Hollivud ulduzu Hyu Cekman aktrisa Debbora Li Fernesslə evlilik fotolarını paylaşıb. Bu il cütlük nikahlarının 25 illiyini – gümüş toylarını qeyd edirlər.
“Səninlə evli olmaq, Deb, mənim üçün nəfəs almaq kimi təbiidir. Elə tanışlığımızın ilk saniyəsindən etibarən… mən bilirdim ki, bizim taleyimiz bir yerdə olmaqdır”, - deyə Cekman xanımına müraciətlə yazıb.
“Bu 25 il ərzində bizim sevgimiz ancaq dərinləşib. Mən sevgimizi, həyatımızı və ailəmizi bölüşdüyümüz üçün sonsuz dərəcədə minnətdaram. Və bu, başlanğıcdır. Deb, mən səni bütün qəlbimlə sevirəm”, - deyə Hyu sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, cütlük 1996-cı ilin aprelində evləniblər. Həmin vaxt Cekmanın 27, Fernessin isə 40 yaşı olub. Yaş fərqinə baxmayaraq onlar ən möhkəm evli cütlük sayılırlar. Onlar övladlığa götürdükləri iki uşağa tərbiyə verirlər və vaxtlarını bir yerdə keçirirlər. Hyu Debboranı sevimli qadını və dünyanın ən yaxşı anası adlandırır.