Milli Xalça Muzeyi bu həftəni kosmos mövzusuna həsr edəcək
“Bu gün insanın kosmosa uçuşundan 60 il ötür. Bununla əlaqədar həftə ərzində kolleksiyamızda qorunan kosmos mövzusuna həsr olunmuş xalçaları təqdim edəcəyik”.
Bu sözləri Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova özünün sosial şəbəkə hesabında yazıb:
“Tanınmış xalçaçı-rəssam Cəfər Mücirinin “Kosmonavtika” xalçasının kompozisiyası süjetli-ornamental quruluşa malik olub, ara sahədə kosmosa yüksələn insan obrazının monumental təsviri ilə tərtib olunub. Bununla yanaşı, ara sahəni ulduzlar, planetlər, məşhur kosmik gəmilər, tağüstü və haşiyə qurşaqlarını isə zəngin gül-çiçək ornamentləri bəzəyir. Müəllif mehrabın başlıq sahəsində sovet dövlətinin qurucusu V.İ.Leninin, ana haşiyə qurşağında isə kosmosu fəth edən Y.Qaqarin, V.Tereşkova, Q.Titov və digər qəhrəman kosmonavtların obrazlarını verib”.