Məlumdur ki, illərdir ki, Gürcüstanda azərbaycanlıların sıx yaşadığı və ata-baba yurdu olan ərazi adlarının gürcüləşdirilməsi prosesi gedir. Bununla bağlı yerli ictimaiyyətin rəyi və narazılığı qeydə alınmır. Baxmayaraq, yerli əhali hələ də həmin kəndləri əvvəlki adları ilə çağırırlar, amma rəsmi olaraq bütünlükdə "Borçalı” əhli istəmədikləri halda "Kvemo-Kartli”-nun sakinlərinə çevrilib.
"Proses XIX əsrdən başlanıb”
Milli Cəbhə Partiyasının Ali Məclisinin sədri Rafiq Daşdəmirli açıqlamasında Borçalının qədim türklərin ana yurdu olduğunu xatırladıb:
"Tarixin bütün mərhələlərində Borçalı daxil olmaqla, Tiflis ətrafında mövcud olan bəzi ərazilərin sakinləri türklər olub. Gürcüstanın paytaxtında Ortacala, Saburtala, Meydan, Nəftillik, Şeytanbazar, Soğanlıq kimi toponimlər vardı. Bildiyimiz qədər, o toponimlər sovet dövründən başlayaraq dəyişdirilsə də, el arasında yenə köhnə adları ilə deyilir. Sirr deyil ki, uzun illər Qafqazda ortaq ünsiyyət dili Azərbaycan türkcəsi olub”.
Gürcüstanda türk mənşəli toponimlərin dəyişdirilməsinin yeni olmadığını xatırladan Rafiq Daşdəmirli bildirir ki, Borçalıda ərazi adlarının dəyişdirilməsi prosesinə 1801-ci ildən başlanıb:
"Gürcüstanda Azərbaycan-türk mənşəli toponimlərin dəyişdirilməsi hədəfinə tuş gələn ilk adlarımızdan biri elə "Borçalı” sözü olub. Gürcüləşdirmə siyasətinin qurbanı olan Borçalıya uzun illərdir rəsmi sənədlərdə "Kvemo Kartli” adı verilib. Məlumdur ki, 1736-cı ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxeti çarlığının tabeliyinə verilib.Tarixi mənbələrə görə, bu bölgənin əsas əhali tərkibi türklərdən ibarət olub. Təəssüflər olsun ki, indiki Ermənistanın qədim yerli sakinləri olan Azərbaycan türklərinin başına gətirilən bəlalar Borçalı türklərindən də yan ötməyib. Bu, əsasən, ermənilərin Borçalı ərazisinə köçürülməsi ilə bağlı olub. Ermənilərin Borçalı ərazisinə köçürülməsi bir neçə mərhələdə baş verib. Onlar əvvəlcə tədricən, sonra isə kütləvi şəkildə köçürülüb. Ermənilər Dağ Borçalıya-Loruya və Cəlaloğluna (indiki Stepanavan), Barmaqsıza (indiki Zalka) Ərzurumdan, Xram sahillərinə isə başqa yerlərdən gəlib. Gələn kimi də bizim yerlərə uyğunlaşıb və mənəvi dəyərlərimizi, torpaqlarımızı mənimsəməyə başlayıblar. Tarixi mənbələrdə qeyd edilir ki, Gürcüstanda rayon inzibati bölgüsünə keçildikdən sonra Azərbaycan-türk mənşəli toponimlərin gürcüləşdirilməsinə başlanıb. 1940-50-ci illərdə ilk olaraq rayon mərkəzlərinin adları dəyişikliyə uğradılıb. 1989-92-ci illərdə isə, əsasən, Bolnisi rayonunu əhatə edən kənd, dağ və çay adları gürcüləşdirilib. Bu gün həmin ərazilərdə türklər yaşayır. Onlar üçün ulu babalarından əmanət qalan toponimlərin dəyişdirilməsi böyük təhqirdir. Təbii, onlar bununla razılaşmır”.
"Bu kəndlərin əksəriyyətinin neçə yüz il tarixi var”
R.Daşdəmirli deyib ki, toponimlərin bərpa olunması ilə bağlı çoxsaylı ictimai çağırışlar olsa da, hələ də bu problem aradan qalxmayıb:
"Tarixçi alim Kərəm Məmmədli bildirir ki, Borçalı ərazisində türklərin kompakt yaşadığı Başkeçid - Dmanisi gürcü mənşəli yox, türk mənşəli sözdür. Vaxtilə Dmanisi sultanlığı mövcud olub. Toponimin mənası "duman-sis” deməkdir. Başkeçid də dağ yeri olduğu üçün onun dağlarının başından qar-boran əskik olmur, Qarayazı-Qardabani, Qaraçöp-Saqareco, Ağbulaq-Tetritskaro, Sarvan-Marneuli adlandırılıb. Ən çox addəyişməyə Bolnisi rayonunun kəndləri məruz qalıb. Bolnisi rayonunun sakinləri bildirir ki, qədim zamanlarda bura Bolus (əvvəlki adı Çürük Qəmərli-İ.S) deyiblər. Bu yaşayış ərazisi 1917-ci ilə qədər Tiflis quberniyasının Borçalı qəzasına aid olub. 1929-cu ildə Bolus rayonu Lüksenburqa çevrilib. 1947-ci ildən isə Bolnisi adlandırılıb. Əhali hesab edir ki, kəndlərin köhnə adları dəyişdirilməməlidir. Rayonun digər kəndi Babakişilər isə bir müddət əvvəl Misoprian, sonra isə yenidən Potsxveriani kimi dəyişdirilib. Tarixi Kəpənəkçi kəndi isə Kvemo-Bolnisi adlandırılıb. Bu kəndlərin əksəriyyətinin neçə yüz il tarixi var”.
R.Daşdəmirli türk mənşəli adların dəyişdirilməsi şovinizmlə bağlı olduğunu vurğulayaraq qeyd edir ki, bu işin başında gürcüləşmiş ermənilərin dayanması faktı öz təsdiqini tapıb:
"Ermənilər Gürcüstanda da öz mənfur siyasətlərini həyata keçirə bilir. Ermənilərin Gürcüstan, o cümlədən də Borçalının geniş ərazisinə köçürülməsi həm gürcülərə, həm də biz türklərə böyük problem yaratdı. Ermənilər hansı mühitə düşürlərsə, oranın şəraitinə uyğun simalarını dəyişirlər. Hər cür cildə girirlər. Onlarda dəyişilməyən yalnız erməni xisləti olur.
Bu xislət isə bütün Cənubi Qafqaz üçün baş bəlasına çevrilib. 1990-cı illərdən sonra Bolnisinin türk mənşəli toponimlərinə hücum daha geniş miqyas alıb. Hazırda Gürcüstanda minlərlə gürcü soyadını daşıyan erməni yaşayır. Onlar gürcü genefondu üçün də böyük təhlükələr yaradır. Ermənilərin Gürcüstanda vəzifə başına gətirilməsi Azərbaycan türklərinə qarşı müxtəlif formalı təzyiqlərin başlanmasına gətirib çıxardı. Borçalıda türk mənşəli toponimlərin dəyişilməsinə rəvac verənlər onun qədim ellərinin adlarına əl uzatdılar. Bolnisi (Bolus, bu rayona yaşlı nəsil Çürük Qəmərli, Lemsə də deyirdilər) rayonunda adların kütləvi dəyişdirilməsinə keçən əsrdən başlanıb. Məsələn, rayondan axıb gedən məşhur Cavala çayının adını Maşavera qoyublar. Amma tarixi qaynaqlarda o çay "Cavala” adlandırılıb. Abdallının adını dəyişib Cavşaniani (Cavşanlı) qoyublar. Arakol-Zezvnar, Arıxlı-Naxidur (Anaxatır), Bala Muğanlı-Parizi, Cəfərli (Samtredo), Daşdıoğullar-Muxran, Dəmirli-Xaxalacvar, Əsmələr-Mcğnet, Faxralı-Talaver, Yuxarı Güləver-Cipor, Aşağı Güləver-Geta, Hasanxocalı-Xidisğuri (Körpüqulağı), İmirhəsən-Savanet, İnzəoğlu-Zemo-Bolnis, Kolagir-Surtav, Qaradaş-İcri, Qoçulu-Capala, Qoşaisə-Arkevani, Mığırlı-Vanat, Molla-Əhmədli-Xataveti, Sarallar-Zvaret, Saraclı-Mamxut, Sisqala-Creş adlandırılıb”.
"Bolnisi rayonunda 37 kəndimizin adı gürcüləşdirilib”
R.Daşdəmirli qeyd edib ki, toponimlərin dəyişdirilməsi prosesi yerli sakinlərin fikri nəzərə alınmadan, xəbərdarlıq olunmadan, bəzi toponimlər isə, hətta bir gecə içində həyata keçirilib:
"Bolnisi rayonunun Qoçulu kəndinin adını bildirən lövhə gecə ikən götürülərək, yeni adın əks olunduğu lövhə ilə əvəzlənib. Kənd sakinləri səhər bu "sürpriz”lə qarşılaşıblar və artıq Çapala kəndində yaşadıqlarını öyrəniblər. Bu hələ heç də adları dəyişdirilən toponimlərin hamısı deyil. Belə toponimlər çoxdur. Bolnisi rayonunda 37 kəndimizin adı gürcüləşdirilib. Bu böyük fəlakətdir. Əksər kəndlərin adları geçə ikən kəndlərin girişnə vurulub. Çox acınaqlı haldır ki, yazılmış lövhələrdə ancaq gürcü dilində yazılıb. Borçalıda yarım milyondan artıq Azərbaycan turkünün yaşamasına baxmayaraq, hələ də bizlərə qısqanclıqla yanaşırlar. Məktəblərdə dilimizin diskriminasiyası gedir. Gürcü dilini bilmək yaxşı haldır, amma öz dilimiz unudulmaqdadır. Bu işlə məşğul olunmalıdır. Marneulidə-Sarvanda da toponimlərin gürcüləşdirilməsi siyasətinə rəvac verilsə də, sonradan Gürcüstan hökuməti səhvini düzəltdi. Xəritədə azərbaycanlıların kompakt yaşadığı Sarvanda beş kəndin adı gürcüləşdirilmiş formada verilib. Əsrlər boyu Azərbaycan türklərinin yaşadığı qədim tarixi kəndlərin adları gürcü adları ilə əvəzlənib. Xəritədə Marneulidən 15 km aralıda yerləşən Dəmyə Gorarxı kəndi-Zenamxari, Axılı-Lələ kəndi-Kvemo Zenamxari, Araplı kəndi-Qağma Şavğele, Axlımahmudlu kəndi-Qamoğma Şavğele, Yenikənd isə Axalsopeli kimi yazılıb. Azərbaycan ziyalılarının etirazından sonra isə Borçalı qubernatoru bunun aradan qaldırılmasını təmin edib. İndi Sarvanda toponimlərin dəyişdirilməsi prosesi dayandırılıb. Başkeçidin də kəndlərinin adları Başkeçidin adı Kalaki Dmanisi, Hamamlı kəndi-Sopeli Amamlo, Yuxarı Qarabulaq-Sopeli Zemo Karabulax, Qızılkilsə kəndi-Sopeli Kızılkilsa, Bəzəkli kəndi-Sopelo Bazakli, Qəmərli kəndi-Sopelo Kamarli, Dağarıxlı dəyişdirilib. Gürcüstan hakimiyyətinin kənd, yer-yurd adlarını geri qaytarmaq fikri isə hələ ki, yoxdur”.
"3-5 nəfərin xəyanəti nəticəsində kəndlərə qondarma adlar verdilər”
R.Daşdəmirli bildirir ki, Gürcüstanda kənd adlarının dəyişdirilməsi əsasən Zviad Qamsaxurdiya hakimiyyəti dövründə baş verib:
"Mərkəzi hakimiyyət orqanlarının təzyiqi ilə, kökü özümüzdən olan və onlara qulluq edən satqınlarla xalqın adından saxta protokollar tərtib ediblər ki, guya kənd camaatı adların dəyişdirilməsini istəyir. Bunu əsas götürərək, hər kənddən üç - beş nəfərin xəyanəti nəticəsində kəndlərə qondarma adlar verdilər. Həmin vaxtlarda və ayrı - ayrı zamanlarda Gurcustan hakimiyyətinə muraciətlər olunsa da, kəndlərin tarixi adlari bərpa olunmamış qalmaqdadır. Çox sevindirici haldır ki, bununla bağlı Avropa Şurasından Gürcüstan rəsmilərinə çağırış edilərək qeyd edilib ki, Gürcüstan "Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasını 2005-ci ilin dekabrında ratifikasiya edib. Sənədə əsasən, milli azlıqların ənənəvi olaraq yaşadıqları və ya etnik azlıq nümayəndələrinin yığcam məskunlaşdıqları yerlərdə ənənəvi yer adları, əgər tələb və ehtiyac yaranarsa, küçə adları və topoqrafik işarələr azlıqların dilində də yerləşdirilməlidir. Bu çox yaxşı haldır, bununla yanaşı yaxşı olardı ki, qədimi kənd adlarımızın bərpasına yardımçı olsunlar. Azərbaycanlıların yaşadığı kəndlərdə xaçlar quraşdırılır, kəndlərlə yanaşı bayramların da adı gürcüləşdirilir”. /"Cümhuriyət”/
Versus.Az