Komitə sədri Türkiyənin tanınmış kinorejissoru ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin məşhur sənətkarı - kinorejissor, ssenarist Osman Sınavla görüşüb.
Versus.Az xəbər verir ki, məşhur sənətkarın respublikamıza səfər etməsindən, onunla görüş və fikir mübadiləsindən məmnunluğunu bildirən Q.Paşayeva, O.Sınavın məşhur ekran əsərlərinin Türkiyə və Azərbaycanla yanaşı bütün Türk-İslam dünyasında, dünyanın bir çox başqa ölkəsində maraq və heyranlıqla izlənməsindən qürur duyduğunu söyləyib.
Komitə sədri O.Sınav kimi məşhur sənətkarın Azərbaycanla bağlı mövzulara, özəlliklə 44 günlük Vətən Müharibəsinə yanar ürəklə yanaşdığına, ciddi sənətkar marağı göstərdiyinə görə təşəkkür edib.
Osman Sınav üzərində işlədiyi ekran əsərləri, yeni yaradıcılıq planları, ideyalar və təşəbbüslər haqqında Komitə sədrinə məlumat verib, onunla ətraflı fikir mübadiləsi aparıb.
Görüşdə qardaş ölkələrin ümumi marağının ifadəsi olan ortaq mədəniyyət layihələri, Şuşanın Azərbaycanın Mədəniyyət Paytaxtı olmaqla yanaşı, Türk-İslam dünyasının Mədəniyyət Paytaxtı mənəvi statusunun daşıyıcısı kimi də qəbul edildiyini, Qarabağ (Azərbaycan) həqiqətlərinin təbliğində sənətin yaratdığı imkanlar və s. barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Mədəniyyət nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, nazirliyin əməkdaşları və RHİMİB sədri Arzu Bağırova iştirak edib.
Komitə sədri Osman Sınava və bərabərindəki heyətə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"