formalaşır. Həqiqi ekzema üçün «seroz quyucuqlar» sindromu səciyyəvidir.

Ekzema ocağından periferiyada tək-tək, iri ölçülü səpgilərə və qovuqcuqlara rast gəlinir. Zamanla yeni yaranan qovuqcuqların sayı azalır, mikroeroziyalar qartmaqla əvələnir, sağaldıqdan sonra qabıqlanma izlənilir.

Ekzema xəstəliyində bütün elementlər parlaq ifadə olunur. Zədələnmiş dəridə müxtəlif mərhələdə olan təzahürlərə təsadüf edilir. Xəstələrin əksəriyyəti qaşınmadan şikayətlənirlər. Əsas zədələnmə ocağından savayı, dərinin müxtəlif hissələrində səpələnmiş formada quru səpgilər görünə bilər. Ekzemanın uzunmüddətli gedişində dəridə durğun hiperemiya, ilfiltrasiya və hiperpiqmentasiya qeydə alınır”.

 

 

Nərminə xanım bildirdi ki, həqiqi ekzema kəskin formada başlaması, klinik təzahürləri, ocaqların simmetrikliyi, kiçik ölçülü papulyoz səpgilər və elementlərin ifadəli polimorfizmi ilə seçilir. Onun sözlərinə görə, bu xüsusiyyətlərlə yanaşı, anamnezdə allergik xəstəliklərin aşkarlanması və yaxın keçmişdə stress amilinin olması «həqiqi ekzema» diaqnozunu qoymağa kömək edir:

 

“Mikrob mənşəli ekzemanın patogenizində varikozun simptomokompleksləri, göbələk infeksiyası və dərinin tez-tez zədələnməsi ön cərgədə dayanır. Ekzemanın bu formasında zədələnmə ocaqları asimmetrik olub, əsasən aşağı ətraflarda varikoz damarların proyeksiyasında müşahidə edilir. Dəri büküşlərində ocaqların formalaşması tərləmə və şəxsi gigiyena qaydalarının pozulması ilə bağlıdır. Ekzema ləkələrinin sərhədləri nahamar, onları əhatə edən dəri isə infiltratlaşmış və göy-qırmızı rəngdə olur. Yaş və irinli qartmağa bütün zədələnmiş sahələrdə rast gəlinir. Periferiyada tək-tək papula və papulovezikulalar izlənilir. Mikrob mənşəli ekzema ostiofollikulit və impetiginoz qabıqla ağırlaşır. Mikrob mənşəli ekzema mikotik, varikoz və paratravmatik formalara bölünür”.

 

 

Həkim-terapevt qeyd etdi ki, diaqnoz klinik təzahürlərə, anamnezdə mikoz, aşağı ətraf venalarının varikozu və travmaların tez-tez təkrarlanması faktına əsasən qoyulur. Mikroskopiya zamanı mikotik hüceyrələr aşkarlanır:

 

“Mikrozun növünü dəqiqləşdirmək və preparatlara qarşı həssaslığı müəyyən etmək məqsədilə bakterioloji müayinə aparılır. Histoloji analizdə dermanın ödemi, qovuqcuqların epidermal lokalizasiyası, plazmositar elementlərin üstünlük təşkil etdiyi güclü limfoid infiltrasiya müşahidə edilir. Mikrob mənşəli ekzema uzunmüddətli olduqda dermada sklerotik dəyişikliklər qeydə alınır”.

 

Nərminə xanım onu da bildirdi ki, peşə ekzeması – allergik mənşəli, ləng gedişli, xroniki dəri xəstəliyidir. Bu forma qıcıqlandırıcı vasitələrə cavab reaksiyası olaraq, inkişaf edir. Xəstəliyin patogenezini peşə amillərinin daimi təsiri, vegetativ sinir sisteminin dəyişiklikləri, damarların keçiriciliyinin pozulması və partlaması təşkil edir. Bu faktorların müştərəkliyi orqanizmin peşə zərərlərinə sensibilizasiyasına səbəb olur:

 

“Peşə ekzeması klinik cəhətdən həqiqi formaya bənzəyir. Sadəcə onun provokasiyaedici faktoru qıcıqlandırıcı ilə daimi təmasdır. Müxtəlif ölçülü səpgilər bütün bədən boyunca lokalizasiya olunsa da, zərərli amilin təmas etdiyi nahiyədə onlara daha çox rast gəlinir. Əvvəlcə dəridə ödem və qızartı, bir müddət keçdikdə isə çoxsaylı, xırda vezikulalar yaranır. Pasiyentlə söhbət əsnasında iş və ya ev şəraitində zərərli faktorun mövcudluğu və onun təsirindən ekzemanın əlamətlərinin artdığı ortaya çıxır. Xəstə peşə zərərləri ilə təmasın olmadığı müddətdə, məsələn, məzuniyyət dövründə dərinin sağlam şəkil almasını qeyd edir”.

 

Həkim deyir ki, diaqnoz təsdiq olunduqdan sonra provokasiyaedici amillərin təsiri aradan qaldırılmalı və yaxud azaldılmalı, dərinin mikrob xəstəliklərinin və mikrozların müalicəsi aparılmalıdır. Onun sözlərinə görə, ekzemanın bütün formalarında sedativ və antihistamin preparatlarla hiposensibilizəedici medikamentoz müalicə göstəriş sayılır:

 

“Plazmaferez və ekstrakorporal hemokorreksiyanın digər növləri də pasiyentin vəziyyətinə müsbət təsir göstərir. Daxili və yerli vitaminoterapiya hüceyrələrin regenerasiya prosesini aktivləşdirir.

Ekzema xəstəliyinin kəskinləşməsi generalizəolunmuş xarakter daşıdıqda və yaxud adi terapiya ilə residivi sakitləşdirmək mümkün olmadıqda qlükokortikosteroidlərin daxilə və yerli tətbiqi məqsədəuyğundur. Xəstənin vəziyyəti yaxşılaşdıqda hormonların dozası tədricən azaldılır. Ekzema sistemli, dalğavari gedişə malik olduqda, hər gün antihistamin preparatlar və qlükokortikosteroidlər dəstəkləyici dozada qəbul edilməli, B və C vitaminləri əzələ daxilinə yeridilməlidir”.

 

Nərminə xanım ekzema xəstəliyinin fizioterapevtik müalicə üsullarından da bəhs edərək, bu üsulların müxtəlif olduğunu bildirdi:

 

“Onlara ozonoterapiya, maqnitoterapiya, lazerlə müalicə misaldır. Zədələnmiş hissələrdə krioterapiya da aparmaq olar. Kəskin faza bitdikdə pasiyentlərə müalicəvi ultrabənövşəyi şüalar, palçıq vannaları məsləhət görülür. Fizioterapevtik prosedurların növü həkim-fizioterapevt tərəfindən seçilir.

Ümumiyyətlə, «Ekzema» diaqnozunun qoyulduğu şəxslər hipoallergen pəhriz saxlamalı, spirtli içkilər və siqaretdən imtina etməlidir. Həmçinin şəsxi gigiyena qaydalarına əməl olunmalıdır. Su əsaslı krem və aromatlaşdırılmamış sabundan istifadə ekzemanın residivləşmə ehtimalını azaldır.

 

 

 DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Ekzema xəstəliyindən müalicə olunmaq istəyənləri Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı