“Psixoloq-mütəxəssisdən çox mənəvi dəstəyə ehtiyacları var” - MÜSAHİBƏ

13:25 22-04-2021 | icon 937 | Cəmiyyət
“Psixoloq-mütəxəssisdən çox mənəvi dəstəyə ehtiyacları var” - MÜSAHİBƏ

Sevinc Alızadə: "Qazilər üçün protezlər və karsetləri ala bilmirik"

 

Şəhid, qazi qanı ilə yoğrulan bu torpaq o igidləri yenidən doğuracaq. O igidlər vətəni qorumaq üçün düşmənə sipər olacaqlar. Ali Baş Komandan dəfələrlə Azərbaycan torpaqlarını işğaldan azad edən Dəmir Yumruğun getdikcə daha möhkəm sıxıldığını və bərkidiyini, hər zaman düşmənə öz zərbəsini vurmağa hazır dayandığını bəyan edir. Torpaqlarımızın əsas hissəsi işğaldan azad olunsa da, məkirli, imperialist qüvvələr silahlı ermənini içimizdə bəsləyib, yenidən təşkilatlandırıb üzərimizə saldırmaq niyyətindən əl çəkməyib. Vətən naminə bu gün Şəhid, qazi qanından, ruhundan olanlar ləyaqətlə qorunmalı, hər cür diqqətlə əhatə olunmalıdırlar. Cəmiyyət olaraq bu istiqamətdə nələri edə bilirik?

 

Versus.Az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, əfsanəvi kəşfiyyatçı, “Murov qartalı” ləqəbli polkovnik-leytenant, Aprel Şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə müsahibəsində bir sıra məsələlərə diqqət çəkib.

 

- Sevinc xanım, Vətən Müharibəsindən 5 aydan çox vaxt keçir. Azərbaycanın Zəfər tarixini öz qanı, canı ilə yazan şəhidlərimizin ailələri, qazilərimizlə bağlı nə kimi işlər görülür, bu vaxt ərzində nələrlə qarşılaşdınız?

 

- Allah hər bir Şəhidimizə rəhmət eləsin. Bu gün onların sayəsində Azərbaycan torpaqları işğaldan azaddır. Onların sayəsində ölkəmiz öz qürurunu, şərəfini özünə qaytarıb. Azərbaycan artıq dünya dövlətləri sırasında qürurla dayanır. Bu gün Azərbaycan Ordusunun, Şəhidlərin, qazilərin sayəsində qalib ölkənin vətəndaşlarıyıq. 

Mənim özüm də bir şəhid ailəsiyəm. Həm də ictimai birliyin sədri olaraq, müharibə dövründə cəmiyyətin  dəstəyini hiss etdik. Hər bir əsgər arxasında xalqın milli birliyini duydu. Müharibələr qurbanlarsız olmur. Şükürlər olsun ki, artıq insanlarımız yuxularında gördüyü öz ata-baba yurdlarını ziyarət edirlər.

O torpaqların azadlığının xoşbəxtliyini bizə bəxş edənlər var. Bu xoşbəxtliyin arxasında haradasa bir körpənin göz yaşı var, bir ananın həsrəti, bir sevdalının yarımçıq taleyi var, ağrısı var, bir atanın bükülmüş qaməti, bir ananın göz yaşları var. O gedənlər bizim cəmiyyətimizin ən dəyərli insanları idi. Geridə sağ qalanların üzərinə böyük məsuliyyət düşür. şəhidlərimizi hörmətlə anıb, onların açdığı bu yolda ləyaqətlə hərəkət edək, əmanətlərinə sahib çıxaq. Bu, konkret hər hansı bir dövlət qurumunun yox, bütövlükdə cəmiyyətin işidir. Türkiyədə xalq öz Şəhidinə xüsusi münasibətin göstərilməsini böyük bir ənənəyə çevirib, bizdə də bu ənənə formalaşmalıdır. Cəmiyyət şəhid ailəsi nə deməkdir, sağlamlığını itirmiş qazimizə necə yanaşmalı olduğunu dərk etməlidir. Qurumun bir üzvü olaraq hesab edirəm ki, bu ailələrə münasibəti dəyişməliyik.

 

"İndi çoxları geridə qalan şəhidin ailəsinə, uşaqlarına acıyır"

 

- Hansı münasibətdən söz gedir, nələr dəyişilməlidir?

 

- Biz şəhid, qazi ailələrini cəmiyyətə fərqli təqdim etməliyik. Həmin ailələrə yazıq kimi yanaşılmamalıdır. Təəssüf ki, biz bu münasibəti hiss edirik. Həmişə də cəmiyyətə təlqin edirik ki, o ailələrə qürur simvolu kimi yanaşın. Onların yoldaşları, övladları, ataları heç kəsin bacarmadığı işi həyata keçirtdilər, gözlərini qırpmadan, arxaya baxmadan. Elələri var ki, 5 övladını qoyub döyüşə gedib. Eləsi var, xəstə atasını qoydu, ailənin tək övladı “Vətən” deyə getdi. Cəmiyyət olaraq o ailələrə yazıq kimi yanaşılmamalıdır. Onlar bizim başımızın tacıdır. Onlara qəhrəman insanların əmanətləri kimi baxılmalıdır. Məsələn, qazimiz Nurlan qardaşımız 6 ay komada olandan sonra ayılmadı, şəhid oldu. Onun tək ailəsi və uşaqlarından başqa heç kəsi yoxdur. Nə anası var, nə bacısı, nə də qardaşı... İndi çoxları geridə qalan şəhidin ailəsinə, uşaqlarına acıyır. Belə olmamalıdır. Əvvəllər mənim özümə də elə yanaşırdılar. Demişəm ki, mən bir komandir yoldaşıyam, mənə yazıq kimi baxa bilməzsiniz. Biz cəmiyyət olaraq, o insanların maddi, mənəvi, psixoloji problemlələrinin həllində əl-ələ verib dəstək olmalıyıq. Problemi görürüksə, dərhal o problemləri ictimailəşdirib aidiyyatı orqanlara göstərməli və həll olunmasına çalışmalıyıq. Problemlər üst-üstə yığılıb o ailələrə əziyyət verməli deyil.

 

"Şəhid ailələrinin  elektron bazasını formalaşdırmağa çalışırıq"

 

- Müharibədən sonra geridə qalan 5 ay müddətində bu istiqamətdə nələrə şahidlik elədiniz?

 

- Bu 5 ay müddətində çox şeylərin şahidi olduq. Mən həm də “YAŞAT” fondunun Himayəçilik Şurasının üzvüyəm. Fondun əməkdaşları problemləri aşkar edib, tez bir zamanda həllinə çalışırlar. Biz özümüz “Zəfər”ictimai təşkilatı olaraq bütün ölkə üzrə olan şəhid ailələrinin  elektron bazasını formalaşdırmağa çalışırıq. Bu bazanı hər bir şəhid ailələri ilə söhbət edərək toplayırıq. Pandemiya səbəbindən çox toplaşmaq da olmur, amma müəyyən qism ailələrlə görüşlər keçirmişik. Elə olur ki, bir gündə hər region üzrə 30-40-a yaxın belə ailələrlə əlaqə qururuq. Regionlarda yaşayan belə ailələrin məşğulluq, səhhətləri ilə bağlı və ortaya çıxan digər məsələləri müvafiq dövlət qurumlarına yönəltməyə çalışmışıq. Bütün şəhid, qazi ailələrində bir qürurverici məqamı hiss etdim. Onların ən çox istədikləri övladlarının xatirəsinin yaşadılması, adının əbədiləşdirilməsidir. Bir əsgər, igid haqqında adi bir televiziya çəkilişi onları bilirsiz nə qədər xoşbəxt edir, ruhlandırır. 2 dəqiqəlik verilişə görə min dəfə təşəkkür edirlər, amma onlar bunu etməli deyillər. Hamımız onların qəhrəmanlığından bəhs etməliyik. Yazan yazmalıdır, kimsə kinosunu çəkməlidir, qəzetçi reportajını hazırlamalıdır... Nəsə gözləmək lazım deyil.

 

"Özəl məktəblərlə danışıqlar aparılır"

 

- Maddi olaraq nəyə ehtiyacları var?

 

- Şəhidlər, qazilər demək olar ki, orta yaşayış səviyyəsində olan ailələrin övladlarıdır. Biz “Yaşat” Fondu ilə onların hər birinin evinə getmişik. “Yaşat” Fondu olaraq ilk növbədə onların dolanışıq vəziyyətindən tutmuş kredit borclarına qədər hər bir məsələ öyrənildi. Bu problemləri mərhələri şəkildə həll etməyə çalışdıq. Ev şəraitləri pis olanlar üçün təmir vəsaitləri ayrıldı ki, ildönümünə qədər o evlər normal vəziyyətə salınsın. Şəhid ailələrinin uşaqlarının təhsili ilə bağlı dəstək layihələrinə başlanıb. Özəl məktəblərlə danışıqlar aparılır, müqavilələr hazırlanır ki, o uşaqların təhsilini təmin edə bilək. Bir çox ailələrdə övladları şəhid olandan sonra valideyinlərin xəstəlikləri artıb. Eləsi var müalicədən imtina edir. Bu yaxınlarda bir ata ilə danışdım, dediyi sözü unutmaram. Deyir, mənim övladım torpaq altındadır, mən nə müalicə alıb özümə qulluq edəcəyəm? Ona yalvarmışam ki, bunu etməyə sənin ixtiyarın yoxdur, sənin başqa övladların da var. Hər şəhid ailəsi acısını bir cür yaşayır. Düzdür, O, Şəhiddir, amma o ananın, atanın bircə övladı idi. Bu dəqiqə şəhid atalarının, analarının, uşaqlarının, qazilərimizin psixoloji dəstəyə ehtiyacı var. Onların psixoloqdan, mütəxəssisdən çox, cəmiyyətin mənəvi dəstəyinə ehtiyacı var. Heç kəs öz işini hansısa qurumun üstünə atmalı deyil ki, mənlik deyil, o etsin. Hamı bu prosesdə iştirak etməlidir, qonşuluqda şəhid ailəsi varsa, ora baş çəkməlidir. Anlamaq lazımdır ki, şəhid ailəsinin heç kəsin heç nəyinə ehtiyacı yoxdur. Onun sənin şəhid haqqında dediyin qürurverici sözlərə, onu şərəflə yad etməyinə ehtiyacı var. Bu gün hər bir şəhidin evinin qarşısında bayraq asılıb.

 

"Qazilərimizin protezlə təminatı ilə bağlı problemlər çoxdur"

 

- Sevinc xanım, Şəhid ailələri, qazilərin problemləri ilə bağlı hansı aidiyyatı orqanlara müraciət eləmisiz və həmin qurumlardan hansı reaksiya verilib?

 

- Bizə daxil olan bütün müraciətləri aidiyyəti olan qurumlara yönləndiririk. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ictimai nəzarət şurasının üzvüyəm. Həmişə orada da bildirirəm ki, bu məsələləri gizlətmək olmaz. Bu, elə bir həssas mövzudur ki, bunu gizlətdikcə, narazılıq, aqressiya da artacaq. Pensiya təminatından tutmuş, qazilərimizin səhhəti, məşğulluğu ilə bağlı “Yaşat” Fondu və nazirlikdən aidiyyəti orqanlara yönləndirdiyimiz məsələlərə operativ cavab verilməsini xahiş edirik. Qazilərimizin protezlə təminatı ilə bağlı problemlər çoxdur. Ölkə üzrə bədən orqanları amputasiya olunmuş qazilərimizin siyahısının hazırlanması ilə bağlı onlara xüsusi diqqət ayırırıq. Laqeydlik tamam başqa pis nəticələrə gətirib şıxara bilər. Bu insanalar cəmiyyətin ən diqqət tələb edən həssas hissəsidir. Göndərdiyim müraciətlərə, sorğulara cavabları tez almışam. Laqeydlik görməmişəm və bütün müraciətləri və verilən cavabları saxlayıram. Boynumuza almalıyıq ki, neqativlər var və onları deməsək, bizim ümumi işlər getməyəcək. Bölgələrdə bu istiqamətdə problemlər qalır. Hazırda qazilərin əlilliyinin təyin olunması ilə bağlı problemlərimiz qalır.  Əlilliyin təyin olunması mürəkkəb bir prosedura çevrilib.

 

"Problemlərin kökü hərbi hissələrdən gəlir"

 

-  Qazilərimizə əlillik dərəcəsinin verilməsi ilə bağlı hansı problemlər var? Sosial şəbəkələrdə, ayrı-ayrı müraciətlərdə qazilərimizin bu istiqamətdə çox əziyyət çəkdikləri deyilir. Siz nələri müşahidə edirsiniz?

 

- Bu problemlərin kökü hərbi hissələrdən gəlir. Qazinin yaralanması, müalicəsi haqqında arayışları hazırlayan hərbi tibbi komissiyalar var. Yaralıların çoxu Hərbi Hospitalda yatıb müalicə alıb. Amputasiya olunmuş qazilərimiz var. Onun bərpa olunmayacaq orqanı gözlə görünən bir həqiqətdir. Bu gün onun mübarizəsini aparırıq ki, həmin sənədlər vaxtında hazırlanıb verilməlidir. 6 ay vaxt keçir. O sənədlər vaxtında hazırlanıb Əmək və Sosial Müdafiə Nazirliyinin  pensiya təminatı idarəsinə verilməlidir ki, qazilər vaxtında pensiya ilə təmin olunsunlar. Biz bu məsələni ictimai şurada da müzakirə etdik. Nazirlikdən bildirdilər ki, bu problemlər həkim komissiyalarının rəylərinin gecikməsi ilə bağlıdır. Orada da bildirmişəm ki, axı qazinin bu orqanı yenidən əmələ gəlməyəcək.

Digər bir məsələ, əlillik alanlara əlillik dərəcəsinin düzgün verilməməsi barədədir. Bununla bağlı nazirliyə dəfələrlə sorğu vermişik. Bildirilib ki, bu dünyada qəbul olunan əlilliyin təyin olunması meyarlarına əsasən aparılır. Yəni dizdən aşağı amputasiya olunan şəxsə 3-cü dərəcə əlillik verilir. Bu sahədə çalışan QHT-lər (ƏƏSMN) nazirlik qarşısında belə təklif irəli sürüb ki, bu əlillər avtomobil qəzası zamanı dizdən aşağı ayağını itirmiş mülki insanlar deyil. Bunlar Vətən uğrunda döyüşmüş, əlini-ayağını itirmiş oğullarımızdır, qəhrəmanlarımızdır. Bu müharibədə ortaya necə yanaşma qoyuldusa, indi də o yanaşma həmin əlillərə də olmalıdır. Bu ölkənin də öz həqiqətləri var və həmin əlillərə əlillik dərəcəsinin verilməsinə yanaşmaya fərqli baxmalıyıq.

Daha bir problem əlilliyin təsdiq olunması və daha sonra həmin əlillərin protez və karsetlərlə, eləcə də digər reablitasiya vasitələri ilə təmin olunmaları ilə bağlıdır. Biz əlilliyi təyin olunmayan qazi üçün protezləri və digər lazım olan karsetləri ala bilmirik. Bu məsələ vaxtında həll edilməlidir. Axı qazinin onurğa sütunu əyiləndən sona bunun karset taxmasının da xeyri yoxdur. Aidiyyəti orqanların bu istiqamətdəki fəaliyyəti düzgün nizamlanmır. Belə vəziyyət onsuz da müharibədən qayıtmış insanlarda əsəb, qıcıq, narazılıq yaradır. Qazini yormadan, o sənəd-bu sənədin dalınca göndərilmədən aidiyyatı orqan yaxınlaşıb sənədi evində təqdim etməlidir. Elə qazilərimiz var ki, həm maddi, həm fiziki baxımdan çarəsizdir. Əgər bu qazini hansısa sənədlər üçün ora-bura göndəririksə, demək, iş prinsipimizdə nizamsızlıq, uyğunsuzluq var. 6 aya yaxınlaşırıq, hər bir qazinin əlilliyi düzgün təyin olunmaqla pensiya təminatı kəsilməlidir.

 

- Heç təqaüd alanlar varmı?

 

- Alanlar var. Şəhid ailələri, hərbçilərimizin ailələri,  səfərbərlik xidmətinə cəlb olunan hərbçilərin ailələri  Prezident Təqaüdü ilə təmin olunublar. Şəhid ailələri ilə işləyirəm. Demək olar ki, 95 faizi pensiya hüququ təminatı ilə təmin olunublar. Hərbçi ailələrinin pensiya təminatı 60 faiz ödənilib və proses davam edir. Orda da sənəd problemi var. Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi rütbələr üzrə departamentinə sənədlər Müdafiə Nazirliyinin maliyyə şöbəsindən gəlir və onlar da hərbi hissələrlə əlaqəli işləyirlər. Gərək vaxtında hesabat hazırlanıb göndərilə ki, sənədlər nazirliyin pensiya təminatına ötürülsün və elektron sistemə keçsin. Bu barədə Sosial Müdafiə Nazirliyində axsama yoxdur.  Sənədlər tam olanda ödənilir.

 

"Hər həftə 50-60 ailə evlə təmin olunur"

 

- Nə qədər şəhid ailəsi evlə təmin olunub?

 

- Dəqiq sayını deyə bilməyəcəyəm, çünki hər həftə evlə təmin olunurlar. Bilirsiniz ki, cənab Prezident Vətən müharibəsindən sonra Bakı və Sumqayıt ərazilərində, eləcə də digər bölgələrdə tikilən qaçqın evlərini  şəhid ailələrinin təmin olunması üçün ayırdı. Həmin evlər (ƏƏSMN) nazirlikdə uçota götürüldü. Hər həftə həmin binalarda birinci Qarabağ müharibəsindən sonra evsiz qalan şəhid, qazi ailələri, eləcə də Aprel döyüşlərində iştirak edən şəhid və qazilərin ailələrinin evlə təmin olunması həyata keçirilir. Orada da sənəd məsələsi var. Sənədlər toplanıb ƏƏSMN-ə göndərilir. Sənədlərin toplanmasını vətəndaşın özü eləməlidir. Elə böyük bir sənəd qrupu deyil. Qeydiyyat məsələsi var ki, mütləq vətəndaş Bakı və Sumqayıt ərazisində qeydiyyatda olmalıdır. Hər həftə 50-60 ailə evlə təmin olunur. Rayonlarda yaşayan şəhid ailələri üçün də torpaq sahələri ayrılır. Bilirsiniz ki, Prezidentin rayonlar üzrə 5 illik proqramı təsdiq olunub. Şəhid ailələrinə və qazilərin ailələrinə torpaq ayrılaraq həmin ərazilərdə evlər tikilməklə təmin olunacaqlar. “Yaşat” Fondu verilən hər bir evin vəziyyətini öyrənir. Evlərin kosmetik təmir olunması üçün “Yaşat” Fondu tərəfindən vəsait ayrıldı. Bu il ərzində Bakı və Sumqayıt üzrə şəhid və qazi ailələrinin evlə təminatı bitəcək.

 

- Müharibədən 5 ay keçib. Şəhidlərin tabutu önündə gedən, tabutu çiynində aparan qadınlar, bacılar, analar da oldu. Onlar sizin Birliyə cəlb olunurmu?

 

- Xalq çox mətanətlə döyüşdü. Müharibəni qürurla idarə etdi. Xalq müharibədə göz yaşı axıtmadı. Bu, xalqımızın böyüklüyüdür. 2001-ci ildə doğulan oğullar bu müharibədə şəhid olub. Bu, yetişən gənclikdir, Qarabağı görməyən gənclikdir. Bu, əzmini, mətanətini qoruyan xalqdır. Analar gözünün ağı-qarası olan bir övladını döyüşə yola saldı. Bir gözü ağladı, bir gözü qürurla baxdı. Bir anamız var, iki oğlu şəhid olub, biri Aprel döyüşlərində, biri  də Vətən müharibəsində. Həmişə deyir, oğul mənə aiddir, amma Vətən hamımızındır. O mənim üçün övlad acısıdır, amma torpaq işğal olsaydı, bu daha dəhşətli olardı. Xudayarın anası deyir ki, mənim bir oğlum da var, lazım gəlsə onu da göndərəcəyəm. Bu Vətəni Vətən edən onlardır. Vətəni o oğullar, elə qürurlu analar, atalar Vətən edib. O kişilər bizim dəyərimizdir. Bizim xalqın oxşamaq istədiyi kişi obrazları var. Bu mənada bu gün bizə qoşulanlar çoxdur. Özləri zəng edirlər. Sorğularını həmişə yönəltməyə çalışırıq. Çalışırıq ki, özümüzə inamı formalaşdıraq. Hiss eləsin ki, arxasında böyük dəstəyi var.

2011-ci ildə şəhid olan mayor Əhməd Abdullayev  qəhrəman Mübarizin nəşinin gətirilməsi əməliyyatında iştirak edib. Onun iki övladı bizə əmanət qalıb. Onun ailə üzvlərindən başlamış, 2014-cü ildə avqust döyüşlərində,  2016-cı il aprel döyüşləri, 2017-ci il fevral qəhrəmanların ailələri, Tovuz döyüşləri və Vətən müharibsi şəhidlərinin ailə üzvləri bizə qoşulub. Hər biri ilə ayrı-ayrılıqda əlaqə qurmağa çalışırıq. Şəxsən görüşmədiklərimizlə telefon vasitəsi ilə əlaqə yaradıb problemlərinin həllinə çalışırıq.

 

- Sevinc xanım, siz Şəhid Raquf Orucovun xanımısınız, rəhbərlik etdiyiniz təşkilatı o şəhid olandan sonra yaratdınız?

 

- Onun sağlığında bir komandirin həyat yoldaşı idim. Bizim həyatımız onun iş cədvəlinə, həyat rejiminə uyğun, hərb üzərində qurulmuşdu. Rahat həyat keçirməmişik, ən qaynar döyüş nöqtələrinə yaxın yerlərdə yaşamışıq. O vaxt müəllim işləmişəm. O vaxt çalışırdıq ki, Raquf üçün yaşayaq. Mənim gözümdə müqəddəs amil O idi. Onun Şəhidliyindən sonra elə bilirəm ki, artıq o mərhələ bitdi və yeni dövr başladı. Hüquq fakültəsini bitirmişəm, indi vəkiləm, Vəkillər Kollegiyasının üzvüyəm.

Bu təşkilatı Raqufla bir yerdə şəhid olan Vüqar Yusifovun həyat yoldaşı Lalə xanımla birgə yaratdıq. Raquf Şəhid olandan sonra üçüncü gün Vüqarın evinə getdim. Bir-birimizi yaxşı başa düşürdük. Qohumlardan çox onlarla görüşürdüm. Sonra bütün şəhidlərin, qazilərin xanımları yığıldı. Biz özümüzə söz verdik ki, hansı tədbirdə oluruqsa olaq, başıdik dayanmalıyıq. Qoy gənclərimiz bizə qürur mənbəyi kimi baxsınlar.

 

- Raqufun şəhidlik xəbərini nə vaxt aldınız?

 

- Ən son mən aldım. Bütün ölkə bildi, sonda mən bildim. Bizi, ailəmizi az-çox tanıyanlar bilirdi ki, o mənim üçün ən böyük acıdır.

O gün çox adam zəng eləmişdi mənə. Elə bilirdim ki, vəziyyət gərgin olduğu üçün narahatdırlar. İnanmırdım ki, 26 il həmişə öndə uğurlu kəşfiyyatlarda iştirak edən bu insan Şəhid ola bilər...

Ailə olaraq həyatımın xoşbəxtliyi onunla bitib. Dedilər ki, yüngül yaralanıb, Bakıya gətirilir. İnsan qara xəbəri yaxına buraxmır. Mən də buraxmaq istəmirdim. Geyinib oturmuşam ki, Raquf yaralanıb, gedəcəyəm yanına. Sən demə, xalq həmin vaxt onu çiynində gətirirmiş...

Ondan sonra heç nəyə ürəkdən sevinmədik. O, Ağdamda hərbi hissə komandiri olub. Özü də ağdamlı idi, anası Ağdamda dəfn olunmuşdu. Ağdam azad olunandan sonra girişdə öndəgedən hərbçidən xahiş eldim ki, Ağdama Raqufun gözü ilə baxın...

Acıların köhnəsi-təzəsi olmur. İtkilərimiz böyükdür. Onların hamısı qəhrəmandır.

Bizim məqsədimiz onları yaşatmaqdır. Məqsədimiz budur ki, təşkilatımızı onlara layiqli şəkildə qoruyaq, onların adını yaşadaq... /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...