“Şuşada 17 məhəllə var idisə, bəlkə bərpadan sonra 20-25 olacaq” - MÜSAHİBƏ

14:00 06-04-2021 | icon 615 | Cəmiyyət
“Şuşada 17 məhəllə var idisə, bəlkə bərpadan sonra 20-25 olacaq” - MÜSAHİBƏ

Elbay Qasımzadə: “O evlər o vaxt da Şuşanın görkəminə xələl gətirirdi, bu gün də ona yaraşmır”

 

İğaldan azad olunan Azərbaycan şəhərləri, torpaqlarının təbii örtüyü yenidən bərpa olunur. Erməni vandallığının torpaqlarımızda, şəhərlərimizdə törətdiyi vəhşiliyin mövcud nəticəsinə baxanda, yenidən bərpanın birgə müzakirə və araşdırmalar sayəsində ortaya qoyulacaq layihələrin həlli ilə mümkünlüyü önə çəkilməkdədir. Şəhərlərimizin yenidən qurulmasında xüsusilə Azərbaycanın təcrübəli memarlarının fikirləri, təklifləri öyrənilməkdədir. Azərbaycanın memarlıq üslubunun yeni şəhərlərdə öz əksini tapması üçün hansı addımlar atılır.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Elbay müəllim, məlumdur ki, işğaldan azad olunan torpaqlarımızda yenidən evlər tikiləcək, abidələrimiz bərpa olunacaq. Bütün Qarabağda evlərin, binaların tikintisi zamanı əsasən nələr nəzərə alınmalıdır?

 

- İlk növbədə etiraf edək ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən yaşayış məskənlərinin əksəriyyəti kənd və qəsəbədir. Orda əsl mənada şəhər statusuna malik bir yaşayış məntəqəsi yoxdur. Məsələn, əgər konkret Şuşanı götürsək, əlbəttə ki, Şuşa kiçik bir şəhərdir. Şuşanın bərpası zamanı abidələrin, şəhərsalma strukturundakı ilkin görkəminə diqqət yetirmək lazımdır.

30 il qabaq orda azərbaycanlılar yaşayıblar. Ermənilər torpaqlar işğal ediləndən sonra o evləri zəbt ediblər. Ermənilər Şuşanı zəbt edəndən sonra o 17 məhəllədə yaşamayıblar. O məhəllədəki evləri darmadağın ediblər. Əsas beşmərtəbəli evlərdə yerləşiblər. Yəni onlar ora gələndə bilirdilər ki, çıxıb gedəcəklər. İndi çıxıb gedəndən sonra səslərini çıxartmasınlar. Sakit oturub öz ölkələrinin daxilindəki problemi həll eləsinlər.

 

- Bu günlərdə Şuşa şəhərində “xuruşovka” deyilən evlərin sökülməsi ilə bağlı müzakirələr aparıldı. “Xuruşovka”lar söküləcəksə, bu, Şuşaya hansı yeni görkəmi verəcək və şəhərin əvvəlki mənzərəsinin dəyişməsinə hansı səpkidə təsirini göstərəcək?

 

- Mən o “Xuruşovka”ların sökülməsini dəstəkləyirəm. Beşmərtəbələr ümumiyyətlə Şuşanın görkəminə yaraşmır. 2-3 mərtəbəli çoxmənzilli evlər ola bilər. Amma hündürlüyü 2-3 mərtəbədən artıq olmamalıdır. Qalan o yaşayış evləri isə həmin o tarixi 17-də bərpa olunmalıdır. Çünki Şuşanın əsas yaşayış sahəsi bax o 17  məhəllə olub.

Məncə, “Xuruşovka”ların sökülməsi Şuşanın yeni görkəminə çox müsbət cəhətlər gətirəcək. Həm ətraf təbiət daha yaxşı görünəcək, həm də Şuşanın özünün qədim küçələri, abidələri yaxşı görünəcək. O beşmərtəbələr bunun hamısının qarşısını bağlayırdı. Çox müsbət haldır ki, bu evlər sökülür.

 

- 30 il bundan qabaq o beşmərtəbəli evlər var idi. O, o şəhərə yaraşmırdısa, niyə tikilmişdi?

 

- Ona görə ki, Şuşa kurort şəhəri idi, SSRİ məkanının hər bir yerindən ora istirahətə, müalicəyə adamlar gəlirdilər. Və o istirahət guşələrində xüsusi xidmət göstərən personal var idi ki, o evləri onlar üçün tikmişdilər. İndi o evlərə heç bir ehtiyac yoxdur. Çünki o evlər o vaxt da Şuşanın görkəminə xələl gətirirdi, bu gün də ona yaraşmır. Ölkə başçısı dəfələrlə öz çıxışlarında vurğulayıb, mən də öz yazılarımda, müsahibələrimdə demişəm ki, mütləq o evlər yığışdırılmalıdır. Çünkü onlar düz şəhərin mərkəzində tarixi mərkəzlə ünsiyyətdədir və əlbəttə ki, onlar şəhərin yaraşığını artırmır. Mən onun tərəfdarıyam ki, o evlər həqiqətən də sökülsün. Sosial şəbəkələrdə görürəm ki, ermənilər qışqırıq salırlar ki, “evlərini” sökürlər. Soruşmaq lazımdır ki, bu yerlər nə vaxt sizin evləriniz olub.

 

- O evlərə niyə “xuruşovka” deyirlər, mümkünsə oxucularımıza açıqlayardınız.

 

- “Xuruşovka”lar beşmərtəbəli evlərə deyilir. O evlər Bakıda da var. Həmin beşmərtəbəli daş evlər, üç balokonu olan, memarlıq cəhətdən də görkəmli bir şey deyildi. O evlər Şuşada da var. Bəli, bunu sovet vaxtında tikmişdilər. Sovet vaxtında, ümumiyyətlə yaşayış evləri ilə təminolunma proqramı var idi. Elə ona görə də Bakıda da o beşmərtəbəlilər tikildi. Ona görə “Xuruşovka” deyirlər ki, Xuruşovun SSRİ-yə rəhbərlik etdiyi dövrdə tikilib. Və bu, o dövr üçün böyük bir sosial irəliləyiş olub. Yadımdadır ki, o vaxtlar Bakıda insanlar zirzəmilərdə, kommunal evlərdə yaşayırdılar. Bir şüşəbəndə 6-7 ailə çıxırdı, hamıya bir tualet, şüşəbəndin başında olurdu, bir dənə də mətbəx var idi, orda da qadınlar daima biri-biri ilə çəkişirdilər ki, sən mənim sabunumu götürdün, sən mənim qazanıma toxundun... Bunların aradan qaldırılması, insanları ucuz evlərlə təmin etmək üçün həqiqətən bu, Xuruşovun verdiyi düzgün ideya idi. Amma o “Xuruşovka”ların da vaxtı ötdü. Həm mənəvi, həm də texniki cəhətdən o evlərin vaxtı ötüb.

 

“Hərə gəlib öz köhnə yerində özü bildiyi kimi ev tiksə...”

 

- Əhalinin öz evləri ilə bağlı hansısa fikirləri nəzərə alınmalıdırmı. Hətta bəziləri deyir ki, mənə evimi versin, gedim özüm tikim. Necə fikirləşirsiz?

 

- Məncə bu, düzgün yanaşma deyil. O şəhərlərdən heç nə qalmayıb. Misalçün Ağdamı götürək. Demək olar ki, erməni vandalları Ağdamı yerlə-yeksan ediblər. Bu gün hərə gəlib öz köhnə yerində özü bildiyi kimi ev tiksə, biz yenə də müasir şəhər əldə edə bilməyəcəyik. Dövlətin məqsədi müasir tipli şəhərlər və qəsəbələr tikməkdir ki, rahat olsun, yolları düz olsun, kommunikasiyaları təmin olunsun, bütün evlərə su, qaz, işıq çəkilsin. Yəni burda özbaşınalığa yol vermək olmaz. Mən düşünürəm ki, insanlar üçün müxtəlif layihələr hazırlanmalıdır və yəqin elə də olacaq. Yəni böyük ailə, kiçik, orta ailələr üçün müxtəlif həcmdə, müxtəlif fasadlarla evlər tikilməlidir. İnsanlara təkliflər olunacaq ki, ev layihələrinə baxsınlar və hansı evi istəsələr onlara tikiləcək. Məncə bu belə olmalıdır. Şuşanın özündə o beşmərtəbəlilərdə yaşayan insanlar üçün də başqa evlər tikiləcək. Mən tam əminəm ki, bu həqiqətən də olacaq. Və ora qayıtmaq niyyətində olan insanlar gəlib o mənzillərə köçəcəklər. O beşmərtəbələrdə 30 il ermənilər yaşayıblar və bir Allah bilir ki, o evlər nə gündədir. Əlbəttə başa düşürəm, hərə öz yurduna, öz evinə, öz ocağına qayıtmaq istəyir. Amma etiraf edək ki, biz 30 il bundan məhrum qalmışıq. Müharibənin nəticəsində o ərazilər hamısı dağıdılıb, bu gün yaşamaq üçün yararsızdır. Müharibədən neçə ay keçib. Ermənilər köçüb Xankəndində oturublar. Xankəndində evlər dağıdılmayıb.  Amma Azərbaycan ailələləri hələlik öz evlərinə qayıda bilmirlər. Lakin qayıtmaları üçün dövlət bu imkanı mütləq onlara yaradacaq.

 

- Elbay müəllim, sizin çıxışlarınızın məntiqi ora aparır ki, artıq Şuşa və işğaldan azad olunan digər rayonlarımızda məhəllələr çoxalacaq. Tutaq ki, Şuşada 17 məhəllə yox, 20 məhəllə olacaq...

 

-Əlbəttə ola bilər. Ümumiyyətlə, şəhərlər hamısı inkişaf edir və edəcək. Şəhər insandan fərqli olaraq daima yaşayır və daima dəyişmək iqtidarındadır. İnsan qocalır, ölür çıxıb gedir bu dünyadan. Amma şəhərlər dəyişməsə, onlar da ölər. Bəli, şəhərlər dəyişməlidir. Ona görə də Şuşada tarixi 17 məhəllə var idisə, bəlkə bərpadan sonra 20-25 olacaq. Yəni bu şəhərsalma ilə məşğul olan idarənin işidir. Dövlət Şəhərsalma İdarəsi və Arxitektura Komitəsi var, layihə institutları var ki, məncə bu işlərin üzərində işləyirlər. Onların da qarşısında qoyulan məqsəd evinə qayıdan vətəndaşlar üçün tam yüksək səviyyədə olan bir şəraitin yaradılmasıdır.

 

- Necə hesab edirsiz, Şuşada və başqa dağlıq ərazilərdə hündürmərtəbəli binaların tikintisi aparıla bilərmi?

 

- Biz yüksək mərtəbəli evlər deyəndə 12, 16 -18, 24 mərtəbəli evləri fikirləşirik. Bunlar rayon mərkəzlərinə, kiçik qəsəbələrə yaraşmır. Rayon mərkəzlərində 3-4 mərtəbədən hündür binalar olmamalıdır. Bütün azad olunmuş şəhərlərdə hündürmərtəbəli binalar ola bilməz. Avropanın kiçik şəhərlərinə baxın. Görəcəksiz ki, 2-3 mərtəbədən hündür bir dənə də bina yoxdur. Ola bilsin ki, hardasa bir otel var. Onu da yenə 3-4 mərtəbə tikiblər ki, ümumi kompazisiyadan kənara çıxmasın. Biz də elə etməliyik. Biz o rayon mərkəzlərinin mühitini qoruyub saxlamalıyıq. Onun gözəlliyi də odur ki, memarlıq miqyası qorunub saxlanılsın. Ordakı dağlar o siluet üçün vertikaldır. Əsas mühitdir, əsas miqyasdır, əsas təbii landşafdır. Yeni şəhər onlara uyğunlaşdırılmalıdır. Əsas insanların yaşayış tərzidir. Siz təsəvvür edirsiz ki, bizim vaxtilə o torpaqlardan qaçqın düşmüş  insanlar bu gün Bakıda 18-ci mərtəbədə mənzillə təmin olunub xoşbəxt yaşayırlar. Onlar yenə də torpaqlarına bağlıdırlar, yenə də evlərindən çıxıb həyətlərində nəsə bir iş görmək istəyirlər. Onların həyat tərzi məcburi dəyişib.

Ümumiyyətlə, düşünürəm ki, Qarabağ bölgəsində bu gün dövlət tərəfindən bərpa olunacaq şəhər və qəsəbələrdə yüksək mərtəbəli binalar tikilməməlidir. 2-3-4 mərtəbəli binalar kifayətdir. Şəhərlə kiçik yaşayış məntəqələrinin fərqi olmalıdır. Çünki həyat tərzi bir-birindən fərqlidir. O şəhərlərdə həyat tərzi Bakı ilə müqayisədə tamam başqadır. Hətta Bakı ilə Gəncənin də həyat tərzində çox böyük fərq var. Çünkü Bakı iqtisadi, siyasi, mədəni paytaxtdır. Ona görə də Bakı ilə rayonları uyğunlaşdırmaq lazım deyil. Sadəcə olaraq tikiləcək evlər tam rahat, təminatlı olmalıdır.

 

- Bu gün işğaldan azad olunan“Ağıllı şəhər” layihələrindən danışılır. Bu barədə nə deyərdiniz?

 

- Bəli, bu gün, həm də “Ağıllı şəhərin” qurulmasından söhbət gedir. Bu çox düzgün bir ideyadır. Bu, şəhərlərin idarə olunması mərkəzləşdirilməlidir. Bunların su, elektrik təchizatı, istiliyi, qaz təchizatı - hamısı mərkəzləşməlidir və bir mərkəzdən, bir məntəqədən idarə olunmalıdır. Söhbət ondan getmir ki, yaşayış evləri tikiləcək və bunlar “Ağıllı ev” olacaq. Söhbət şəhərlərin idarə olunmasından gedir. Ümumiyyətlə, insan gərək o “ağıllı ev” səviyyəsinə gəlib çatsın. Bu evi hər adam idarə edə bilməyəcək. Ona görə də burda söhbət “ağıllı ev”lərin tikintisindən yox, şəhərlərin idarə olunmasından gedir.

 

- Necə hesab edirsiz, 30 ildən sonra evinə qayıtmaq istəyən şuşalı, ağdamlı, laçınlı üçün öz yerində, yurdunda, şəhərində, küçəsində görmək istədiyi ən önəmli məkan kimi nə saxlanılmalıdır?

 

- Onların bir arzusu var. Onlar məkan düşünmürlər. Onlar istəyirdilər ki, öz doğma torpaqlarına qayıtsınlar. Və bundan üstün istək ola bilməz. O məkanda ki, gələcəkdə onlar yaşayacaqlar, onu dövlətimiz onlar üçün yaradacaq. O məkanı yaradarkən də mütləq onların rahatlığını düşünəcək.

 

- Amma bəzi insanlarımız hansısa tanıdıqları yerin saxlanmasını arzu edir, nostalji hisslərini oyadan yerləri də qorumaq istəyirlər.

 

- Bunlar ancaq nostalji hisslərdir. Mən Bakıda doğulub, Bakıda böyümüşəm. Həmyaşdlarımla hərdən axşam otururuq, söhbət edirik. Biri qayıdır ki, yadına gəlir, filan yerdə bir şey var idi, yaxşı idi e o. Nəyi yaxşı idi. Uşaqlığım o daxmada keçib deyə, mənim üçün müəyyən qədər qiymətli ola bilər. Amma müasir düşüncə ilə baxanda, görürük ki, onlar heç bir şeydir ki, yaşayıb qala bilmədilər. Bəli, yerində park salıblar. Bu gün “Sovetski” deyilən ərazi barədə də çox söhbətlər gedir. Elə hey deyirlər, yadına gəlir filan yer... Mənim çox şey yadıma gəlir. Yadıma gəlir ki, “Sovetski”də tində oturub nəşə satırdılar. Bu o demək deyil ki, gərək onu orda saxlayaydılar.

 

- Bir memar kimi o yeni şəhərləri necə görürsüz?

 

-Abad, gözəl, yaşıllıqlı, işıqlı, yolları düz... İnsanlar üçün hər bir şərait, infrastruktur yaradılmalıdır ki, görsünlər müharibədə qalib gələn dövlət onları düşünüb və bu şəraiti yaradıb. /“Həftə içi”/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür