"Xarici ölkələrdəki səfirliklərimizə müstəqillik verilməlidir” - MÜSAHİBƏ
Eldar Quliyev: “Lobbiçiliyi qaldırmaq üçün tək mən yox, siz yox, hamılıqla işləməliyik”
Azərbaycanda ağsaqqala, ağbirçəyə hörmət, ehtiram, kiçiyə diqqət, qayğı milli mentalitetimizin ən qabarıq və incə nüanslarındandır. Ailə dəyərlərinin yüksəkdə tutulması, rolu və əhəmiyyəti bütün sahələr üzrə - sosial, ictimai, siyasi, mədəni həyatımızda özünü zaman-zaman büruzə verib. Bu mənada Azərbaycan Ağsaqqallar Şurasının Milli Məclisdən başlayan işləri, ölkəmizin bütün rayon və kəndlərinə, eləcə də ölkədən kənarda yaşayan azərbaycanlıların həyat və fəaliyyətinin düzgün istiqamətləndirilməsindəki rolu və göstərdiyi dəstək birmənalı olaraq diqqətlə izlənir.
Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev müsahibəsində maraqlı məqamlara diqqət çəkib.
- Eldar müəllim, hazırda Ağsaqqallar Şurası hansı işlərlə məşğuldur. İstərdim bu barədə fikirlərinizi bildirəsiniz?
- Azərbaycan Ağsaqqallar Şurasının ayrı-ayrı rayonlarda şöbələri var. Hazırda həmin şöbələr üzrə təşkilati işlər həyata keçirir, sədrlər və idarə heyətinə seçkilər keçirdirik. Qeyd edim ki, Şura özünün nizamnaməsini Ədliyyə Nazirliyinə təqdim edəndən sonra, nümunəvi əsasnamə hazırlayaraq rayon şöbələrinə tədim edib. Şuranın rayon şöbələrində keçirilən toplantılarda bu əsasnamələr təsiq olunur. Hazırda pandemiya ilə əlaqədar olaraq adamların toplanmasında məhdudiyyətlər var, üzvlərimizi tam şəkildə bir araya gətirə bilmirik. Ancaq müəyyən nümayəndə çağıra bilirik ki, onlar da tədbirdə maska və məsafə saxlanılmaqla iştirak edirlər. Deyə bilərəm ki, son toplantılarımız Ağstafada, Qazaxda, Oğuzda, Lerikdə, Masallıda, Mingəçevirdə, Tovuzda, keçirilib. Bakıda yalnız Binəqədi rayonunda seçki keçirtmişik. Biz rayonlara işi qurtarandan sonra Bakıya başlayacağıq. Bir də işğaldan azad olunmuş rayonlar üzrə tədbirlərimiz nəzərdə tutulur. Gözləyirik keçmiş köçkünlər öz yurdlarına köçsünlər, yerbəyer olsular ki, onların da Ağsaqqallar Şurası seçilsin. Hesab edirəm ki, hazırda rayon şöbələri üzrə Ağsaqqallar Şurasına seçkilər çox normal gedir və bu işləri icra başçıları ilə əlaqəli şəkildə aparırıq. Düzdür, seçkilər məsləhətləşmələr şəklində aparılir. Biz Azərbaycan Ağsaqqallar Şurası olaraq bütün Azərbaycanla bağlı, hətta xaricdə olan azərbaycanlı soydaşlarımızla da əlaqələr qururuq.
- Deyərlər ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. İnsanlarımız buna nə dərəcədə əməl edirlər?
- Çox rayonlarda, kəndlərdə olmuşuq, yaşımıza görə də çox hadisələrə şahidlik etmişik.
Biz bir qədər Allahdan qorxduğumuza görə, deyirik “nə Allahsız yerdə otur, nə də böyüksüz”. Allahsız da yaşamaq qeyri-mümkündür, çünkü O, yaradandır. Həmişə bizdə ağsaqqala çox böyük hörmət və ehtiram göstərilib. Şəxsən mən Bakı kəndlərindənəm, köküm də bura bağlıdır. Biz uşaqlıqdan atamızın, babamızın yanında kimin necə oturub-durmasını, danışmasını görmüşük. Və yaxud ailələr arasında bir münaqişə olarsa, həmişə ağsaqqalın gedib orda sözünü deməsi ilə məsələnin qurtardığını görmüşük. Hətta ən çətin məsələdə “filankəs gəlib, qurban olasan ona” deməklə məsələ bitib. Mən həmişə görmüşəm ki, atam heç vaxt dayımın yanında papaqsız oturmayıb. Hələ 5-6 yaşım olardı, uşaq idim, qapımız döyüləndə qaçıb baxdım ki, dayım gəlib. Dedim papa, dayım gəlib. Dedi qaç papağımı gətir qoyum başıma, dayının yanında ayıb olar. Demək istəyirəm ki, biz bu ənənələri görə-görə gəlmişik. İstər rayonda olsun, istər kənddə olsun, əlbəttə ki, ağsaqqalın sözü keçməlidir. Çünki ağsaqqal ağsaqqaldır. O da var ki, ağsaqqal nə yaşla, nə başla deyi. Bəlkə o yaxşı qocaman alimdir, amma Ağsaqqallıq eliyə bilmir. Və yaxud da yaxşı siyasətçidir, amma ağsaqqalıq eliyə bilmir.
“Ermənilərin vəhşiliyi hər bir beynəlxalq toplantıda ifşa olunmalıdır”
- Eldar müəllim, Milli Məclisin deputatısız və orda da Ağsaqqallar Şurasının üzvləri var. Siyasi davranış, düşüncə ilə bağlı Şuranın sözü deputatlar arasında necə keçərlidir. Ümumiyyətlə, sizin fəaliyyətiniz öz təsirini Milli Məclisin işində nə dərəcədə göstərə bilir?
- Son vaxtlar Milli Məclisə savadlı, bacarıqlı 30-33 nəfər gənc deputat qrupu gəlib. Əksəriyəti istedadlı cavanlardır. Mən Milli Məclisdə həm də Hesablama Komssiyasının sədriyəm. Bəzən o gəncləri şəxsən dəvət edib söhbət edirəm. Biz onlara yol göstəririk ki, düzgün oturun, diqqətli danışın. Çünki populist çıxışlar çox zaman bizim zərərimizə işləyə bilər. Çünki deputatın ağzından çıxan kəlmə artıq ictimaiyyətindir. O mənada gənclərin düzgün istiqamət götürmələri üçün məsləhətlər veririk. Mən həm də Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşklatının Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəriyəm. Bu dəfə üç nəfər gənci nümayəndə heyətində yerləşdirdik. Pandemiya dövrü olmasına baxmayaraq, biz onlayın görüşlər keçirdirik. Bu onlayın toplantılarında o gəncləri hətta öz stolumuzda oturduram. Onlara çıxış verirəm ki, təcrübə toplasınlar. Sabah xaricə gedəndə sözlərini düzgün deyə bilsinlər. Sabah ağzımızdan bir söz çıxaranda bizə deməsinlər ki, Azərbaycanın millət vəkillərinə bax, danışığını bilmir, ya davranışını bilmir. Yəni o şeyləri də nəzərə alırıq. Parlamentdə də böyük-kiçiklik var. Qeyd etdiyim kimi, parlamentə savadlı gənclər gəlib. Amma bir qədər parlamentin havasını götürməyəndə, çalışıırıq ki, onları istiqamətləndirək. Başa düşürük ki, insanın da düşdüyü mühitə öyrənməsi üçün vaxt lazımdır. Məsələnin ən pis tərəfi budur ki, yeni deputatların gəlişi pandemiya vaxtına düşdü. Hərəkətlilik azdır. Məsələn, mən çox məmnuniyyətlə gözləyirəm ki, pandemiya qurtarsın və biz beynəlxalq tədbirlərə qatılıb ermənilərlə sözümüzü deyək. Məlumdur ki, erməni cəlladları Füzulidə 1 yaşlı Zəhranı, nənəsini öz həyətlərində güllələmişdilər. Vaxtilə ermənilər bizim qarşımızda oturanda, mən bunun hesabını onlardan soruşdum. Dedim, bu körpə uşağın nə günahı var idi?!. Bu sual o tədbirdə hamının boğazını qurutmuşdu. Orda dedim ki, əgər bu uşağın günahı varsa, deyin mənə, heç kəs cavab vermədi. Dedim, o uşağın tək günahı odur ki, azərbaycanlıdır. Ermənilər başladılar ki, “eta ne mı”, bunu edən Qarabağ erməniləridir, filan. Dedim ki, Qarabağ ermənilərinə də siz dəstək verirsiz. Ermənilərin vəhşiliyi hər bir beynəlxalq toplantıda ifşa olunmalıdır.
- Heç olubmu ki, Milli Məclisdə hansısa deputatı kənara çəkib demisiz ki, belə olmaz...
- Bəli... İntizam Komissiyasında belə şeylər çox olub. İndi hamısını açıb demək olmur. Çılğın deputatlar da var, nə gəldi danışır. Sahibə xanım bir-ikisini cəzalandırdı. Bəzən belə də olur ki, insanın ağzından siyasi səhvlər çıxır. Diqqətli olmalıyıq. Belə bir misal da var, deyir - dil insanın həm dostudur, həm düşməni. Amma sözü deməzdən qabaq fikirləşmək lazımdır.
- Ağsaqqalın da işi o barışı yaratmaqdır. Bu mənada sizin işinizin məsuliyəti və çətinliyi nədədir?
- Əlbəttə elədir. Ailədə də bir şey olanda, hamı ağsaqqala üz tutur. Məsələn, ailələr var ki, təzə evləniblər, tərəflər arasında qırğındır. Ağsaqqalı çağırırlar, tərəflərə öz məsləhətlərini verir və bununla da məsələ bitir. Mentalitetimizdə də var ki, ağbirçəyə, ağsaqqala hörmətlə yanaşılır.
- Ağsaqqallar Şurasının hazırda nə qədər üzü var?
- İndi Şuraya həm idarə heyəti, həm də sədrlər seçilir. Dəqiq məlumat bundan sonra bilinəcək. Köhnə siyahı var, amma rəhmətə gedənləri, çıxanları, başqa ölkəyə gedənləri var. Baxıram ki, müxtəlif rayonlar üzrə itkilərimiz var. Köhnə siyahıya əsasən ən azı 300-400 üzvümüz var idi. Söhbət çoxluqdan getmir, əsas keyfiyyətli işin ortaya qoyulmasıdır. Faktiki olaraq hər qəsəbədə bir-iki nəfər ağsaqqal olur, ən böyük rayonlarda da 10-18 qəsəbə var. Məsələn, Sabunçu rayonunun özündə 10 qəsəbə var. Orta hesabla götürəndə bu, kifayət qədər üzvümüzün olması deməkdir.
- Üzvləriniz hansı təkliflərlə, hansı məsələlərlə bağlı sizə müraciət edirlər?
- Çox müraciətlər olur. Məsələn, bu yaxınlarda mənə bir məktub gəldi, 85 yaşlı ağsaqqal 3 aydır təqaüd almadığını yazıb. Bu barədə Əmək və Əhalinin sosal müdafiəsi naziri Sahil Babayevlə telefonla danışdım, məlumat verdim. Bu adama kömək olunacaq. Həmin ağsaqqalın özünə də zəng elədim, bir az da zəngimdən təəccübləndilər.
Yaxud beynəlxalq dərəcəli idmançı, keçmiş hakim, hazırda təqaüddə olan Cavanşir Qurbanov var, ev məsələsi ilə bağlı bizə müraciət eləmişdi. Mən də bu barədə hörmətli Hikmət Hacızadə ilə danışdım, onun da problemlərinin həllinə çalışırıq.
- Təkcə yaşlı insanlara dəstək olursuz? Ümumiyyətlə, pandemiya şəraitində və vətən müharibəsindən sonra hansı işləri görə bilirsiz?
- Yox, köməyə ehtiycı olan bütün insanlara dəstək oluruq. Məsələn, Novruz bayramında 122 şəhid və qazi ailəsinə müxtəlif adda bayram sovqatları, ərzaqlar apardıq. 12 qoyun kəsib payladıq. Bir-bir evlərinə getdik. Adi vətəndaşlar arasında 3 xəstəyə baş çəkdik. Müharibədə sağlığını itirən insanlar bizim vətəni azad ediblər. Biz onlara nə qədər kömək etsək də azdır. 30 ildir bu torpaqların azad olunacağı günü gözləyirdim. Düzdür, müharibədə birbaşa iştirak etmirdk, ancaq ərzaq təminatında əlimizdən gələni əsirgəmədik. Mən vaxtı ilə Xankəndində də olmuşam, gedib-gəlirdik, ordakı insanlara, əsgərlərə dəstək verirdik. Amma o vaxt uduzmuş dövlət idik. Torpaqlarımız işğal olunmuşdu. Bu gün isə torpaqlarımızı azad edən o insanlara daha yüksək ruhla dəstək vermək lazımdır. Biz o dəstəyi imkan daxilində veririk.
- Bəllidir ki, insanlar bəzi məmurların bürokratik əngəlləri ilə üzləşdiklərinə görə də əziyyt çəkirlər. Milli Məclisin deputatı olaraq, insanların qarşılaşdığı problemlərin kökündən həllinin qanunla tənzimlənməsi prosesində nə kimi addımlar atırsız?
- Sözsüz ki, biz müraciətləri cavabsız qoymuruq. Hər bir müraciətə diqqətlə baxırıq. Bu gün şəxsən zəng edib həm nazirlə, həm prezidentin köməkçisi ilə danışmışam, həm müraciət edən ağsaqqalın evinə zəng edib özü ilə danışmışam. Biz heç kəsə laqeyd yanaşmırıq. Mən məmurlara, deputatlara da həmişə deyirəm ki, siz vətəndaşları qəbul edin, onlara qulaq asın, kömək etməyə çalışın, alınmasa da cəhd edin. Əgər müraciət edilibsə, deputat vətəndaşa diqqət ayırmalıdır. Hətta baxmırıq bizə hansı rayondan zəng edilib. Məsələn, mən Sabunçu rayonundan seçilmişəm, istər Lənkərandan, istər Lerikdən müraciət eləsinlər, onları da dinləyir, əlimdən gələni etməyə çalışıram. Biz ictimai əsaslarla işləyirik. Amma şükr ki, özümüzün başqa iş yerlərimiz var, müxtəlif yerlərdən maaş alırıq. İmkan daxilində əlbəttə ki, əl də tuturuq. Eləcə də “Yaşat” fonduna, orduya pul köçürdürük. Başa düşürük ki, pandemiya insanlara həm mənəvi, həm maddi çox pis təsir elədi. Ailələrdə itkilər oldu. Düzdür, dövlət tərəfindən rəhmətə gedənlərin ailələrinə, xəstəliyə yoluxanlara pul verilir, vaksinlər pulsz vurulur. Bir nəfər deyə bilməz ki, getdim buna görə məndən pul istədilər. Təbii ki, itkilər pulla əvəzlənmir. Yəni, demək istəyirəm ki, dövlət də əlindən gələni eliyir. Onu da yaddan çıxarmaq lazım deyil ki, biz müharibədən yeni çıxmış dövlətik. Müharibəni udmaq üçün dövlətin maddi durumu da yaxşı olmaldır.
“Diasporalarımız, xaricdə yaşayan azərbaycanlılar bir-biri ilə yola getmirlər”
- Eldar müəllim, “Ağsaqqalar Şurası” deyəndə Azərbaycanın adını xüsusi vurğuladınız və dediniz ki, bu həm də xaricdə yaşayan azərbaycanlıların Şurasıdır. Bəs xaricdə yaşayan azərbaycanlılar sizə necə qoşulur? Bu çətin günümüzdə dünya azərbaycanlılarını ümumi işimiz naminə necə səfərbər edə bildiniz?
- Mən deyə bilmərəm ki, dünya azərbaycanlıları bu çətin günümüzdə bizə böyük dayaq oldular. Ermənilər xaricdə bir-birini daha çox tuturlar. Bizim böyük dərdimiz budur ki, dünya azərbaycanlıları ilə əlaqələrimiz qurulmur. Bizim ölkələrdə olan diasporalar zəifdir və bir-biri ilə əlaqələri yoxdur. Bu yaxınlarda Milli Məclis, Xarici İşlər Nazirliyi və Prezident Aparatının rəsmi nümayəndələrinin iştirakı ilə böyük bir onlayn toplantı oldu. Orda müəyyən müzakirələr keçirildi. Təklif oldu ki, bir Koordinasiya Mərkəzi yaradılsın. Mən də bu fikri əlavə etdim ki, həmin Koordinasiya Mərkəzinə bizim diaspor mərkəzindən də nümayəndələr qatılsın. Bunu əbəs yerə demirəm. Uzun müddətdir xarici ölkələrə gedib gəlirəm, beynəlxalq təşkilatlarla əlaqədə oluram. Məsələ burasındadır ki, erməni diaspor təşkilatları hamısı orda birdir. Biz isə orda azərbaycanlıları bir yerə yığa bilmirik. İki-üç günlük xaricə səfərlər zamanı öz hesabımıza belə diaspora təşkilatları ilə görüşmək, dəyirmi masalar keçirmək istəyəndə, ordakı səfirimiz deyir ki, cənab deputat, icazə verin birinci nazirliklə danışım. O, nazirliklə əlaqə saxlayıb danışana qədər bizim səfər vaxtımız bitir. Mən nazirimiz Ceyhun müəllimə də müraciət elədim ki, səfirliklərimizə sadə məsələlərlə bağlı bir qədər müstəqillik verilsin. Əgər səfir burda Azərbaycanı təmsil edirsə, belə məsələlərdə müstəqil olmalıdır. Sonra görürsən ki, diasporalarımız, xaricdə yaşayan azərbaycanlılar bir-biri ilə yola getmirlər. Türk diasporaları çox mehriban davranırlar. Bizimkilər isə deyir ki, tutaq ki Əhməd Vəli ilə danışmır, Əli Əhmədlə danışmır və sair. Niyə, nəyi bölüşə bilmirsiz axı?!
- Xaricdə, hətta qardaş Türkiyədə yaşayan azərbaycanlılardan belə narazılıqlar gəlir ki, ümumiyyətlə səfirliklər azərbaycanlıların hər hansı bir problemi ilə bağlı onlara heç bir dəstək vermir, onlarla görüşmək istəmirlər. Soydaşlarımız deyirlər ki, səfirliklərin bu istiqamətdə işi bərbaddır. Bu barədə nə deyərdiniz?
- Səfirliklər o dərəcədə də bərbad vəziyyətdə deyil, onları da başa düşmək lazımdır. İşləyirlər, amma bir qədər çəkinə-çəkinə. Mən bir dəfə Fransada Qarabağla bağlı bir kitab çıxartmaq istədim. Elmlər doktoruyam, professoram, amma mən o kitabı çıxartmaq üçün çox yerləri gəzdirdim. Hətta pul da təklif elədim. Apardılar, sonra pulumu da qaytardılar ki, biz bunu çxarda bilmərik. Dedim biz bunu tək Azərbaycan adı ilə çıxartmırıq, burda bütöv dünya alimlərinin ermənilər haqqında dediyi faktlar və tarixi haqda danışılır. Qorxudan eləmədilər, dedilər çıxartsaq ermənilər mətbəəni yandırarlar.
Siz görmüsüz ki, bir erməni otursun xaricdə öz dövləti haqqında nəsə pis söz desin? Amma bizim gedib xaricdə oturanlarımız öz dövlətimiz haqqında cürbəcür pis sözlər deyirlər. Xaricdə oturub boş-boş danışmaqla milləti niyə ayağa verirsən?! Bu millət, bu dövlətdir, kiminsə əmlakı deyil. Ermənilər olmayan yerdən özlərinə dövlət yaradıblar. Amma bizim o boyda tariximiz var, onu təbliğ etmək əvəzinə, başqa lazımsız işlərlə məşğul olurlar.
Bu yaxınlarda Niderland Parlament qrupunun sədri ilə görüşdüm, ona bildirdim ki, siz 44 günlük müharibədən sonra üç ayda Azərbaycan haqqında 13 dənə qərəzli qərar qəbul eləmisiz. Ona bəzi sənədləri təqdim edib bildirdim ki, bəyəm Niderland Parlamentinin Azərbaycandan başqa dərdi yoxdur? Sənədlərə, üzümə baxır və bildirir ki, ermənilər deyblər ki, guya onlar əsrlər boyu Azərbaycanda yaşayıblar, biz isə gəlməyik. Dedim mən nəslimi 500 ildir tanıyıram, kim deyə bilər ki, bura mənin torpaqlarım deyil, mən gəlməyəm?! Biz köklü-nəsilli buralıyıq və ermənilər Azərbaycan torpaqlarına köçürülüblər.
- Xarici ökələrdə Azərbaycanın haqq işi ilə bağlı təbliğatımızı qurmaq üçün lobbiçilik siyasəti mühüm amil hesab olunur. Bu mübarizəyə hardan başlamalıyıq. Xaricdə vəziyyətin istədiyimiz hala gəlməsi üçün Ağsaqqal Şurası olaraq bu prosesə təsir edə bilirsinizmi?
- Lobbiçiliyi qaldırmaq üçün tək mən yox, siz yox, hamılıqla işləməliyik. Həm lobbiyə kömək eləməliyik, həm lobbidən kömək almalıyıq. Azərbaycandan kənardakılara biz kömək eləməliyik, onlar da zamanı gələndə Azərbaycana kömək eləməlidirlər. Lazım olanda küçələrə çıxmalı, düşmən qüvvələrə etiraz etməli, öz ölkəsinə dəstəyini verməlidir.
Bir dəfə rəhmətlik Heydər Əliyev bu barədə danışdı. Dedi mən nə vaxt xaricə gedirəm, ermənilər yığılıb gəlir əleyhimə çıxış edirlər. Ermənistanın prezidentləri bir yerə gedəndə orda bir nəfər də azərbaycanlı çıxıb ermənilər haqqında bir söz demir. Bu söz mənim yadımdan çıxmır. Ağsaqqalın dediyində böyük həqiqət var idi. Ermənistan işğalçı ola-ola ermənilər xaricdə yalançı şüarlarla, plakatlarla Azərbaycana etiraz edirlər. Sarkisyan, Köçəryan xarici ölkələrə gedib Qarabağı iddia edəndə, biz orda çıxıb erməniyə etirazımızı bildirməyə də tənbllik edirik. Bizim diasporanın, xaricdə yaşayan soydaşlarımızın təşkilatanmasına ehtiyac var. /“həftə içi”/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"